“Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli, 113 nömrəli Sərəncamına əsasən qərara alıram:
1. Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Dövlət Mükafatları komissiyasının fəaliyyətinin təşkili ilə bağlı olan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2010-cu il
1. Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası (bundan sonra — komissiya) Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli, 113 nömrəli Sərəncamına əsasən elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim etmək üçün əsərləri, işləri, layihələri (bundan sonra – əsərlər) seçmək məqsədilə yaradılmışdır.
2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
3. Komissiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən yenidən təşkil və ləğv edilə bilər.
4. Komissiyaya aşağıdakı hüquqlar verilir:
4.1. elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat sahələri üzrə bölmələr və ekspert qrupları yaratmaq, onların iş qaydasını təsdiq etmək;
4.2. təqdim edilən əsərlərlə fərdi şəkildə tanış olmaq məqsədilə yerlərə ekspert qrupları göndərmək;
4.3. təqdim edilən əsərlərə rəy vermək üçün ayrı-ayrı müəssisə və qurumları, habelə mütəxəssisləri cəlb etmək;
4.4. təqdim edilən əsərlərin və həmin əsərlərlə bağlı nəşr olunmuş resenziyaların və rəylərin ilkin öyrənilməsini təmin etmək;
4.5. təqdim edilən əsərlər bu Əsasnamənin 8-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə müvafiq sahə üzrə Mükafatın verilməməsi barədə qərar qəbul etmək.
5. Komissiyanın cari fəaliyyətini təmin etmək üçün onun nəzdində üç nəfərdən ibarət katiblik yaradılır.
6. Komissiya öz möhür və blankına malikdir.
7. İki ildən bir verilən və hər biri 40000 (qırx min) manat məbləğində olan Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 3 (üç) Dövlət Mükafatı (bundan sonra — Mükafat) hər cüt ildə 28 may — Müstəqillik Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilir.
8. Mükafat Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnologiyanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir.
9. Əsərlər Mükafata dövlət orqanları (qurumları), ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar, ictimai birliklər, yaradıcılıq ittifaqları və birlikləri (bundan sonra – qurum) tərəfindən təqdim olunur.
11. Əsərlər hər cüt ilin fevral ayının 1-dək komissiyaya təqdim edilməlidir. Mükafata təqdim edilən namizədlərin və əsərlərin siyahısı Mükafatın verilməsinə iki ay qalmış mediada dərc olunur və (və ya) yayımlanır.
12. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən digər mükafatlara, eləcə də Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, digər ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər bu Mükafata təqdim edilə bilməz.
Bir müəllifə eyni zamanda bir neçə əsərə görə Mükafat verilmir.
Bir qurum tərəfindən Mükafata yalnız bir əsər təqdim edilə bilər. Eyni əsər iki dəfədən artıq Mükafata təqdim edilə bilməz.
13. Mükafata layiq görülən şəxslərə Mükafatın pul hissəsi ilə yanaşı, təsviri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunan «Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı»nın diplomu və fəxri döş nişanı təqdim edilir.
14. Mükafatın pul hissəsi iki müəllif arasında bərabər surətdə, 3 nəfərdən ibarət kollektivdə rəhbərə yarısı verilməklə, qalan yarısı digər iki müəllif arasında bərabər qaydada, başqa hallarda isə rəhbər müəllifə 1/3 hissəsi verilməklə, 2/3 hissəsi də qalan həmmüəlliflər arasında bərabər olaraq bölüşdürülür.
Həmmüəlliflər rəhbər irəli sürmədikdə, Mükafatın pul hissəsi bütün müəlliflər arasında bərabər bölünür.
15. Mükafatın laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda Mükafatın pul hissəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir.
16. Əsərlər Komissiyaya mətbəə üsulu ilə hazırlanmış formada (2 (iki) nüsxədə), rəqəmsal formatda, o cümlədən elektron informasiya daşıyıcılarında (CD, DVD) təqdim oluna bilər.
Mədəniyyət sahəsi ilə bağlı əsərlər müxtəlif şəkildə, o cümlədən rəqəmsal, CD və DVD formatlarında təqdim olunur.
17. Əsərləri və namizədləri irəli sürən qurum komissiya qarşısında vəsatət qaldırır. Vəsatətdə əsər və müəllif haqqında məlumat, mükafata təqdim olunma səbəbləri göstərilir.
18. Mükafata təqdim olunan müəllifin adı, atasının adı, soyadı, doğulduğu tarix, ixtisası, fəxri adları, elmi dərəcələri və elmi adları, iş yeri, tutduğu vəzifə, iş və ev ünvanı, əlaqə telefonları və elektron poçt ünvanı dəqiq göstərilməlidir.
19. Vəsatət qurumun rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Qurum, müəssisə və ya təşkilatın rəhbəri əsərin müəllifi sırasına daxildirsə, vəsatət onun müavini tərəfindən imzalanır.
Kollektiv namizədlik irəli sürüldükdə vəsatətlə birlikdə hər bir müəllifin əsərin yaradılmasında iştirakını səciyyələndirən məlumat təqdim edilir. Təsviri sənət və memarlıq sahəsinə aid əsərlər üzrə həmin məlumat qurumun rəhbəri və irəli sürülmüş əsərlərin müəllifləri tərəfindən imzalanmalıdır. Kollektiv əsərin rəhbərinin olub-olmadığı ayrıca göstərilməlidir.
20. Vəsatətlə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir:
20.1. əsərin Mükafata təqdim olunması barədə qurumun, habelə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, elmi (elmi-texniki) şuraların qərarları, bu məqsədlə keçirilmiş iclas protokolları (kollektiv əsər təqdim olunduqda protokol və ya qərarda hər bir namizədin əsərdə iştirakı barədə məlumat əksini tapmalıdır);
20.2. hər bir namizədin əmək fəaliyyəti haqqında qısa məlumat və 4x6 sm ölçüdə bir ədəd fotoşəkil;
20.3. təqdim olunan əsərin müəllif (müəlliflər) tərəfindən imzalanmış qısa annotasiyası;
20.4. elmi-texniki işlər üçün texniki və iqtisadi göstəricilər, tətbiqetmənin nəticələri, yayılma miqyası haqqında məlumat;
20.5. əsər və müəllifləri barədə mətbuatda dərc olunmuş rəy və tədqiqatlar (əsli və ya təsdiq olunmuş surəti).
22. Komissiyanın iclasları komissiyanın sədri tərəfindən çağırılır.
İclasda komissiya üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdikdə, həmin iclas səlahiyyətli hesab olunur.
23. Mükafatın verilməsi barədə komissiyanın qərarı gizli səsvermə yolu ilə qəbul olunur.
İştirak edənlərin ən azı 3/4 hissəsi namizədin lehinə səs verdiyi halda, komissiyanın qərarı qəbul olunmuş hesab edilir.
24. Komissiya Mükafata təqdim olunan əsərin (əsərlərin) seçilməsi barədə əsaslandırılmış qərarını Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
25. Mükafat verilməsi barədə məlumat mediada dərc olunur və (və ya) yayımlanır.
1. 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087)
2. 10 dekabr 2013-cü il tarixli 48 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 dekabr 2013-cü il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1515)
3. 16 noyabr 2021-ci il tarixli 1477 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 17 noyabr 2021-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1215)
4. 28 dekabr 2023-cü il tarixli 2436 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,28 dekabr 2023-cü il, “Xalq” qəzeti 29 dekabr 2023-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1697)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI