Qanunvericilik › "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 20.09.2007) › Tam mətn

"Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 20.09.2007)

"Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi"nin təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 20.09.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli 38 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının təsis edilməsi ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 sentyabr 2007-ci il

1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli 38 nömrəli Fərmanına əsasən, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, onun xatirəsini əbədiləşdirmək məqsədilə təsis edilmişdir.

2. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı (bundan sonra - Mükafat):

ictimai-siyasi, sosial, iqtisadi, elm, ədəbiyyat və incəsənət sahələrində xüsusi xidmətlərə;

dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka;

Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə;

beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.

Bu Mükafatın verilməsi irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırıla bilməz.

3. Mükafat Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.

4. Mükafat bir şəxsə təkrar verilmir.

5. Hər il verilən əlli min manat (50.000) məbləğində olan Mükafat mütəmadi olaraq hər il mayın 10-da - Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğulduğu gündə dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən verilir.

6. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

7. Komissiya müstəqil balansa, müvafiq bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

8. Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Komissiyanın tərkibi və sayı Azərbaycan Respublikasının Prezidenti tərəfindən beş il müddətinə müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yenidən təşkil və ləğv edilə bilər.

9. Komissiyanın fəaliyyətinə onun sədri rəhbərlik edir. Komissiya aşağıdakı hüquqlara malikdir:

namizədlərin yaradıcılığını, xidmət və fəaliyyətlərini nəzərdən keçirmək; təqdimat mərasiminin keçirilməsini təşkil etmək;

mükafatla əlaqədar kargüzarlıq işlərinin aparılması üçün Komissiyanın nəzdində üç nəfərdən ibarət katiblik yaratmaq.

10. Mükafat Komissiyası iş planına əsasən toplanır. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclas Komissiya üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətli hesab olunur.

Komissiyanın gördüyü işlər və apardığı müzakirələr məxfi saxlanılır.

11. Mükafatın verilməsi barədə Komissiyanın qərarı gizli səsvermə yolu ilə qəbul olunur. Komissiya üzvlərinin ən azı 3/4 hissəsi namizədin lehinə səs verdiyi halda Komissiyanın qərarı qəbul olunmuş hesab edilir.

12. Komissiyanın qəbul etdiyi qərar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəsmiləşdirilir. Həmin Sərəncam mediada dərc olunur.

13. Mükafat üzərində Heydər Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və pul mükafatından ibarətdir.

14. Döş nişanı qızıldan düzəldilir. Diplom Komissiya tərəfindən tərtib olunur və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır. Döş nişanının eskiz və göstəriciləri müsabiqə yolu ilə Mükafat Komissiyası tərəfindən müəyyən olunur.

15. Mükafata layiq görülən yaradıcılıq nümunəsi, xidmət və ya fəaliyyət bir neçə şəxsin məhsuludursa, onların hər birinə ayrı-ayrı döş nişanı və diplom təqdim olunur.

16. Mükafata layiq görülmüş şəxs döş nişanını sağ döşə taxır.

17. Vəfat etmiş, yaxud ölümündən sonra Mükafatla təltif edilmiş şəxsin döş nişanı, diplomu və pul vəsaiti onun vərəsələrinə təqdim olunur, vərəsələri olmadıqda döş nişanı və diplom Komissiyada saxlanılır, pul vəsaiti isə dövlət büdcəsinə qaytarılır.

18. Hər il verilən mükafatın sayı və nominasiyalar Komissiya tərəfindən müəyyən edilir.

19. Hər il oktyabr ayının sonunadək Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, yaradıcılıq təşkilatları, əvvəllər Mükafata layiq görülmüş şəxslər bu Mükafata namizəd irəli sürə bilərlər.

Bir şəxs (təşkilat) Mükafata yalnız bir namizəd təqdim edə bilər.

20. Mükafata təqdim edilən namizədlərin siyahısı mükafatların verilməsinə iki ay qalmış mətbuatda dərc olunur.

21. Sənədlər və namizədlərə dair təkliflər Komissiyaya göndərilməlidir.

22. Mükafat Azərbaycan Respublikasının Prezidenti, yaxud onun vəkil etdiyi digər şəxs (şəxslər) tərəfindən təntənəli və aşkarlıq şəraitində təqdim edilir.

23. Laureat və ya onun vəkil etdiyi şəxs mərasimdə şəxsən iştirak etməlidir. Laureat ölümündən sonra təltif edildiyi halda, Mükafat onun vərəsələrinə təqdim olunur.

Təqdimat mərasimində laureatın yaradıcılığı, xidmət və fəaliyyəti haqqında məlumat verilməlidir.

24. Laureat və ya onun vəkil etdiyi şəxsin qarşılanıb yerləşdirilməsi və təqdimat mərasiminə aid digər məsələlərin həlli dövlət büdcəsi hesabına həyata keçirilir.

25. Mükafatın təqdim edilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu Mükafatı təqdim etmiş şəxs imzalayır və protokola Mükafat Komissiyasının möhürü vurulur.

10 aprel 2009-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 224)

30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver