Azərbaycan Respublikası ərazisində Dövlət şəhərsalma kadastrının yaradılması və aparılması Qaydaları “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası barədə” 04 sentyabr 2000-ci il tarixli 159 nömrəli və “Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydası barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 159 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” 27 oktyabr 2003-cü il tarixli 139 nömrəli qərarları əsasında işlənilmişdir.
· yaşayış məskənlərinin və şəhərsalma baxımından tənzimlənən digər ərazilərin Dövlət şəhərsalma kadastrının yaradılması və aparılmasının əsas prinsipləri müəyyən edilir;
· Azərbaycan Respublikasının bütün ərazisində Dövlət şəhərsalma kadastrının vahid metodika əsasında yaradılması və aparılmasını təmin etmək üçün tələb olunan əsas sənədlərin məcmusu təqdim edilir;
· Dövlət şəhərsalma kadastrı xidmətlərinin struktur təşkilinə və funksional vəzifələrinə, proqram - texniki təminatına tələblər verilir.
Azərbaycan Respublikasının ərazisində Dövlət şəhərsalma kadastrının avtomatlaşdırılmış məlumat sisteminin yaradılması və Dövlət şəhər-salma kadastrı xidmətlərinin təşkili zamanı bu Qaydaların tələblərinə əməl olunması məcburidir.
1.1. Azərbaycan Respublikası ərazisində Dövlət şəhərsalma kadastrı Azərbaycan Respublikasının “Şəhərsalmanın əsasları haqqında” qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 159 saylı qərarı və bu qərara dəyişikliklər edilməsi barədə 27 oktyabr 2003-cü il tarixli 139 saylı qərarı əsasında yaradılır.
1.2. Dövlət şəhərsalma kadastrı hər bir yaşayış məntəqəsi, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası və bütövlükdə Azərbaycan Respublikası üzrə yaradılır və müvafiq ərazinin şəhərsalma fəaliyyəti obyektləri haqqında məlumatların avtomatlaşdırılmış kompleks sistemini təşkil edir.
1.3. Dövlət şəhərsalma kadastrı Azərbaycan Respublikasının dövlət orqanlarını, yerli icra və özünüidarəetmə orqanlarını, respublikanın hüquqi və fiziki şəxslərini, həmçinin mövcud qanunvericilik çərçivəsində əcnəbiləri, vətəndaşlığı olmayan şəxsləri lazımi məlumatlarla təmin etmək məqsədi ilə yaradılır.
1.4. Dövlət şəhərsalma kadastrı digər kadastrlar (qeydiyyat, inventarlaşma, statistik, hüquqi və s.), məlumat fondları və məskunlaşma mühitinin monitorinqi ilə əlaqəli şəkildə şəhərlərin və digər yaşayış məntəqələrinin, inzibati rayonların, Naxçıvan Muxtar Respublikasının və bütövlükdə Azərbaycan Respublikasının ərazilərinin inkişafının dövlət idarəetməsi üçün informasiya əsası kimi yaradılır.
1.5. Dövlət şəhərsalma kadastrı torpaq, su, meşə və s. kadastrların da daxil olduğu dövlət kadastrlar sisteminin tərkib hissəsidir.
1.6. Dövlət şəhərsalma kadastrında aşağıdakı məlumatlar qeydiyyata alınır, saxlanılır və istifadəçilərə verilir:
- şəhərsalma baxımından tənzimlənən ərazilər və onların funksional zonaları, ərazinin şəhərsalma dəyəri, şəhərsalmanın perspektiv inkişaf şərtləri və ərazidən istifadənin şəhərsalma reqlamentləri (üstünlükvermələr, qadağalar, məhdudiyyətlər), servitutlar (fiziki və hüquqi şəxslərin digər fiziki və ya hüquqi şəxsin mülkiyyətində (istifadəsində) olan torpaq sahəsindən qarşılıqlı razılıq əsasında xüsusi məqsədlər üçün məhdud şəkildə istifadə etməsi) haqqında məlumatlar,
- daşınmaz əmlak obyektləri (torpaq sahələri, bina, qurğu və tikililər), mühəndis - nəqliyyat kommunikasiyaları və onların mövcud vəziyyəti, həcmi - planlaşdırma göstəriciləri, texniki - iqtisadi xarakteristikaları və s. haqqında məlumatlar;
- ərazinin faktiki və perspektiv istifadəsi, şəhərsalma tənzimlənməsi üzrə hüquqi, normativ, layihə və axtarış sənədləri barədə məlumatlar;
- torpaq sahəsindən istifadə və ya mülkiyyətçilik səlahiyyətlərinə malik icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları barədə, ərazi elementlərinə, binalara (qurğulara), mühəndis - nəqliyyat kommunikasiyalarına mülkiyyət, istifadə və sərəncamçılıq səlahiyyətlərinə malik, onlardan istifadənin şəhərsalma şərtlərinə əməl olunmasına məsul olan hüquqi və fiziki şəxslər barədə məlumatlar;
- şəhərsalma fəaliyyəti obyektlərinin kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən digər məlumatlar.
1.7. Azərbaycan Respublikasının Dövlət şəhərsalma kadastrının dövlət mülkiyyətçisi, sifarişçisi və sərəncamçısı Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsidir.
1.8. Azərbaycan Respublikasının Dövlət şəhərsalma kadastrı aşağıdakı üç ərazi səviyyəsinin obyektləri haqqında məlumatların uçotu, qeydiyyatı, saxlanması və verilməsinin vahid sistemidir:
· Respublikanın inzibati - ərazi bölgüsünə uyğun olaraq rayon (şəhər) əraziləri (baza rayon (şəhər) səviyyəsi) və yaşayış məntəqələrinin, kənd ərazi vahidlərinin əraziləri (baza ilkin uçot səviyyəsi);
· Naxçıvan Muxtar Respublikasının ərazisi (muxtar respublika səviyyəsi);
· Azərbaycan Respublikasının ərazisi (respublika səviyyəsi).
1.9. Baza səviyyəsi Azərbaycan Respublikasının bütün inzibati rayonları və respublika tabeli şəhərlər üzrə yaradılır və Dövlət şəhərsalma kadastrının əsası sayılır.
Bu səviyyədə rayon (şəhər) ərazisində yerləşən şəhərsalma fəaliyyəti obyektləri, şəhərsalma baxımından tənzimlənən ərazilər, ərazi zonaları və s. haqqında məlumatların toplanması, təhlili və qeydiyyatı, inzibati rayonun (şəhərin) şəhərsalma kadastrının göstəricilər bankının formalaşdırılması, şəhərsalma kadastrı məlumatlarının müəyyən edilmiş qaydada istifadəçilərə və dövlət orqanlarına təqdim edilməsi, istifadəçilərin sorğularının cavablandırılması və s. həyata keçirilir.
Baza səviyyəsi Dövlət şəhərsalma kadastrına xas olan bütün funksiyaları yerinə yetirir.
1.10. Dövlət şəhərsalma kadastrının baza səviyyəsinin obyektləri aşağıdakılardır:
- yaşayış məntəqələrinin, onların məntəqəətrafı zonalarının əraziləri;
- yaşayış məntəqələrindən kənarda yerləşən sənaye, rabitə, nəqliyyat və digər sahə obyektlərinin tutduğu ərazilər;
- torpaqdan istehsal məqsədilə istifadə edilən ərazilər istisna olmaqla xüsusi mühafizə olunan təbiət əraziləri (qoruqlar və s.), tarix - mədəniyyət abidələri və digər xüsusi təyinatlı ərazilər, respublika əhəmiyyətli xüsusi tənzimlənən şəhərsalma fəaliyyəti obyektlərinin əraziləri.
1.11. Naxçıvan Muxtar Respublikasının ərazisi üzrə Dövlət şəhərsalma kadastrının muxtar respublika səviyyəsi yaradılır, muxtar respublika rayon və şəhərlərinin kadastr məlumatları ümumiləşdirilir, onun göstəricilər bankı yaradılır, muxtar respublika əhəmiyyətli şəhərsalma fəaliyyəti obyektləri üzrə göstəricilərin yığılması və təhlili, elmi - metodiki araşdırmaların aparılması və tədris - istehsalat fəaliyyəti və muxtar respublika ərazisində Dövlət şəhərsalma kadastrının yaradılması və aparılmasına nəzarət həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının şəhərsalma kadastrının məlumatlarının toplanılması və qeydiyyatı üçün ərazi əsası kimi muxtar respublikanın inzibati - ərazi bölgüsü şəbəkəsi götürülür:
- Naxçıvan Muxtar Respublikasının inzibati rayonları;
- Naxçıvan Muxtar Respublikası tabeli şəhərlər.
1.12. Respublika səviyyəsində Dövlət şəhərsalma kadastrının yaradılması və aparılmasının normativ - hüquqi bazası hazırlanır, respublika Dövlət şəhərsalma kadastrı yaradılır və onun məlumat təminatı təşkil edilir, Azərbaycan Respublikasının bütün inzibati rayonları, respublika tabeli şəhərlər, Naxçıvan Muxtar Respublikası üzrə göstəricilərin təhlili, ümumiləşdirilməsi və dövlət orqanlarına təqdim edilməsi, şəhərsalma kadastrının vahid sistemlə aparılmasını təmin edən proqram - texniki vasitələrin ekspertizası və lisenziyalaşdırılması, kadrların hazırlanması və təkmilləşdirilməsi, respublika ərazisində Dövlət şəhərsalma kadastrının yaradılması və aparılmasına nəzarət həyata keçirilir.
Respublika səviyyəli Dövlət şəhərsalma kadastrının məlumatlarının qeydiyyatı üçün ərazi əsası kimi respublikanın inzibati - ərazi bölgüsü şəbəkəsi götürülür:
- Naxçıvan Muxtar Respublikası;
- inzibati rayonlar, respublika tabeli şəhərlər.
1.13. Müxtəlif səviyyəli şəhərsalma kadastrlarının göstəricilərinin məcmusu və məlumatların təqdim olunma formatları qarşılıqlı olaraq elə əlaqələndirilməlidir ki, onların bir - birinə məlumat ötürməsi təmin olunsun, yəni daha yüksək səviyyəli kadastr aşağı səviyyəli kadastrın məlumatlarını birbaşa ala bilsin.
1.14. Hüquqi, normativ, axtarış, layihə sənədləri onların rekvizitləri, təyinatı, tərkibi, razılaşdırılma və təsdiq olunma barədə məlumatlarla xarakterizə olunur. Bu sənədlər toplusu şəhərsalma kadastrında lazımi sənədi tapmağı asanlaşdıran təsnifedici əlamətləri ilə birgə verilən ayrı - ayrı sənədlər üzrə yerləşdirilir. Məlumat mənbələri sənədləri təsdiq etmiş müvafiq idarəetmə orqanları, həmçinin onları işləyən layihə, axtarış və elmi təşkilatlardır.
1.15. Şəhərsalma reqlamentləri müəyyən olunmuş müddətdə qüvvədə olan üstünlükvermə, məhdudiyyət və qadağanların növləri və parametrləri ilə xarakterizə olunur.
Reqlamentlərin mənbələri təsdiq edilmiş şəhərsalma layihələri, funksional zonalaşdırma planları və icrası vacib olan digər layihə və normativ sənədlər sayılır. Şəhərsalma reqlamentləri haqqında məlumatlar zonalar və bu reqlamentlərin şamil edildiyi digər ərazi elementləri, obyektlər üzrə təqdim olunur.
1.16. Ərazidən istifadənin faktiki vəziyyətinin və şəhərsalma dəyərinin xarakteristikaları ayrı - ayrı göstəriciləri təsnif edən göstərici və kodlar şəklində verilir.
1.17. Dövlət şəhərsalma kadastrının məlumatlarından aşağıdakı hallarda istifadə edilir:
- yaşayış məntəqələrinin və şəhərsalma baxımından tənzimlənən digər ərazilərin sosial - iqtisadi inkişaf proqramlarının hazırlanması, həyata keçirilməsi zamanı;
- yaşayış məntəqələrinin və şəhərsalma baxımından tənzimlənən digər ərazilərin kompleks planlaşdırılması, layihələndirilməsi və tikintisi zamanı;
- yaşayış, mülki, sənaye, kommunal və digər təyinatlı obyektlərin yerləşdirilməsi, layihələndirilməsi, tikintisi və yenidənqurulması, şəhərsalma və digər layihə sənədlərinin hazırlanması və tətbiqi zamanı;
- qiymətli təbiət komplekslərinin, memarlıq və şəhərsalma abidələrinin mühafizəsi, tarixi məskənlərin bərpası zamanı;
- sosial, mühəndis və nəqliyyat infrastrukturu yaradılarkən;
- müvafiq ərazilərdə torpaq münasibətlərinin tənzimlənməsi zamanı;
- ərazinin iqtisadi qiymət zonalarının müəyyənləşdirilməsi zamanı;
- yerli şəraiti nəzərə almaqla torpaq sahələrinin, bina və qurğuların dəyərinin və vergilərin miqdarının əsaslandırılması zamanı;
- şəhərsalma reqlamentləri nəzərə alınmaqla daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı zamanı;
- bina və qurğuların mülkiyyətçi və istifadəçilərinin uçotu zamanı;
- investisiya fəaliyyəti və daşınmaz əmlakın alqı - satqısı zamanı;
- memarlıq - planlaşdırma tapşırıqlarının tərtib olunması, tikinti aparılmasına və tikililərin sökülməsinə, yenidənqurulmasına icazə verilməsi, təsdiq olunmuş şəhərsalma sənədlərinin reallaşdırılmasına nəzarət zamanı;
- ərazi ehtiyatlarından səmərəli istifadə edilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi zamanı.
1.18. Dövlət şəhərsalma kadastrına məlumatlar aşağıdakı mənbələrdən daxil olmalıdır:
- qüvvədə olan normativ - hüquqi aktlardan;
- təsdiq olunmuş şəhərsalma layihə sənədlərindən;
- müvafiq məlumat xidmətlərindən (dövlət statistika orqanları və s.);
- digər məlumat bazalarının müvafiq səlahiyyətlərə malik xidmətləri (memarlıq və şəhərsalma, təbii mühitin mühafizəsi, torpaq ehtiyatlarının idarə edilməsi orqanları, geodeziya və kartoqrafiya, mühəndis təchizatı üzrə sahə xidmətləri və s.) tərəfindən təqdim edilən məlumatlarından;
- sahə kadastrlarından, rəsmi registrlərdən, reyestrlərdən və s.
Məlumatın alınma mənbəyi Dövlət şəhərsalma kadastrında qeyd olunur.
1.19. Dövlət şəhərsalma kadastrı məlumatlarının alınması, saxlanması, qorunması və istifadəçilərə verilməsi qaydaları bu Qaydalar və Dövlət Tikinti və Arxitektura Komitəsinin təsdiq etdiyi müvafiq normativ - metodiki sənədlərlə müəyyən olunur.
2.1. Dövlət şəhərsalma kadastrının yaradılması aşağıdakı ardıcıllıqla həyata keçirilir:
a) müvafiq səviyyəli Dövlət şəhərsalma kadastrının yaradılmasının proqramı işlənilir;
b) müvafiq səviyyəli Dövlət şəhərsalma kadastrının yaradılması və aparılmasının hüquqi əsaslarını müəyyən edən sənədlər qəbul edilir;
c) müvafiq səviyyəli Dövlət şəhərsalma kadastrı xidmətləri (bölmələri) yaradılır və onlar tələb olunan proqram - texniki vasitələrlə təmin edilirlər.
2.2. Dövlət şəhərsalma kadastrının göstəricilər bankının yaradılması aşağıdakı mərhələlərlə aparılır:
- hazırlıq mərhələsi;
- göstəricilərin yığılması və təhlili;
- şəhərsalma kadastrının məlumat sistemlərinin, göstəricilərin mətni və qrafiki bazalarının yaradılması.
2.3. Dövlət şəhərsalma kadastrının göstəricilər bankı yaradılarkən yaşayış məntəqəsinin, inzibati rayonun (şəhərin) sərhədlərinin müəyyənləşdirilməsi (dəqiqləşdirilməsi, bərpası) üzrə kompleks işlərin görülməsi vacibdir.
2.4. Hazırlıq mərhələsində aşağıdakı sənədlərin mövcud göstəricilərinin yığımı, öyrənilməsi və təhlili həyata keçirilir:
- planlaşdırma, kartoqrafiya və geodeziya materialları;
- mühəndis - geoloji şərait haqqında məlumatlar;
- torpaq - uçot sənədləri və yerquruluşu layihələri;
- yaşayış məntəqəsinin, inzibati rayonun (şəhərin), muxtar respublikanın sərhədləri daxilində torpaq sahələrinin ayrılması materialları və digər şəhərsalma sənədləri;
- obyektlərin əvvəlki illərdəki texniki - inventarlaşdırma materialları.
Ərazinin perspektiv memarlıq - planlaşdırma strukturunun və müasir istifadəsinin təhlili əsasında yaşayış məntəqəsi, inzibati rayon (şəhər), Naxçıvan Muxtar respublikası ərazisinin kadastr struktur bölgüsü (rayonlaşdırılması) həyata keçirilir ki, nəticədə onun elementləri (kadastr dairələri, sektorları, məhəllələri və ilkin uçot vahidləri) müəyyən edilir və kodlaşdırılır.
Hazırlıq mərhələsində, həmçinin torpaq istifadəçilərinin (torpaq mülkiyyətçilərinin) torpaq sahələrinin sərhədləri dəqiqləşdirilir və topoqrafik plana (elektron xəritəyə) köçürülür (fiksasiya edilir).
Topo - geodeziya işləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin metodikaları əsasında yerli yerquruluşu, memarlıq və şəhərsalma orqanlarının iştirakı ilə yerinə yetirilir.
Hazırlıq mərhələsinin nəticəsi olaraq aşağıdakı sənədlər hazırlanır:
- uçot struktur - ərazi vahidlərinin siyahısı;
- uçot kadastr vahidlərinin siyahısı;
- elementlərinin kodları göstərilməklə yaşayış məntəqəsinin, inzibati rayonun (şəhərin), Naxçıvan Muxtar respublikasının və Azərbaycan Respublikasının kadastr istinad (bazis) planı;
- müvafiq axtarışlar, layihə işləri, ölçmələr və digər tədqiqatlar nəticəsində alınacaq çatışmayan məlumatların tərkibi.
2.5. İstinad kadastr (bazis) planı - haqqında məlumatlar Dövlət şəhərsalma kadastrı sisteminin göstəricilər bankına daxil edilən obyektlərin həcmi (fəza) bağlanmasını əks etdirən kartoqrafik əsas sayılır və ərazi sahələrinin xətti və sahə xarakteristikalarının ölçmələrini qərarların qəbulu üçün tələb olunan dəqiqliklə aparmaq imkanı verir.
İstinad kadastr planı elektron xəritələr şəklində və ya kağız daşıyıcılarda yerinə yetirilə bilər.
2.6. Dövlət şəhərsalma kadastrı elementlərinin elektron xəritələrdə həcmi - məkan bağlanması (fiksasiyası) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilmiş koordinat sistemində yerinə yetirilir.
2.7. Dövlət şəhərsalma kadastrı məlumatlarının yığımı və təhlili aşağıdakı ardıcıllıqla aparılır:
- mövcud texniki, istismar və layihə sənədlərinin əsasında obyektlərin pasportlarının doldurulması;
- obyekt üzrə lazımi məlumatlar çatışmadıqda natura tədqiqatlarının (inventarlaşdırmanın) aparılması;
- şəhərsalma kadastrı obyektlərinin pasportlarının məlumatlarını dəqiqləşdirmək məqsədi ilə obyektlərin monitorinqinin aparılması.
2.8. Məlumatların yığımı və təhlili nəticəsində Dövlət şəhərsalma kadastrının tərkibinə daxil edilmiş obyektlərin (uçot - kadastr vahidlərinin) pasportları doldurulur.
2.9. Dövlət şəhərsalma kadastrının məlumat sistemi yaşayış məntəqəsinin, inzibati rayonun (şəhərin), Naxçıvan Muxtar respublikasının obyektlərinin şəhərsalma pasportlarına daxil edilmiş göstəricilərinin sistemləşdirilmiş məcmusudur.
Obyektlərin şəhərsalma pasportlarının ilkin doldurulması kağız daşıyıcılarda yerinə yetirilir.
3.1. Dövlət şəhərsalma kadastrına daxil ediləcək ilkin məlumatların toplanmasını müvafiq şəhərsalma kadastrı xidməti Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş vahid normalar, qaydalar, metodik sənədlər və Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi (BDTİMHQ və ŞKİ) rəisinin əmr və göstərişləri əsasında həyata keçirir.
3.2. Müvafiq səviyyəli Dövlət şəhərsalma kadastrının konkret obyektləri üzrə kartoqrafik göstəricilər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xidmətlərinin elektron xəritələr şəklində və ya kağız daşıyıcılarda təqdim etdiyi materiallar əsasında formalaşdırılır və topogeodeziya axtarışlarının nəticələri əsasında dəqiqləşdirilir (dolğunlaşdırılır).
3.3. Torpaq istifadəçilərinin (torpaq mülkiyyətçilərinin) torpaq sahələri haqqında məlumatlar (torpaq sahəsinin sərhədləri, hüquqi statusu, mülkiyyətçi və ya istifadəçi haqqında məlumatlar) torpaq kadastrı məlumatları əsasında formalaşır və obyektlərin hər yeni qeydiyyatı zamanı və ya obyektlər haqqında məlumatlar dəyişdikdə təzələnir.
3.4. Yerli memarlıq və şəhərsalma orqanı tərəfindən formalaşdırılan şəhərsalma göstəricilərini (müvafiq səviyyəli layihə və axtarış sənədlərinin işlənilməsi haqqında, şəhərsalma və ərazidən istifadənin tənzimlənməsi üzrə təsdiq olunmuş hüquqi və normativ sənədlər haqqında məlumatlar) müvafiq şəhərsalma kadastrı xidməti aşağıdakı hallarda qeydiyyata alır:
- obyektlərin tikintisinə (yenidənqurulmasına) icazə verilərkən və onlar istismara qəbul edilərkən;
- şəhərsalma sənədləri işlənərkən (təshih edilərkən);
- tikinti aparılması üçün torpaq sahələri təqdim edilərkən;
- daşınmaz əmlaka mülkiyyət hüququ təsdiq edilərkən.
3.5. Layihə və axtarış təşkilatları yerinə yetirilmiş layihə və axtarış işləri haqqında, təsdiq olunmuş layihə işlərində müəyyən edilmiş ərazidən istifadənin məhdudiyyətləri (reqlamentlər) haqqında məlumatları müəyyən olunmuş qaydada müvafiq şəhərsalma kadastrı xidmətinə təqdim edirlər.
3.6. Yerinə yetirilmiş topoqrafik - geodeziya işlərinin hesabat materialları, həmçinin istismara verilmiş obyektin mərtəbə planları ilə birlikdə onun texniki təsviri haqqında məlumatlar tikintinin sifarişçisi tərəfindən müəyyən olunmuş qaydada şəhərsalma kadastrı xidmətinə təqdim edilir.
3.7. Binaların, qurğuların, mühəndis kommunikasiyalarının, küçə - yol şəbəkəsinin istismarı və uçotu ilə məşğul olan təşkilat və xidmətlər tərəfindən təqdim olunan və ya kadastr məlumatlarının mübadiləsi nəticəsində alınan göstəricilər Dövlət şəhərsalma kadastrına daxil edilir və obyektlər üzrə məlumatlarda dəyişikliklər baş verdikdə müntəzəm olaraq təzələnir (aktuallaşdırılır).
3.8. Müvafiq icra hakimiyyəti orqanları (yerli özünüidarəetmə orqanları) şəhərsalma və ərazidən istifadənin tənzimlənməsi üzrə təsdiq olunmuş hüquqi və normativ sənədləri; torpaq sahələrinin, tikililərin, mühəndis və nəqliyyat kommunikasiyalarının sahə və qovşaqlarının sahiblərinin, istifadəçilərinin və mülkiyyətçilərinin bu obyektlərdə nəzərdə tutduqları inşaat işləri və digər dəyişikliklər haqqında müraciətləri və bu müraciətlər əsasında verilmiş icazələr, qoyulmuş qadağalar və ya məhdudiyyətlər; müvafiq ərazi obyektlərinin təsdiq olunmuş layihə və qəbul edilmiş axtarış sənədləri barədə məlumatları Dövlət şəhərsalma kadastrına daxil etmək üçün təqdim edirlər.
3.9. Mədəniyyət və tarixi mədəni irsin mühafizəsi orqanları Dövlət şəhərsalma kadastrına qeydiyyata alınmış və mühafizə olunan tarixi - mədəniyyət obyektləri haqqında müvafiq məlumatları təqdim edirlər.
3.10. Müvafiq səviyyəli ərazi obyektləri üzrə idarəetmə və istismar xidmətləri təsdiq olunmuş sahə layihələri haqqında məlumatları, mövcud, tikilən və yeni istismara verilən müvafiq səviyyəli şəhərsalma kadastrı obyektləri (nəqliyyat, mühəndis kommunikasiyaları, su və enerji təchizatı mənbələri və s.) üzrə sahə göstəricilərini təqdim edirlər.
3.11. Müvafiq ekologiya orqanları xüsusi mühafizə olunan təbiət əraziləri, ekoloji cəhətdən təhlükəli zonalar, müəssisə və obyektlər haqqında məlumatları təqdim edirlər.
3.12. Müvafiq idarə, müəssisə və təşkilatların kadastr və sair məlumat xidmətləri şəhərsalma fəaliyyəti obyektləri və subyektləri, reqlamentlər barədə məlumatları və digər göstəriciləri yerli icra və təmsiledici hakimiyyət orqanlarının normativ sənədləri ilə müəyyən olunmuş və ya Dövlət şəhərsalma kadastrı xidməti ilə razılaşdırılmış qaydada təqdim edirlər.
3.13. Azərbaycan Respublikasının hidrometereologiya, ekologiya, səhiyyə və digər sahələr üzrə mərkəzi orqanları Dövlət şəhərsalma kadastrının bütün ərazi səviyyələrində ətraf təbii mühitin və ekoloji şəraitin vəziyyəti barədə məlumatları onlar tərəfindən müvafiq təhqiqat axtarış işləri və ya monitorinq aparıldıqda, lakin ildə bir dəfədən az olmayaraq Dövlət şəhərsalma kadastrına təqdim edirlər.
3.14. Ərazinin mühəndis - geoloji xarakteristikası beş ildən bir, hidrogeoloji xarakteristikası isə üç ildən bir təzələnir.
3.15. Dövlət şəhərsalma kadastrının obyektləri haqqında məlumatların dəqiqliyini və aktuallığını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarına öz qərarı ilə aşağıdakı qaydaları müəyyən etmək tövsiyyə olunur:
- daşınmaz əmlaka sahiblik hüququnun həmin daşınmaz əmlak obyekti Dövlət şəhərsalma kadastrında qeydiyyata (uçota) alındıqdan sonra təsdiq edilməsi;
- tikinti obyektlərinin istismara qəbulu aktlarının bu obyektlərin şəhərsalma kadastrında qeydiyyatından sonra təsdiq edilməsi;
- Dövlət şəhərsalma kadastrında qeydiyyata alınan digər obyektlərin istismarına icazənin bu obyektlər haqqında məlumatlar Dövlət şəhərsalma kadastrının göstəricilər bazasına daxil edildikdən sonra verilməsi.
3.16. BDTİMHQ və ŞKİ - nin müvafiq yerli struktur bölmələri hər bir yaşayış məntəqəsi, inzibati rayon (şəhər) və Naxçıvan Muxtar Respublikası üzrə məlumatları şəhərsalma pasportları şəklində ümumiləşdirirlər və onları ildə bir dəfə BDTİMHQ və ŞKİ - nə təqdim edirlər.
Azərbaycan Respublikası üzrə ümumiləşdirilmiş kadastr məlumatları BDTİMHQ və ŞKİ tərəfindən Dövlət Tikinti və Arxitektura Komitəsinə ildə bir dəfə təqdim olunur.
3.17. Dövlət şəhərsalma kadastrının göstəriciləri açıq tipli məlumatlara aid edilir. Ancaq hüquqi şəxslər və vətəndaşlar haqqında məxfi xarakter daşıyan məlumatlar (ünvan, mülkiyyət hüququ, mülkiyyətin dəyər göstəriciləri və s.) istisna təşkil edir. Həmin məlumatlar konkret subyektin razılığı olmadan sərbəst yayıla bilməz.
3.18. Dövlət şəhərsalma kadastrının məlumatları istifadəçilərə (istehlakçılara) onların tələbi (sorğusu) əsasında kadastr sənədləri və ya kadastr arayışları formasında təqdim olunur.
Dövlət şəhərsalma kadastrının kadastr sənədi - şəhərsalma pasportu müəyyən ərazi, obyekt (bina, qurğu) üzərində istifadə (mülkiyyət), sərəncamçı funksiyalarını həyata keçirən dövlət hakimiyyəti orqanına və ya hüquqi (fiziki) şəxsə təqdim olunan, hüquqi qüvvəyə malik (belə ki, hüquqi qüvvəli kadastr məlumatları əsasında tərtib edilir) sənəddir.
Dövlət şəhərsalma kadastrının kadastr sənədi ərazilərin, obyektlərin (bina və qurğuların) istifadəsi və vəziyyətinin dəyişilməsi ilə bağlı hüquqi münasibətlərin informasiya əsası sayılır.
Kadastr arayışı - kadastr məlumatları əsasında tərtib olunmuş, mütləq hüquqi qüvvəyə malik olmayan ümumiləşdirilmiş standartlar üzrə tələb olunan bəzi sorğu göstəricilərini özündə əks etdirən sənəddir.
İstinad kadastr məlumatı - sorğu (tapşırıq) əsasında şəhərsalma proqram və layihələrinin işlənilməsi üçün təqdim olunan ərazidən istifadə üzrə kompleks (qrafik və semantik) analitik məlumatdır.
3.19. Dövlət şəhərsalma kadastrı xidməti məlumatların alınmasını və kadastr sənədlərinin və ya kadastr arayışlarının istifadəçilərə verilməsini xüsusi daxili sənəddə (registrdə) qeydiyyata alır.
Kadastr məlumatlarının qeydiyyatı və uçotu Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin təsdiq etdiyi normativ - metodiki sənədlərə uyğun olaraq Dövlət şəhərsalma kadastrı xidmətinin material - texniki təchizat səviyyəsindən asılı olaraq kağız daşıyıcılarda və ya elektron vasitələrdə (kompüterlərdə) həyata keçirilir.
3.20. Dövlət şəhərsalma kadastrının obyektlərində baş verən bütün dəyişikliklərin qeydiyyata alınmasını və aktuallığını itirmiş məlumatların saxlanmasını (arxivləşdirilməsini) həyata keçirən Dövlət şəhərsalma kadastrı xidməti müəyyən olunmuş qaydada məlumatların qorunmasını (mühafizəsini) təmin etmək üçün tədbirlər görür.
3.21. Dövlət şəhərsalma kadastrının məlumatlarının istifadəçilərə verilməsi qaydaları Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən müəyyən olunur.
3.22. Dövlət şəhərsalma kadastrı məlumatlarına buraxılış rejiminin pozulması və ya doğru olmayan məlumatların təqdim edilməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyət yaradır.
4.1. Dövlət şəhərsalma kadastrında haqqında məlumatlar uçota alınan şəhərsalma obyekti - uçot kadastr vahidi sayılır.
Şəhərsalma kadastrında aşağıdakı uçot kadastr vahidləri qəbul edilir:
· Torpaq sahəsi (torpaqdan istifadə, torpağa mülkiyyət hüququ üzrə);
· Mühəndis şəbəkəsinin sahəsi və qovşağı;
· Küçə - yol şəbəkəsinin sahəsi və qovşağı;
· Haqqında məlumatlar Dövlət şəhərsalma kadastrına daxil edilən torpaq sahələrinə, binalara (qurğulara), mühəndis kommunikasiyalarına sahiblik, istifadə və mülkiyyət səlahiyyətlərinə malik hüquqi və fiziki şəxslərin, yerli özünüidarə orqanlarının və ya dövlət orqanlarının ərazi obyektləri;
· Ərazi zonaları (funksional, hüquqi, mühafizə və ərazidən istifadəyə təsir göstərən digər zonalar).
4.2. Haqqında məlumatların şəhərsalma kadastrına daxil edildiyi torpaq sahələrinə, binalara (qurğulara), kommunikasiyalara sahiblik, istifadə və mülkiyyət səlahiyyətlərinə malik hüquqi və fiziki şəxslərin xarakteristikaları şəhərsalma kadastrının ayrıca bölməsini təşkil edir. Bu uçot vahidlərinin kartoqrafik təsviri olmur və onlar öz rekvizitləri (adı, təşkilatın növü, əsas fəaliyyət növü, hüquqi poçt ünvanı - təşkilatlar üçün; adı, doğum tarixi, cinsi, poçt ünvanı - fiziki şəxslər üçün) ilə xarakterizə olunurlar.
4.3. Konkret obyektin və ya obyektlər qrupunun göstəricilərinin vahid sisteminin yaradılması yaşayış məntəqələrinin ərazilərinin və şəhərsalma baxımından tənzimlənən digər ərazilərin uçot struktur - ərazi vahidlərinin hüdudları daxilində mövcud inzibati - ərazi və planlaşdırma bölgüsünü nəzərə alan vahid kodlaşdırma sistemi və Dövlət şəhərsalma kadastrı obyektlərinin məkan yerləşməsini müəyyən edən vahid koordinat sistemi ilə təmin edilir.
4.4. Dövlət şəhərsalma kadastrında uçot struktur - ərazi vahidləri kimi aşağıdakılar qəbul edilir:
Yaşayış məntəqələrinin əraziləri üçün:
· İnzibati rayonun ərazisi (respublika tabeli şəhərlər üçün) - şəhərin inzibati - ərazi bölgüsünün sərhədləri ilə hüdudlanan ərazi hissəsi;
· Kadastr dairəsi - ərazinin şəhər magistralları və digər planlaşma elementləri arasında yerləşən hissəsi (kadastr dairələri kadastr sektorlarına bölünür);
· Kadastr sektoru - ərazinin magistrallar arasındakı hissəsi (kadastr sektorları kadastr məhəllələrinə bölünür, məhəllənin sərhədləri torpaq kadastrının məhəllələrinin sərhədləri ilə üst - üstə düşür);
· Kadastr məhəlləsi - ərazinin küçələrin “qırmızı xətləri” ilə əhatə olunmuş hissəsi (kadastr məhəlləsi ilkin uçot - struktur ərazi vahidlərinə (kadastr torpaq sahələri, küçə - yol şəbəkəsinin sahələri və qovşaqları) bölünür).
· Kadastr torpaq sahəsi - yaşayış məntəqəsi ərazisinin hüquqi, yaxud fiziki şəxsə istifadə və ya mülkiyyət hüququ ilə verilmiş və eyni hüquqi, təbii və iqtisadi xarakterli göstəricilərə malik olan hissəsi;
· Küçə - yol şəbəkəsinin sahəsi (kəsimi) - yaşayış məntəqəsi ərazisinin tikintinin “qırmızı xətlərinin” hüdudları daxilində, iki küçə - yol şəbəkəsi qovşağı (yolayrıcı, meydan) ilə əhatə olunmuş hissəsi;
· Küçə - yol şəbəkəsinin qovşağı (yolayrıcı, meydan) - yaşayış məntəqəsi ərazisinin hüdudları daxilində, iki və ya daha artıq küçənin, döngənin, avtomobil və dəmir yolu xətlərinin kəsişməsi nəticəsində yaranan hissəsi;
İnzibati rayonların əraziləri üçün:
· Kənd ərazi vahidlərinin əraziləri;
· Rayon mərkəzinin, rayon tabeli şəhərlərin, qəsəbələrin və s. əraziləri;
· Yaşayış məskənlərinin hüdudlarından kənarda yerləşən ərazilər.
Naxçıvan Muxtar Respublikasının ərazisi üçün:
· Naxçıvan Muxtar Respublikasının inzibati rayonlarının əraziləri;
· Naxçıvan Muxtar Respublikası tabeli şəhərlərin əraziləri.
Azərbaycan Respublikasının ərazisi üçün:
· Naxçıvan Muxtar Respublikasının ərazisi;
· İnzibati rayonların əraziləri;
· Respublika tabeli şəhərlərin əraziləri.
4.5. Dövlət şəhərsalma kadastrının uçot struktur - ərazi vahidləri - hüdudları daxilində kadastr obyektləri haqqında məlumatlar formalaşan əsas ərazi vahidləri hesab olunur. Uçot struktur - ərazi vahidinin kodu kadastr obyektlərinin müxtəlif göstərici bazaları və növləri arasında əlaqə yaradılmasına xidmət edir. Dövlət şəhərsalma kadastrı obyektlərinin və uçot struktur - ərazi vahidlərinin ayrıca kod işarələrinin olması şəhərsalma kadastrı sisteminə iki yolla daxil olmağa imkan yaradır: uçot struktur - ərazi vahidi və obyekt üzrə.
Ərazinin uçot struktur - ərazi vahidlərinin kodları Azərbaycan Respublikası ərazisinin inzibati və planlaşdırma bölgüsünün müxtəlif struktur səviyyələrinin (Naxçıvan Muxtar Respublikası, rayon (şəhər), mikrorayon, məhəllə) Dövlət şəhərsalma kadastrı obyektləri arasında unikal rabitə vasitəsi rolunu oynayır.
4.6. Dövlət şəhərsalma kadastrı göstəricilərinin yığılmasının ilkin uçot vahidi obyekt sayılır.
Obyektlər haqqında məlumatlar müvafiq səviyyəli Dövlət şəhərsalma kadastrında aşağıdakı miqyaslarda işlənmiş topoqrafik xəritələrin əsasında qeydiyyata alınır:
- yaşayış məntəqələri və onların hissələri - M 1:500; 1:2 000; 1:5 000; 1:10 000;
- inzibati rayonlar - M 1: 50 000; 1:100 000;
- Naxçıvan Muxtar Respublikası - M 1:25 000; 1:200 000; 1:500 000;
- respublika və onun bölgələri - 1:1 000 000; 1:2 000 000.
4.7. Dövlət şəhərsalma kadastrının istənilən informasiya ərazi sistemini formalaşdırmaq üçün vacib sənəd kadastr istinad planı sayılır.
4.8. 1:500 miqyasında kadastr istinad planları yaşayış məntəqələrinin şəhərsalma kadastrı obyektləri və ilkin uçot struktur - ərazi vahidləri (kadastr dairəsi, kadastr sektoru, kadastr məhəlləsi, küçə - yol şəbəkəsinin qovşağı və ya sahəsi) üzrə hazırlanır və onlarda mütləq qaydada müvafiq şərti işarələrlə rayonun, yaşayış məntəqəsinin, digər uçot struktur - ərazi vahidlərinin sərhədləri, kodları və yaşayış məntəqəsinin obyektlərinə (torpaq sahələri, bina və qurğular, mühəndis - nəqliyyat kommunikasiyaları və s.) aid olan digər elementlər göstərilir.
Kadastr istinad planları müvafiq klassifikatorlardan istifadə edilməklə mühəndis - nəqliyyat kommunikasiyalarının hər bir növü üzrə ayrı ayrılıqda hazırlanır.
4.9. Bina və qurğuların 1:100 miqyasında mərtəbə planları tərtib olunur. Bu planlardan əlavə bina və ya qurğunun yerləşkələrinin (otaqlarının) təsnifatı, həmçinin onun konstruktiv xüsusiyyətləri (bünövrə, divar, örtük və s. materialı), daxili və xarici bəzək işləri və digər parametrlər haqqında məlumatlar da qeydiyyata alınır.
Kadastr planı olmadığı halda bina və qurğunun yerləşmə sxemi (baş planın sxemi) tərtib olunur, bu sxemdə klassifikatora (təsnifata) əsasən bina və qurğuların növünü və funksional təyinatını xarakterizə edən uyğun kodlar verilməklə bina və qurğuların konturları, küçələr, yollar, keçidlər göstərilir.
4.10. İcmal - məlumat (arayış) xarakterli kadastr planları (sxemləri) onların təyinatına görə (yaşayış, ictimai, sənaye, mühəndis - nəqliyyat infrastrukturunun sahə və qovşaqları) 1:500; 1:1000; 1:2000; 1:5000 miqyaslarında, mütləq mühəndis - nəqliyyat infrastrukturu elementlərinin (şəbəkə və qurğuların), küçələrin kodları, klassifikatora (təsnifata) uyğun olaraq bina və qurğunun konturlarını, növünü və təyinatını xarakterizə edən kodlar əlavə olunmaqla işlənilir.
4.11. Obyektlər haqqında məlumatlar rəqəmlər, mətnlər, kodlar və qrafiki təsvirlər şəklində təqdim edilir.
4.12. Ərazi zonaları haqqında məlumatlar miqyaslı xəritədə (sxemdə) yaşayış məntəqəsinin və ya şəhərsalma baxımından tənzimlənən digər ərazinin zona sərhədləri və müvafiq xarakteristikaları şəklində göstərilir. Məsələn: yaşayış məntəqəsi ərazisinin funksional zonalara bölünməsi, çirklənmə zonaları və onların müvafiq çirklənmə dərəcələri və s.
4.13. Dövlət şəhərsalma kadastrının obyektlərinin yaşayış məntəqəsinin ayrı - ayrı ərazi zonalarına və ya şəhərsalma baxımından tənzimlənən digər əraziyə mənsubiyyətinin müəyyən edilməsi və torpaq sahələri, binalar (qurğular) mühəndis kommunikasiyaları haqqında məlumatların qarşılıqlı əlaqələndirilməsi şəhərsalma kadastrı obyektlərinin xarakterik nöqtələrinin koordinatları vasitəsi ilə təmin olunur.
4.14. Dövlət şəhərsalma kadastrının uçot sruktur - ərazi vahidlərinin və uçot kadastr vahidlərinin kodlaşdırılması dövlət və lokal klassifikatorlardan (təsnifatlardan) istifadə etməklə həyata keçirilir.
4.15. Dövlət şəhərsalma kadastrının hər bir obyekti ona xas olan göstəricilərin məcmusu ilə xarakterizə olunur.
Dövlət şəhərsalma kadastrı obyektinin (uçot - kadastr vahidinin) xüsusi formalara qeyd olunmuş göstəricilər məcmusu şəhərsalma kadastrı obyektinin pasportunu təşkil edir və kadastr sənədi sayılır.
5.1. Respublika səviyyəsində Dövlət şəhərsalma kadastrının yaradılması və aparılmasını Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi həyata keçirir.
Naxçıvan Muxtar Respublikası səviyyəsində Dövlət şəhərsalma kadastrının yaradılması və aparılması Naxçıvan Muxtar Respublikası Tikinti və Arxitektura Komitəsinin şəhərsalma kadastrı xidməti tərəfindən həyata keçirilir.
Baza (rayon, şəhər) səviyyəli Dövlət şəhərsalma kadastrının yaradılması və aparılması Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin müvafiq yerli struktur bölməsinin şəhərsalma kadastrı xidməti tərəfindən həyata keçirilir.
5.2. Hər bir səviyyəli Dövlət şəhərsalma kadastrı xidməti aşağıdakı əsas funksiyaları həyata keçirir:
- Dövlət şəhərsalma kadastrına daxil etmək üçün mütəmadi olaraq məlumatların alınması;
- məlumatların ilkin təhlili və onların göstəricilər bazasına daxil edilməsi;
- Dövlət şəhərsalma kadastrının aparılmasının proqram və texniki vasitələrlə təminatı;
- digər səviyyəli Dövlət şəhərsalma kadastrları ilə məlumat mübadiləsi;
- Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının normativ - hüquqi aktları ilə müəyyən edilən şərtlərə əsasən məlumatların icazəsiz müdaxilədən qorunması;
- istifadəçilərin sorğuları əsasında kadastr sənədlərinin, kadastr arayışlarının formalaşdırılması, memarlıq və şəhərsalma orqanının verdiyi səlahiyyətlər əsasında onların istifadəçilərə (sifarişçilərə) təqdim edilməsi;
- Dövlət şəhərsalma kadastrının məlumat fondlarının sahibi (sərəncamçısı) tərəfindən təsdiq edilmiş siyahı əsasında ayrı - ayrı istifadəçilərin kadastr sistemlərinə birbaşa icazəli buraxılışının təmin edilməsi;
- Dövlət şəhərsalma kadastrının yaradılması və aparılmasının ümumi metodik və normativ qaydalarının müvafiq səviyyəli Dövlət şəhərsalma kadastrının xüsusiyyətləri nəzərə alınmaqla uyğunlaşdırılması və onlara dəyişikliklər edilməsi;
- müvafiq səviyyəli Dövlət şəhərsalma kadastrının inkişafı və təkmilləşdirilməsi;
- Dövlət şəhərsalma kadastrının yaradılması və aparılması sahəsində kadrların hazırlanması və mövcud kadrların ixtisas təhsilinin artırılması üçün müvafiq təkliflərin verilməsi.
Baza (rayon, şəhər) səviyyəli Dövlət şəhərsalma kadastrı xidməti, həmçinin aşağıdakıları həyata keçirir:
- torpaq sahələrinin, tikililərin, mühəndis və nəqliyyat kommunikasiyalarının sahə və qovşaqlarının mülkiyyətçi və istifadəçilərinin həmin kadastr obyektlərində nəzərdə tutduqları dəyişikliklərin qüvvədə olan şəhərsalma reqlamentlərinə uyğunluğu barədə ərizələrinə ilkin baxılması və yekun rəyin tərtib olunması;
- torpaq sahələrinin, tikililərin, mühəndis və nəqliyyat kommunikasiyalarının sahə və qovşaqlarının mülkiyyətçi və istifadəçilərinin həmin kadastr obyektlərində nəzərdə tutduqları dəyişikliklər barədə ərizələrinin və nəzərdə tutulan dəyişikliklərə aid icazə, məhdudiyyət və ya qadağaların qeydiyyata alınması.
5.3. Dövlət şəhərsalma kadastrı xidmətinin tərkibində aşağıdakı funksional istiqamətlər nəzərdə tutulur:
- ilkin məlumatların toplanması, təhlili, sistemləşdirilməsi və qeydiyyatı;
- Dövlət şəhərsalma kadastrının məlumatlarının göstəricilər bankının (məlumat fondunun) formalaşdırılması;
- şəhərsalma fəaliyyəti obyektlərində baş verən dəyişiklikləri müəyyən etmək məqsədilə monitorinq aparılması;
- kadastr sənədlərinin və arayışların, digər məlumatların istifadəçilərə verilməsi.
Dövlət şəhərsalma kadastrı xidmətinin maliyyə vəsaitinin və işinin həcmindən asılı olaraq funksional istiqamətlər üzrə digər bölmələr də yaradıla bilər.
5.4. Dövlət şəhərsalma kadastrı xidmətinin rəhbəri bölmənin işini təşkil edir və məlumatların doğruluğuna, aktuallığına və qorunmasına görə məsuliyyət daşıyır.
6.1. Dövlət şəhərsalma kadastrının aparılmasının avtomatlaşdırılmış məlumat - qrafik sistemi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin tövsiyyə etdiyi lisenziyalaşdırılmış proqram - texniki vasitələrin bazasında yaradılır.
Lisenziyasız texniki və proqram vasitələrindən istifadə edilməsi nəticəsində yaranan problemlərə görə müvafiq şəhərsalma kadastrı xidmətinin rəhbəri məsuliyyət daşıyır.
6.2. Dövlət şəhərsalma kadastrı xidmətinin texniki vasitələri aşağıdakı tələblərə cavab verməlidir:
- eyni məlumatlarla eyni zamanda mümkün qədər çox istifadəçinin işləmə imkanının təmin edilməsi (bunun üçün texniki vasitələr ümumi şəbəkə vasitəsilə bir - biri ilə birləşdirilməlidir);
- göstəricilərin böyük həcmini nəzərə alaraq daha yüksək tezliyə və geniş yaddaşa malik kompüterlərin, plotterin (və ya heç olmasa A0 - A3 formatlı rəngli printerlərin), A0 - A2 formatlı rəngli skanerlərin və rastr (müstəvi) təsvirli vektorizasiya vasitələrinin (və ya heç olmasa əl diqitayzerlərinin) mövcud olması;
- qrafiki və kartoqrafik materialların saxlanılması və arxivləşdirilməsi üçün tələb olunan sayda sərt (lazer) disklərin və onların köçürmə vasitələrinin (sidirayderlərin) mövcud olması;
- qəbul olunan mətni məlumatların daxil edilməsi üçün kompüterlə təmin edilmiş kifayət qədər iş yerlərinin mövcud olması, digitayzerlə işləmək üçün bir - iki iş yerinin təşkili.
7.1. Dövlət şəhərsalma kadastrının məlumatlarının kompüter təşkili üç əsas hissədən - atributiv göstəricilər bazasından, qrafiki - kartoqrafik materiallardan və məlumat - axtarış sistemindən ibarət olmalıdır:
- ərazinin faktiki vəziyyəti və istifadəsi, istifadə şərtləri, şəhərsalma dəyəri, şəhərsalma reqlamentləri və kadastr obyektləri, həmçinin hüquqi və fiziki şəxslər haqqında məlumatlar, elektron - kartoqrafik əsasla qarşılıqlı əlaqələndirilmiş atributiv şəhərsalma göstəriciləri bazasını təşkil edir.
- kartoqrafik bağlanışı məqsədəuyğun sayılan uçot vahidlərinin (ərazi sahəsi, kommunikasiyaların “nöqtəvi” və “xətti” hissələri) yerləşməsini və konfiqurasiyasını əks etdirən kartoqrafik məlumatlar şəhərsalma kadastrında lazımi miqyaslarda bütün obyektin və ya onun ayrı - ayrı hissələrinin ərazisi əks olunan elektron xəritələrin (planların) məcmusu kimi təqdim edilir.
- göstəricilər bazasında uçot vahidləri ilə onların xəritələrdəki təsvirləri arasındakı əlaqə qaydası Dövlət şəhərsalma kadastrının aparılması üçün istifadə olunan konkret proqram təminatı və kod işarələri sistemi ilə müəyyən olunur.
7.2. Dövlət şəhərsalma kadastrının proqram təminatı göstərilən bütün məlumat növləri (həmçinin, onların müxtəlif birləşmələri) ilə işləmək imkanını təmin etməlidir.
Kadastr sənədlərinin və kadastr arayışlarının formalaşdırılması onları göstəricilər bankından kompüter (proqram) vasitələrinin məlumat - axtarış sisteminin köməyi ilə çıxarmaqla həyata keçirilə bilər.
7.3. Dövlət şəhərsalma kadastrı sisteminin proqram vasitələri aşağıdakı tələblərə cavab verməlidir:
- şəhərsalma kadastrı obyektlərinin göstərici bazalarının formalaşdırılmasını, məlumatların təhlili və doldurulmasını təmin etmək;
- mətni və qrafik məlumatların daxil edilməsi, təhlili və idarə edilməsinin (manipulyasının) müasir vasitələrinin mövcud olması;
- məlumatın icazəsiz müdaxilədən qorunmasını təmin etmək;
- texniki vasitələrin və avadanlığın sıradan çıxması və ya nasazlığı zamanı məlumatın müdafiəsini və qorunmasını təmin etmək.
7.4. Dövlət şəhərsalma kadastrı sisteminin proqram təminatı aşağıdakı qruplardan ibarətdir:
- mətni məlumatların hazırlanması, daxil edilməsi, redaktə edilməsi və çap olunması üçün nəzərdə tutulan vasitələr;
- qrafiki məlumatın hazırlanması, daxil edilməsi və çap olunması üçün nəzərdə tutulan vasitələr;
- sənədlərin (cədvəl və qrafiki formada) formalaşdırılması və çap edilməsi üçün nəzərdə tutulan vasitələr;
- digər məlumat sistemlərinin göstəricilərinin alınması üçün vasitələr.
7.5. Dövlət şəhərsalma kadastrı məsələlərinin həllində əsas texnoloji vasitə geoməlumat sistemi sayılır.
Geoməlumat sistemi - kartoqrafik əks olunan obyektlərin həcmi (fəza) təsvirləri atributiv göstəricilər bazası ilə əlaqələndirilən avtomatlaşdırılmış proqram sistemidir.
Kartoqrafik məlumat xüsusi qurğuların - skaner və ya diqitayzerin vasitəsi ilə kompüterə daxil edilir və onun rəqəmli təhlilinə imkan verən əlverişli formatda təqdim edilir.
Atributiv məlumat interaktiv və ya paket rejimində daxil edilir və coğrafi obyektin əlamətlərini, parametrlərini və xarakteristikalarını, həmçinin onlarla əlaqədar olan normativ - sorğu, təsnifat və s. göstəriciləri özündə əks etdirir.