12.1. Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən dövlət orqanının, bələdiyyənin və digər qurumun və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 iş günü müddətində mülahizə Müvəkkilə təqdim edilməlidir.
12.2. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilin aşağıdakı hüquqları vardır:
12.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, hərbi hissələrə, polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq;
12.2.2. dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumat, sənəd və materialları 10 iş günü müddətində almaq;
12.2.3. cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;
12.2.4. şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;
12.2.5. şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən dövlət orqanına, bələdiyyəyə və digər quruma və ya vəzifəli şəxsə tapşırıla bilməz);
12.2.6. müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq;
12.2.7. dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək;
12.2.8. şikayət üzrə yerində araşdırma aparmaq və nəticələrini sənədləşdirmək;
12.2.9. bu Konstitusiya Qanununun II fəsli ilə müəyyən edilmiş qaydada şikayətlərə baxılması, milli preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.
12.3. Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.
12.4. İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkil öz təşəbbüsü ilə araşdırma aparır.
12.5. Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma Müvəkkilin səlahiyyətlərinə aid olduqda, onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.
12.6. Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 günədək uzadılır. Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.