“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Bakı şəhəri, 14 iyul 2015-ci il
1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Milli mədəni irsə muzey, incəsənət, audiovizual (o cümlədən kino), teatr, kitabxana, əlyazma, arxiv, folklor, arxeologiya, etnoqrafiya, memarlıq, dekorativ-tətbiqi sənət nümunələri və tarix-mədəniyyət qoruqları aiddir. Mədəni irs nümunələri maddi (daşınmaz və daşınar) və qeyri-maddi mədəni irs nümunələrinə bölünür.
1.3. Mədəni irs nümunələrinin qorunması dedikdə, mədəni irs nümunələrinin silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla istənilən təhlükələrdən qorunması, habelə mədəni irs nümunələrinin zədələnməsi, deformasiyası, dağıdılması, sökülməsi, konfiqurasiyasının pozulması və ya silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla, istənilən təhlükələr nəticəsində dəyərini itirməsinin qarşısının alınması, mədəni sərvətlərin müəyyən edilməsi, tədqiqi, siyahıya alınması, monitorinqi və istifadəsinə nəzarət edilməsi məqsədi ilə mədəni irs nümunələrinin mühafizəsini təmin edən dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən hüquqi, maddi-texniki və təşkilati tədbirlər nəzərdə tutulur.
1.4. Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.
1.5. Mədəni irs nümunələrinin cari vəziyyəti mədəniyyət sahəsində dövlət monitorinqi vasitəsilə qiymətləndirilir.
1.6. Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən təminatlar, habelə mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 38.4-cü və 39.1-ci maddələrinə əsasən tənzimlənir.
2.1. Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi, aşkar olunduğu və ya inşa edildiyi məkanlarda qorunur.
2.2. Daşınmaz mədəni irs abidələrinin Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin siyahılara daxil edilən qoruqların sərhədləri (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) və mühafizə zonaları Azərbaycan Respublikasının Nazirlər Kabineti, mədəni irs abidələrinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının və Şuşa Şəhəri Dövlət Qoruğunun əraziləri istisna olmaqla) mühafizə zonaları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən müəyyən edilir.
2.3. Azərbaycan Respublikasında təbiət komplekslərinin, tarixi ərazilərin və mədəni irs abidələrinin qoruq elan edilməsi qanunla yaradılan qoruqlar istisna olmaqla, Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
3.1. Daşınmaz mədəni irs nümunələrinin onların yerləşdiyi və ya inşa olunduğu yerlərdə qorunması məqsədi ilə mühafizə zonaları yaradılır.
3.2. Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonası daxilində istehsal və kommersiya fəaliyyətinin aparılması, korlanması və ya məhv edilməsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır. Qoruqların (qanunla yaradılan qoruqlar istisna olmaqla) ərazilərində fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”nə uyğun olaraq həyata keçirilir.
3.3. Qoruqların (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) mühafizə zonaları və sərhədləri barədə təkliflər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
3.4. Qoruqların (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) mühafizə zonalarını və sərhədlərini müəyyən etmək məqsədi ilə ekspertizanın həyata keçirilməsini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təmin edir.
3.5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu Qaydanın 3.4-cü bəndində göstərilən ekspertizanın nəticələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilən təkliflərə əlavə etməlidirlər.
3.6. Şuşa Şəhəri Dövlət Qoruğunun sərhədləri və mühafizə zonası “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
4.1. Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır. Layihədə nəzərdə tutulmuş işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir.
4.2. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, konservasiyası, təmir-tikintisi, rekonstruksiyası, ərazilərinin abadlaşdırılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
5.1. Daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilərək qorunur.
5.2. Əsas məqsədi daşınar mədəni sərvətlərin qorunması, saxlanması və ya sərgilənməsi olan muzeylər, kitabxanalar, arxivlər, dini qurumlar, arxeoloji komplekslər və bu qəbildən olan digər təşkilatlar tərəfindən aşağıdakı tədbirlər həyata keçirilməlidir:
5.2.1. mikrofilmlərə, rəngli fotoşəkillər də daxil olmaqla, mədəni sərvətlərin inventarlaşdırılmasının və kataloqlarının aparılmasının həyata keçirilməsi;
5.2.2. mədəni sərvətlərin zədələnməsinə, dağılmasına, deformasiyasına və dəyərini itirməsinə səbəb ola biləcək istidən, işıqdan, nəmişlikdən, çirklənmədən, müxtəlif kimyəvi və bioloji təsirlərdən, titrəyişdən qorunması üçün müasir texniki və təhlükəsizlik vasitələrindən istifadə edilməsi;
5.2.3. zəruri mütəxəssislərin hazırlanmasının təmin edilməsi.
5.3. Hüquqi və fiziki şəxslər, qeyri-hökumət təşkilatları, o cümlədən ictimai və yaradıcılıq birlikləri mülkiyyətlərində olan daşınar mədəni sərvətləri qorumalıdırlar. Bu məqsədlə onlar tərəfindən aşağıdakı tədbirlər görülməlidir:
5.3.1. mülkiyyətlərində olan mədəni sərvətlərin siyahıya alınması, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə məlumat mübadiləsinin həyata keçirilməsi;
5.3.2. mühafizə dərəcəsinin tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə mühafizə müqaviləsinin bağlanılması.
5.4. Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliği Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilir. Kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilir.
6.1. Azərbaycan Respublikasında qeyri-maddi mədəni irs nümunələri dövlət tərəfindən qorunur.
6.2. Qeyri-maddi mədəni irs nümunələrinin qorunması özündə eyniləşdirmə, sistemləşdirmə, saxlanma, mühafizə, yaxşılaşdırma, nəsildən-nəslə ötürülmə daxil olmaqla, mədəni irsin müxtəlif aspektlərinin bərpası istiqamətində keçirilən fəaliyyətlərlə təmin edilir.
6.3. Qeyri-maddi mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və təşviqi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxil olan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri aparılır.
7.1. Mədəni irs nümunələrinin bərpası aşağıdakı üsullarla həyata keçirilir:
7.1.1. mədəni sərvətlərə bərpa mühafizə dərəcəsinin verilməsi;
7.1.2. bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi.
7.2. Mühafizənin bərpa dərəcəsi obyektin ilkin təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mədəni sərvətlərə bərpa mühafizə dərəcəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”na uyğun olaraq həyata keçirilir.
7.3. Bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 293 nömrəli qərarı ilə təsdiq edilmiş “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”na uyğun olaraq həyata keçirilir.
7.4. Mədəniyyət müəssisələrinin bərpası məqsədi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq layihələrin maliyyələşdirilməsini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi həyata keçirir.
8.1. Dövlət mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradılır.
8.2. Mədəni irs nümunələrindən istifadə hüququ aşağıdakılara əsasən yaranır:
8.2.1. dövlət və ya bələdiyyə orqanlarının qanunauyğun qəbul edilmiş aktlarına;
8.2.2. qanuna uyğun olaraq bağlanılmış müqaviləyə;
8.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarına;
8.2.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər əsaslara;
8.3. Azərbaycan Respublikasının milli mədəni irsinə aid sərvətlər bank zəmanəti kimi istifadə edilə bilməz.
8.4. Milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası ərazisində folklor nümunələrindən istifadə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada aparılır, Azərbaycan Respublikasının hüdudlarından kənarda isə digər dövlətlərin fiziki və hüquqi şəxsləri tərəfindən folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin razılığı ilə həyata keçirilir.
8.5. Milli mədəni sərvətin mülkiyyətçisi onun lazımi saxlanılmasını və mühafizəsini təmin etməyə borcludur.
8.6. Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilmiş mədəni sərvətlər satıldıqda, onların alınmasında dövlət üstün hüquqa malikdir. Dövlət tərəfindən mədəni sərvətlərin alınması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660-cı maddəsinə uyğun olaraq tənzimlənir.
8.7. Xüsusi mülkiyyətdə olan mədəni irs nümunələri satıldıqda, mülkiyyətçi bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verməlidir.
8.8. Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilmiş mədəni irs nümunələrinin mülkiyyətçisi həmin sərvətlərin saxlanılmasını müəyyən edilmiş qaydada təmin etmirsə və bu, onların öz əhəmiyyətini itirmə təhlükəsi yaradırsa, belə sərvətlər məhkəmənin qərarına əsasən dövlət tərəfindən satınalma yolu ilə mülkiyyətçidən alına bilər.
8.9. Mədəni sərvətlər satın alındıqda, onların dəyəri tərəflərin razılığı, əks təqdirdə isə məhkəmə tərəfindən müəyyən edilmiş qaydada ödənilir.
8.10. Şuşa şəhərinin ərazisində yerləşən abidələrin istifadəsi “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
9.1. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərinin istifadəsi öz tarixi və bədii təyinatına uyğun və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
9.2. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektləri digər şəxslərin istifadəsinə və ya idarəçiliyinə verildiyi halda, mədəniyyət obyektlərinin təyinatına uyğun istifadə edilməsi təmin olunur.
9.3. Tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının və Şuşa Şəhəri Dövlət Qoruğunun əraziləri istisna olmaqla) mühafizəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilir.
9.4. Azərbaycan Respublikasının ərazisində (Şuşa şəhərinin ərazisi istisna olmaqla) arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir və müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeydə alınır. Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınır. Bu bənddə qeyd olunan işləri aparan (yerinə yetirən) fiziki və hüquqi şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasına, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə aparılmış tədqiqat işləri barədə hesabat verir.
9.5. Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları əraziləri üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır. Layihə üzrə işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssislərin iştirakı ilə həyata keçirilir.
1. 11 oktyabr 2017-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1886)
2. 6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477)
3. 21 avqust 2018-ci il tarixli 357 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 avqust 2018-ci il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1808)
4. 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313)
5. 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347)
6. 10 iyul 2026-cı il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 14 iyul 2026-cı il, № 122)