Əhalinin pul gəlirləri və əmanətləri müvafiq ödənclərin verildiyi mənbələr hesabına indeksləşdirilir.
həmin vəsait mənbələri aşağıdakılardır:
büdcə müəssisələri (tibb, təhsil, elm, mədəniyyət müəssisələri və digər müəssisələr) işçilərinin əmək haqqının və müavinətlərin indeksləşdirilməsi üçün müvafiq büdcələrdən ayrılan təxsisat;
tənzimlənən dövlət qiymətləri və tarifləri üzrə məhsul satan (xidmətlər göstərən) müəssisələrin işçilərinin əmək haqqından ötrü vəsait müəssisələrdən asılı olmayan səbəblərə görə çatışmadıqda, həmin işçilərin əmək haqqının indeksləşdirilməsi üçün—Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada büdcə vəsaiti;
istehsal etdikləri malların və göstərdikləri xidmətlərin qiymətlərini müstəqil müəyyən edən müəssisələrin, ictimai təşkilatların (birliklərin) və onların müəssisələrinin işçilərinin əmək haqqının indeksləşdirilməsi üçün—müəssisələrin və təşkilatların öz vəsaiti;
əmək pensiyalarının indeksləşdirilməsi üçün - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən vəsaitlər;
sosial müavinətlərin indeksləşdirilməsi üçün - dövlət büdcəsinin vəsaiti və məcburi dövlət sosial sığortası vəsaitləri;
dövlət təqaüdlərinin indeksləşdirilməsi üçün—müvafiq büdcələrdən ayrılan təxsisat;
vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətlərinin indeksləşdirilməsi üçün—bankın gəlirləri;
Azərbaycan Respublikasının dövlət qiymətli kağızları və dövlət istiqrazları üzrə gəlirlərin indeksləşdirilməsi üçün— Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan təxsisat;
Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına ödənilən haqların indeksləşdirilməsi üçün—bu haqların hesabına yerləşdirilən vəsaitin faiz dərəcələrinin artmasından Dövlət Sığorta İdarəsinin götürdüyü gəlirlər.