Qanunvericilik › “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.02.2017) › Tam mətn

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.02.2017)

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.02.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011-ci il 29 dekabr tarixli 1 nömrəli qərarı ləğv edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 8 fevral 2017-ci il

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü və 26.6-cı maddələrinə əsasən hazırlanmışdır və bakalavrların və digər ali təhsilli şəxslərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarını müəyyən edir.

1.2. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra - bakalavrlar) malikdirlər.

1.3. Magistraturada təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

1.4. Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

1.5. Magistraturalara qəbul “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bakalavrların müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

1.6. Ali təhsil müəssisələrində təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.

1.7. Müsabiqədə iştirak ödənişlidir.

2.1. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər. Digər bakalavrlar aşağıdakı sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2.1.2. ali təhsil haqqında sənədi və ona əlavəni;

2.1.3. xarici ölkələrdə ali təhsil almış şəxslərə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədləri.

2.1-1. Bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.2. Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan), bu mümkün olmadığı hallarda ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olmadıqda əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

3.1. Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

3.2. Qəbul imtahanında bakalavrların imtahan verəcəyi xarici dil aşağıdakı qaydalar nəzərə alınmaqla, bakalavr tərəfindən müəyyənləşdirilir və “Bakalavrın elektron ərizəsi”nə daxil edilir:

3.2.1. tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman, fransız və ya rus dilini seçə bilərlər;

3.2.2. tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini seçə bilərlər;

3.2.3. tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis (alman) dilini seçməlidirlər;

3.2.4. filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı ilə bağlı olan ixtisaslaşmalarına, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər;

3.2.5. filologiya ixtisasının xarici dil və xarici ölkə ədəbiyyatı ilə bağlı olan ixtisaslaşmalarına, habelə tərcümə ixtisasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər;

3.2.6. regionşünaslıq ixtisasının Amerika, ABŞ, Kanada, Böyük Britaniya üzrə ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, Almaniya üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, Fransa üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər.

3.4. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika ixtisası üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanının nəticəsi balla, habelə “məqbul” və ya “qeyri-məqbulla qiymətləndirilir.

3.5. Magistratura səviyyəsi üzrə Azərbaycan İdman Akademiyasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, “ADA” Universitetinə, Moskva Dövlət Universitetinin Bakı filialına, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, Hərbi Elmi Tədqiqat İnstitutuna, Hərbi İdarəetmə İnstitutuna, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasına, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına və “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)”nə qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

3.6. İmtahanların məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyən edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyənləşdirilir.

3.7. Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş bakalavrlara fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.

4.1. Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

4.2. Bakalavr bitirdiyi ixtisasa müvafiq olan ixtisaslaşmalardan istəyinə uyğun olanlarını seçərək, onları istədiyi ardıcıllıqla elektron ixtisaslaşma seçimi ərizə formasına daxil edir və təsdiqləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda nəzərdə tutulduğu hallarda ali təhsilin bakalavriat səviyyəsində aldıqları ixtisasdan asılı olmayaraq xüsusi təyinatlı ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən bakalavrlara həmin ali təhsil müəssisələrində kadr hazırlığı aparılan ixtisasların təhsil proqramları ilə müəyyən edilən ixtisaslaşmaları seçmək hüququ verilir.

4.3. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qəbul imtahanında ingilis (alman) dili üzrə topladıqları ballar Mərkəz tərəfindən tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalar üçün müəyyən edilən müsabiqə şərtinə uyğun olmalıdır.

4.5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və “jurnalistika” ixtisası üzrə ixtisaslaşmaları qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və qabiliyyət imtahanlarında göstərdikləri nəticə müsabiqə şərtlərinə uyğun olan bakalavrlar seçə bilərlər.

4.6. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.

5.1. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə imtahandan topladıqları bal əsasında aparılır.

5.2. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı və dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla, ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir.

5.3. İmtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

5.3.1. ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

5.3.3. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

5.3.4. xarici dil üzrə testdən toplanılan bal.

5.3-1. Qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

5.3-1.1. magistraturaya qəbul imtahanında toplanılan bal;

5.3-1.2. ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

5.3-1.3. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

5.3-1.4. xarici dil üzrə testdən toplanılan bal.

5.4. İmtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisaslaşmaya yerləşdirilir.

5.5. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, bakalavrlar tərəfindən bu Qaydaların 4.1-4.5-ci bəndlərinə uyğun olaraq ixtisaslaşma seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə (bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.

6.2. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul üzrə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

6.3. Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə (bu Qaydaların 2.1-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

6.4. Bakalavrın aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

6.4.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;

6.4.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək;

6.4.4. imtahanın başlanması elan olunan andan 1,5 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq;

6.4.5. imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

6.4.6. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

6.4.7. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

6.4.8. cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

6.5. Bakalavrın bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

1. 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 352)

2. 17 aprel 2018-ci il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 818)

3. 7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517)

4. 30 iyul 2019-cu il tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 avqust 2019-cu il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1356)

5. 13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 64)

6. 19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294)

7. 21 sentyabr 2022-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1097)

8. 30 iyun 2022-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 6, maddə 690)

9. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

10. 19 aprel 2023-cü il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 596)

11. 9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 13 mart 2024-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 307)

12. 22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)

13. 1 may 2025-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 may 2025-ci il, “Xalq” qəzeti, 3 may 2025-ci il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 495)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver