“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.5.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2024-cü il iyulun 1-dən tətbiq edilir.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 1 avqust 2024-cü il
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra – Məcəllə) 9.3-cü maddəsinin icrası məqsədilə hazırlanmışdır və həmin Məcəllənin 9.2-ci maddəsinə uyğun olaraq Məcəllənin tələblərinin pozulmasına görə Məcəlləyə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları və cərimələrdən daxil olan vəsaitin (bundan sonra - büdcədənkənar vəsait) bölgüsü və istifadə qaydasını müəyyən edir.
1.2. Büdcədənkənar vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (bundan sonra – Agentlik) sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.
2.1. Büdcədənkənar vəsait Məcəllənin tələblərinin pozulmasına görə Məcəlləyə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları və cərimələrin 50 (əlli) faizi həcmində daxil olan vəsait hesabına formalaşdırılır.
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcədənkənar vəsaitin hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə növbəti iş günü) Agentliyin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində yaradılmış xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.
2.3. Büdcədənkənar vəsaitin yığılması və istifadəsi gəlirlər və xərclər smetasına uyğun olaraq həyata keçirilir. Gəlirlər və xərclər smetası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq hazırlanır və təsdiq edilir.
3.1. Büdcədənkənar vəsaitin 60 faizi bu Qaydanın 3.2-ci bəndində, 40 faizi isə bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş məqsədlər üçün ayrılır.
3.2. Büdcədənkənar vəsaitin Agentliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
3.2.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;
3.2.2. işçilərə maddi yardım göstərilməsi.
3.3. Büdcədənkənar vəsaitin Agentliyin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
3.3.1. malların (işlərin və xidmətlərin) alınması;
3.3.2. qeyri-maliyyə aktivlərinin alınması;
3.3.3. maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində digər xərclər.
3.4. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş vəsaitin istifadəsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
4.1. İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
4.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
4.1.2. mühüm dövlət tapşırıqları, habelə Agentliyin əsas fəaliyyət istiqamətləri üzrə digər vacib tapşırıqların vaxtında yerinə yetirilməsi;
4.1.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.
4.2. İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
4.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə kömək göstərilməsi;
4.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
4.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.
4.3. İşçi xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Agentliyin sədri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilər.
4.4. İşçilərin fərdi qaydada mükafatlandırılması və işçilərə maddi yardım göstərilməsi onların işlədikləri struktur bölmələrin rəhbərlərinin və ya yuxarı orqanın təqdimatı əsasında Agentliyin sədrinin və ya onun səlahiyyət verdiyi şəxsin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.
5.1. Büdcədənkənar vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Agentlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
5.2. Büdcədənkənar vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə hesabat Əsasnaməyə uyğun olaraq Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
6.1. Bu Qaydaya əsasən işçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.
6.2. Büdcədənkənar vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
1. 22 iyun 2026-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)