«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 28 oktyabr tarixli 5 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə «Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə»nin 2-ci bölməsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin.
«Sərhədkeçmə nəzarəti həyata keçirilərkən «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən istifadə edilir. Ölkəyə gələn və ölkədən gedən şəxslərin və nəqliyyat vasitələrinin qeydiyyatı «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Sərhədkeçmə yoxlamasının nəticələri barədə məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. Sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış şəxslər haqqında məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin «Sərhədkeçməyə məhdudiyyət siyahısı»na daxil edilir.».
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 214 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,. № 12, maddə 865; 2001-ci il, № 1, maddə 75; 2002-ci il, № 11, maddə 675; 2006-cı il, № 5, maddə 472; 2008-ci il, № 1, maddə 37; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 8 oktyabr tarixli 238 nömrəli qərarı) ilə təsdiq edilmiş «Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydaları»na aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:
«1.6. Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilər haqqında məlumatlar «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.».
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 28 noyabr 2008-ci il