Qanunvericilik › “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.04.2012) › Tam mətn

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.04.2012)

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 11.04.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 11 aprel 2012-ci il

1. Bu Qayda “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi qaydasını müəyyən edir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları qəbul edildikdən sonra 72 saat müddətində “Xalq ” qəzetində və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə rəsmi dərc edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları, həmçinin “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nda da dərc edilir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi onların ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə də həyata keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini əvəz etmir.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları qüvvəyə mindiyi gündən Nazirlər Kabinetinin internet saytında (www.cabmin.gov.az) yerləşdirilir.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları aşağıdakı rekvizitlər göstərilməklə dərc edilir:

5.2. hüquqi tənzimləmə predmetini əks etdirən aktın adı (sərlövhəsi);

5.3. aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi;

5.4. müvafiq aktı rəsmi imzalamaq səlahiyyətinə malik olan şəxsin adı, soyadı və vəzifəsi.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi dövlət dilində həyata keçirilir. Tərcüməsi müvafiq qaydada təsdiq edilmiş aktlar digər dillərdə rəsmi dərc edilə bilər.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında dövlət sirrini əks etdirən ayrı-ayrı müddəalar dərc edilmir.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları (ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən aktlar istisna olmaqla) tam şəkildə dərc edilməlidir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktı ayrı-ayrı vaxtlarda bir neçə üsulla rəsmi dərc edildikdə, aktın rəsmi dərc edilməsi və qüvvəyə minməsi tarixi onun ilk dərc edilməsi tarixi ilə müəyyən edilir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi tarixi, bu aktın yerləşdirildiyi rəsmi dövri mətbu nəşrin çıxdığı gün hesab olunur.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün, həmin aktların qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları rəsmi dərc edildikdən sonra Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edilir.

14. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sorğuları əsasında, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməyən qərar və sərəncamlarını kağız daşıyıcıda onların əslinin həqiqi surəti formasında, eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edir.

1. 30 yanvar 2017-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 yanvar 2017-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 133)

2. 17 may 2019-cu il tarixli 226 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 may 2019-cu il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 960)

3. 15 aprel 2023-cü il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Xalq” qəzeti, 18 aprel 2023-cü il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 586)

4. 21 yanvar 2026-cı il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2026-cı il, “Xalq” qəzeti, 23 yanvar 2026-cı il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 90)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver