“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli, 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyası
1. “Sənaye parkının operatorunun müsabiqə əsasında seçilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Sənaye parkının rezidentlərinin, habelə qeyri-rezidentlərinin fəaliyyəti haqqında hesabatların, statistik məlumatların alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. “Sənaye parkının operatoru tərəfindən sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabatların, habelə öz fəaliyyətinin kənar auditor hesabatının sənaye parkının idarəedici təşkilatına təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
4. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
6. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin İnzibati-təşkilati məsələlər üzrə sektorunun müdiri Orxan Beydiyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
7. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının 2015-ci il 22 yanvar tarixli iclasının protokolu.
iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının 2015-ci il 22 yanvar tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin (bundan sonra - Nümunəvi Əsasnamə) 4.3-cü bəndinin ikinci cümləsinə əsasən hazırlanmışdır və sənaye parkının operatorunun (bundan sonra - operator) müsabiqə əsasında seçilməsi qaydasını müəyyən edir.
1.2. Müsabiqənin təşkilinin məqsədi sənaye parkının daha səmərəli idarə edilməsini təmin etmək üçün sənaye parkının hüdudlarında idarəetməni və təsərrüfat fəaliyyətini həyata keçirəcək, sənaye parkının fəaliyyətinə görə cavabdehlik daşıyacaq hüquqi şəxsin seçilməsindən ibarətdir.
1.3. Müsabiqənin predmetini müsabiqənin qalibi ilə sənaye parkının daha səmərəli idarə edilməsini təmin etmək üçün idarəetmə sazişinin bağlanması təşkil edir.
1.4. Müsabiqənin təşkilatçısı qismində sənaye parklarının fəaliyyəti sahəsində səlahiyyətli orqan - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra - səlahiyyətli orqan) çıxış edir. Müsabiqənin keçirilməsi üçün səlahiyyətli orqan müsabiqə komissiyasını (bundan sonra - komissiya) təşkil edir. Komissiya hər bir müsabiqə üçün ayrıca yaradılır və idarəedici təşkilatla müsabiqənin qalibi arasında idarəetmə sazişi bağlananadək fəaliyyət göstərir.
1.5. Komissiya üzvlərinin ümumi sayı təkrəqəmli olmalı və tərkibinə səlahiyyətli orqanın və sənaye parkının idarəedici təşkilatının nümayəndələrinin daxil olduğu ən azı 5 (beş) nəfərdən ibarət olmalıdır. Komissiyanın sədri və katibi komissiya yaradılarkən səlahiyyətli orqanın nümayəndələrindən təyin olunur.
1.6. Müsabiqənin elan edilməsi ilə başlayan və qalibi ilə idarəedici təşkilat arasında idarəetmə sazişinin imzalanması ilə başa çatan müsabiqə prosesi 90 iş günündən artıq davam etməməlidir.
1.7. Bu Qaydada istifadə edilən anlayışlar Nümunəvi Əsasnamədə nəzərdə tutulan mənaları ifadə edir.
2.1. Müsabiqənin şərtləri səlahiyyətli orqan tərəfindən hazırlanır və elan olunduqdan sonra dəyişdirilə bilməz. Müsabiqənin keçirilməsinə 30 iş günü qalmış səlahiyyətli orqan öz rəsmi internet saytında, yerli və xarici kütləvi informasiya vasitələrində müsabiqənin keçirilmə vaxtını, yerini, müsabiqədə iştirak etmək istəyən hüquqi şəxslər tərəfindən müsabiqə sənədləri toplusunun alınması qaydasını, yerini və vaxtını, təkliflərin qiymətləndirilməsi meyarlarını, habelə müsabiqə şərtlərini, o cümlədən müsabiqənin qalibi ilə idarəetmə sazişinin bağlanma müddətini elan edir. Səlahiyyətli orqan elan verməklə yanaşı, müsabiqədə iştirak üçün fərdi dəvət də göndərmək hüququ vardır.
2.3. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqənin şərtləri əks olunmuş sənədlər toplusunun əldə edilməsi üçün səlahiyyətli orqana ərizə ilə müraciət etməli, müsabiqə təklifləri formasını doldurmalı, təsdiq etməli və özləri haqqında məlumatla birlikdə səlahiyyətli orqana təqdim etməlidirlər.
2.4. Müsabiqə sənədləri toplusuna aşağıdakılar daxildir:
2.4.1. sənaye parkı haqqında məlumat;
2.4.2. sənaye parkının idarə olunması və inkişaf etdirilməsinə dair tələblər;
2.4.3. iştirakçılar haqqında məlumat formasının nümunəsi;
2.4.4. müsabiqə təklifləri formasının nümunəsi;
2.4.5. müsabiqədə iştirakçıların imkanlarının qiymətləndirilmə formasının nümunəsi;
2.4.6. idarəetmə sazişinin nümunəsi;
2.4.7. səlahiyyətli orqana müsabiqə təkliflərinin təqdim edilməsi üçün zərflər.
2.5. İştirakçı müsabiqə təkliflərinin formasını və özü haqqında məlumatı komissiya üzvlərinin sayına uyğun nüsxələrdə səlahiyyətli orqana təqdim etməlidir. Müsabiqə təkliflərinin forması və iştirakçı haqqında məlumat ayrı-ayrılıqda iki zərfə qoyulur, möhürlənir və onlar bir böyük zərfə yerləşdirilərək möhürlənir. İştirakçılar tərəfindən təqdim edilən zərflərin eyni olması üçün zərflərin dəqiq ölçüləri barədə məlumat müsabiqə iştirakçılarına əvvəlcədən bildirilir. İştirakçı haqqında məlumatlar müsabiqə təkliflərinə daxil edilə bilməz. Böyük zərfdə və ona yerləşdirilən hər iki zərfdə fərqləndirici nişanlar, qeydlər (“müsabiqə təklifləri” və “müsabiqə iştirakçısı haqqında məlumat” sözləri istisna olmaqla) və iştirakçı haqqında məlumatlar olmamalıdır.
2.6. Təkliflərin təqdim edilməsi üçün müsabiqənin keçirilməsi haqqında elanda müəyyən olunmuş müddətdən gec daxil olan təkliflərə baxılmır, müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarını pozmuş iştirakçılar isə müsabiqədə iştirak etməyə buraxılmırlar. Müsabiqənin keçirilməsi haqqında elanda müəyyən olunmuş müddətdə və müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarına uyğun təqdim olunmuş təkliflər səlahiyyətli orqan tərəfindən hər hansı istisnaya yol verilmədən qəbul edilməlidir. Səlahiyyətli orqan təqdim olunmuş təklifləri qeydiyyata alır və iştirakçıya qeydiyyatı təsdiq edən sənəd (arayış) təqdim edir.
2.7. İştirakçının müsabiqə təklifi səlahiyyətli orqan tərəfindən qeydiyyata alındıqdan sonra ona hər hansı bir əlavə və ya dəyişiklik edilə bilməz.
2.8. İştirakçılar tərəfindən təqdim edilən müsabiqəyə aid məlumatlar komissiya tərəfindən konfidensial saxlanılmalıdır.
2.9. Komissiya tərəfindən zərflərin açılması, müsabiqə təkliflərinə baxılması, onların qiymətləndirilməsi, habelə müsabiqə qalibinin müəyyənləşdirilməsi müsabiqə iştirakçılarının və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə açıq şəkildə həyata keçirilir.
2.10. Müsabiqədə iştirak etmək niyyətində olan iştirakçı müsabiqə təkliflərini təqdim etməmişdən əvvəl müsabiqə sənədləri toplusunda nəzərdə tutulmuş hər hansı bir məsələnin aydınlaşdırılması ilə bağlı müsabiqənin keçirilməsinə ən azı 15 iş günü qalmış səlahiyyətli orqana müraciət edə bilər. Səlahiyyətli orqan həmin müraciətləri 7 iş günü ərzində cavablandırmalıdır.
3.1. Zərflərin açılması, iştirakçıların müsabiqə təkliflərinə baxılması, təkliflərin qiymətləndirilməsi, həmçinin qalibin müəyyənləşdirilməsi komissiya tərəfindən həyata keçirilir.
3.2. İçərisində müsabiqə təkliflərinin olduğu zərfin, habelə iştirakçı haqqında məlumatın olduğu zərfin möhürləndiyi böyük zərflər şəffaf olmayan qutuda olmalıdır.
3.3. Komissiyanın sədri qutuda olan böyük zərflərdən hər hansı birini çıxarıb, onun yuxarı sağ küncündə iri hərflərlə birinci sıra nömrəsini qoyur.
3.4. Bundan sonra sədr böyük zərfi açaraq, müsabiqə təkliflərinin olduğu zərfə, habelə müsabiqə iştirakçısı haqqında məlumatların olduğu zərfə birinci sıra nömrəsini qoyur.
3.5. Sonra sədr müsabiqə təkliflərinin olduğu zərfi açır, təkliflərin hər bir nüsxəsində birinci sıra nömrəsini qoyur və onları komissiyanın hər bir üzvünə paylayır. İştirakçı haqqında məlumatın olduğu zərf böyük zərfdə açılmamış saxlanılır.
3.6. Müsabiqə təkliflərinin nüsxələrinə komissiyanın üzvləri tərəfindən baxılır. Onlar müsabiqə təkliflərinin hər bir bəndini qiymətləndirərkən müsabiqə elanında müəyyən edilmiş təkliflərin qiymətləndirmə meyarlarını rəhbər tuturlar.
3.7. Müsabiqə təklifləri baxıldıqdan və qiymətləndirildikdən sonra 1 nömrəli böyük zərfə qoyulması üçün komissiyanın katibinə təhvil verilir.
3.8. Müsabiqə təkliflərinin olduğu zərflərə baxılması proseduru eyni qaydada müsabiqənin digər iştirakçıları üçün tətbiq edilməlidir.
3.9. Müsabiqə təkliflərinin olduğu bütün zərflərə baxıldıqdan və onlar müvafiq qaydada qiymətləndirildikdən sonra komissiya üzvləri tərəfindən bütün iştirakçılara dair qiymətləndirmə nəticələrini özündə əks etdirən xüsusi forma imzalanmaqla təsdiqlənir və katibə təqdim edilir.
3.10. Komissiyanın üzvləri tərəfindən təsdiqlənmiş formaya əsasən iştirakçının yekun balları eyni sıra nömrəsi ilə hesablanır və hər bir iştirakçının yekun balı müəyyən edilərək, komissiyanın katibi tərəfindən protokolda qeydiyyata alınır.
3.11. Ümumi yekun balların nəticələrinə əsasən komissiyanın katibi ən yüksək yekun bal toplamış iştirakçının sıra nömrəsini elan edir.
3.12. Komissiyanın sədri müsabiqə qalibinin elan olunmuş sıra nömrəsinə uyğun olaraq, nömrəsi qalibin nömrəsinə uyğun olan böyük zərfi götürür, iştirakçı haqqında məlumatın olduğu zərfi çıxararaq onu açır və tanış olmaq üçün komissiyanın üzvlərinə paylayır.
3.13. Komissiya üzvləri iştirakçı haqqında məlumatlarla tanış olduqdan sonra müsabiqənin qalibi haqqında məlumatlar sədr tərəfindən elan edilir və protokollaşdırılır.
3.14. İki və daha artıq iştirakçı eyni miqdarda yekun bal topladıqda, komissiya sənaye parklarının idarə olunması və inkişaf etdirilməsi sahəsində daha böyük təcrübəyə malik iştirakçını müsabiqənin qalibi elan edir. Qeyd olunan göstərici də bərabər olduğu təqdirdə, müsabiqənin qalibi ən çox bal toplamış şirkətlər arasında püşkatma yolu ilə müəyyən edilir.
3.15. Müsabiqənin qalibinin müəyyən olunması üzrə komissiyanın iclasının nəticələri protokolla rəsmiləşdirilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır və sədr tərəfindən təsdiq edilir.
3.16. Komissiyanın protokolu əsasında idarəedici təşkilat və müsabiqənin qalibi arasında 10 iş günü müddətində idarəetmə sazişi imzalanır.
3.17. Tərəflərdən birinin sazişin bağlanmasından boyun qaçırması və ya müsabiqənin keçirilməsi qaydalarının pozulması nəticəsində mübahisəli məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
3.18. İştirakçının təqdim etdiyi müsabiqə təklifinə baxılması və onun təklifinin qiymətləndirilməsinin nəticəsi barədə yazılı cavab almaq hüququ vardır.
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının 2015-ci il 22 yanvar tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin (bundan sonra - Nümunəvi Əsasnamə) 6.1.10-cu yarımbəndinə əsasən hazırlanmışdır və sənaye parkının rezidentlərinin, habelə qeyri-rezidentlərinin (bundan sonra – rezident, habelə qeyri-rezident) fəaliyyətləri haqqında hesabatların, statistik məlumatların alınması qaydasını müəyyən edir.
1.2. Rezidentin, habelə qeyri-rezidentin fəaliyyəti haqqında hesabatların, statistik məlumatların (bundan sonra – hesabatlar, statistik məlumatlar) alınması sənaye parkının idarəedici təşkilatı (bundan sonra - idarəedici təşkilat) tərəfindən həyata keçirilir.
1.3. Hesabatların, statistik məlumatların alınmasının məqsədi rezidentin, habelə qeyri-rezidentin sənaye parkındakı fəaliyyətinin öyrənilməsi, Nümunəvi Əsasnamənin tələblərinə, sahibkarlıq fəaliyyətinə dair müqavilənin şərtlərinə rezident, habelə qeyri-rezident tərəfindən əməl olunmasının təmin edilməsi və bu istiqamətdə ona köməklik göstərilməsindən ibarətdir.
1.4. Bu Qaydada istifadə edilən anlayışlar Nümunəvi Əsasnamədə nəzərdə tutulan mənaları ifadə edir.
2.1. Hesabatlar, statistik məlumatlar ildə dörd dəfə rüblük dövr üçün alınır. Hesabatların, statistik məlumatın alınması üçün hesabat dövrü aşağıdakı kimi müəyyən olunur:
2.1.1. birinci rüblük hesabat dövrü – hər ilin 01 yanvar tarixindən 31 mart tarixinə kimi (31 mart daxil olmaqla);
2.1.2. ikinci rüblük hesabat dövrü – hər ilin 01 aprel tarixindən 30 iyun tarixinə kimi (30 iyun daxil olmaqla);
2.1.3. üçüncü rüblük hesabat dövrü – hər ilin 01 iyul tarixindən 30 sentyabr tarixinə kimi (30 sentyabr daxil olmaqla);
2.1.4. dördüncü rüblük hesabat dövrü – hər ilin 01 oktyabr tarixindən 31 dekabr tarixinə kimi (31 dekabr daxil olmaqla).
2.2. Hesabatlar, statistik məlumatlar hər hesabat dövründən sonrakı ayın ilk 10 iş günündən gec olmayaraq rezident, habelə qeyri-rezident tərəfindən idarəedici təşkilata təqdim edilir.
2.3. Hesabatlarda və statistik məlumatlarda aşağıdakı məlumatlar göstərilir:
2.3.1. rezidentin, habelə qeyri-rezidentin adı və qeydiyyat nömrəsi;
2.3.2. rezident, habelə qeyri-rezident tərəfindən istehsal (emal) olunan məhsulların (işlərin, xidmətlərin) və bu prosesdə istifadə olunan xammalın adı, həcmi və dəyəri, habelə xammalın mənşə ölkəsi;
2.3.3. məhsulların (işlərin, xidmətlərin) ölkə daxili satışı və ixracı ayrı-ayrılıqda göstərilməklə, satılmış məhsulların dəyəri və həcmi;
2.3.4. rezidentin, habelə qeyri-rezidentin işçilərinin sayı və orta aylıq əmək haqqı;
2.3.5. innovasiyaların tətbiq olunması (məhsullara, istehsal prosesinə və s.) ilə bağlı görülən işlər;
2.3.6. sənaye parkına qoyulan investisiyaların həcmi.
2.4. Hesabatlar, statistik məlumatlar yazılı şəkildə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.
2.5. Təqdim edilən hesabatlar, statistik məlumatların səhifələri nömrələnməli və hesabat rezidentin, habelə qeyri-rezidentin səlahiyyətli şəxsi tərəfindən təsdiq edilməlidir. Elektron üsulla göndərilən hesabatlar, statistik məlumatlar rezidentin, habelə qeyri-rezidentin səlahiyyətli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.
2.6. Rezident, habelə qeyri-rezident hesabatları, statistik məlumatları bu Qaydanın 2.2-ci bəndində müəyyən olunmuş müddətdə təqdim etmədikdə, idarəedici təşkilat həmin rezidentə, habelə qeyri-rezidentə yazılı surətdə xəbərdarlıq etməklə hesabatın 10 iş günü müddətində təqdim edilməsinə dair yazılı bildiriş verir. Bu müddətdə hesabatları, statistik məlumatları təqdim etməyən rezident, habelə qeyri-rezident sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair idarəedici təşkilatla bağladığı müqaviləyə uyğun məsuliyyət daşıyır.
2.7. Rezident, habelə qeyri-rezident təqdim etdiyi hesabatların, statistik məlumatların tamlığına və düzgünlüyünə görə sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair idarəedici təşkilatla bağladığı müqaviləyə uyğun məsuliyyət daşıyır.
2.8. İdarəedici təşkilat rezident, habelə qeyri-rezident tərəfindən təqdim edilən və kommersiya sirri hesab olunan məlumatların qorunmasını təmin edir.
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının 2015-ci il 22 yanvar tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin (bundan sonra – Nümunəvi Əsasnamə) 5.0.7-3-cü yarımbəndinə əsasən hazırlanmışdır və sənaye parkının operatoru (bundan sonra – operator) tərəfindən sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabatların, habelə öz fəaliyyətinin kənar audit hesabatının sənaye parkının idarəedici təşkilatına (bundan sonra – idarəedici təşkilat)təqdim edilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə edilən anlayışlar Nümunəvi Əsasnamədə nəzərdə tutulan mənaları ifadə edir.
2.1. Sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabat (bundan sonra - yarımillik hesabat) dövrü aşağıdakı kimi müəyyən olunur:
2.1.1. birinci yarım illik hesabat dövrü - hər ilin 01 yanvar tarixindən - 30 iyun tarixinə kimi (30 iyun daxil olmaqla);
2.1.2. ikinci yarım illik hesabat dövrü - hər ilin 01 iyul tarixindən - 31 dekabr tarixinə kimi (31 dekabr daxil olmaqla).
2.2. Yarımillik hesabat hər hesabat dövründən sonrakı ayın ilk 30 iş günündən gec olmayaraq operator tərəfindən idarəedici təşkilata təqdim edilir.
2.3. Yarımillik hesabatda aşağıdakılar göstərilir:
2.3.1. sənaye parkının hüdudlarında idarəetmənin və təsərrüfat fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər;
2.3.2. sənaye parkının infrastrukturuna xidmət göstərilməsi, onun normal fəaliyyətinin təmin edilməsi, cari və əsaslı təmirinin həyata keçirilməsi ilə bağlı görülmüş işlər;
2.3.3. sənaye parkının fəaliyyətinin təşviqi, sənaye parkında istehsalın inkişafı üçün investorların cəlb edilməsi ilə bağlı görülmüş işlər;
2.3.4. sənaye parkının rezidenti olmaq istəyən hüquqi və fiziki şəxslərlə bağlanmış niyyət razılaşmaları haqqında məlumat;
2.3.5. sənaye parkının rezidentləri, habelə qeyri-rezidentləri ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair bağlanmış müqavilələr haqqında məlumat;
2.3.6. Nümunəvi Əsasnaməyə uyğun olaraq səlahiyyətli orqanın müəyyən etdiyi qaydada sənaye parkının rezidentlərindən, habelə qeyri-rezidentlərindən onların fəaliyyətləri haqqında alınmış hesabatlar, statistik məlumatlar haqqında məlumat;
2.3.7. sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair sənaye parkının rezidentləri, habelə qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin şərtlərinə əməl olunması vəziyyəti, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı görülmüş işlər;
2.3.8. istilik və elektrik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətləri haqqında məlumat;
2.3.9. sənaye parkının ərazisində qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqi və istifadəsi sahəsində görülmüş işlər;
2.3.10. ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətlərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qadağan olunmayan digər xidmətlərin göstərilməsi ilə bağlı görülmüş işlər;
2.3.11. sənaye parkının inkişaf konsepsiyasının, yerli və xarici investisiyaları cəlb edən proqramların həyata keçirilməsi ilə bağlı görülmüş işlər.
2.4. Yarımillik hesabatlar yazılı şəkildə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.
2.5. Təqdim edilən yarımillik hesabatların səhifələri nömrələnməli və hesabat operatorun səlahiyyətli şəxsi tərəfindən təsdiq edilməlidir. Elektron üsulla göndərilən yarımillik hesabatlar operatorun səlahiyyətli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.
2.6. Operator yarımillik hesabatı bu Qaydanın 2.2-ci bəndində müəyyən olunmuş müddətdə təqdim etmədikdə, idarəedici təşkilat həmin operatora yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 20 iş günü müddətində təqdim edilməsinə dair bildiriş verir. Bu müddətdə yarımillik hesabatı təqdim etməyən operator idarəedici təşkilatla bağladığı idarəetmə sazişinə uyğun məsuliyyət daşıyır.
2.7. İdarəedici təşkilat operator tərəfindən təqdim olunan yarımillik hesabatlarda idarəetmə sazişindən irəli gələn vəzifələrin pozulduğunu müəyyən etdikdə, bu barədə operatora yazılı məlumat verir. Operator idarəetmə sazişindən irəli gələn vəzifələrin pozulması hallarının aradan qaldırılmamasına görə idarəedici təşkilatla bağladığı idarəetmə sazişinə uyğun məsuliyyət daşıyır.
3.1. Operator illik maliyyə hesabatını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) uyğun olaraq tərtib edir.
3.2. Operatorun illik maliyyə hesabatları üçün hesabat dövrü Qanunun 11-ci maddəsinə uyğun olaraq aşağıdakı kimi müəyyən olunur:
3.2.1. oktyabr ayının 1-dək yaradıldıqda qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən 31 dekabr tarixinə kimi (31 dekabr daxil olmaqla);
3.2.2. oktyabr ayının 1-dən sonra yaradıldıqda qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin 31 dekabr tarixinə kimi (31 dekabr daxil olmaqla);
3.2.3. digər hallarda 1 yanvar tarixindən 31 dekabr tarixinə kimi (31 dekabr daxil olmaqla).
3.3. Operator illik maliyyə hesabatını kənar auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra, növbəti ilin aprel ayının 30-dan gec olmayaraq idarəedici təşkilata bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərində müəyyən olunmuş qaydada təqdim edir.
3.4. Operatorla şəxsi əmlak mənafeyi, onun rəhbərliyindən hər hansı şəxslə yaxın qohumluq əlaqəsi, operatorun təsisçisi (iştirakçısı) olan, öz peşə fəaliyyəti ilə bağlı ona xidmətlər göstərən auditorlara operatorun fəaliyyətinin yoxlanılmasını aparmaq qadağandır.
3.5. Operator illik maliyyə hesabatını kənar auditor rəyi ilə birlikdə bu Qaydanın 3.3-cü bəndində müəyyən edilmiş müddətdə təqdim etmədikdə, idarəedici təşkilat həmin operatora yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın kənar auditor rəyi ilə birlikdə 20 iş günü müddətində təqdim edilməsinə dair bildiriş verir. Bu müddətdə illik maliyyə hesabatını kənar auditor rəyi ilə birlikdə təqdim etməyən operator idarəedici təşkilatla bağladığı idarəetmə sazişinə uyğun məsuliyyət daşıyır.
1. 28 iyun 2016-cı il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il)
2. 1 fevral 2021-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202102010001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2021-ci il)
3. 6 dekabr 2021-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112060019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2021-ci il)
4. 21 iyul 2022-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202207210014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 avqust 2022-ci il)
5. 3 aprel 2026-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202604030003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 aprel 2026-cı il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI