Qanunvericilik › Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Təşkilatların vəzifələri

Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində təşkilatlar öz səlahiyyətləri daxilində:

7.1.1. səfərbərlik hazırlığının təmin edilməsi üçün tədbirlər təşkil edir və keçirirlər;

7.1.2. səfərbərlik orqanları yaradırlar və ya səfərbərlik orqanlarının vəzifələrini yerinə yetirən işçiləri (bundan sonra - səfərbərlik işçiləri) təyin edirlər;

7.1.3. səfərbərlik planlarını işləyib hazırlayırlar;

7.1.4. səfərbərlik zamanı və müharibə dövründə səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi məqsədilə istehsalatın hazırlanmasına dair tədbirlər keçirirlər;

7.1.5. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada istehsalatın müharibə dövrünün iş rejiminə keçirilməsi üçün tədbirlər görürlər;

7.1.6. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsi məqsədilə bağlanmış müqavilələrə müvafiq olaraq səfərbərlik tapşırıqlarını (sifarişlərini) yerinə yetirirlər;

7.1.7. dinc dövrdə və səfərbərlik zamanı müvafiq icra hakimiyyəti orqanlarına səfərbərlik işində köməklik göstərirlər;

7.1.8. səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan işçilərinin vaxtında xəbərdar edilməsini, toplanış məntəqələrinə, yaxud hərbi hissələrə gəlməsini təmin edirlər;

7.1.9. səfərbərlik planlarına müvafiq olaraq texnikanın toplanış məntəqələrinə, yaxud hərbi hissələrə göndərilməsini təmin edirlər;

7.1.10. təşkilatlara vurulan zərərin əvəzinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilməsi şərtilə, səfərbərlik planlarına uyğun olaraq binaları, tikililəri, kommunikasiyaları, torpaq sahələrini, rabitə, nəqliyyat və digər vasitələri ayırırlar;

7.1.11. hərbi uçot bölmələri yaradır və bu təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçot və bron işlərini aparır, bron üzrə hesabatın təqdim edilməsini təmin edirlər;

7.1.12. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatları təqdim edirlər.

7.2. İstehsal gücü səfərbərlik tapşırıqlarını (sifarişlərini) yerinə yetirməyə imkan verən təşkilatlar, səfərbərliklə əlaqədar istehsalın genişləndirilməsi zərurəti yarandığı hallarda, bu tapşırıqların (sifarişlərin) yerinə yetirilməsi haqqında müqavilələrin bağlanmasından imtina edə bilməzlər.

7.3. Səfərbərlik üzrə çağırış və müharibə dövründə sonrakı çağırışlar zamanı vətəndaşların toplanış məntəqələrinə, yaxud hərbi hissələrə vaxtında gəlməsinə mane olan təşkilatların rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

7.4. Səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver