Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Dövlət zəmanəti əsasında cəlb edilmiş kreditlərin idarə olunmasında nəzarətin gücləndirilməsi, vəsaitlərin qənaətlə və təyinatı üzrə xərclənməsi, habelə vaxtında qaytarılmasına görə məsuliyyətin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi haqqında Əsasnamə"yə aşağıdakı əlavələr edilsin:
1. II bölmənin 2.1-ci bəndinə aşağıdakı məzmunda 9, 10, 11 və 12-ci abzaslar əlavə edilsin:
"layihələrin tətbiqinə ona verilən səlahiyyətlər daxilində bağlanmış "Kredit Sazişi"ndən irəli gələn vəzifələri icra edir;
layihə üzrə həyata keçirilən işlərin monitorinqini təşkil edir;
tətbiq olunan layihələr çərçivəsində xaricdən cəlb edilmiş kredit vəsaitlərinin istifadəsi üzrə bütün prosedurlar barədə (audit, tender, malların alqı-satqısı, kontraktlar və s.) ödənişlər həyata keçirilməzdən əvvəl xarici dövlət borcunun idarə edilməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir;
layihələrin tətbiqi ilə əlaqədar malların tədarükü və xidmətlərin göstərilməsi ilə bağlı keçirilən tenderlərdə Azərbaycan Respublikası maliyyə və iqtisadi inkişaf nazirliklərinin nümayəndələrinin iştirakını təmin edir.".
2. III bölmənin 3.2-ci bəndinə aşağıdakı məzmunda 11-ci abzas əlavə edilsin:
"layihələr üzrə maliyyə vəsaitlərinin nəzərdə tutulan məqsədlərə səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır.".
II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 18 iyul 2002-ci il № 114