Qanunvericilik › Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquqları

Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Vərəm xəstəliyinə tutulmuş şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər.

Vərəm xəstəliyinə tutulmuş şəxslər onlara vərəm əleyhinə yardım göstərilərkən, aşağıdakı hüquqlara malikdirlər:

vərəm əleyhinə yardım sahəsində hüquqları, habelə xəstəliyin xarakteri, tətbiq edilən müalicə metodları haqqında ətraflı məlumat almaq;

tibbi göstərişlər əsasında ambulator, stasionar və sanatoriya-kurort şəraitində tam həcmdə tibbi yardım almaq;

vərəmlə ilk dəfə xəstələnmiş və ya vərəmin residivi olan şəxslərin əmək qabiliyyətini itirildiyi gündən başlayaraq, tibbi-sosial və epidemioloji göstərişlər nəzərə alınmaqla 12 ayadək müddətdə əmək qabiliyyətinin itirilməsi barədə vərəqə almaq.

Əmək qabiliyyətini vərəm xəstəliyi ilə əlaqədar itirdikdə, iş stajından asılı olmayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq müavinət əmək haqlarının 100 faizi həcmində ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqənin müddətinin nəzərdə tutulduğundan artıq müddətə uzadılması və ya əmək qabiliyyətinin davamlı itirilməsinin müəyyənləşdirilməsi məsələləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həll edilir.

Vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə müalicə müddətində müavinət verilir. Müavinətin ödənilməsi “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla yalnız nağdsız qaydada həyata keçirilir. Müavinətin verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Vərəmlə xəstələnmə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərin iş yerləri və tutduqları vəzifələr 12 ay müddətində saxlanılır.

Vərəm xəstəliyinə tutulmuş şəxslərin stasionar və sanatoriya müalicəsi zamanı sərf olunan yol xərcləri dövlət və yerli büdcələrin vəsaitləri hesabına ödənilir.

Xəstəyə vərəm əleyhinə tibb müəssisəsinə yerləşdirilməsinin səbəbi, məqsədi və stasionarın daxili qaydaları barədə məlumat verilməlidir.

Vərəm əleyhinə tibb müəssisəsində müayinə və müalicə olunan xəstə 16 yaşına çatmayıbsa, stasionar müalicə şəraitində qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil almaq hüququna malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver