Qanunvericilik › “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.09.2022) › Tam mətn

“Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.09.2022)

“Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.09.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1638 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 15 sentyabr 2022-ci il

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü məsələlərini tənzimləyir.

1.2. Bu Qaydaların məqsədləri üçün humanitar yük dedikdə təmənnasız yardım və xeyriyyə məqsədilə xarici dövlətlər və hökumətlər, xarici dövlət orqanları (qurumları), beynəlxalq və humanitar təşkilatlar, fiziki və hüquqi şəxslər (bundan sonra – donorlar) tərəfindən humanitar yardım kimi gətirilən mallar başa düşülür.

1.3. Humanitar yardım bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyinə uyğun olaraq, milli maraqlar nəzərə alınmaqla, dövlətin razılığı ilə həyata keçirilir.

1.4. Silah və hərbi texnika humanitar yardım hesab edilmir.

2.1. Azərbaycan Respublikasına göndərilməsi nəzərdə tutulan humanitar yüklər barədə müraciətlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya digər aidiyyəti orqan (qurum, təşkilat) vasitəsilə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasına (bundan sonra – Komissiya) təqdim edilir.

2.2. Komissiyaya təqdim edilən müraciətlərdə humanitar yükü göndərən subyektin adı, yardımın məqsədi, növü, adı, çeşidi, miqdarı, yükü qəbul edən orqanın (qurumun) adı, yükün ünvanlandığı ərazi, humanitar yükün paylanılması (çatdırılması, bölgüsü) nəzərdə tutulan şəxslər barədə məlumatlar əksini tapmalıdır.

2.3. Humanitar yüklər “Əhalinin sağlamlığının qorunması haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının Gömrük və Vergi məcəllələrinin, habelə Azərbaycan Respublikasının müvafiq sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarının tələblərinə uyğun olmalıdır.

2.4. Mövcud tələbat nəzərə alınmaqla, humanitar yüklərin qəbul edilməsi məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında rəsmiləşdirilir.

2.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı müvafiq humanitar yükün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, humanitar yükü qəbul edən orqana (quruma) və digər aidiyyəti quruma göndərilir.

2.6. Humanitar yükün Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığında və gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğu müəyyən olunduqdan sonra həmin yük qəbul edilir. Yükün rəsmiləşdirilərək qəbul edilməsi, həmçinin aşkar olunan kənarlaşma və bunun səbəbləri barədə məlumat Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1638 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 4.1.4-cü yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Komissiyaya göndərilir.

2.7. Yükü qəbul edən orqan bu Qaydaların əlavəsinə uyğun olaraq humanitar yüklərin kağız və elektron qaydada uçotunun aparılmasını təşkil edir.

3.1. Humanitar yüklərin tərkibinə daxil olan malların növləri nəzərə alınmaqla, yükün ünvanlandığı və paylanılması nəzərdə tutulan şəxslərin olduğu təyinat yerinə çatdırılması yükü qəbul edən orqan (qurum) tərəfindən həyata keçirilir.

3.2. Donorların təşəbbüsü olduqda, bu Qaydaların 3.1-ci bəndində göstərilən tədbirlər donorların nümayəndələri tərəfindən və ya onların iştirakı ilə həyata keçirilir.

3.3. Humanitar yükün kütləvi çatdırılmasına təcili tələbat yarandıqda, yükü qəbul edən orqan (qurum) tələb edilən vətəndaş cəmiyyəti institutlarının (hüquqi və fiziki şəxslərin) dairəsini müəyyən edir və onların siyahısını Komissiyaya təqdim edir.

3.4. Yükü qəbul edən orqanın (qurumun) məsul vəzifəli şəxsi tərəfindən hər günün sonunda humanitar yüklərin təyinat yerinə çatdırılması və bölgüsü barədə həmin orqana (quruma) məlumat verilir.

3.5. Yükün xüsusiyyətlərindən asılı olaraq, anbarda onun saxlanılması və mühafizəsi yükü qəbul edən orqan (qurum) tərəfindən təmin edilir.

4.1. Humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsünə nəzarətin təmin edilməsi məqsədilə yükü qəbul edən orqan (qurum) tərəfindən ildə iki dəfə Komissiyaya hesabat təqdim edilir. Hesabat hər il iyul və yanvar aylarının 20-dən gec olmayaraq təqdim edilir.

4.2. Humanitar yüklərin bu Qaydaların 1.2-ci bəndində göstərilən təyinatından kənar məqsədlərlə istifadə edilməsinə yol verilmir.

4.3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1638 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 2.1.1-ci yarımbəndinə uyğun olaraq humanitar yüklərdən sui-istifadə halları barədə məlumatları aşkar edən şəxslər və ya vətəndaş cəmiyyəti institutları bu barədə Komissiyaya məlumat verirlər.

Rəhbər: _______________________________________________________________________________________________

İcraçı: ________________________________________________________________________________________________

1. 25 iyul 2025-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 iyul 2025-ci il, “Xalq” qəzeti, 29 iyul 2025-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 726)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver