6.1. Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması həmin layihənin qeydiyyata alındığı gündən iki ay ərzində təşəbbüs qrupunun üzvləri tərəfindən, bu Qanunun 7-1.1-ci maddəsində qeyd edilən halda isə EHİS üzərindən həyata keçirilir.
6.2. Təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır.
6.3. İmza toplanması üçün imza vərəqəsində layihənin adı, imza toplayan təşəbbüs qrupu üzvünün soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti, təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarın tarixi və nömrəsi, təklif olunan layihəni dəstəkləyən vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti göstərilməlidir.
6.3-1. Bu Qanunun 7-1.1-ci maddəsində qeyd edilən halda layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanılması onların EHİS-də olan elektron kabinetləri vasitəsilə həyata keçirilir. Bu zaman vətəndaşlar dəstəkləmək üçün imza toplanması davam etdirilən layihəni seçərək təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə imzalayırlar. Bu halda imza vərəqələrinin doldurulması və vətəndaşların imzalarının toplanılmasının nəticələri haqqında protokol tərtibi tələb olunmur və müvafiq məlumatlar EHİS üzərindən təqdim olunur.
6.4. Təşəbbüs qrupunun imza toplayan üzvü vətəndaşa təklif olunan layihənin tam mətnini təqdim etməli, layihənin məzmununu izah etməli və oxuması üçün vaxt verməlidir. Bu Qanunun 7-1.1-ci maddəsində qeyd edilən halda layihənin tam mətninin və onun məzmununun izahının təqdim edilməsi, eləcə də vətəndaşa layihə ilə tanış olmaq imkanının yaradılması EHİS vasitəsilə təmin edilir.
6.5. Bir imza vərəqəsinə yalnız eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olan vətəndaşlar daxil edilir.
6.6. Layihəni dəstəkləyən vətəndaş imza vərəqəsində öz imzasını qoyur, soyadını yazır və imzalama tarixini qeyd edir.
6.7. Layihəni dəstəkləyən vətəndaş yalnız bir dəfə imza qoya bilər.
6.8. Dövlət orqanlarının, bələdiyyə qurumlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində vətəndaşları imza qoymağa məcbur etmək və ya imza qoymağa imkan verməmək, yaxud bunlara görə onları hər hansı formada mükafatlandırmaq qadağandır.
6.9. İmza toplanması prosesinin və vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı bu Qanunla nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, beynəlxalq təşkilat, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə oluna bilməz. Bu qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarının ləğv edilməsi üçün əsas hesab edilir.
6.10. Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzası toplandıqdan sonra vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokol tərtib edilir, təşəbbüs qrupunun sədri və seçki dairələri üzrə koordinatorları tərəfindən imzalanır.
6.11. Vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokolun nümunəsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunur.