Qanunvericilik › Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydaları (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, 23.07.2004) › Tam mətn

Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydaları (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, 23.07.2004)

Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydaları (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, 23.07.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Azərbaycan Respublikasında qeyri - yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası barədə” 04 sentyabr 2000 - ci il tarixli 159 nömrəli qərarına, “Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000 - ci il tarixli 159 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” 27 oktyabr 2003 - cü il tarixli 139 nömrəli qərarına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Əsasnaməsinə əsasən Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin (BDTİMHQ və ŞKİ) yerli struktur bölmələri tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir.

Özəl mülkiyyətin dövlət uçotuna vətəndaşların, qeyri - dövlət müəssisələrinin qanuni yolla mülkiyyətində, sərəncamında, cari idarəçiliyində olan bina, tikili və qurğular (onların hissələri) daxil edilirlər.

Dövlətə məxsus, o cümlədən nizamnamə fondunun 50% - dən çoxu dövlətə məxsus olan birgə müəssisələrə məxsus binalar, tikili və qurğular (onların hissələri) özəl mülkiyyətin dövlət uçotuna daxil edilmirlər.

Müvəqqəti və ya mövsümi xarakter daşıyan bina, tikili və qurğular (onların hissələri) dövlət uçotuna alınmırlar.

Qeyri - yaşayış fonduna aid olan özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılmasında əsas məqsəd özəl əmlakın təsnifat bölgüsünün aparılmasından, bu əmlaka mülkiyyət hüququnun (cari idarəetmə) müəyyən edilməsindən, onun kəmiyyət və keyfiyyət göstəricilərinin, həmçinin müasir dəyərinin müəyyənləşdirilməsindən ibarətdir.

1.2. Hüquqi qeydiyyat obyekti olaraq inzibati - ərazi bölgüsü daxilində küçə, döngə, meydan və ya digər məkanda yerləşən və müəyyən nömrə ilə təsbit olunmuş ayrıca tikilmiş bina, tikili, qurğu və ya onların hissələri başa düşülür.

1.3. Əgər ayrıca nömrə ilə qeyd olunmuş torpaq sahəsində iki və daha artıq mülkiyyətçiyə məxsus əmlak vardırsa, onda onların hər biri ayrıca olaraq öz mülkiyyətçisinin adına, bina, tikili və yaxud qurğular hissə - hissə müxtəlif mülkiyyətçilərə mənsub olarsa, hər bir mülkiyyətçinin payı ayrıca olaraq öz adına qeydiyyata götürülür. Belə obyektlərdə torpaqdan istifadə və ya mülkiyyət hüququ torpaq qanunvericiliyinə uyğun olaraq həll edilir.

1.4. Tikintisi başa çatmış və müəyyən olunmuş qaydada istismara qəbul olunmuş obyektlər qeydiyyata alınır.

1.5. Yerli icra hakimiyyəti və ya bələdiyyə orqanlarına məxsus olmayan ərazilərdə (xüsusi tənzimlənən şəhərsalma fəaliyyəti obyektlərinə aid edilmiş ərazilərdə, respublika əhəmiyyətli sənaye, nəqliyyat müəssisələrinin, müdafiə nazirliyinin və s. torpaqlarında) yerləşən obyektlər qeydiyyata alınmır.

1.6. Qeydiyyat mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında Dövlət Tikinti və Arxitektura Komitəsi və ya onun müvəkkil etdiyi orqan tərəfindən təsdiq edilmiş reyestr kitablarında aparılır.

1.7. Reyestr kitabında dövlət qeydiyyatına alınmış qeyri - yaşayış fonduna məxsus olan özəl bina, tikili və qurğunun (onların hissələrinin) sahiblərinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 02 iyul 1996 - cı il tarixli 03 saylı qərarı ilə təsdiq edilmiş formada “Qeydiyyat vəsiqəsi” verilir.

2.1. Qeyri - yaşayış fonduna məxsus özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər aşağıdakılardır:

- özəlləşdirilmiş obyektə (əmlaka) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi (İqtisadi İnkişaf Nazirliyi) tərəfindən verilmiş şəhadətnamə;

- vətəndaşlara və qeyri - dövlət qurumlarına məqsədli istifadə üçün qeyri - yaşayış binası, tikili və ya qurğusu tikilməsi üçün torpağın ayrılması və sonradan obyektin müvafiq qaydada istismara qəbul edilməsi barədə aktlar;

- bina, əmlak, tikili və qurğunun (onların hissələrinin) müəyyən olunmuş qaydada əvəzsiz olaraq və ya haqqı ödənilməklə vətəndaşlara və ya özəl qurumlara verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı;

- Texniki inventarlaşdırma bürosu tərəfindən dövlət uçotuna alınmış qeyri - yaşayış binası, tikili və ya qurğusunun (onların hissələrinin) dövlət notariat orqanları vasitəsilə özgəninkiləşdirilməsi (alqı - satqısı, bağışlanması, dəyişdirilməsi) barədə müqavilə (o cümlədən satıcını ömürlük saxlama haqqında müqavilə) və ya vərəsəlik yolu ilə özgəninkiləşdirilərkən vərəsəlik haqda şəhadətnamə;

- qeyri - yaşayış bina, tikili və qurğuların (onların hissələrinin) mənsubiyyətinin müəyyənləşdirilməsi barədə məhkəmənin və ya iqtisad məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı;

- qeyri - yaşayış bina, tikili və qurğuların (onların hissələrinin) açıq hərracdan alınması barədə akt;

- əmlaka sahiblik barədə ərin (arvadın) və ya birgə mülkiyyətçilərdən hər hansı birinin payının bölünməsi barədə dövlət notariat orqanları tərəfindən verilmiş şəhadətnamə;

- Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”.

2.2. Qeyri - yaşayış bina, tikili və qurğularına (onların hissələrinə) bu Qaydaların 2.1 bəndində göstərilən mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər və ya onların müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri olmadıqda mülkiyyət hüququnu digər yolla təsdiq edən sənədlər aşağıdakılardır:

- qeyri - yaşayış bina, tikili və qurğusunun tikilməsi haqda bankdan verilən ssuda üçün öhdəliklər. Bank ssudaları torpaq sahəsinin ayrılması haqda aktlar və tikintinin müəyyən olunmuş qaydada tikilib başa çatdırılacağı barədə müqavilənin öhdəliklər əsasında verilməsi nəzərə alınmaqla;

- texniki inventarlaşdırma sənədləri (texniki pasport). Bir şərtlə ki, bu texniki sənədlər hüququ müəyyən edən sənədlərə istinadən verilmiş olsunlar;

- torpaq vergisinin, sığorta haqqının və ya lisenziya haqqının ödənilməsi barədə müxtəlif ödəniş sənədləri;

- faktiki idarəçiliyində olmuş müxtəlif vətəndaşlara, özəl qurumlara və ya digər idarə, müəssisə və təşkilatlara bina, tikili və qurğuların (onların hissələrinin) dəyərinin ödənilməsi barədə ödəniş sənədlərindən çıxarışlar;

- Dövlət qəbul komissiyası tərəfindən tikintisi başa çatdırılmış bina, tikili və qurğuların (onların hissələrinin) istismara qəbul edilməsi haqda akt;

- tikinti üçün torpaq sahəsinin ayrılması barədə akt.

2.3. Bu Qaydaların 2.1 və 2.2 bəndlərində göstərilən sənədlər olmadıqda və ya bu sənədlərin doğruluğu şübhə doğurduqda BDTİMHQ və ŞKİ - nin yerli struktur bölmələri obyektin qeydiyyata alınmasından imtina edə bilərlər. Bu halda BDTİMHQ və ŞKİ - nin yerli struktur bölməsi tərəfindən obyektin qeydiyyatı üçün maraqlı tərəfə əsaslandırılmış cavab verilməlidir. Mübahisəli vəziyyət yarandıqda məsələ məhkəmə qaydasında həll olunur.

3.1. Bu Qaydaların 2.1 və 2.2 bəndlərində göstərilən hüququ müəyyən edən sənədlər olmadıqda qeyri - yaşayış özəl bina, tikili və qurğuların (onların hissələrinin) qeydiyyatı və dövlət uçotuna alınması üçün maraqlı hüquqi və ya fiziki şəxs BDTİMHQ və ŞKİ - nin yerli struktur bölməsinə ərizə ilə müraciət edir.

3.2. Ərizədə mülkiyyət hüququnu təsdiq edən sənədin olmamasının səbəbləri və həmin mülkiyyətə sahiblik etmək üçün iddianı təmin edə biləcək faktlar göstərilməlidir. Ərizəyə yerli kommunal təsərrüfatı orqanının, həmin yaşayış məntəqəsində operativ idarəçiliyində ola biləcək yerli icra hakimiyyəti və digər orqanlardan obyektin onların balansında olmaması barədə arayış və bu işə dair əsaslı dəlil ola biləcək digər sənədlər əlavə edilir.

3.3. Mülkiyyət hüququnun təsdiq edilməsinin mümkünlüyünün sübuta yetirilməsi üçün BDTİMHQ və ŞKİ - nin yerli bölməsi aşağıdakıları həyata keçirir:

- ərizəçinin göstərdiyi obyekti yerində hərtərəfli müayinə etmək məqsədilə baxış keçirilməsi;

- obyektlə həqiqi əlaqəsi olan vətəndaşlarla, hüquqi və fiziki şəxslərlə sorğu keçirilməsi;

- obyektin həqiqi sahibinin müəyyən edilməsi üçün məlumatların toplanması;

- göstərilən obyektdə müayinənin keçiriləcəyi və sorğunun aparılacağı barədə əvvəlcədən həmin obyektlə əlaqəsi güman edilən qonşu obyektlərdə görünən yerlərdə müvafiq elanların asılması, eləcə də bu tədbirin əhalinin nəzərinə çatdırıla biləcək digər formada məlumatın yayılması;

- obyektə baxışın keçirilməsi barədə müvafiq aktın və şahid aktlarının tərtib olunması;

- maraqlı tərəfin (ərizəçinin) təqdim etdiyi məlumat, fakt və sənədlərin, həmçinin əlavə toplanmış materialların həqiqiliyinin yoxlanılması.

3.4. BDTİMHQ və ŞKİ - nin nümayəndəsi ərizəçinin təqdim etdiyi və baxış zamanı toplanmış materialların əsasında obyektin ərizəçiyə məxsus olub - olmaması barədə əsaslandırılmış qərar layihəsi hazırlayır və onu məhkəməyə təqdim edir. Təqdim olunmuş materiallar əsasında məhkəmə müvafiq qərar çıxarır. İcra hakimiyyəti orqanının qəsəbə və ya kənd üzrə yerli nümayəndəsi məsələyə öz münasibətini bildirir.

Məhkəmə tərəfindən təsdiq edilmiş qərarın əsasında BDTİMHQ və ŞKİ - nin yerli bölməsi ilkin qeydiyyat işini həyata keçirir və əmlakı dövlət uçotuna götürərək ərizəçiyə mülkiyyət hüququnu təsdiq edən “Qeydiyyat vəsiqəsi” verir.

3.5. BDTİMHQ və ŞKİ - nin yerli bölməsi mülkiyyət hüququnun təsdiq edilməsindən imtina etdikdə və ya daxil olmuş müraciəti bir aydan artıq müddətdə cavabsız qoyduqda, habelə hər hansı bir hüquqi və ya fiziki şəxs bu hüquqa etiraz (iddia) etdikdə, ərizəçi mübahisənin həlli üçün ümumi iddia qaydasında məhkəməyə müraciət edə bilər.

3.6. Məhkəmə mülkiyyət hüququnun tanınması barədə müvafiq qərar çıxararsa, qərar hüquqi qüvvəyə mindiyi andan BDTİMHQ və ŞKİ - nin yerli bölməsi bu Qaydalarda müəyyən olunmuş qaydada qeydiyyat işini həyata keçirir.

4.1. Qeyri - yaşayış özəl bina, tikili və qurğuların (onların hissələrinin) qeydiyyatını və reyestrini apararkən Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin yerli bölmələrinin mütəxəssisləri aşağıdakıları həyata keçirirlər:

- qanunla müəyyən edilmiş qaydada qeyri - yaşayış özəl bina, tikili və qurğuların (onların hissələrinin) sahiblərinin hüquqlarının rəsmiləşdirilməsi;

- faktiki olaraq obyektə sahiblik edən, lakin əlində heç bir hüququ müəyyən edən sənəd olmayan mülk sahiblərinin müəyyən edilməsi;

- sahibsiz və ya özbaşına inşa edilmiş tikililərin, habelə mövcud inşaat norma və qaydalarının pozulması hallarının müəyyən edilməsi, bu barədə müvafiq yerli icra hakimiyyəti orqanlarına məlumat verilməsi.

4.2. Qeyri - yaşayış özəl bina, tikili və qurğuların (onların hissələrinin) qeydiyyatı zamanı BDTİMHQ və ŞKİ - nin yerli bölmələrinin mütəxəssisləri aşağıdakıları həyata keçirməyə borcludurlar:

- qeyri - yaşayış özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən sənədlərin tələb edilməsi və onların doğruluğunun araşdırılması;

- hər bir obyekt üçün inventar işi açaraq hüququ müəyyən edən sənədlərin qanunla nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surətlərinin xronoloji ardıcıllıqla inventar işində saxlanılması;

- mülkiyyət hüququnun yaranması və bu hüququn ardıcıl olaraq digər mülkiyyətçilərə keçməsi barədə bütün sənədlərin yerində olmasının təmin edilməsi.

4.3. Mülkiyyət hüququnu təsdiq edən sənədlər tam yerində olduqda BDTİMHQ və ŞKİ - nin yerli bölməsi “Azərbaycan Respublikasında yaşayış fondunun qeydiyyata alınması və dövlət uçotunun aparılması Qaydaları”nda müəyyən edilmiş qaydada ilkin hüquqi qeydiyyat işini aparır və mülk sahibinə (sahiblərinə) müəyyən olunmuş formada “Qeydiyyat vəsiqəsi” verir.

4.4. Əmlaka mülkiyyət hüququnu digər yolla təsdiq edən sənədlər olduqda və ya heç bir sənəd olmadıqda BDTİMHQ və ŞKİ - nin yerli bölməsi bu Qaydaların 3-cü bölməsində göstərilən qaydada araşdırmalar aparır və ilkin qeydiyyatın aparılması üçün yerli icra hakimiyyəti orqanına təqdimat yazır. Təqdimatda aşağıdakı məlumat və göstəricilər əks olunmalıdır:

- bina, tikili və qurğunun (onun hissəsinin) ünvanı;

- tikintinin altına torpaq sahəsinin ayrılmasına dair sənədlər, torpaq sahəsinin miqdarı (sənəd üzrə və faktiki istifadədə olan);

- əsas tikililərin sayı, tikililərin inşasının başlanma və istismara qəbul edilmə tarixləri;

- əsas və əlavə tikililərin təsnifatı, onların həcmi planlaşdırma göstəriciləri və texniki xarakteristikaları;

- sənədlərə istinad edilməklə hüququn keçmə ardıcıllığı;

- qeydiyyata alma anında mülkiyyətçiləri müəyyən edən sənədlərin müfəssəl siyahısı;

- mülkiyyətçinin (mülkiyyətçilərin) soyadı, adı və atasının adı, birgə mülkiyyət zamanı hər bir mülkiyyətçinin payı;

- bu Qaydaların 3-cü bölməsində nəzərdə tutulan qaydada əsaslandırılmış təklif.

4.5. Özbaşına inşa edilmiş tikililər qeydiyyata alınmır və onlara “Qeydiyyat vəsiqəsi” verilmir.

Özbaşına inşa edilmiş tikililər aşkar edilən hallarda, BDTİMHQ və ŞKİ - nin yerli bölməsi Azərbaycan Respublikasının Milkü Məcəlləsinin müvafiq maddələrinə əsasən tədbirlər görür və aidiyyatı orqanlara məlumat verir.

5.1. Qeyri - yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) mülkiyyət hüququnu təsdiq edən əsas sənədlərin, yerli icra hakimiyyəti və ya bələdiyyə orqanının qərarının nömrəsi və tarixi bu obyekt yerləşən yaşayış məntəqəsinin reyestr kitabına əlavə edilir, kitabda göstərilən qaydalara riayət olunmaqla qeyd aparılır.

Reyestr kitablarında mülkiyyət hüququ qeydiyyatdan keçdikdən sonra mülkün sahibinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 02 iyul 1996 - cı il tarixli 03 saylı qərarı ilə təsdiq edilmiş formada “Qeydiyyat vəsiqəsi” verilir.

5.2. Reyestr kitabı keyfiyyətli kağızdan hazırlanmalı, möhkəm cilddə olmalı və aşağıdakı kimi adlandırılmalıdır: “_______________” şəhərinin (qəsəbəsinin, kəndinin və s.) qeyri - yaşayış özəl bina, tikili və qurğularının reyestr kitabı”. Kitab tabeçilik qaydasında yuxarı orqan (idarə, komitə) tərəfindən nömrələnməli, qaytanlanmalı, möhür və həmin orqanın rəhbərinin imzası ilə təsdiq edilməlidir.

5.3. Reyestr kitabında qeydlər küçələr üzrə (əlifba sırası ilə) aparılır, həm də hər bir mülkiyyətçiyə və ya ümumi pay mülkiyyətinin iştirakçısına kitabda sonrakı dəyişikliklərin cari qeydə alınması üçün ən azı on ehtiyat sətir ayrılır. Əgər qeydə alınma prosesində bu sətirlər dolarsa, sonrakı qeydlər yeni səhifədə yazılır, kitabda isə həmin tikili üzrə qeydlərin yeni səhifəyə keçirilməsi (axırıncının nömrəsi göstərilməklə) haqqında qeyd yazılır.

Bu məqsədlə kitabın sonunda (əgər reyestrlər birləşdirilmişsə, onun bir hissəsində) onun ümumi həcminin 25% - nə qədər miqdarda ehtiyat səhifələr saxlanılmalıdır, bütün kitab dolduqda isə yeni kitab düzəldilir.

Hər bir qeyd qeydiyyata almanı aparan mütəxəssisin imzası ilə təsdiq edilir.

5.4. Çıxıb getmiş mülkiyyətçilərin adının reyestr kitablarından pozmaq yolu ilə çıxarılmasına yol verilmir.

5.5. Reyestr kitabında bütün düzəlişlər müəyyən olunmuş qaydada edilməli və qeydiyyata almaya görə məsul şəxsin yaxud BDTİMHQ və ŞKİ - nin yerli bölməsinin rəisinin imzası ilə təsdiq edilməlidir.

5.6. Çox köhnəlmiş, istifadəyə yararsız vəziyyətə düşmüş reyestr kitablarını bərpa edərkən bu kitaba yazılmış ilkin qeydlərin tarixini, habelə binaların, qurğuların (onların hissələrinin) reyestr (sıra) nömrəsini qoruyub saxlamaq lazımdır.

Reyestr kitabı müvafiq yaşayış məntəqəsi üzrə binaların, qurğuların (onların hissələrinin) mülkiyyətçilərnin uçot sənədi hesab edilir və onun daimi qorunub saxlanmasına görə BDTİMHQ və ŞKİ - nin yerli bölməsinin müvafiq mütəxəssisləri məsuliyyət daşıyırlar.

5.7. BDTİMHQ və ŞKİ - nin yerli bölməsində vətəndaşların soyadı, adı və atasının adı, idarə, təşkilat və müəssisələrin tam adı göstərilməklə, yaşayış məntəqəsinin binalarının, qurğularının (onların hissələrinin) bütün mülkiyyətçilərinin hər birinə ayrı - ayrılıqda əlifba sırası üzrə inventarlaşdırma vərəqəsi (kartoçkası) doldurulur (aparılır).

İstisna hal kimi tikililərin sayı az olan yaşayış məntəqələrində bütün mülkiyyətçilərin soyadı, adı və atasının adı, idarə, təşkilat və müəssisələrin adlarının əlifba sırası üzrə siyahısını əks etdirən jurnal doldurula (aparıla) bilər.

5.8. Hər bir mülkiyyətçinin adı hüququ müəyyən edən sənədə əsasən ümumi mülkiyyətdə payı göstərilməklə, ayrıca əlifba vərəqəsinə (kartoçkasına), yaxud jurnalın ayrıca sətrinə yazılır.

Yaşayış məntəqəsində bir neçə binası (qurğusu) olan mülkiyyətçiyə hər belə tikili üçün birlikdə saxlanılan ayrı - ayrı əlifba vərəqələri (kartoçkaları) tərtib edilir.

Əlifba jurnalı aparıldıqda (doldurulduqda) yaşayış məntəqəsində bir neçə binası (qurğusu) olan mülkiyyətçinin soyadının, adının və atasının adının qeydə alınması (yazılması) üçün jurnalda yer ayrılır və bir neçə sətirdə ona məxsus bütün tikililərin ünvanları yazılır.

5.9. Binanın, qurğunun (onların hissələrinin) yeni mülkiyyətçilərinə yeni əlifba vərəqələri (kartoçkalar) tərtib edilir, çıxıb getmiş mülkiyyətçilərin vərəqələri (kartoçkaları) kartotekadan götürülür və yerinə yeni tərtib edilmiş vərəqələr (kartoçkalar) qoyulur.

6.1. Qeyri - yaşayış binalarının, tikili və qurğuların (onların hissələrinin) mülkiyyətçilərinin ilkin qeydiyyata alınmasını həyata keçirdikdən sonra BDTİMHQ və ŞKİ - nin yerli bölməsi bina, tikili və qurğuların (onların hissələrinin) hüquqi qaydada dəyişikliklərinin sonrakı qeydə alınmasını aparır.

6.2. Bina, tikili və qurğuların (onların hissələrinin) mülkiyyət hüququnun sonrakı qeydə alınması və bu hüququn bir şəxsdən və ya təşkilatdan (səhmdar cəmiyyətdən və s.) digərlərinə keçməsi qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş sənədlərə əsasən həyata keçirilir.

6.3. Bina, tikili və qurğuların (onların hissələrinin) hüququ qaydada dəyişdirilməsi barədə müvafiq qeydlər hüququ təsdiq edən sənədlərə istinad edilməklə reyestr kitabına və inventarlaşdırma kartoçkasına yazılır.

Bina, tikili və qurğuların (onların hissələrinin) mülkiyyətçilərinin hüququ müəyyən edən sənədlərinin əslində və bu sənədlərin BDTİMHQ və ŞKİ - nin yerli bölməsinin arxivində saxlanılan notarial qaydada təsdiq edilmiş surətlərində dəyişikliklər edilməsi barədə müvafiq qeydlər edilir.

6.4. Bina, tikili və qurğulara (onların hissələrinə) ümumi pay mülkiyyətinin iştirakçıları arasında iştirakçıların paylarına müvafiq surətdə (dövlət notariat orqanı tərəfindən təsdiq edilmiş müqavilə, məhkəmə qərarı və s.) qeydə alınaraq həmin əmlaka paylar göstərilmişsə “Qeydiyyat vəsiqəsi” verilir.

Bu zaman müqavilənin əslində və BDTİMHQ və ŞKİ - nin yerli bölməsində saxlanılan notarial qaydada təsdiq edilmiş surətində qeydiyyata alınma yazısı yazılır. Reyestr kitabında hüququ müəyyən edən sənədin kim tərəfindən, nə vaxt, hansı nömrə ilə təsdiq edilməsi, tikilinin literi və obyektin ünvanı göstərilir. Lakin reyestrlərdə, texniki - inventarlaşdırma sənədlərində, habelə BDTİMHQ və ŞKİ-nin yerli bölməsi tərəfindən verilən arayışlarda bu müqavilələrdə müəyyən edilmiş istifadə qaydaları əks etdirilmir.

6.5. Bina, tikili və qurğulara (onların hissələrinə) ümumi pay mülkiyyətinin iştirakçısı müəyyənləşdirilmiş qaydalara riayət etməklə, öz hesabına bina, tikili və qurğunun ümumi sahəsini onun yanında, üst mərtəbədə əlavə tikililər aparmaq, yenidən tikili inşa etmək yolu ilə artırmışsa, yaxud bina, tikili və ya qurğuya hüququ müəyyən edən sənəddə payların həcmi (nisbəti) göstərilməmiş və ya qeyri - dəqiq göstərilmişsə, payların həcminin (nisbətinin) müəyyənləşdirilməsi, yaxud payların həcminin (nisbətinin) dəyişdirilməsi ümumi mülkiyyətin bütün iştirakçılarının razılığı ilə bu barədə dövlət notariat orqanı tərəfindən təsdiq edilmiş müqavilə əsasında, mübahisə yarandıqda isə - məhkəmə qaydasında rəsmiləşdirilə (qanuniləşdirilə) bilər.

Dövlət notariat orqanları tərəfindən təsdiq edilmiş həmin müqavilə, yaxud məhkəmənin qərarı ümumi pay mülkiyyətinin iştirakçılarının hüququ müəyyən edən sənədlərinə əlavə kimi BDTİMHQ və ŞKİ - nin yerli bölməsində qeydiyyata alınır.

6.6. Əgər mülk sahibi bina, tikili və ya qurğunu sökərək onun yerində yenisini inşa etmişsə, onda o, yeni obyektin qeydiyyata alınması üçün BDTİMHQ və ŞKİ - nin yerli bölməsinə aşağıdakı sənədləri təqdim etməlidir:

- bina, tikili və ya qurğunun yerində yenisinin inşa edilməsinə icazə verilməsi barədə yerli icra hakimiyyəti orqanının sərəncamı;

- yeni inşa edilmiş bina, tikili və ya qurğunun dövlət qəbul komissiyası tərəfindən istismara qəbul aktı.

Göstərilən sənədlər işə tikilir və həmin mülk müəyyən olunmuş qaydada qeydiyyata alınaraq “Qeydiyyat vəsiqəsi” verilir.

6.7. Bina, tikili və qurğunun mülkiyyətçisi müəyyən elilmiş qaydada verilmiş “Qeydiyyat vəsiqəsi” - ni itirdiyi hallarda, mətbuatda müvafiq elan verildikdən sonra, onun yazılı ərizəsi əsasında BDTİMHQ və ŞKİ - nin yerli bölməsi itirilmiş vəsiqənin təkrar surətini (dublikatını) verir.

Vəsiqənin təkrar surətinin (dublikatının) üstündə onun nömrəsi və verilmə tarixi göstərilir.

6.8. BDTİMHQ və ŞKİ - nin yerli bölməsi notariat və məhkəmə orqanlarının məlumatları əsasında bina, tikili və qurğulara həbs və ya qadağa qoyulmasının xüsusilə dəqiq uçotunu aparmalıdır.

Bina, tikili və qurğuya həbs və ya qadağa qoyulması barədə məlumatın əks olunduğu sənəd hüququ müəyyən edən sənədlərlə birlikdə inventarlaşdırma işində saxlanılır və ayrıca kitabda (əlifba jurnalında) qeydə alınır.

6.9. Həbs və qadağaların qeydə alınması onların inventarlaşdırma işində saxlanılmaqla, müvafiq kitabda (əlifba jurnalında) qeyd olunur və mülkiyyətçilərin əlifba vərəqinə (kartoçkasına) yazılmaqla həyata keçirilir.

6.10. Həbs və qadağaların qeydə alınması dərhal məlumat daxil olan kimi və hər bir halda BDTİMHQ və ŞKİ - nin yerli bölməsi bina, tikili və qurğuya həbs və ya qadağa qoyulması barədə məlumat aldıqdan sonra növbəti gündən gec olmayaraq (məlumatın daxil olma tarixi müvafiq kitabda qeyd olunur) həyata keçirilməlidir. Həmin bina, tikili və qurğuya həbs və ya qadağa qoyulması hallarının olmaması barədə əvvəllər arayış verilməsi müəyyən edildiyi halda BDTİMHQ və ŞKİ - nin yerli bölməsi müəyyən olunmuş qaydada müvafiq təşkilatlara dərhal məlumat verir.

6.11. Həbs və ya qadağa ləğv edildiyi halda, mülkiyyətçilərin invetarlaşdırma işində (müvafiq kitabda) və əlifba vərəqində (kartoçkasında) həbsin və ya qadağanın ləğvi barədə tarix göstərilməklə müvafiq qeyd edilməlidir.

7.1. Qeyri - yaşayış fonduna məxsus bina, tikili və qurğuların (onların hissələrinin) alqı-satqı, bağışlanma, vərəsəlik və s. sazişlərinin (əqdlərinin, sövdələşmələrinin) rəsmiləşdirilməsi zamanı dövlət notariat kontoruna təqdim etmək üçün BDTİMHQ və ŞKİ tərəfindən onların mülkiyyətçilərinə həmin daşınmaz əmlakın həqiqi (faktiki) vəziyyəti barədə arayış tərtib edilir. Bu arayışların doldurulması qaydaları Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış müvafiq təlimatlarla müəyyən olunur.

7.2. Əgər bina, tikili və qurğu (onların hissələri) ümumi pay mülkiyyəti hüququndadırsa, müvafiq idarə və təşkilatlara təqdim edilmək üçün BDTİMHQ və ŞKİ - nin yerli bölməsi tərəfindən verilən arayışlarda ümumi mülkiyyətin bütün mülkiyyətçiləri (payçıları), hüququ müəyyən edən sənədlərə əsasən onların paylarının nisbəti (miqdarı), habelə torpaq sahəsi haqqında məlumatlar (sənəd üzrə və faktiki istifadə), tikinti sahəsi, həqiqi dəyəri və s. göstərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver