İnsan hüquqları komitəsi insan hüquqları və azadlıqlarının təmin olunması və qorunması sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
İnsan hüquqları komitəsi:
insan hüquqları və azadlıqlarının təmin olunması və qorunmasına, milli və dini azlıqların statusunun müəyyən edilməsi və hüquqlarının təmin olunmasına, qaçqınların və məcburi köçkünlərin, miqrantların statusunun müəyyən edilməsi və hüquqlarının qorunmasına dair qanun layihələrini hazırlayır, Milli Məclisin müzakirəsinə tövsiyə olunan və insan hüquqları və azadlıqlarına toxunan bütün qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birlikdə insan alverinə qarşı mübarizəyə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi ilə birlikdə media ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə insan hüquqları və azadlıqlarının təmin edilməsi baxımından rəy verir;
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilmək üçün Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi şəxslərin namizədliklərinə baxır və onlar barəsində rəy verir, habelə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məsələyə baxır və rəy verir;
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinə baxır və rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birlikdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatına baxır və rəy verir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası məhkəmələri hakimlərinin vəzifədən kənarlaşdırılması barədə məsələlərə baxır və rəy verir;
Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorlarının vəzifədən azad edilməsi barədə məsələyə baxır və bu barədə rəy verir.