Qanunvericilik › Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən «İcazə Sistemi» haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.01.1997) › Tam mətn

Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən «İcazə Sistemi» haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.01.1997)

Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən «İcazə Sistemi» haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.01.1997) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi”nin tətbiqi haqqında” 1996-cı il 14 oktyabr tarixli 141 nömrəli qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

Baş nazir A. RASİZADƏ.

Bakı şəhəri, 10 yanvar 1997-ci il

1. Bu Əsasnamə Azərbaycan Respublikası ərazisində avtonəqliyyat vasitələrinin sahibləri üçün icazə sisteminin tələbləri nəzərə alınmaqla, beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin ümumi qayda və şərtlərini müəyyən edir.

2. Azərbaycan Respublikasının ərazisinə giriş, yüklənmə və tranzit keçid üçün “İcazə Sistemi” Nazirlər Kabinetinin 1996-cı il 14 oktyabr tarixli, 141 nömrəli qərarı ilə müəyyənləşdirilir və beynəlxalq avtomobil daşımalarının dövlət tərəfindən tənzimlənməsini təmin etmək məqsədi ilə tətbiq olunur.

Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarının tənzimlənməsini və nəzarəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

4. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən yük avtomobilləri istisna olunmaqla, xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin respublika ərazisinə yüksüz daxil olmasına, daxili yük və sərnişin daşımalarına və yüklənmə haqqında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilən “İcazə" blankı” olmadıqda yolüstü yüklənməsinə icazə verilmir.

5. “İcazə” blankı” növündən (ikitərəfli yük daşımaları üçün “İcazə” blankı, ikitərəfli və tranzit yük daşımaları üçün “İcazə” blankı, tranzit yük daşımaları üçün “İcazə” blankı, üçüncü ölkəyə/ölkədən yük daşımaları üçün “İcazə” blankı, ikitərəfli, tranzit və üçüncü ölkəyə/ölkədən yük daşımaları üçün “İcazə” blankı, beynəlxalq qeyri-müntəzəm sərnişin daşımaları üçün “İcazə” blankı, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik “İcazə” blankı (jurnalı), Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) “İcazə” blankı (jurnalı) asılı olmayaraq, yükdaşımaları ilə məşğul olan avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan Respublikasının ərazisinə maneəsiz daxil olmaq, yüklənmə aparmaq, ikitərəfli və ya tranzitlə hərəkət etmək hüququ, dövlət sərhədini keçmək haqqında tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən edilmiş digər şərtlər gözlənildiyi halda verilir..

6. Kvota ilə müəyyən edilmiş, qarşılıqlı razılaşma əsasında “İcazə” blankı”nın mübadiləsi, beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər tərəfin səlahiyyətli orqanı tərəfindən ödənişsiz həyata keçirilir.

Beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq müəyyən edilmiş kvotalar üzrə mübadilə edilmiş “İcazə” blanklarının istifadəsinin və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələrinin uçotunun aparılması məqsədi ilə növbəti ayın 10-dək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat verir.

7. Xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və Beynəlxalq Nəqliyyat Forumunun atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarına verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. “İcazə” blanklarının elektron mübadiləsini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi ilə edən ölkələrlə mübadilə yalnız elektron qaydada, digər ölkələr ilə mübadilə isə kağız daşıyıcıda həyata keçirilir. Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli “İcazə”lərinin əldə edilməsi və verilməsi yalnız elektron qaydada həyata keçirilir.

7-1. Bu Əsasnamənin 7-ci hissəsində nəzərdə tutulmuş Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”ləri “Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən daşımalar üçün Keyfiyyət Xartiyası”nın tələblərinə cavab verən operatorlara verilir.

8. Kağız daşıyıcıda olan “İcazə” blankı” avtonəqliyyat vasitəsində olur və nəzarət səlahiyyəti olan şəxsin tələbi ilə təqdim edilir.

9. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinə “İcazə blankı”, onlar yol təşkilatları tərəfindən xüsusi yol marşrut sxemi ilə təmin olunduqda və avtomaşın dövlət yol polisi və yerli icra orqanları tərəfindən müşayiət edildikdə verilir.

10. Xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrilə, Azərbaycan Respublikası ərazisində beynəlxalq daşımaların yerinə yetirilməsi üçün kağız daşıyıcıda olan “İcazə” blankı” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanır, təsdiq olunur, mətbəə üsulu ilə çap edilir, sıra nömrəsinə malik olur və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin möhürü olduqda etibarlı sayılır.

11. Qəbul edilmiş beynəlxalq normalara və standartlara müvafiq, vahid formalı kağız daşıyıcıda olan “İcazə” blankı”nın üz tərəfində bir qayda olaraq aşağıdakı rekvizitlər olmalıdır:

a) verilən icazənin hansı ölkənin ərazisində etibarlı olduğu haqqında qeydiyyat (ölkənin adı);

b) “İcazə” blankı”nın nömrəsi;

v) daşıyıcının adı və onun tam ünvanı;

q) “İcazə” blankı”nın verildiyi yer və tarix;

d) “İcazə” blankı”nı vermiş səlahiyyətli orqanın imzası və möhürü;

z) gömrük sərhəd buraxılış məntəqəsi;

i) nəqliyyat vasitəsinin adı, onun nömrəsi və modeli.

Kağız daşıyıcıda olan “İcazə” blankı”nın arxa tərəfində aşağıdakı məlumatlar olmalıdır:

a) “İcazə” blankı”nın nəzarət səlahiyyəti olan şəxsin tələbi ilə təqdim olunması barədə təlimat. Bu sənəd ancaq beynəlxalq yük və sərnişin daşımaları üçün etibarlıdır və daxili daşımaların yerinə yetirilməsinə əsas vermir. İcazənin üçüncü şəxsə verilməsi qadağandır. Daşıyıcı Azərbaycan respublikası ərazisində qüvvədə olan qanunlara əməl etməli, inzibati orqanların avtomobil nəqliyyatı və yol hərəkəti üçün təlimatlarını yerinə yetirməlidir.

b) nəzarət edən orqanın qeydiyyatı üçün yer;

v) avtomobilin markası göstərilməklə, onun tam çəkisi.

Rekvizitləri doldurulmayan, digər tərəfin səlahiyyətli orqanının imzası, möhürü və onu yerlərdə verən icra orqanının möhürü olmadıqda kağız daşıyıcıda olan “İcazə” blankı” etibarlı sayılmır.

11-1. Elektron qaydada mübadilə edilən və verilən “İcazə” blankında aşağıdakı məlumatlar əks olunur:

11-1.1. “İcazə” blankını verən ölkə;

11-1.2. “İcazə” blankının verildiyi ölkə;

11-1.3. “İcazə” blankının eyniləşdirmə nömrəsi;

11-1.4. “İcazə” blankının verildiyi tarix;

11-1.5. “İcazə” blankının ili;

11-1.6. “İcazə” blankının etibarlılıq müddəti;

11-1.7. “İcazə” blankının növü;

11-1.8. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı;

11-1.9. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və ya yük daşımaları fəaliyyətinin operatorunun adı;

11-1.10. beynəlxalq sərnişin və ya yük daşımalarının başladığı ölkə;

11-1.11. beynəlxalq sərnişin və ya yük daşımalarının bitdiyi ölkə;

11-1.12. mübadilə edən tərəflərin qarşılıqlı şəkildə müəyyən etdiyi əlavə qeydlər.

11-2. Elektron qaydada əldə edilən və verilən Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) və çoxtərəfli illik “İcazə” blankında (jurnalında) aşağıdakı məlumatlar əks olunur:

11-2.2. “İcazə” blankının (jurnalının) növü;

11-2.3. “İcazə” blankının (jurnalının) nömrəsi;

11-2.4. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və ya yük daşımaları fəaliyyətinin operatorunun nəqliyyat vasitəsinin ekoloji sinfi;

11-2.5. “İcazə” blankını (jurnalını) verən orqanın adı;

11-2.6. “İcazə” blankının (jurnalının) verilmə yeri;

11-2.7. “İcazə” blankının (jurnalının) verilmə tarixi;

11-2.8. “İcazə” blankının (jurnalının) etibarlılıq müddəti;

11-2.9. məhdudiyyət tətbiq edilən ölkələrin siyahısı;

11-2.10. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və ya yük daşımaları fəaliyyətinin operatorunun adı, ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

11-2.11. yola düşmə tarixi;

11-2.12. təyinat məntəqəsinə çatma tarixi;

11-2.13. yüklənmə məntəqəsi;

11-2.14. boşaltma məntəqəsi;

11-2.15. yüklənilən ölkə;

11-2.16. boşaldılan ölkə;

11-2.17. nəqliyyat vasitəsinin (dartıcının, qoşqunun və yarımqoşqunun) qeydiyyatda olduğu ölkə;

11-2.18. nəqliyyat vasitəsinin (dartıcının, qoşqunun və yarımqoşqunun) dövlət qeydiyyat nişanı;

11-2.19. yükün ümumi çəkisi;

11-2.20. səfərdən əvvəl və sonra yürüş göstəricisi (kilometr);

11-2.21. Beynəlxalq Nəqliyyat Forumu tərəfindən müəyyən edilən xüsusi qeydlər.

12. “İcazə” blankı”na, Azərbaycan Respublikası ilə digər xarici ölkələr arasında beynəlxalq avtomobil daşımalarında “İcazə sistemi”nin tətbiqi haqqında Protokolu razılaşdırdıqda, müəyyən dəyişiklik edilə bilər, bəzi hallarda isə tərəflərin qarşılıqlı razılaşması ilə eyniləşdirilə bilər.

“İcazə” blankı”nın rekvizitlərini doldurmaq üçün rəsmi dil tərəflərin hər birinin səlahiyyətli orqanı tərəfindən müəyyən edilir.

13. Dövlətlərarası Sazişlərin şərtləri və Azərbaycan Respublikası qanunları xarici avtodaşıyıcılar tərəfindən pozulduqda “İcazə Sistemi”ni həyata keçirən icra orqanları qaydaları pozanlar haqqında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat verirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi öz növbəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi xətti ilə tədbir görülməsini təmin edir.

14. Kağız daşıyıcıda olan “İcazə” blank”larının uçotu, saxlanılması və hesabatının təşkili, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Ciddi hesabatlı blanklar haqqında”kı təlimatına əsasən aparılır.

15. Hər rüb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ümumiləşdirilmiş şəkildə verilmiş (satılmış) “İcazə” blank”ları (ölkələr və növlər üzrə) haqqında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat-hesabat təqdim edir.

1. 23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148)

2. 11 avqust 2003-cü il tarixli 104 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 460)

3. 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)

4. 7 fevral 2017-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2017-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 286)

5. 21 yanvar 2019-cu il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 153)

6. 28 dekabr 2019-cu il tarixli 513 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 2094)

7. 31 may 2021-ci il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 iyun 2021-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 533)

8. 4 aprel 2022-ci il tarixli 140 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 390)

9. 30 dekabr 2022-ci il tarixli 455 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 30 dekabr 2022-ci il, “Xalq” qəzeti, 6 yanvar 2023-cü il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1559)

10. 6 noyabr 2023-cü il tarixli 406 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 noyabr 2023-cü il, “Azərbaycan” qəzeti, 9 noyabr 2023-cü il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1569)

11. 18 may 2026-cı il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 may 2026-cı il, “Xalq” qəzeti, 23 may 2026-cı il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 476)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver