“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 212 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 10 sentyabr 2021-ci il
1. Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsi - Biləsuvar rayonu (Biləsuvar şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
2. Astara dövlət sərhədindən buraxılış məntəqəsi - Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
3. Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi – Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
4. Samur dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Samur qəsəbəsi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
5. Şirvanlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Şirvanlı kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
6. Zuxul dövlət sərhədindən buraxılış məntəqəsi - Qusar rayonu (Zuxul kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
7. Yalama dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Xaçmaz rayonu (Yalama qəsəbəsi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
8. Xanoba dövlət sərhədindən buraxılış məntəqəsi - Xaçmaz rayonu (Xanoba kəndi), Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında.
9. Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsi - Balakən rayonu (Mazımqara kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan arasında.
10. Muğanlı dövlət sərhədindən buraxılış məntəqəsi - Zaqatala rayonu (Muğanlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan arasında.
11. Böyük Kəsik dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Ağstafa rayonu (Böyük Kəsik qəsəbəsi), Azərbaycan Respublikası ilə Gürcüstan arasında.
12. Sadıxlı dövlət sərhədindən buraxılış məntəqəsi - Ağstafa rayonu (Sadıxlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan arasında.
13. “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsi - Qazax rayonu (İkinci Şıxlı kəndi), Azərbaycan Respublikası ilə Gürcüstan arasında.
13-1. Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.
13-2. Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.
13-3. Laçın dövlət sərhədindən buraxılış məntəqəsi – Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.
14. Heydər Əliyev Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi).
15. Gəncə Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Gəncə şəhəri).
16. Qəbələ Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Qəbələ rayonu, Hacalı kəndi).
17. Lənkəran Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Lənkəran şəhəri).
17-1. Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi).
17-2. Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi).
17-3. Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zəngilan şəhəri).
17-4. Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu, Qorçu kəndi).
18. Hacı Zeynalabdin Tağıyev Aerodromunda dövlət sərhədindən buraxılış məntəqəsi (Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi).
1. Sədərək dövlət sərhədindən buraxılış məntəqəsi - Sədərək rayonu (Sədərək kəndi), Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında.
2. Culfa dövlət sərhədindən buraxılış məntəqəsi - Culfa rayonu (Culfa şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
3. Culfa dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - Culfa rayonu (Culfa şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
4. Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsi - Kəngərli rayonu (Şahtaxtı kəndi), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında.
5. Naxçıvan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Naxçıvan şəhəri).
6. Naxçıvan dəmiryol dövlət sərhədindən buraxılış məntəqəsi - (Naxçıvan şəhəri).
1. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi).
2. Azpetrol Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti).
3. Heydər Əliyev adına Dərin Dəniz Özülləri Zavodunda dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi).
4. Səngəçal Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi).
5. Dübəndi Terminalında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xəzər rayonu, Dübəndi kəndi).
6. Hövsan Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi).
7. Quru Yük Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi).
8. Zirə Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Bakı şəhəri, Xəzər rayonu, Zirə kəndi).
9. Xaçmaz Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Xaçmaz rayonu, Niyazoba kəndi).
10. Lənkəran Limanında dövlət sərhədindən buraxılış məntəqəsi - dəniz yolu (Lənkəran şəhəri, Sahil küçəsi).
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 212 nömrəli Fərmanının 1.2-ci bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində (bundan sonra – DSBM) fəaliyyət göstərən sərhəd nəzarət məntəqələrinin və gömrük idarələrinin (postlarının) işinin təşkili və əlaqələndirilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi ilə əlaqədar fəaliyyətə və dəniz, çay, hava nəqliyyatı vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədindən keçməsinə şamil edilmir. Dəniz, çay, hava nəqliyyatı vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədindən keçməsinin hüquqi əsasları “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
1.3. Bu Qaydaların məqsədi DSBM-dən nəqliyyat vasitələrinin, şəxslərin və malların keçidi zamanı müasir informasiya texnologiyalarından istifadə etməklə, sərhəd və gömrük nəzarətinin çevik və şəffaf həyata keçirilməsinin təmin olunmasından ibarətdir.
1.4. DSBM-dən keçən şəxslər, mallar və nəqliyyat vasitələri üzərində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – sərhəd mühafizə və gömrük orqanları) tərəfindən nəzarət tədbirləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri rəhbər tutulmaqla həyata keçirilir.
1.5. DSBM-də sərhəd mühafizə və gömrük orqanlarının qanunvericiliklə onlara həvalə olunmuş funksional vəzifələrinin icrası ilə əlaqədar birgə fəaliyyəti həmin məntəqələrdən keçən nəqliyyatın növü, məntəqələrin yerləşdiyi ərazi üzrə infrastruktur və coğrafi şərait nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən təsdiq edilmiş texnoloji sxemlərə uyğun müəyyən edilir.
1.6. Şəxslərin, nəqliyyat vasitələrinin və malların Azərbaycan Respublikasının dövlət sərhədindən keçidinin sürətləndirilməsi məqsədilə sərhəd mühafizə və gömrük orqanlarının DSBM-də rejimi bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan texnoloji sxemlər nəzərə alınmaqla müəyyən edilir.
1.7. Sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi zamanı şəxslər, avtobuslar, minik və yük nəqliyyat vasitələri, habelə mallar qanunla müəyyən edilmiş hallarda, sərhəd mühafizə və gömrük orqanları tərəfindən gömrük, sərhəd, miqrasiya qanunvericiliyi ilə müəyyən edilmiş qaydada geri qaytarılır.
2.1. Şəxslərin piyada keçidləri ilə DSBM-in ərazisinə daxil olması sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
2.2. Radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə DSBM-in ərazisinə daxil olmuş şəxslər sərhəd mühafizə orqanları tərəfindən məntəqələrdə quraşdırılmış portal radiasiya monitorlarından keçirilirlər.
2.3. Dövlət sərhədindən keçən şəxslər üzərində sərhəd nəzarəti “əcnəbilər və vətəndaşlığı olmayan şəxslər”, habelə “Azərbaycan vətəndaşları” sözləri yazılmış kabinələrdə sərhəd mühafizə orqanları tərəfindən həyata keçirilir.
2.4. Sərhəd mühafizə orqanları tərəfindən DSBM-dən keçən şəxslərin biometrik fotoşəkilləri çəkilməklə sənədlərinin rəsmiləşdirilməsi, qeydiyyatı və yoxlanılması “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra – İAMAS) vasitəsilə təmin edilir.
2.5. Sərhəd nəzarəti başa çatdıqdan sonra gömrük orqanları tərəfindən şəxslər barəsində gömrük nəzarəti “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemlərinin tələbləri tətbiq edilməklə, bunun üçün xüsusi olaraq işarələnmiş yerlərdə həyata keçirilir.
2.6. “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların şifahi formada gömrük orqanlarına bəyan edilməsi üçün nəzərdə tutulur. “Qırmızı kanal” buraxılış sisteminin tətbiqi zamanı isə şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, gömrük orqanlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (bundan sonra – VAİS) müvafiq qeydiyyat aparılır.
2.7. Şəxslərin müşayiət olunan baqajları və şəxsi əşyaları piyada keçidlərində quraşdırılmış baxış-rentgen texnikasından, özləri isə metal detektorlar və digər texniki nəzarət vasitələrindən istifadə olunmaqla gömrük nəzarətindən keçirilir.
2.8. DSBM-dən keçən şəxslərin üzərində sərhəd və gömrük nəzarəti həyata keçirildikdən sonra onların dövlət sərhədindən buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
3.1. Avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması zamanı sərhəd və gömrük nəzarəti aşağıdakı ardıcıllıqla həyata keçirilir:
3.1.1. sərhəd mühafizə orqanları avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin DSBM-in ərazisinə daxil olmasını təmin edirlər;
3.1.2. avtobusların və minik nəqliyyat vasitələrinin, habelə onlarla hərəkət edən şəxslərin üzərində radioaktiv maddələrin mövcudluğunun yoxlanılması məqsədilə onlar sərhəd mühafizə orqanları tərəfindən portal radiasiya monitorlarından keçirilir;
3.1.3. avtobuslarla və minik nəqliyyat vasitələri ilə hərəkət edən şəxslər sərhəd mühafizə orqanları tərəfindən sərhədkeçmə nəzarəti kabinələrinə istiqamətləndirilir və onların, habelə nəqliyyat vasitələrinin barəsində məlumatlar bu Qaydaların 2.4-cü bəndində göstərilən hərəkətlər yerinə yetirilməklə İAMAS-a daxil edilir. Avtobusları və minik nəqliyyat vasitələrini tərk edə bilməyən sərnişinlər (xəstə, əlilliyi olan və s.) nəqliyyat vasitələrindən düşürdülmədən onların biometrik qeydiyyatı aparılmaqla, sənədlərin rəsmiləşdirilməsi sərhəd mühafizə orqanları tərəfindən avtobusların və minik nəqliyyat vasitələrinin daxilində İAMAS-ın səyyar stansiyaları vasitəsilə həyata keçirilir;
3.1.4. sərhəd nəzarəti başa çatdıqdan sonra avtobuslar və minik nəqliyyat vasitələri ilə hərəkət edən şəxslər barəsində bu Qaydaların 2.5-ci, 2.6-cı və 2.7-ci bəndlərinin tələblərinə uyğun olaraq gömrük nəzarəti həyata keçirilir.
3.2. Avtobuslardan və minik nəqliyyat vasitələrindən istifadə etmək və ya barələrində sərəncam vermək səlahiyyətinə malik olan şəxslər həmin nəqliyyat vasitələrinə dair sənədləri (nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri, etibarnamələr və s.) gömrük orqanları tərəfindən VAİS-də qeydiyyatının və rəsmiləşdirilməsinin aparılması məqsədilə məlumat lövhələri ilə işarələnmiş yerlərə təqdim edirlər.
3.3. DSBM-ə daxil olan avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin üzərində sərhəd və gömrük nəzarəti başa çatdıqdan sonra onların buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
4.1. Yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olması zamanı sərhəd və gömrük nəzarəti aşağıdakı ardıcıllıqla həyata keçirilir:
4.1.1. sərhəd mühafizə orqanları yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların DSBM-in ərazisinə daxil olmasını təmin edirlər;
4.1.2. yük nəqliyyat vasitələri, onlarla daşınan mallar, həmçinin sürücülər üzərilərində radioaktiv maddələrin mövcudluğunun yoxlanılması məqsədilə sərhəd mühafizə orqanları tərəfindən portal radiasiya monitorlarından keçirilir;
4.1.3. yük nəqliyyat vasitələrinin və onlarla daşınan malların çəki göstəricilərinin gömrük orqanları tərəfindən müəyyən edilməsi məqsədilə yük nəqliyyat vasitələri yoxlama tərəzilərindən keçirilir;
4.1.4. yük nəqliyyat vasitələrinin sürücüləri və həmin nəqliyyat vasitələrində ola biləcək sərnişinlər sərhəd mühafizə orqanları tərəfindən sərhəd nəzarəti kabinələrinə istiqamətləndirilir və yük nəqliyyat vasitələrinin sürücüləri, həmçinin yük nəqliyyat vasitələri barədə məlumatlar bu Qaydaların 2.4-cü bəndində göstərilən hərəkətlər yerinə yetirilməklə İAMAS-a daxil edilir;
4.1.5. sərhəd nəzarəti başa çatdıqdan sonra yük nəqliyyat vasitələrinin sürücüləri barəsində bu Qaydaların 2.5-ci, 2.6-cı və 2.7-ci bəndlərinin tələblərinə uyğun olaraq gömrük nəzarəti həyata keçirilir;
4.1.6. malların və nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən VAİS-də qeydiyyatı bunun üçün xüsusi olaraq ayrılmış yerlərdə aparılır və bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq baxış və eyniləşdirilmə üzrə işlər həyata keçirildikdən sonra malların və nəqliyyat vasitələrinin təyinatı üzrə çatdırılmasına icazə verilir.
4.2. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almış şəxslərin adına malları gətirən nəqliyyat vasitələrinin gömrük nəzarəti üzrə qeydiyyat və baxış əməliyyatları birincilik qaydasında, bunun üçün müəyyən olunmuş yerlərdə aparılır.
4.3. Sərhəd mühafizə və gömrük orqanları tərəfindən yük nəqliyyat vasitələrinə baxış keçirilməsi məqsədilə səlahiyyətləri daxilində, qarşılıqlı əlaqədə aşağıdakı hərəkətlər yerinə yetirilir:
4.3.1. yük nəqliyyat vasitələrinin kabinələrinin və digər hissələrinin yoxlanılması;
4.3.2. plombların, möhürlərin, bağlayıcı qurğuların və digərlərinin bütövlüyünün və etibarlılığının yoxlanılması;
4.3.3. yük bölmələrinin bütövlüyünün (tentlərin, trosların və s.) yoxlanılması;
4.3.4. malların daşınması gömrük təminatı olmayan nəqliyyat vasitələri ilə həyata keçirildikdə, mallara baxış keçirilməsi.
4.4. Bu Qaydaların 4.3.2-ci və 4.3.3-cü yarımbəndlərində göstərilən hallar üzrə uyğunsuzluqlar aşkar edildikdə, nəqliyyat vasitələrinin buraxılışı yalnız həmin uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra təmin edilir.
4.5. Yük nəqliyyat vasitələrinin və onların sürücülərinin, həmçinin yük nəqliyyat vasitələri ilə daşınan malların üzərində sərhəd və gömrük nəzarəti başa çatdıqdan sonra onların buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
5.1. Dəmiryol nəqliyyatı vasitəsilə DSBM-dən şəxslərin və malların keçidi üzərində sərhəd mühafizə və gömrük orqanlarının qanunvericiliklə onlara həvalə olunmuş nəzarət tədbirləri həmin məntəqələrdən keçən dəmiryol nəqliyyatının növü, məntəqələrin yerləşdiyi ərazi üzrə infrastruktur və coğrafi şərait nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən təsdiq edilmiş texnoloji sxemə əsasən DSBM-də vaqonların yerdəyişmə və dayanma məntəqələrində, həmçinin qatarların hərəkəti zamanı həyata keçirilir.
5.2. Sərhəd stansiyasında sərnişin qatarlarına sərhəd və gömrük nəzarəti həyata keçirilərkən rejim zonasının bütün girişləri (çıxışları) mühafizəyə götürülür və ya bağlanılır. Sərhəd mühafizə və gömrük orqanlarının əməkdaşları (zərurət yarandıqda qanunla müəyyən edilmiş səlahiyyətlərinin icrası ilə əlaqədar digər orqanların əməkdaşları ilə birgə) xidməti vəzifələrinin icrası ilə əlaqədar sərnişin qatarlarına buraxılırlar.
5.3. DSBM-dən buraxılan sərnişin qatarlarına daxili və xarici baxış keçirilir. Qatarlara daxili və xarici baxış keçirilərkən sərhəd mühafizə və gömrük orqanları tərəfindən xidməti itlərdən istifadə edilə bilər.
5.4. Sərnişin qatarlarında şəxslərin sənədlərinin yoxlanışı bilavasitə vaqonlarda həyata keçirilir. Sərhəd naryadı şəxslərin dövlət sərhədindən keçmək hüququ verən sənədlərin mövcudluğunu yoxlayır, sərhədkeçmə sənədində olan fotoşəkli sənədi təqdim edən şəxslə eyniləşdirir, onların biometrik qeydiyyatını aparmaqla, sənədlərin rəsmiləşdirilməsini İAMAS-ın səyyar stansiyaları vasitəsilə həyata keçirir.
5.5. Qanunda nəzərdə tutulmuş əsaslarla dövlət sərhədindən buraxılmayan sərnişinlərin biletlərinin qaytarılmasının təmin edilməsi üçün sərhəd mühafizə orqanları tərəfindən qatar rəisinin (vaqon bələdçisinin) iştirakı ilə üç nüsxədən ibarət tərtib olunmuş aktın bir nüsxəsi qatar rəisinə (vaqon bələdçisinə), bir nüsxəsi qatardan düşürdülmüş şəxsə təqdim olunur, bir nüsxəsi isə sərhəd mühafizə orqanlarında saxlanılır.
5.6. Sərhəd mühafizə və gömrük orqanları qatarda sərhəd və gömrük nəzarətini, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədini pozanların və qaçaqmalın aşkar edilməsi məqsədilə kupelərin, tamburların, qızdırıcı və sanitar qovşaqlarının, keçid meydançalarının, vaqonun tavanı ilə örtük arasındakı boşluqların və digər şübhəli olan yerlərin yoxlanışını birgə həyata keçirirlər.
5.7. Sərnişin qatarlarında yoxlama 60 (altmış) dəqiqədən çox olmamalıdır. Sərnişinlərin sayından və sutkanın vaxtından asılı olaraq, zərurət yarandıqda, sərhəd və gömrük nəzarətinin vaxtı uzana bilər.
5.8. Sərnişin və yük qatarlarında daşınan (keçirilən) mallar, o cümlədən baqaj və poçt vaqonlarında göndərilən müşayiət edilməyən və baqaj vaqonlarında daşınan müşayiət edilən mallar üzərində sərhəd və gömrük nəzarəti, həmçinin rəsmiləşdirmə işləri Azərbaycan Respublikasının sərhəd və gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aparılır.
6.1. Avtobusların, minik və yük nəqliyyat vasitələrinin, onların sürücülərinin, habelə şəxslərin (piyada keçidləri ilə keçən şəxslər də daxil olmaqla) və malların Azərbaycan Respublikasının ərazisini tərk etməsi zamanı onların üzərində sərhəd nəzarəti gömrük nəzarətindən sonra bu Qaydaların 2-ci, 3-cü, 4-cü və 5-ci hissələrində göstərilən əməliyyatların həyata keçirilməsi yolu ilə təmin olunur.
7.1. Qəza və ya digər qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş vermiş hadisə (bundan sonra – hadisə) ilə əlaqədar sərhəd mühafizə və gömrük orqanları qarşılıqlı surətdə məlumatlandırma işini həyata keçirirlər.
7.2. Hadisənin nəticələrinin aradan qaldırılması üzrə sərhəd mühafizə və gömrük orqanları tərəfindən aşağıdakı birgə tədbirlər həyata keçirilir:
7.2.1. ziyan dəymiş şəxslərin, malların və nəqliyyat vasitələrinin mühafizəsinin təşkil edilməsi;
7.2.2. hadisə yerinə gələn xilasedici, yanğınsöndürən və digər xüsusi texnika və şəxslərin maneəsiz DSBM-ə daxil olmaları üçün şərait yaradılması.
7.3. Müharibə, təbii fəlakətlər və digər fövqəladə hallar, habelə epidemiyalar, epizootiyalar zamanı sərhəd mühafizə və gömrük orqanlarının fəaliyyəti Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
7.4. Xəstə və ya əlilliyi olan şəxslərin, hamilə qadınların, ölmüş şəxslərin tabutdakı meyitlərinin və ya urnadakı küllərinin dövlət sərhədindən keçirilməsi sərhəd mühafizə və gömrük orqanları tərəfindən qarşılıqlı surətdə əlaqələndirilməklə, növbədənkənar qaydada təmin edilir.
8.1. DSBM-ə daxil olan şəxslərin, avtobusların, malların, minik və yük nəqliyyat vasitələrinin keçidinin təmin edilməsi, habelə onlar üzərində sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə müvafiq olaraq sərhəd mühafizə və gömrük orqanları tərəfindən xüsusi yerlər müəyyən edilir və həmin yerlər onların təsvirini əks etdirən məlumat lövhələri ilə işarələnir.
8.2. DSBM-də infrastrukturun yenilənməsi, avadanlıqların, həmçinin şəxslərin, avtobusların, minik və yük nəqliyyat vasitələrinin və malların keçid qaydalarını əks etdirən məlumat lövhələrinin və digər istiqamətverici işarələrin yerinin müəyyən edilməsi və ya quraşdırılması sərhəd mühafizə və gömrük orqanları arasında razılaşdırılmaqla, sərhəd mühafizə və gömrük orqanlarının istifadəsində və ya sərəncamında olan mövcud infrastrukturun və avadanlıqların təmiri və bərpası isə qurumlararası qarşılıqlı məlumatlandırma işi aparılmaqla həyata keçirilir.
8.3. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş xarici ticarət iştirakçılarının mallarının və nəqliyyat vasitələrinin DSBM-dəki gömrük nəzarəti zonalarından sürətli keçidinin təşkili, eyni zamanda, həmin zonaların müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla təchiz olunması və idarə edilməsi, zəruri infrastrukturun inşası və yenidən qurulması gömrük orqanları tərəfindən təmin edilir.
8.4. Sərhəd mühafizə və gömrük orqanları xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar qəbul etdikləri qərarların icra olunmasının təmin edilməsi, habelə qanunla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi zamanı əməkdaşlarının həyat və sağlamlığına təhlükə yarandıqda, bu cür halların qarşısının alınması məqsədilə qarşılıqlı qaydada əməkdaşlıq edirlər.
8.5. Sərhəd və gömrük nəzarətindən keçərkən nəqliyyat vasitələrini idarə edən şəxslər yalnız sərhəd mühafizə və gömrük orqanları əməkdaşlarının icazəsi ilə nəqliyyat vasitələrini tərk edə, işə sala, hərəkətə başlaya və ya dayanacaq yerini dəyişdirə bilərlər.
8.6. Sərhəd mühafizə və gömrük orqanlarının DSBM-də xidmət edən müvafiq əməkdaşları xidməti ərazi üzrə əməliyyat şəraitinə nəzarəti gücləndirmək məqsədilə ayda bir dəfədən az olmamaq şərtilə görüşlər həyata keçirirlər.
1. 15 mart 2022-ci il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 268)
2. 5 may 2022-ci il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2022-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 542)
3. 25 yanvar 2023-cü il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 25 yanvar 2023-cü il, “Xalq” qəzeti, 26 yanvar 2023-cü il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 140)
4. 3 may 2023-cü il tarixli 142 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 may 2023-cü il, “Xalq” qəzeti, 5 may 2023-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 709)
5. 16 mart 2024-cü il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 337)
6. 8 oktyabr 2024-cü il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 oktyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 10 oktyabr 2024-cü il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 10, maddə 1161)
7. 1 sentyabr 2025-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 11 sentyabr 2025-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 844)