“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq Kollegiya
1. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və daxili nəzarət şöbəsi (A.Səfərov) bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Rəqəmsallaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsi (S.Məmmədova) bu Qərarla bağlı məlumatlandırmanı həyata keçirsin.
ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının 2026-cı il 31 iyul tarixli 1/01 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyi (bundan sonra – Agentlik) “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanı ilə yaradılmışdır.
1.2. Agentlik geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) (bundan sonra – geodeziya) dövlət topoqrafik xəritələrinin və planlarının hazırlanması, ümumdövlət əhəmiyyətli məsələlərin həllini təmin edən dövlət planlarının tərtibi, qravimetriya, kartoqrafiya və xəritəçəkmə, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Nazirliyin tabeliyində olan büdcədən maliyyələşən dövlət təsisatıdır.
1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və Nazirliyin digər hüquqi aktlarını rəhbər tutur.
1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Agentlik müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürə, kargüzarlıq xidmətinin gerbsiz möhürünə, müvafiq ştamplara və blanklara malikdir.
1.6. Agentliyin fəaliyyəti və saxlanılması xərcləri, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda büdcədənkənar vəsait, məqsədli büdcə fondlarından ayrılan vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Agentliyin əqdlər bağlamaq, qanuna və ya ondan irəli gələn normativ hüquqi aktlara uyğun olaraq fəaliyyət istiqamətləri üzrə göstərdikləri xidmətlərə görə gəlir əldə etmək, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək;
2.1.2. müvafiq sahədə dövlət nəzarətinin və əlaqələndirmənin həyata keçirilməsinin təmin edilməsində iştirak etmək;
2.1.3. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.4. müvafiq sahə üzrə dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərini və coğrafi adlar üzrə kataloqlar yaratmaq, coğrafi obyektlərin uçotunu aparmaq, coğrafi xəritələri yeniləmək və bu sahədə fəaliyyətin təşkilinə dair müvafiq tədbirlər görmək;
2.1.5. bu Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
3.1.2. müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
3.1.3. müvafiq sahə ilə bağlı dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək;
3.1.4. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak etmək;
3.1.5. müvafiq sahədə dövlət nəzarətinin həyata keçirilməsinin təmin edilməsində iştirak etmək;
3.1.6. ölkə ərazisində vahid dövlət geodeziya koordinatlar və yüksəklik sistemlərinin yaradılmasını, daim yenilənməsini və ona əməl olunmasını təmin etmək;
3.1.7. idarəetmə və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər tərəfindən ölkə ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində UTM-ə əsaslanan (xəritə proyeksiyası) WGS84 (beynəlxalq koordinat sistemi) sisteminin tətbiq olunmasını təmin etmək;
3.1.8. müvafiq sahə üzrə dövlət əhəmiyyətli coğrafi məlumat sisteminin yaradılmasını, ümumcoğrafi, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafiya-tədris vasitələrinin layihələndirilməsi, tərtibi və nəşri ilə bağlı tədbirlər görülməsini təmin etmək;
3.1.9. müvafiq sahə üzrə ümumcoğrafi, elmi məlumat və müxtəlif mövzu xəritələrinin, atlasların, kartoqrafiya-tədris vasitələrinin hazırlanmasına nəzarəti təmin etmək;
3.1.10. dövlət topoqrafik xəritələrinin və planlarının hazırlanmasını, ümumdövlət, müdafiə əhəmiyyətli dövlət planlarının tərtibini və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yaradılmasını, habelə inkişafını və işlək vəziyyətdə saxlanmasını təmin etmək üçün tədbirlər görmək;
3.1.11. Azərbaycan Respublikasının müvafiq qurumları ilə razılaşdırmaqla, peyk, aero (habelə pilotsuz uçuş aparatları vasitəsilə) fotoplanaalma işlərininin nəticəsində alınan ortofotoplanların hazırlanmasını həyata keçirmək və digər qurumlar tərəfindən hazırlanan və ya əldə edilən ortofotoplanların Dövlət Geodeziya və Kartoqrafiya Fonduna qəbulunun, qeydiyyatının, saxlanmasının və mühafizəsinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək;
3.1.12. Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Fondunun və müvafiq sahə üzrə coğrafi məlumat sisteminin formalaşdırılmasını və idarə edilməsini həyata keçirmək;
3.1.13. Nazirliklə, habelə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə razılaşdırmaqla, aerofotoplanaalma işlərini həyata keçirmək və digər təşkilatların müəyyən olunmuş qaydada həmin məlumatlarla təmin edilməsi üçün müvafiq tədbirlər görmək;
3.1.14. ölkə ərazisində digər qurumlar tərəfindən yerinə yetirilən peyk, aero (habelə pilotsuz uçuş aparatları vasitəsilə) ortofotoplanların hazırlanması layihələrinə rəy bildirmək, hazırlanmış materialların surətinin Dövlət Geodeziya və Kartoqrafiya Fonduna təqdim edilməsi üçün tədbirlər görmək;
3.1.15. topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatının həyata keçirilməsini təmin etmək;
3.1.16. kartoqrafiya planlarında, xəritələrində və digər mənbələrdə Azərbaycan Respublikasının dövlət sərhədlərinin, ərazilərinin və obyektlərinin qanuni və düzgün çəkilişinə nəzarətin həyata keçirilməsini təmin etmək;
3.1.17. vahid koordinat və yüksəklik sistemində obyekt və sənaye komplekslərinin, şəhər və digər yaşayış məntəqələri ərazilərinin topoqrafik planaalınmasının, habelə ərazi vahidlərinin ərazisindən asılı olaraq tərtibinin həyata keçirilməsini təmin etmək;
3.1.18. dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, yenidən qurulmasına və yenilərinin quraşdırılmasına (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) razılıq verilməsi ilə bağlı Nazirliyin müraciətinə münasibət bildirmək;
3.1.19. Azərbaycan Respublikasının ərazisində quraşdırılmış geodeziya-istinad məntəqələrinin məlumatlarından dövlət əhəmiyyətli geodeziya və kartoqrafiya işlərində istifadə edilməsi üçün tədbirlər görmək;
3.1.20. geodeziya və kartoqrafiyanın inkişafı üçün peyk, aero (habelə pilotsuz uçuş aparatları vasitəsilə) məlumatlar əsasında yer səthinin tədqiqi işlərinin həyata keçirilməsini təmin etmək;
3.1.21. geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazların ticarət dövriyyəsinə daxil edilməsi, idxalı, ixracı, uçotu və tətbiqi üçün tədbirlər görmək;
3.1.22. geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının, məlumatlarının uçotunu, habelə xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazlarının sınağının, geodeziya ölçmələrinin vahidliyinin təmin edilməsi üçün tədbirlər görmək;
3.1.23. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin idxalına və ixracına nəzarət edilən xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazlarının siyahıları ilə və onlardan istifadəyə dair müvafiq metodiki sənədlərlə təmin etmək üçün tədbirlər görmək;
3.1.24. coğrafi obyektlərin mövcud və yeni verilən adlarını qeydiyyata almaqla, onların uçotunun aparılmasını, habelə Azərbaycan Respublikasının Dövlət Geodeziya və Kartoqrafiya Fondunda material və məlumatların formalaşdırılmasına, saxlanılmasına və onlardan istifadəyə, həmçinin rəqəmsal kartoqrafiya məlumatı banklarının, elektron xəritələrin, geodeziya məlumatları və coğrafi adlar üzrə kataloqların yaradılmasına nəzarətin həyata keçirilməsini təmin etmək;
3.1.25. rəqəmsal kartoqrafiya məlumatı bankının, elektron xəritələrin, geodeziya məlumatlarının və coğrafi adlar üzrə kataloqların yaradılmasını təmin etmək;
3.1.26. geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, kartoqrafiya ilə bağlı işləri təşkil etmək;
3.1.27. Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsindən dövlət əhəmiyyətli geodeziya və kartoqrafiya, xüsusilə dövlət sərhədlərinin demarkasiyası işlərində qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;
3.1.28. Nazirliklə razılaşdırmaqla dövlət qeydiyyatına (patent) alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya işlərinin müvəqqəti dayandırılması barədə, habelə qanunvericiliyin tələblərinə uyğun gəlməyən işlərin dayandırılması barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) qaldırılmasına dair müvafiq tədbirlər görmək;
3.1.29. geodeziya və kartoqrafiya fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.1.30. Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya, kartoqrafiya, hidroqrafiya və digər işlərin təşkili, həmçinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası, demarkasiyası və redemarkasiyası işlərinin həyata keçirilməsini təmin etmək;
3.1.31. Azərbaycan Respublikasının ərazisində baş verən dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişikliklərin qeydiyyatını aparmaq və yeni nəşr olunan xəritələrdə əks etdirilməsinin təmin edilməsinə dair tədbirlər görmək;
3.1.32. geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində işlərin və onların nəticəsi olan materialların və məlumatların hazırlanmasının və istifadəsinin vahid rejim və normativ-texniki sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
3.1.33. geodeziya tədqiqatları əsasında geodinamik (zəlzələ, sürüşmə və s.) və digər fövqəladə təbii hadisələrin proqnozlaşdırılması məqsədilə tədbirlər görmək, bu barədə aidiyyəti dövlət orqanlarına və Nazirliyə məlumat vermək;
3.1.34. öz fəaliyyətini Nazirliyin digər struktur bölmələri ilə əlaqələndirmək;
3.1.35. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
3.1.36. Agentliyin fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;
3.1.37. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun təşkil etmək;
3.1.38. müvafiq sahədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsində və onların pozulmasının qarşısının alınmasında iştirak etmək;
3.1.39. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunmasını təmin etmək;
3.1.40. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.1.41. müvafiq sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı üçün tədbirlər görmək;
3.1.42. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, habelə elmi tədqiqatlar aparılmasını təşkil etmək;
3.1.43. müvafiq sahəyə ayrılan büdcə vəsaiti, fəaliyyət istiqamətləri üzrə əldə edilən büdcədənkənar vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.44. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.1.45. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daimi yenilənməsini təmin etmək;
3.1.46. müvafiq sahədə kadr hazırlığının təmin edilməsində, həmçinin mütəxəssislərin hazırlanmasında iştirak etmək;
3.1.47. fəaliyyət sahəsində əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək;
3.1.48. Agentliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıtəkliflər vermək;
3.1.49. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq sahədə korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərini və həmin risklərə uyğun olaraq hədəfləri müəyyən etmək, eləcə də həmin risklərin təhlili, qiymətləndirilməsi və qarşısının alınması üzrə tədbirlər görmək;
3.1.50. Agentliyə ayrılan büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;
3.1.51. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.52. Agentliyin sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi işini təşkil etmək;
3.1.53. Agentlikdə kargüzarlıq, rəqəmsal sənəd dövriyyəsi və arxiv işinin aparılmasını təşkil etmək;
3.1.54. Agentlikdə icra və əmək intizamına riayət olunması üçün tədbirlər görmək;
3.1.55. inzibati icraata dair fəaliyyətini “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedur qaydaları daxilində və prinsiplər əsasında həyata keçirmək;
3.1.56. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
3.1.57. bu Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4.1. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün Agentlik aşağıdakı hüquqlara malikdir:
4.1.1. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək üçün təkliflər vermək;
4.1.2. Nazirliyin razılığı ilə beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;
4.1.3. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına) və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.4. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, verilmiş səlahiyyətlər daxilində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
4.1.5. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar, araşdırmalar, yoxlamalar və ümumiləşdirmələr aparmaq, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq;
4.1.6. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi və elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;
4.1.7. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.1.8. istifadəsində olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini qüvvədə olan normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirmək;
4.1.9. səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
4.1.10. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;
4.1.11. bu Əsasnamədə göstərilən və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5.1. Agentliyin strukturunu, işçilərin say həddini əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Agentliyə ayrılmış büdcə təxsisatı daxilində əməkhaqqı fondunu və xərclər smetasını Nazirlik təsdiq edir.
5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Agentliyin sədri Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Agentliyin sədrinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Agentliyin sədrinin müavinləri onlara Agentliyin sədrinin həvalə etdiyi vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.4. Agentliyin sədri:
5.4.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.4.2. müavinləri arasında vəzifə bölgüsü aparır, habelə Agentliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.4.3. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;
5.4.4. Nazirliyin razılığı ilə müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının struktur bölmələrini yaradır və ləğv edir, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində gəlir və xərclər smetasını təsdiq olunmaq üçün Nazirliyə təqdim edir, habelə Agentliyin struktur bölmələrinin əsasnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq edir;
5.4.5. Agentliyin sədrinin müavinləri və Agentliyin struktur bölmələrinin rəhbərləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi ilə bağlı Nazirliyə təqdimat verir;
5.4.6. əmr və sərəncamlar qəbul edir, habelə Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir və buna nəzarəti həyata keçirir;
5.4.7. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;
5.4.8. Nazirliyin iş planında və qərarlarında, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin əmr, sərəncam və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
5.4.9. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;
5.4.10. digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;
5.4.11. Agentliyin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;
5.4.12. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı tədbirlər görür;
5.4.13. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Agentlik işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım, mükafat və qanunla müəyyən olunmuş digər ödənişlərin verilməsini təmin edir;
5.4.14. Agentliyin vəzifəli şəxslərinin normativ hüquqi aktlara zidd olan qərarlarını ləğv edir;
5.4.15. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi ilə bağlı təkliflər verir;
5.4.16. bu Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarına uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
5.5. Agentliyin sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.