10.1. Dövlət Reyestrində olan məlumatlar Dövlət Reyestrinin istifadəçilərinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Dövlət Reyestrindən məlumatların verilməsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
10.2. Dövlət Reyestrinin istifadəçiləri olan dövlət və yerli özünüidarəetmə orqanları Dövlət Reyestrinin sənədləşdirilmiş məlumatlarından öz səlahiyyətləri daxilində istifadə edirlər.
10.3. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxslər Dövlət Reyestrində yalnız özləri və qanunvericilikdə nəzərdə tutulmuş şəxslər haqqında olan məlumatlarla yazılı surətdə müraciət etməklə tanış ola bilərlər.
10.4. Dövlət Reyestrində özləri və ya yaxın qohumları haqqında olan məlumatları əldə etmək üçün fiziki şəxslər onların şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, pasport və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər sənədləri) təqdim etməlidirlər.
10.4-1. Dövlət Reyestrindən məlumatların verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
10.5. Barəsində sorğu verilmiş məlumat və ya məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab 10 gün ərzində verilməlidir. Zərurət yarandıqda, bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmaqla 1 aydan çox olmayan müddətə uzadıla bilər.
10.6. Şəxsin müraciəti əsasında ona Dövlət Reyestrindən çıxarış təqdim oluna bilər.
10.7. Dövlət Reyestrinin informasiya sistemindən alınmış çıxarış müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən imzalanmalıdır.
10.8. Xüsusi proqram təminatı vasitəsilə verilən Dövlət Reyestrinin məlumatı elektron imza vasitəsilə də təsdiq edilə bilər.
10.9. Dövlət Reyestrində olan məlumatları əldə etmək üçün yazılı müraciətin və Dövlət Reyestrindən çıxarışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.