Azərbaycan Respublikasının ərazi və ya daxili sularında olan, xarici qeyri-hərbi gəmi aşağıdakı hallarda sərhəd mühafizə orqanları tərəfindən tutulur və ən yaxın limana, və ya başqa müvafiq məntəqəyə müşayiət edilir:
1) gəmi Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə məlumat toplamaqla məşğul olduqda və ya Azərbaycan Respublikasına qarşı düşmənçilik xarakteri daşıyan hər hansı başqa hərəkət etdikdə;
2) gəmi “Dənizçilər üçün bildirişlər”də elan edilmiş üzmək üçün bağlı rayonda olduqda;
3) gəmi müəyyən edilməmiş yerlərdə və ya müəyyən edilmiş yerlərdə, lakin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının icazəsi olmadan adamları düşürdükdə və ya mindirdikdə, yükləri boşaltdıqda və ya qəbul etdikdə;
4) gəmi qanunsuz ovla, tədqiqat və ya axtarış fəaliyyəti ilə məşğul olduqda, adamların sağlamlığı və ya dənizin canlı ehtiyatları üçün zərərli maddələr, yaxud dikər tullantılar və materiallar tökdükdə;
5) gəmi Azərbaycan Respublikası Səlahiyyətli orqanlarının icazəsi olmadan hava gəmilərini havaya qaldırdıqda və ya göyərtəyə götürdükdə;
6) heyət üzvləri və ya gəmidə olan başqa şəxslər Azərbaycan Respublikasına məxsus sərhəd nişanlarını; naviqasiya sipəri vasitələrini, rabitə kabellərini, dikər sualtı və suüstü obyektləri zədələdikdə;
7) gəminin kapitanı gəmi və yüklər üçün lazımi sənədlər təqdim etmədikdə;
8) gəmi sərhəd mühafizə orqanları nümayəndələrinin və ya Azərbaycan Respublikasının səlahiyyətli orqanlara nümayəndələrinin sərəncamlarına tabe olmadıqda;
9) gəmi bu Qanunla müəyyən edilmiş qaydaları, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini və ya hamılıqla qəbul olunmuş beynəlxalq hüquq prinsiplərini və normalarını pozaraq Azərbaycan Respublikasının ərazi və ya daxili sularında olduqda.
Xarici qeyri-hərbi gəmini tutmaq haqqında qərarı sərhəd mühafizə orqanları onu yoxladıqdan sonra qəbul edir. Həm də bu maddənin 2—9-cu bəndlərində göstərilən pozuntulara yol vermiş gəmi yol verilən pozuntunun qəsdən törədildiyi müəyyən edildikdə və ya Azərbaycan Respublikasının təhlükəsizliyinə, yaxud başqa mənafelərinə zərər vurduqda sərhəd mühafizə orqanları tərəfindən tutulur.
Sərhəd mühafizə orqanları bu maddənin 2—9-cu bəndlərində nəzərdə tutulan pozuntulara yol vermiş Azərbaycan Respublikasının qeyri-hərbi gəmisini də tutmaq və onu ən yaxın limana və ya dikər müvafiq məntəqəyə müşayiət etmək hüququna malikdir.