Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi haqqında” 12 dekabr 1996-cı il 174 nömrəli qərarına müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dövlət himayəsində olan, həddi-buluğa çatmamış, habelə cəzaçəkmə müəssisələrində olan şəxslərin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə hüququnun həyata keçirilməsi” və “Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətəndaşların və 20 Yanvar şəhidlərinin, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, Sosialist Əməyi Qəhrəmanlarının və onlara bərabər tutulan digər şəxslərin, Azərbaycan Respublikasının hüdudlarından kənarda müvəqqəti olan və ya daimi yaşayan vətəndaşların siyahılarının tərtib edilməsi” Qaydaları təsdiq edilsin.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 1 fevral 1997-ci il
1. Dövlət himayəsində olan, həddi-buluğa çatmamış uşaqların dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə hüququnun həyata keçirilməsi
1.1. Dövlət himayəsində olan, həddi-buluğa çatmamış uşaqların dövlət özəlləşdirmə paylarından (çeklərindən) (bundan sonra — özəlləşdirmə payları) istifadə hüququ həmin müəssisələrin müdiriyyəti tərəfindən həyata keçirilir.
Müəssisənin müdiriyyəti dedikdə — yalnız həmin müəssisənin rəhbəri, rəhbər olmadıqda isə onun vəzifələrini müvəqqəti icra edən şəxs başa düşülür.
1.2. Müəssisənin müdiriyyəti uşaqların özəlləşdirmə paylarından yalnız Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - ƏMDK) ilə razılaşdırmaqla istifadə edə bilər.
1.3. Dövlət himayəsində olan, həddi-buluğa çatmamış uşaqların özəlləşdirmə payları həmin müəssisənin müdiriyyəti tərəfindən alındıqdan sonra 6 ay müddətindən gec olmayaraq istifadə olunmalıdır.
1.4. Müəssisənin müdiriyyəti tərəfindən həmin müəssisədə saxlanılan uşaqların özəlləşdirmə paylarından yalnız DƏN tərəfindən təsis edilən ixtisaslaşdırılmış investisiya fondlarının səhmlərinin alınmasında istifadə oluna bilər.
1.5. Müəssisənin müdiriyyəti tərəfindən həmin müəssisədə saxlanılan uşaqların özəlləşdirmə paylarının istifadəsi aşağıdakı qaydada həyata keçirilir:
1.5.1. ƏMDK-in razılığı alındıqdan sonra uşaq evinin müdiriyyəti uşaqların özəlləşdirmə çeklərini Milli Depozit Sistemində (MDS) qeydiyyatdan keçirir, hər uşağın adına ayrıca “depo” hesabı açdırır və yalnız bundan sonra səhmlərini almaq istədiyi ixtisaslaşdırılmış investisiya fondunun səhmlərinə dəyişdirir.
1.5.2. Uşaqların özəlləşdirmə paylarını alınmış İxtisaslaşdırılmış investisiya fondunun səhmlərindən gələn dividendlər uşaqlar üçün MDS-də açılmış “depo” hesabına yığılır.
1.5.3. Həddi-buluğa çatdıqdan sonra uşaqlar MDS-dən öz səhmlərini və dividendlərini şəxsən götürüb istifadə edə bilərlər.
1.6. Uşaqlar və körpələr evinin müdiriyyəti uşaqların özəlləşdirmə paylarından bu Qaydalarla müəyyən edilmiş qaydada istifadəsinə görə şəxsi məsuliyyət daşıyırlar.
2. Cəzaçəkmə müəssisələrində olan şəxslərin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə edilməsi hüququnun həyata keçirilməsi
2.1. Cəzaçəkmə müəssisələrində olan şəxslərin dövlət özəlləşdirmə paylarından istifadə edilməsi hüququ onlar tərəfindən verilmiş və həmin müəssisənin müdiri tərəfindən təsdiq edilmiş etibarnamə ilə Azərbaycan Respublikasının istənilən vətəndaşına həvalə edilə bilər.
2.2. Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər, özəlləşdirmə paylarından tədavül müddəti başa çatana qədər azadlığa buraxıldıqda, özəlləşdirmə paylarından istifadə hüququ onlar tərəfindən həyata keçirilə bilər.
2.3. Etibarnaməyə, həmin şəxsin həqiqətən cəzaçəkmə müəssisəsində saxlanılması barədə qeyd edilməlidir.
3. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti orada saxlanılanların özəlləşdirmə paylarının saxlanması və qorunmasına görə məsuliyyət daşıyır.
1. Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətəndaşların siyahısı Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən tərtib edilir (əlavə 1).
2. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının və onlara bərabər tutulan şəxslərin siyahıları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tərtib edilir (əlavə 2).
3. Azərbaycan Respublikasının hüdudlarından kənarda müvəqqəti olan və ya daimi yaşayan vətəndaşların siyahıları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilir (əlavə 3).
4. Bütün siyahılar 2 (iki) nüsxədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir.
5. Həmin siyahıların bir nüsxəsi tikilib qaytanlanmış formada paylayıcılar arasında bölüşdürülməlidir.
1. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)
2. 2 oktyabr 2013-cü il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1197)