1.1. Bu Qaydalar «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Sədrinin 4 noyabr 1999-cu il tarixli 59 saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində emissiya qiymətli kağızların buraxılması və qeydiyyatı haqqında» Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar, mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən korporativ istiqraz vərəqələrinin (bundan sonra - istiqraz) buraxılmasına və tədavülünə şamil edilir.
2.1. İstiqrazların emissiyası aşağıdakı mərhələlərdən ibarətdir:
2.1.1. İstiqrazların buraxılışı haqqında emitentin səlahiyyətli orqanı tərəfindən qərarın qəbul edilməsi və QKDK-da qeydə alınması;
2.1.2. İstiqrazların emissiya prospektinin qeydə alınması;
2.1.3. İstiqrazların dövlət qeydiyyatı;
2.1.4. İstiqrazların yerləşdirilməsi;
2.1.5. İstiqrazların buraxılışının nəticələri haqqında hesabatın qeydiyyatdan keçirilməsi;
3.1. Buraxılış haqqında qərar emitentin müvafiq səlahiyyətli orqanı tərəfindən qəbul edilir.
3.2. İstiqrazların buraxılması haqqında qərarda aşağıdakılar göstərilməlidir:
3.2.1. Emitentin tam adı və hüquqi ünvanı;
3.2.2. İstiqrazların buraxılması haqqında qərarın qəbul edilməsi tarixi;
3.2.3. Emitentin buraxılışı haqqında qərar qəbul etmiş səlahiyyətli orqanının adı;
3.2.4. İstiqrazların növü;
3.2.5. İstiqrazların yerləşdirilməsi qaydası;
3.2.6. Sahibin bir istiqrazla təsbit edilmiş hüquqları;
3.2.7. İstiqrazların sahiblərinin qarşısında emitentin öhdəliyi;
3.2.8. Həmin buraxılışda istiqrazların sayı;
3.2.9. İstiqrazların forması (sənədləşdirilmiş və ya sənədləşdirilməmiş, adlı və ya təqdim edənə);
3.2.10. Emitentin rəhbərinin möhürlə təsdiqlənmiş imzası.
3.3. Qərarın QKDK-da saxlanılan mətni həqiqi mətn hesab edilir.
3.4. Buraxılış haqqında qərarda bir investorun digərləri qarşısında hər hansı bir üstünlüyə malik olması nəzərdə tutula bilməz.
4.1. Emissiya prospektində istiqrazların emitenti haqqında aşağıdakı məlumat öz əksini tapmalıdır:
4.1.1. Emitentin tam adı;
4.1.2. Emitentin qısaldılmış adı (olduqda);
4.1.3. Emitentin fəaliyyət göstərdiyi müddətdə onun adı və təşkilati-hüquqi forması dəyişdirildikdə, onun bütün əvvəlki tam və qısaldılmış adları, təşkilati hüquqi formaları, o cümlədən bu adların dəyişdirilməsi tarixi;
4.1.4. Emitentin dövlət qeydiyyatının şəhadətnaməsinin nömrəsi və tarixi;
4.1.5. Emitentin hüquqi və poçt ünvanı və əlaqə telefonları;
4.1.6. Emitentin bank rekvizitləri;
4.1.7. Emitentin təsisçilərinin siyahısı;
4.1.8. İstiqrazların buraxılması haqqında qərar qəbul edilən zaman emitentin idarəetmə strukturu;
4.1.9. Emitentin müşahidə şurasının hər bir üzvünün soyadı, adı və atasının adı, doğulduğu il, müşahidə şurasının hər bir üzvünün tutduğu vəzifələr, o cümlədən emitentin səhmdarı olan üzvlərin emitentin nizamnamə kapitalında payları;
4.1.10. Nizamnamə kapitallarında emitentin payı 5 faizdən çox olan müəssisə və təşkilatlarının tam adı, hüquqi və poçt ünvanı. Emitentin bütün törəmə və digər müəssisələrində nizamnamə kapitallarında iştirak payı (faizlə);
4.1.11. Emitentin bütün filiallarının və nümayəndəliklərinin tam adları, onların yaradılması tarixləri, hüquqi və poçt ünvanı, emitentin bütün filiallarının və nümayəndəliklərinin rəhbərlərinin soyadları, adları və atalarının adları, o cümlədən emitentin onlara verdiyi vəkalətnamələrin qüvvədə olma müddətləri.
4.2. Emitent maliyyə vəziyyəti haqqında aşağıdakı məlumatı emissiya prospektinə daxil etməlidir:
4.2.1. Emitentin illik mühasibat balansları və istiqrazların buraxılması haqqında qərar qəbul ediləndən əvvəlki sonuncu rüb ərzində onun fəaliyyətinin maliyyə nəticələri haqqında, o cümlədən mənfəətdən istifadə haqqında hesabat;
4.2.2. Emitentin elan edilmiş və ödənilmiş nizamnamə kapitalının həcmi, o cümlədən səhmdarların emitent qarşısında onlara məxsus olan səhmlər (paylar) üzrə öhdəliklərinin yerinə yetirilməsi haqqında məlumat;
4.2.3. İstiqrazların əvvəlki buraxılışları haqqında məlumat:
- İstiqrazların növü;
- Hər bir buraxılışının dövlət qeydiyyat nömrəsi və dövlət qeydiyyatının tarixi;
- İstiqrazların yerləşdirilməsinin başlanma və başa çatma tarixləri, ödəniş müddəti;
- Buraxılışın ümumi həcmi (nominal dəyər üzrə);
- Yerləşdirilmiş istiqrazların miqdarı;
- Bir istiqrazın nominal dəyəri;
- Buraxılmış istiqrazların sahiblərinin hüquqları;
- Başa çatmış maliyyə ili ərzində istiqrazların hər bir növü üzrə gəlirlərin yarandığı andan e'tibarən həmin gəlirlərin ödənilmə şərtləri və ödənişlərin məbləği;
- İstiqrazların yerləşdirilməsindən əldə edilmiş vəsaitin sərf edilməsi;
- Buraxılmış qiymətli kağızların dövriyyədə olduğu bazarlar.
4.2.4. Kredit təşkilatı olan emitent əlavə olaraq kredit təşkilatının fəaliyyətini səciyyələndirən iqtisadi göstəricilər haqqında hesabatı da əks etdirməlidir.
4.3. Emitent emissiya prospektində, yerləşdirilən istiqrazlar haqqında aşağıdakı məlumatı verməlidir:
4.3.1. İstiqrazlar haqqında ümumi mə'lumat:
- Forması (təmin edilmiş və ya təmin edilməmiş, adlı və ya təqdim edənə, faizli və ya diskont, sənədləşdirilmiş və ya sənədləşdirilməmiş);
- Buraxılışın ümumi həcmi (nominal dəyər üzrə);
- Yerləşdirilən istiqrazların miqdarı;
- Bir istiqrazın nominal dəyəri;
- İstiqrazın sahiblərinə verilən hüquqlar;
- İstiqrazların ödənilmə şərtləri və qaydaları, o cümlədən xüsusi ödəniş şərtləri (olduqda);
4.3.2. İstiqrazların buraxılması haqqında qərarın qəbul edilməsi tarixi;
4.3.3. Emitentin, istiqrazların buraxılması haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanı;
4.3.4. İstiqrazlar üzrə hüquqların uçotunu həyata keçirən təşkilatın (reyestr saxlayıcısının) adı;
4.3.5. İstiqrazların yerləşdirilməsinin başlanma tarixi;
4.3.6. İstiqrazların yerləşdirilməsinin başa çatma tarixi;
4.3.7. Yerləşdirilən istiqrazlar üzrə tə'minat (olduqda);
4.3.8. İstiqrazlar üzrə faizlərin ödənilməsi şərtləri və qaydaları;
4.3.9. İstiqrazların ödənilməsinin şərtləri və qaydaları (ödənişlərin dövriliyi, hesablaşmaların forması, istiqrazların ödənilməsi üçün vəsaitlərin köçürülməli olduğu hesabların nömrələri, istiqrazların vaxtından əvvəl ödənilməsi göstərilməklə);
4.3.10. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilatlar (funksiyaları, yerləşdirmənin metodları və emitentlə bu təşkilatlar arasında müqavilənin şərtləri, yerləşdirmədə iştirak edən təşkilatların mükafatlandırılması şərtləri göstərilməklə);
4.3.11. İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitdən istifadə edilməsi;
4.3.12. İstiqrazlar üzrə gəlirlərin bütün formaları (faizlər, diskontlar), gəlirlərin həcmi və ödənilmə dövriliyi, o cümlədən istiqraz sahiblərinin onlara çatası gəlirləri, ala biləcəyi və istiqrazların ödənilməsi üçün, o cümlədən başqa əmlak ekvivalenti almaq yolu ilə təqdim edə biləcəkləri təşkilatların adları.
4.4. Bu Qaydaların 4.1—4.3 bəndlərində göstərilmiş məlumatdan başqa emitent emissiya prospektinə aşağıdakı məlumatı daxil etməlidir:
4.4.1. İstiqrazların tədavülündə məhdudiyyətlər;
4.4.2. İstiqrazların satıldığı əsas yer(lər).
4.5. İstiqrazların emissiya prospekti bir və ya bir neçə buraxılış üçün hazırlana bilər.
4.6. Emissiya prospektində bir investorun digərləri qarşısında hər hansı bir üstünlüyə malik olması nəzərdə tutula bilməz.
4.7. İstiqrazların emissiya prospektinin səhifələri tikilir, nömrələnir, səlahiyyətli şəxslər tərəfindən imzalanır və emitentin möhürü ilə təsdiq edilir.
5.1. İstiqrazlar birdəfəlik qaydada və ya buraxılış çərçivəsində seriyalarla buraxılır.
5.2. Sənədləşdirilmiş formada buraxılan istiqraz blankları yalnız QKDK tərəfindən lisenziya almış mətbəələrdə çap oluna bilər.
5.3. Sənədləşdirilmiş formada buraxılmış istiqraz blankının ən az 5 (beş) qoruyucu xüsusiyyəti olmalıdır.
5.4. İstiqrazlar adlı və ya təqdim edənə ola bilər.
5.5. İstiqrazların buraxılışı emitentlər tərəfindən müəyyən bir layihənin maliyyələşdirilməsi ilə şərtləndirilməlidir.
5.6. İstiqraz Azərbaycan Respublikasının milli valyutasında və ya sərbəst dönərli valyutada ifadə oluna bilər.
5.7. İstiqrazlar müddətli olmaq şərti ilə qısamüddətli (1 ilədək), ortamüddətli (1 ildən 5 ilədək) və uzunmüddətli (5 ildən artıq) ola bilər.
5.8. İstiqraz üzrə faizlərin ödənilməsi qaydaları buraxılışın şərtlərində müəyyənləşdirilir.
5.9. Emitent, istiqrazların buraxılış hüququnu istiqraz buraxılışın dövlət qeydiyyatından keçdiyi andan əldə edir.
5.10. İstiqrazların dövlət qeydiyyatı üçün emitent QKDK-ya aşağıdakı sənədləri təqdim etməlidir:
5.10.1. İstiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün ərizə (Forma № 1);
5.10.2. İstiqrazların buraxılışı haqqında qərarın surəti;
5.10.3. Emitentin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətləri və tə'sis müqaviləsinin surəti;
5.10.4. Emissiya prospekti;
5.10.5. İstiqrazlar sənədləşdirilmiş formada buraxıldıqda, blankın nümunəsi;
5.10.6. Emissiya prospektinin qeydiyyatı üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
5.10.7. İstiqrazlar üzrə öhdəliklərin yerinə yetirilməsinə üçüncü şəxs tərəfindən tə’minat verildiyi halda, həmin tə'minatı təsdiq edən sənəd (tapşırıq müqaviləsinin surəti və ya bankın zəmanəti);
5.10.8. İstiqrazların buraxılmasını şərtləndirən layihənin texniki-iqtisadi əsaslandırılması;
5.11. Emitent və onun idarəetmə orqanlarının vəzifəli şəxsləri emissiya prospektində və daxili sənədlərdə olan mə lumatın tamlığı və dürüstlüyü üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
5.12. Bütün sənədlərin müəyyən edilmiş qaydada təqdim edildiyi tarixdən e'tibarən 15 (on beş) iş günü müddətində QKDK istiqrazların buraxılışını qeydiyyata alır və ya qeydiyyatdan imtina edir.
5.13. Əgər sənədlərin təqdim olunması zamanı emissiya prospektinə əlavə və ya dəyişikliklər edilirsə, bu halda həmin əlavə və dəyişikliklərin təqdim edildiyi gün sənədlərin təqdim edilmə tarixi sayılır.
5.14. İstiqrazların buraxılışının dövlət qeydiyyatı barədə qərar qəbul edildikdə ərizəçiyə aşağıdakı sənədlər verilir:
5.14.1. Emissiya prospektinin qeydiyyatı haqqında arayış;
5.14.2. İstiqrazların buraxılışının dövlət qeydiyyatı haqqında şəhadətnamə.
5.15. İstiqrazlar buraxılışı dövlət qeydiyyatına alındıqda emitentə Qiymətli kağızlar buraxılışın dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.
5.16. QKDK istiqrazların buraxılışının dövlət qeydiyyatına alınmasından imtina etdikdə təqdim olunmuş sənədlər geri qaytarılmır.
5.17. Buraxılışı dövlət qeydiyyatından keçməmiş istiqrazların yerləşdirilməsi, reklamı və istənilən formada investorlara təklif edilməsi, onlarla əqdlərin bağlanması qadağandır.
5.18. İstiqrazların buraxılışının qeydə alınmasından imtina edilməsi haqqında qərardan məhkəmə qaydasında şikayət verilə bilər.
6.1. İstiqrazların yerləşdirilməsi müddəti emitent tərəfindən istiqrazlarin buraxılması barədə qərarda və emissiya prospektində müəyyən edilir.
6.2. İstiqrazlar buraxılışı QKDK tərəfindən qeydə alındığı tarixdən etibarən 5 (beş) iş günü müddətində emitent yerləşdirilən istiqrazlar barədə aşağıdakı məlumatı mərkəzi mətbuat orqanlarında və QKDK-nın İnternet səhifəsində dərc etdirməlidir:
6.2.1. Emitentin adı və hüquqi ünvanı;
6.2.2. İstiqrazların növü, buraxılış forması və xüsusiyyətləri;
6.2.3. Bir istiqrazın nominal dəyəri;
6.2.4. İstiqrazların sayı;
6.2.5. İstiqrazların yerləşdirilməsinin müddəti və şərtləri;
6.2.6. İstiqrazların buraxılışının dövlət qeydiyyat nömrəsi və tarixi;
6.2.7. Yerləşdirilən istiqrazların emissiya prospekti ilə tanış olmaq üçün ünvan və əlaqə telefonları;
6.3. Emitent, zəruri hesab etdiyi halda, mövcud qanunvericiliyə zidd olmayan digər məlumatı da dərc etdirə bilər.
6.4. Emitent istiqrazları almaq niyyətində olan şəxslərin emissiya prospekti ilə və emissiya prospektinə edilmiş bütün dəyişiklik və əlavələrlə tanış olmaları üçün şərait yaratmalıdır.
6.5. İstiqrazların buraxılması haqqında qərara və emissiya prospektinə bir istiqraz üzrə həmin qərarla müəyyən olunmuş və emissiya prospektində göstərilmiş hüquqların həcmi ilə bağlı əlavə və dəyişikliklərin edilməsinə yalnız bu əlavə və dəyişikliklərin edilməsi investorların mənafelərini müdafiə etmək zəruriyyətindən irəli gəldiyi təqdirdə yol verilir.
6.6. İstiqrazların buraxılması haqqında qərara və (və ya) emissiya prospektinə dəyişikliklərin və əlavələrin qeydə alınması üçün emitent bu cür dəyişikliklər və (və ya) əlavələr edilməsi üçün əsas olan sənədi QKDK-ya təqdim etməlidir.
6.7. Emitent istiqrazların yerləşdirilməsi şərtlərində dəyişikliklər haqqında məlumatı mərkəzi mətbuat orqanlarında və QKDK-nın İnternet səhifəsində dərc etdirməlidir.
6.8. İstiqrazların buraxılışından əvvəl e'lan edilmiş həcmindən asılı olmayaraq yerləşdirilən minimum həcminə məhdudiyyət qoyulmur.
7.1. İstiqrazların yerləşdirilməsi başa çatdıqdan sonra 30 (otuz) gündən gec olmayaraq emitent QKDK-ya istiqrazların buraxılışının nəticələri haqqında hesabat təqdim etməlidir.
7.2. İstiqrazların buraxılışının nəticələri haqqında hesabatda aşağıdakı məlumatlar əks etdirilməlidir:
7.2.1. İstiqrazların yerləşdirilməsinin faktiki başlanma və qurtarma tarixləri;
7.2.2. Buraxılmış istiqrazların hər birinin nominal dəyəri;
7.2.3. Dəyəri manatla, xarici valyuta ilə, əmlakla ödənilmiş istiqrazların faktiki yerləşdirilmiş sayları;
7.2.4. Yerləşdirilmiş istiqrazların dəyərini ödəmək üçün milli valyuta ilə və xarici valyuta ilə həyata keçirilmiş ödənişlərin vahid manat ekvivalenti;
7.2.5. İstiqrazların yerləşdirilmiş və yerləşdirilməmiş hissələri (buraxılışda göstərilmiş istiqrazların ümumi sayına nisbətən faizlə);
7.2.6. Emissiya gəlirinin məbləği.
7.3. İstiqrazların buraxılışının nəticələri haqqında hesabat titul vərəqəsindən (Forma № 2) və buraxılışın nəticələri haqqında məlumatdan (bu Qaydaların 7.1-ci bəndi) ibarətdir. Hesabat tikilir, onun səhifələri nömrələnir, səlahiyyətli şəxslər tərəfindən imzalanır və emitentin möhürü ilə təsdiq edilir.
7.4. QKDK istiqrazların buraxılışının nəticələri haqqında hesabata iki həftə müddətində baxır və istiqrazların buraxılışı ilə əlaqədər nöqsanlar olmadıqda onu qeydə alır. Emitent hesabatın dürüstlüyünə və tamlığına cavabdehdir.
8.1. Təqdim edənə istiqraz üzrə hüquqların başqa şəxsə ötürülməsi istiqrazın həmin şəxsə verilməsi ilə həyata keçirilir.
8.2. Adlı istiqrazla təsbit olunmuş hüquqların ötürülməsi tsessiya qaydası ilə həyata keçirilir. Tsedentlə tsessionarinin əldə etdikləri razılığa uyğun tsessiya yazılı şəkildə istiqraz blankının arxa tərəfində və ya istiqrazın ayrılmaz hissəsi olan əlavə edilmiş və nömrələnmiş səhifələrdə rəsmiləşdirilir.
8.3. Hər bir tsessiya haqqında məlumat emitentin reyestrsaxlayıcısında qeydə alınmalıdır.
8.4. İstiqrazın dövriyyə müddəti bitdikdən sonra tsessiyanın rəsmiləşdirilməsinə yol verilmir.
8.5. İstiqrazlar üzrə faizlər emitent tərəfindən müəyyənləşdirilmiş qaydada, hər 6 ayda bir dəfədən az olmamaq şərti ilə ödənilir (qısamüddətli istiqrazlar istisna olmaqla).
8.6. Emitent tərəfindən belə hal təqdim etdiyi emissiya prospektində nəzərdə tutulduqda, istiqrazda geri çağırılmaq haqqında qeyd olmalıdır. İstiqrazların geri çağırılması aşağıdakı kimi həyata keçirilir:
8.6.1. Emitent istiqrazların geri çağırılması barədə rəsmi məlumatı mərkəzi mətbuat orqanlarında və QKDK-nın İnternet səhifəsində dərc etdirməlidir. Bu məlumat geri çağırılan istiqrazlar haqqında aşağıdakıları əks etdirməlidir:
- Seriya və nömrələri;
- Ödənilmək üçün təqdim olunmasının ilk və son tarixi (məsələn: 1 may 2000-ci il – 1 avqust 2000-ci il);
- Ödənilməsinin şərtləri (ödəniləcək faizlərin məbləği, mükafatın məbləği və s.);
- Ödənilmək üçün təqdim olunmalarının ünvanı və əlaqə telefonları;
- Digər zəruri hesab edilən məlumat.
8.6.2. İstiqraz geri çağırıldıqda emitent çağırılma mükafatını müəyyənləşdirməlidir. Mükafat, istiqrazın çağırılan ilin sonunda hesablanacaq faizdən az olmamalıdır. Belə olan hallarda emitent əvvəlcədən, istiqrazın ödənilməsi üçün təqdim olunmasının ilk tarixini müəyyənləşdirməlidir.
8.6.3. Emitent tərəfindən müəyyən edilmiş müddət ərzində ödənilmək üçün təqdim olunmamış istiqrazların sahibləri istiqraz üzrə hüquqlarını itirmirlər.
8.6.4. İstiqrazların ödənilmək üçün təqdim olunmasının son tarixi bitdikdən sonra, onların tədavülü dayandırılır və həmin istiqrazlar yalnız ödənilmək üçün etibarlıdır.
8.6.5. İstiqrazlar geri çağırıldıqda, emitent investorlara yalnız istiqrazın nominal dəyərini və elan etdiyi mükafatı ödəməlidir. Ödənilmək üçün təqdim olunmasının son tarixi bitmiş istiqraz üzrə faizlər bu tarixdən sonrakı müddət üzrə hesablanmır və ödənilmir.
8.7. Qısamüddətli istiqrazların geri çağırılmasına yol verilmir.
8.8. Geri çağırılan istiqraz üzrə ödənilən nominal dəyər və faizlər istiqrazın məzənnəsini təşkil edir.
9.1. QKDK emitentlər tərəfindən istiqrazların buraxılışına, yerləşdirilməsinə, tədavülünə, ödənilməsinə və istiqrazların yerləşdirilməsindən əldə edilmiş vəsaitlərin məqsədyönlü istifadəsinə nəzarət edir və lazımi hallarda bu sahədə müvafiq yoxlamalar aparır.
9.2 İstiqrazların emitentləri hesabat rübündən sonrakı ayın 10-na qədər QKDK-ya istiqrazların buraxılması, yerləşdirilməsi, layihənin maliyyələşdirilməsi və istiqrazın ödənilməsi haqqında rüblük hesabatı təqdim edirlər.
10.1. QKDK aşağıdakı hallarda buraxılmış istiqrazların yerləşdirilməsini və tədavülünü dayandıra, habelə emissiyanı baş tutmamış elan edə bilər:
10.1.1. İstiqrazların yerləşdirilməsi və ya tədavülü zamanı emissiya prospektində göstərilmiş şərtlər pozulduqda;
10.1.2. Emissiya prospektində göstərilmiş şərtlərin dəyişdirilməsi barədə investorlara məlumat verilmədikdə;
10.1.3. Emitent tərəfindən istiqrazlar üzrə öhdəlikləri yerinə yetirilmədikdə;
10.1.4. QKDK tərəfindən aparılmış təhlil və ya yoxlama nəticəsində aşkar edilmiş səhvlər və pozuntular QKDK-nın müəyyən etdiyi müddət ərzində aradan qaldırılmadıqda;
10.1.5. Emitent ləğv olunduqda (hüququ varisi olmadıqda) və ya müflisləşdikdə.
10.1.6. Bu Qaydaların 9.2 bəndində göstərilmiş hesabat QKDK-ya təqdim edilmədikdə;
10.1.7. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.
10.2. Emissiya QKDK tərəfindən baş tutmamış elan edildikdə, istiqrazlar emitentə qaytarılaraq ləğv olunur və emitent istiqrazların yerləşdirilməsindən əldə edilmiş vəsaitləri investorlara ödəyir.
10.3. İstiqrazların yerləşdirilməsinin və ya tədavülünün dayandırılması və emissiyanın baş tutmamış elan edilməsi haqqında QKDK tərəfindən emitentə yazılı şəkildə məlumat verilir və emitent bu məlumatı aldığı gündən 7 gün ərzində kütləvi informasiya vasitələrində dərc etməlidir.
Bu Qaydaları pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar.
Bu Qaydalar təsdiq edildiyi gündən qüvvəyə minir.
1. 30 sentyabr 2005-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 08-09)