Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar respublika əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində 2020-ci il 28 sentyabrdan etibarən elan edilmiş hərbi vəziyyətlə əlaqədar Gəncə və Naftalan şəhərlərində, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən və Gədəbəy rayonlarında hərbi vəziyyət dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”-na əsasən, ailələrə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ailələrin maddi-məişət şəraitinin müayinəsi aparılmadan həyata keçirilsin.
2. Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət başa çatdıqdan sonra bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan ailələrin maddi-məişət şəraitinin müayinəsi aparılaraq, ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüququna yenidən baxılsın.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 30 oktyabr 2020-ci il