Qanunvericilik › “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Kənd Təsərrüfatı Nazirliyi, 22.05.2024) › Tam mətn

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Kənd Təsərrüfatı Nazirliyi, 22.05.2024)

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında (Kənd Təsərrüfatı Nazirliyi, 22.05.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və təchizat normasının və kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 fevral tarixli 90 nömrəli Qərarının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası

1. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsi bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərova tapşırılsın.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2024-cü il 22 may tarixli 3-22/3-2-3/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Qaydalar “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və təchizat normasının və kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 fevral tarixli 90 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin (bundan sonra - texniki nəzarət işçiləri) xüsusi geyim formasının daşınması qaydalarını müəyyən edir.

1.2. Xüsusi geyim formasından istifadə hüququ texniki nəzarət işçilərinə bu Qaydalara uyğun olaraq yalnız öz xidməti vəzifələrini yerinə yetirərkən verilir.

1.3. Xüsusi geyim forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-ci il 13 fevral tarixli 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və təchizat Norması”nın tələbləri nəzərə alınmaqla bu Qaydalara uyğun şəkildə daşınır.

1.4. Xüsusi geyim forması təmiz, səliqəli və ütülənmiş vəziyyətdə daşınmalıdır.

1.5. Texniki nəzarət işçiləri xüsusi geyim formasını daşıyarkən onlara verilmiş xidməti vəsiqəni üzərlərində gəzdirməlidirlər.

1.6. Bu Qaydalara riayət edilməməsi daxili intizam qaydalarının pozulması kimi qiymətləndirilir və intizam məsuliyyəti yaradır.

2.1. Xüsusi geyim formasının qış və yay dəstinə keçid vaxtı hava şəraitinə uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) tərəfindən müəyyən edilir.

2.2. Xüsusi geyim forması daşınarkən bütün düymələr (bu Qaydaların 2.4.4-cü yarımbəndində və 2.5.1-ci yarımbəndlərində müəyyən olunmuş istisnalar nəzərə alınmaqla) və bel kəməri bağlı vəziyyətdə olmalı, cib qapaqları ciblərin üzərinə salınmalıdır.

2.3. Xüsusi geyim formasının qış və yay dəstində baş geyimi - kepka yana meylsiz, düz şəkildə müvafiq olaraq bütün geyim dəstləri ilə geyilir. Kepka başa elə qoyulmalıdır ki, onun aşağı kənarı qaşlardan iki barmaq yuxarıda, günlüyün mərkəzi isə qaşların orta səviyyəsində dayansın.

2.4. Texniki nəzarət işçilərinin xüsusi geyim formasının qış dəstinə daxil olan geyim əşyaları aşağıdakı kimi daşınır:

2.4.1. qış gödəkçəsi qış üst geyimlərinə aiddir. Qış gödəkçəsi daşınarkən düymələri, zəncirbəndi və kəməri bağlı vəziyyətdə saxlanılmalıdır;

2.4.2. pencək rəsmi tədbir və iclaslar zamanı, habelə Agentliyin inzibati binası daxilində uzunqol köynəyin üstündən geyilir. Pencək kişi işçilər tərəfindən qalstukla geyilir. Texniki nəzarət işçiləri pencəyi tünd-boz rəngli şalvarla (qadın işçilər habelə uzunluğu diz səviyyəsində olan yubka ilə) geyinir;

2.4.3. pulover qış mövsümündə qış gödəkçəsinin və demisezon gödəkçənin altından geyinmək üçün nəzərdə tutulmuşdur və uzunqol köynəyin üstündən geyilir. Pulover üst geyimi kimi yalnız inzibati bina daxilində geyilir. Pulover kişi işçilər tərəfindən qalstukla geyilir. Yay mövsümündə hava soyuq olarsa, inzibati bina daxilində pulover üst geyimi kimi geyilə bilər;

2.4.4. uzunqol köynək kişi işçilər tərəfindən qalstukla, qadın işçilər tərəfindən isə yuxarıdan birinci düyməsi açıq vəziyyətdə, qalstuksuz geyilir. Köynək şalvarın (qadınlarda habelə yubkanın) içinə salınır. Uzunqol köynək üst geyimi kimi yalnız inzibati bina daxilində geyilə bilər;

2.4.5. qış geyim dəsti kişi işçilər tərəfindən çəkmə, qadın işçilər tərəfindən isə uzunboğaz çəkmə ilə geyilir;

2.4.6. qış geyim dəsti ilə qara rəngli beşbarmaqlı əlcək geyilir.

2.5. Texniki nəzarət işçilərinin xüsusi geyim formasının yay dəstinə daxil olan geyim əşyaları aşağıdakı kimi daşınır:

2.5.1. qısaqol köynək qalstuksuz, yuxarıdan birinci düyməsi açıq vəziyyətdə geyilir. Qısaqol köynək şalvarın üstünə salınır. Yay mövsümündə inzibati bina daxilində üst geyimi kimi uzunqol köynək geyilə bilər. Belə olan halda uzunqol köynək bu Qaydaların 2.4.4-cü yarımbəndinə uyğun olaraq daşınır;

2.5.2. kişi işçilər tərəfindən yay geyim dəsti ilə yastı daban (qadın işçilər tərəfindən isə alçaq dabanlı), üstü hamar olmaqla qara rəngdə olan tufli geyilir;

2.5.3. nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müayinəsi, həmçinin texniki baxışının keçirilməsi zamanı yay üst geyiminin üzərindən örtük geyilir.

2.6. Xüsusi geyim formasının qış və yay dəsti ilə kişi işçilər tərəfindən qara rəngli, qadın işçilər tərəfindən isə dəri rəngli, neylon, yaxud qara rəngli yarımyun iplikdən hazırlanmış corab geyilir.

2.7. Xüsusi geyim formasının qış və yay dəsti ilə qara rəngli süni dəridən hazırlanan bel kəməri daşınır.

2.8. Qış və yay dəstlərinə keçid dövründə havanın temperaturundan asılı olaraq Agentlik tərəfindən icazə verilən müddətdə demisezon gödəkçə geyilə bilər. Demisezon gödəkçə qış şalvarı və demisezon ayaqqabı ilə geyilir. Demisezon gödəkçə daşınarkən düymələri və zəncirbəndi bağlı vəziyyətdə saxlanılmalıdır.

3.1. Fərqlənmə nişanları – xüsusi geyim formasında təsvir olunmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və müvafiq vəzifəyə mənsubiyyəti göstərir.

3.2. Fərqlənmə nişanları aşağıdakı kimi daşınır:

3.2.1. kokarda – kepkaların ön tərəfinin mərkəzinə tikilməklə daşınır;

3.2.2. qol nişanı – üst geyimlərinin və digər geyim əşyalarının (pulover istisna olmaqla) hər iki qolunun xarici səthində, çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda daşınır;

3.2.3. döş nişanı – üst geyimlərinin və digər geyim əşyalarının (pulover istisna olmaqla) döş hissəsinin sol küncündə (döş cibi olduqda isə cib qapağının üzərində) daşınır.

4.1. Xüsusi geyim formasının aşağıdakı formalarda istifadəsi qadağandır:

4.1.1. xüsusi geyim formasının təsvirinə, o cümlədən ölçülərə uyğun olmayan, şəxsi zövqlə tikilmiş geyim formasının daşınması;

4.1.2. xüsusi geyim formasının tamlığının pozulması və mülki geyimlə qarışıq şəkildə daşınması;

4.1.3. müəyyən edilməmiş geyim əşyalarının, nişanların və ləvazimatların xüsusi geyim forması ilə birlikdə gəzdirilməsi;

4.1.4. xüsusi geyim formasının ayrı-ayrı əşyalarının və fərqlənmə nişanlarının nimdaş, zədələnmiş, rəngi solmuş və görünüşü dəyişmiş şəkildə daşınması;

4.1.5. xüsusi geyim formasının onu daşımaq hüququ olmayan şəxslərə geyinmək üçün verilməsi;

4.1.6. işdən kənar vaxtda xüsusi geyim formasının istifadə edilməsi.

4.2. Xüsusi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların bu geyim formasını daşıması qadağandır.

5.1. Xüsusi geyim formasına daxil olan geyim əşyaları və fərqlənmə nişanları onların təchizat normasına uyğun olaraq Agentliyin büdcədənkənar vəsaiti hesabına yenisi ilə əvəzlənir. İstifadə müddəti ərzində zədələnmiş, rəngi solmuş və görünüşü dəyişmiş geyim əşyaları və fərqlənmə nişanları istifadəçilərin öz hesabına yenisi ilə əvəz edilməlidir.

5.2. Texniki nəzarət işçiləri tərəfindən xüsusi geyim formasının daşınmasına Agentliyin müvafiq stuktur bölməsi tərəfindən nəzarət edilir. Texniki nəzarət işçiləri tərəfindən xüsusi geyim formasının daşınması qaydalarına əməl edilməsini yoxlamaq məqsədilə mütəmadi baxış həyata keçirilir.

5.3. Texniki nəzarət işçiləri hər zaman etik davranış qaydalarına riayət etməli, onların geyimi və davranışı dövlət orqanının və dövlət qulluğunun nüfuzuna xələl gətirməməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver