Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanının 2-ci hissəsinin və Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 6-cı hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 20.2-ci və 20.3-cü maddələrini və 1994-cü il 08 fevral tarixli 782 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 25-ci maddəsini rəhbər tutaraq QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Xarici İşlər Nazirliyi üzrə 08 iyul 2000-ci il tarixli 5 nömrəli Əmr qüvvədən düşmüş hesab edilsin.
3. Hüquqi təminat idarəsi bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
1.1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 13-cü və 58-ci maddələrinə, Azərbaycan Respublikasının 1994-cü il 08 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 25-ci və 39-1-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.27-ci yarımbəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının konsulluqları (yəni, səfirliyin konsulluq şöbəsi, baş konsulluq, konsulluq, vitse konsulluq və konsulluq agentliyi) xarici ölkələrdə konsulluq dairəsində daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu və xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada, xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra: xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları) qeydiyyatını aparırlar.
1.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə aparılır.
1.3. Xarici ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı onların hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.
1.4. Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.
1.5. Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması zamanı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması barədə konsulluq tərəfindən arayış verilir. Arayışda vətəndaşın adı, atasının adı, soyadı, təvəllüdü və şəxsiyyətini təsdiq edən sənədinin nömrəsi, arayışın verilmə səbəbi, arayışı verən orqanın adı, arayışın verilmə tarixi və arayışı verən vəzifəli şəxsin adı və soyadı qeyd olunur.
2.1. Xarici ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında həmin ölkədə daimi yaşayan (bundan sonra: daimi yaşayan) Azərbaycan Respublikasının vətəndaşları yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluğunda uçota alınırlar.
2.2. Uçot zamanı uçot vərəqəsi (Əlavə 1) doldurulur, uçota alınan vətəndaşın rəngli fotoşəkili (3,5 x 4,5 ölçülü) uçot vərəqəsinə yapışdırılır və həmin vətəndaşın şəxsiyyətini və xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədlərin kserosurətləri əlavə olunur.
3.1. Azərbaycan Respublikasının konsulluğu xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparır, kişi cinsindən olan 18 yaşına çatmış vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmaları məqsədilə onların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli baş idarə, idarə, şöbə və bölməsinə gəlmələrini təmin edir. Həmin vətəndaşlar üçün doldurulmuş uçot vərəqəsində hərbi vəzifəlilər üçün “hərbi vəzifəli”, çağırışçılar üçün “çağırışçı” qeydləri edilir.
3.2. 18 yaşına çatmış çağırışçıların siyahısı tərtib edilir və həmin siyahı ildə iki dəfə (martda və sentyabrda) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilir.
3-1.1. Azərbaycan Respublikasının konsulluğu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası təyin edilmiş, xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası uçotunu aparır, onların siyahısını tərtib edir və həmin siyahını ildə iki dəfə (martda və sentyabrda) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna göndərir.
3-1.2. Azərbaycan Respublikasının konsulluğu xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına əmək pensiyasının təyin edilməsi məqsədilə onların ərizələrinin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” ilə müəyyən edilmiş sənədlərin sürətlərini konsulluğun müşayiət məktubuna əlavə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna göndərilməsini təmin edir. Azərbaycan Respublikasının konsulluğunun müşayiət məktubunda vətəndaşa əmək pensiyasının təyin edilməsi üçün təqdim olunmuş sənədlərin adları sadalanır.
3-1.3. Azərbaycan Respublikasının konsulluğu müraciət edən vətəndaşa əmək pensiyası təyin olunduğu təqdirdə onun uçot vərəqəsinin 7-ci bəndində “əmək pensiyaçısı” sözünü qeyd edir, vətəndaşın əmək pensiyası hüququ olmadığı hallarda isə əmək pensiyasını təyin edən orqanın pensiya təyin olunmasından imtina edilməsi barədə qərarını bütün sənədlərlə birlikdə ərizəçiyə çatdırılmasını təmin edir.
3-1.4 Azərbaycan Respublikasının konsulluğu xaricdə daimi yaşayan və əmək pensiyası alan Azərbaycan Respublikası vətəndaşını bu Qaydaların 4.1-ci bəndinə müvafiq olaraq uçotdan çıxardıqda, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunu məlumatlandırır.
4.1. Xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları uçota alındıqları konsulluq dairəsində daimi yaşayış uçotundan çıxmaq üçün müraciət etdikləri, onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildiyi, vəfat etdikləri, barələrində itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin qərarı olduğu hallarda “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə uçotdan çıxarılırlar.
4.2. Uçotdan çıxarılma zamanı, uçot vərəqəsində uçotdan çıxarılmanın səbəbləri və tarixi barədə qeyd yazılır və uçot kartoçkası uçotdan çıxarılmış şəxslər üçün nəzərdə tutulan qovluqda saxlanılır.
4.5. Uçotdan çıxarılmış vətəndaşların uçot vərəqələri 2 il saxlanılır və sonra müvafiq akt tərtib edilərək, ləğv edilir.
5.1. Üç aydan artıq xarici ölkədə yaşayan (bundan sonra: müvəqqəti yaşayan) Azərbaycan Respublikasının vətəndaşları işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluğunda uçota alınırlar.
5.2. Uçot zamanı uçot vərəqəsi (Əlavə 2) doldurulur və xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədinin kserosurəti əlavə olunur.
5.4. Azərbaycan Respublikasının vətəndaşı xarici ölkədə müvəqqəti yaşayış müddətinin bitməsi ilə əlaqədar xarici ölkəni tərk etdiyi tarixdən sonra onun uçot vərəqəsi 2 il saxlanılır və sonra müvafiq akt tərtib edilərək, ləğv edilir.
5-1.1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, təyinat ölkələrinə gəldikdən sonra bir ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki konsulluğunda qeydiyyatdan keçməlidirlər.
5-1.2. Qeydiyyat zamanı, xarici ölkədə daimi və ya müvəqqəti yaşayan vətəndaş üçün nəzərdə tutulmuş müvafiq uçot vərəqəsi doldurulur və həmin ölkədə işləməsi barədə rəsmi sənəd əlavə olunur.
5-1.3. Azərbaycan Respublikasının konsulluğu xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatları (uçot vərəqəsinin və işləmək barədə rəsmi sənədin surəti) bir ay müddətində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə verir və həmin idarə bu məlumatları ildə iki dəfə (martda və sentyabrda) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.
5-2.1. Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə (yerlərdə) daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı vətəndaş tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilən məlumatlar əsasında aparılır.
5-2.2. Uçot (qeydiyyat) zamanı xarici ölkədə daimi və ya müvəqqəti yaşayan vətəndaş üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş müvafiq uçot vərəqəsinin elektron forması doldurulur. Uçota (qeydiyyata) alınan vətəndaşın rəngli fotoşəkli (3,5 x 4,5 ölçülü), həmin vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surəti, xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən (yalnız xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına aiddir) və həmin ölkədə işləməsi barədə rəsmi sənədlər (yalnız xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarına aiddir) skan olunaraq elektron formaya əlavə olunur.
5-2.3. Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları bu Qaydaların 5-2.2-ci bəndində qeyd olunan sənədləri təyinat ölkələrinə gəldikdən sonra bir ay müddətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərməlidirlər.
5-2.4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilmiş məlumatların düzgünlüyü və tələb olunan sənədlərin tamlığı Nazirliyin məsul əməkdaşı tərəfindən yoxlanıldıqdan sonra dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi vasitəsilə vətəndaşın yaşadığı yerə ən yaxın olan Azərbaycan Respublikasının konsulluğuna göndərilir.
5-2.5. Məlumatlar Azərbaycan Respublikasının konsulluğu tərəfindən yoxlanıldıqdan sonra uçota (qeydiyyata) alınan vətəndaşın elektron poçt ünvanına uçota (qeydiyyata) alınması barədə bildiriş göndərilir.
6.1. Uçot aparıldıqdan sonra uçot məlumatlarında dəyişikliklər baş verərsə, uçot vərəqəsində müvafiq qeydlər və düzəlişlər edilir. Uçot vərəqəsi blankında əlavə yazılar üçün yer qalmadıqda köhnə uçot vərəqəsinə yenisi tikilir.
6.2. Azərbaycan Respublikası vətəndaşlarının uçot vərəqələri daimi və müvəqqəti yaşayış qeydiyyatı üçün nəzərdə tutulmuş kartotekalarda əlifba sırası ilə ayrıca saxlanılır. Soyad dəyişdirildikdə yeni uçot vərəqəsi doldurulur. Köhnə vərəqə isə kartotekada əvvəlki yerində saxlanılır və həmin kartoçkada qeyd yazılır: “ _______________ soyadda vərəqəyə bax” (yeni soyad göstərilir).
6.3. Uçota alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları valideynlərindən birinin uçot vərəqəsində qeyd olunur. Bu halda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) kserosurətləri valideyninin uçot vərəqəsinə əlavə olunur. 16 yaşına çatmamış, xaricdə valideynsiz yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün ayrıca uçot vərəqəsi doldurulur.
7.1. Azərbaycan Respublikasının konsulluğu xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları barəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə illik hesabat verir. Həmin hesabat xüsusi forma üzrə tərtib edilir (Əlavə 3).
(Uçota alan konsulluğun adı)
Xarici ölkədə daimi yaşayan
Azərbaycan Respublikası
vətəndaşının uçot vərəqəsi
1. Soyad, ad, ata adı (əgər soyad və ad dəyişdirilmişdirsə, əvvəlki soyad və adlar göstərilməlidir)
2. Doğum tarixi (gün, ay, il) və yeri
3. Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti
5. Azərbaycan Respublikası ərazisini tərk etdiyi tarix və səbəb
6. Xarici ölkədə yaşayış ünvanı, telefon nömrəsi, e-mail
7. İş yeri və tutduğu vəzifə
9. Azərbaycan Respublikasındakı yaxın qohumun soyadı, adı, ata adı, ünvanı və telefon nömrəsi
10. Azərbaycan Respublikasına gediş-gəliş haqqında qeydlər
11. Vətəndaşla birgə yaşayan 16 yaşa qədər uşaqlar və digər əlavə məlumatlar
İmza _______________ “___” ______________ 20__ il
(Uçota alan konsulluğun adı)
1. Soyad, ad, ata adı
2. Doğum tarixi (gün, ay, il) və yeri
3. Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi
4. Xarici ölkəyə giriş tarixi
5. Səfərin məqsədi (xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğu təqdirdə iş yeri və tutduğu vəzifə)
6. Xarici ölkədə müvəqqəti yaşayış ünvanı, telefon nömrəsi, e-mail
7. Azərbaycan Respublikasındakı yaxın qohumun soyadı, adı, ata adı, telefon nömrəsi və e-mail
8. Xarici ölkəni tərk etmə tarixi (Bu məlumat məlum olmadığı təqdirdə, dəqiqləşdirildikdən sonra konsulluğa bildirilir.)
9. Vətəndaşla birgə yaşayan 16 yaşa qədər uşaqlar barədə və digər əlavə məlumatlar
İmza _______________ “___” ______________ 20__ il
(Uçota alan konsulluğun adı)
Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı
Xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı
18 yaşa qədər olanlar
Uçotda olan Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı
1. 31 yanvar 2013-cü il tarixli Q/09-13 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201301310913, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 fevral 2013-cü il)
2. 11 dekabr 2013-cü il tarixli Q/05-13 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201312110513, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 dekabr 2013-cü il)
3. 29 yanvar 2015-ci il tarixli Q/03-15 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501290315, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 fevral 2015-ci il)
4. 25 aprel 2016-cı il tarixli Q/03-16 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201604250316, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 may 2016-cı il)
5. 29 may 2019-cu il tarixli Q/05-19 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905290519, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyun 2019-cu il)
6. 28 dekabr 2019-cu il tarixli Q/11-19 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912281119, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 yanvar 2020-ci il)
7. 18 iyun 2020-ci il tarixli Q/05-20 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202006180520, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 iyun 2020-ci il)
8. 15 iyul 2022-ci il tarixli Q/03-22 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202207150322, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2022-ci il)
9. 12 aprel 2023-cü il tarixli Q/01-23 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304120123, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 aprel 2023-cü il)
10. 19 dekabr 2025-ci il tarixli Q/07-25 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202512190725, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 dekabr 2025-ci il)