Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında” 2020-ci il iyulun 17-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 sentyabr 2020-ci il
Bundan sonra ayrı-ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası,
vergidən yayınmanın qarşısının alınmasında qarşılıqlı inzibati yardımın vacibliyini qəbul edərək,
vergi məsələlərində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini arzu edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Tərəflər məlumat mübadiləsi və vergi tələblərinin alınmasında qarşılıqlı yardımı, 2010-cu il Protokolu ilə düzəlişlər edilmiş “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” 1988-ci il 25 yanvar tarixli Konvensiya (bundan sonra “Çoxtərəfli Konvensiya” adlandırılacaq) və “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” 2008-ci il 18 fevral tarixli Konvensiyanın (bundan sonra “Konvensiya” adlandırılacaq) müddəaları əsasında bu Anlaşma Memorandumunda müəyyən edilmiş prosedurlara uyğun olaraq təmin edirlər; Bu Anlaşma Memorandumu ilə əhatə olunmayan məsələlər yuxarıda qeyd olunan Konvensiyaların müddəaları ilə tənzimlənir.
Bu Anlaşma Memorandumu çərçivəsində yardımla bağlı sorğular və müvafiq yazışmalar Tərəflərin səlahiyyətli nümayəndələri vasitəsilə həyata keçirilir.
Tərəflər öz səlahiyyətli nümayəndələrinin adları, vəzifələri, ünvanları və bu məlumatlarda hər hansı sonrakı dəyişikliklər barədə bir-birini yazılı şəkildə məlumatlandırırlar.
Hər iki Tərəf üçün əhatə olunan vergilər Çoxtərəfli Konvensiyanın 2-ci maddəsində göstərildiyi kimidir.
1. Müraciət edən Tərəfin sorğusu əsasında sorğu edilən Tərəf ayrıca şəxslər və ya əməliyyatlar barədə hər hansı məlumatı müraciət edən Tərəfə təqdim edir.
2. Sorğu edilən Tərəf məlumat sorğusunun icrası məqsədilə müraciət edən Tərəfdən əlavə məlumat istəyə bilər.
3. Sorğu icraya qəbul edildikdən sonra, sorğu edilən Tərəf onda olan mövcud məlumatlardan istifadə edərək sorğunu cavablandırmağa çalışır. Sorğu edilən Tərəf, belə məlumatlar sorğunun tam cavablandırılması üçün kifayət etmədikdə, həmin Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq bütün müvafiq məlumat toplama tədbirlərindən istifadə edir.
4. Sorğu edilən Tərəf, məlumat sorğusunun icrası zamanı həmin Tərəfin dövlətinin milli ərazisində olan bütün xərcləri qarşılayır.
1. Tərəflər avtomatik olaraq digər Tərəfin dövlətinin rezidenti olan fiziki və hüquqi şəxslər barədə bir-birinə aşağıdakı məlumatları təqdim edirlər:
a) daşınmaz əmlakdan əldə olunan gəlir (İƏİT-nin kodu 6);
b) sahibkarlıq fəaliyyətindən mənfəət (İƏİT-nin kodu 7);
c) dividendlər (İƏİT-nin kodu 10);
d) faizlər (İƏİT-nin kodu 11);
e) royaltilər (İƏİT-nin kodu 12);
f) əmlakın dəyərinin artımı (İƏİT-nin kodu 13);
g) müstəqil fərdi xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (İƏİT-nin kodu 14);
h) maaş, əməkhaqqı və digər oxşar gəlirlər (İƏİT-nin kodu 15);
i) direktorların qonorarları (İƏİT-nin kodu 16);
j) incəsənət xadimləri və idmançılar (İƏİT-nin kodu 17);
k) təqaüdlər (İƏİT-nin kodu 18);
l) tələbələr (İƏİT-nin kodu 20);
m) digər gəlirlər (İƏİT-nin kodu 21);
n) məlumatı təmin edən Tərəfin dövlətinin ərazisində yerləşən daşınmaz əmlakın sahibliyi.
Bu maddənin 1-ci bəndinin e) və n) yarımbəndlərində istinad edilən məlumat kateqoriyaları Tərəflərin texniki imkanları mövcud olduqda dərhal təqdim edilir.
2. Bu maddənin 1-ci bəndində istinad edilən məlumat mütəmadi şəkildə və təqvim ilində ən azı bir dəfə təqdim olunur. Müəyyən təqvim ilinə aid məlumat, əgər mümkün olarsa, dərhal, digər halda müvafiq təqvim ilindən sonrakı ilin 1 sentyabr tarixindən əvvəl təqdim olunur.
3. Əgər avtomatik məlumat mübadiləsi çərçivəsində təqdim olunan məlumatın düzgün və ya tam olmadığı məlum olarsa, bir Tərəf digər Tərəfi mümkün qədər qısa müddətdə bu barədə məlumatlandırır.
4. Avtomatik məlumat mübadiləsini həyata keçirən zaman, Tərəflər mümkün olduğu təqdirdə aşağıdakı, lakin bunlarla məhdudlaşmayan məlumatları təqdim edirlər:
a) gəliri əldə edən qeyri-rezidentin adı (fiziki şəxslər üçün - adı, soyadı, doğum tarixi, hüquqi şəxslər üçün - hüquqi adı);
b) hüquqi şəxs olduğu təqdirdə, onun vergi ödəyicisinin eyniləşdirmə/qeydiyyat nömrəsi;
c) Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs olduğu təqdirdə, onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və şəxsiyyət vəsiqəsində və ya pasportunda qeyd olunan fərdi identifikasiya nömrəsi (FİN);
d) Macarıstanın vətəndaşı olan fiziki şəxs olduğu təqdirdə, onun vergi identifikasiya kodu, onun identifikasiya sənədində və ya pasportunda qeyd olunan şəxsi kodu;
e) qeyri-rezidentin ünvanı (küçə, ev nömrəsi, şəhər/qəsəbə, region, poçt indeksi);
f) qeyri-rezidentin rezidenti olduğu dövlət;
g) gəliri ödəyən şəxsin adı (fiziki şəxslər üçün - adı, soyadı), vergi ödəyicisinin eyniləşdirmə/qeydiyyat nömrəsi, ünvanı (küçə, ev nömrəsi, şəhər/qəsəbə, rayon, poçt indeksi);
h) ödənilmiş/əldə edilmiş gəlirin növü;
i) gəlirin ödənilmə tarixi/ əldə edilmə dövrü;
j) ödənilmiş/əldə edilmiş gəlirin məbləği və valyutası;
k) tutulmuş/ödənilmiş verginin dərəcəsi, məbləği və valyutası.
5. Bu maddənin 1-ci bəndinin n) yarımbəndində nəzərdə tutulan daşınmaz əmlakın sahibliyi barədə məlumat mübadilə edilən zaman, Tərəflər bu maddənin əvvəlki bəndinin a) və b) yarımbəndlərində qeyd olunan məlumatlardan əlavə olaraq, əmlaka aid olan bütün mövcud məlumatları da (xüsusilə əmlakın yerləşdiyi dəqiq ünvan, ərazisi və/və ya sahəsi, dəyəri və s.) təqdim edirlər.
6. Bu maddədə istinad edilən məlumat, mümkün olduğu qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Standart Ötürülmə Formatına uyğun formatda təqdim edilir.
1. Hər bir Tərəf özündə olan və digər Tərəfə faydalı ola biləcək hər hansı məlumatı spontan olaraq digər Tərəfə ötürə bilər.
2. Təqdim edilən məlumat həmin məlumatı əldə edən Tərəfin dövlətində vergitutmanın dəyişməsinə gətirib çıxararsa, digər Tərəf bu barədə məlumatlandırılır.
1. Sorğu əsasında sorğu edilən Tərəf müraciət edən Tərəfin nümayəndələrinə öz dövlətinin ərazisində aparılan vergi yoxlamasında iştirak etməyə icazə verə bilər.
2. Müraciət edən Tərəfin nümayəndələrinin sorğu edilən Tərəfin dövlətinin ərazisindəki vergi yoxlamasında iştirakına icazə verilməsi barədə sorğu xüsusi hallarda edilir. Bu, xüsusilə aşağıdakıları ehtiva edir:
a) transsərhəd pozuntular və ya vergidən yayınma əlamətləri olduğu hallar;
b) digər Tərəfin vergi əməkdaşlarının iştirakı məqsədəmüvafıq hesab edilən mürəkkəb hallar;
c) vaxt məhdudiyyətini ötmə riskinin olduğu və digər Tərəfin vergi əməkdaşlarının iştirakının yoxlamanı sürətləndirə biləcəyi hallar;
d) eynivaxtlı vergi yoxlamaları da daxil olmaqla, ikitərəfli və ya çoxtərəfli çərçivədə olan yoxlamalar.
3. Müraciət edən Tərəf nümayəndələrin iştirakı ilə bağlı sorğunu yazılı surətdə təqdim edir. Sorğuda nümayəndələrin iştirakının məqsədəmüvafıqliyi əsaslandırılır və məsələnin qısa izahı verilir. Sorğu edilən Tərəf sorğu barədə mümkün olduğu qədər tez bir zamanda qərar verir, lakin müraciət alman tarixdən 30 gündən gec olmamalıdır.
4. Sorğu edilən Tərəf vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı bütün qərarları qəbul edir və müraciət edən Tərəfi yoxlamanın təfsilatları barədə məlumatlandırır.
5. Sorğu edilən Tərəf qərarını əsaslandırmaqla, sorğunu rədd edə bilər.
1. Məlumat mübadiləsində səmərəliliyin daha da artırılması və vergilərin ödənilməməsi və ya vergidən yayınma halları ilə daha səmərəli mübarizə aparmaq məqsədilə Tərəflər həm Azərbaycan Respublikasında, həm də Macarıstanda fəaliyyət göstərən seçilmiş vergi ödəyicisində və ya vergi ödəyicisi qruplarında eynivaxtlı vergi yoxlamalarını apara bilərlər.
2. Eynivaxtlı vergi yoxlamaları, hər hansı bir şəxsin və ya şəxslərin vergi məsələlərinə dair Tərəflərin ortaq və ya aidiyyəti marağı olduğu halda, əgər belə vergi yoxlamaları yalnız bir Tərəfin apardığı yoxlamadan daha səmərəli hesab edilərsə, əldə edilən hər hansı müvafiq məlumatın Tərəflər arasında mübadilə edilməsi məqsədilə Tərəflərin hər birinin öz dövlətinin ərazisində eyni vaxtda vergi yoxlamalarının keçirilməsinə dair Tərəflər arasında olan razılaşmanı bildirir.
3. Eynivaxtlı yoxlamanın keçirilməsi üçün sorğu, müraciət edən Tərəf tərəfindən eynivaxtlı yoxlamanın keçirilməsinin məqsədəuyğunluğu əsaslandırılan və işin təsviri verilən rəsmi məktubla təqdim edilir. Sorğu edilən Tərəf mümkün qədər qısa müddətdə, lakin sorğunu aldıqdan sonra 30 gündən gec olmayaraq sorğu ilə bağlı qərar qəbul edir.
4. Əgər sorğu edilən Tərəf müraciət edən Tərəfin eynivaxtlı vergi yoxlamalarının keçirilməsi ilə bağlı təklifini qəbul edərsə, o, müraciət edən Tərəfi bu qərarı barədə yazılı şəkildə məlumatlandırır və müraciət edən Tərəf razılıq məktubunu aldıqdan sonra yoxlanılacaq şəxslər və hallar, eləcə də yoxlamanın müddəti əlavə rəsmi yazışmalarla Tərəflər arasında razılaşdırılır.
5. Sorğu edilən Tərəf məqsədəuyğun hesab etmədiyi təqdirdə, sorğunu rədd edə bilər. O, yoxlamalarla bağlı inzibati yükün qeyri-mütənasib xərclərə səbəb olduğunu və həmin Tərəfə faydalı olmadığını müəyyən edərsə, yoxlamaların başlanılmasından sonra da ondan imtina edə bilər.
Yardımla bağlı sorğuya aşağıdakı sənədlər əlavə edilir:
a) vergi tələbinin məcburi alınmasına icazə verən sənədin rəsmi surəti;
b) aşağıdakıları təsdiq edən bəyanat:
● müraciət edən Tərəfin dövlətinin qanunları çərçivəsində vergi tələbi məcburi alma bilər;
● tələbə qarşı iddia qaldırılmır;
● vergi tələbinə qarşı iddia qaldırıla bilməz (müraciət edən Tərəfin qeyri-rezidentinə qarşı yönəldiyində);
● müraciət edən Tərəf vergi tələbinin alınması üçün öz dövlətinin ərazisində bütün mümkün tədbirləri, belə tədbirlərin yerinə yetirilməsi qeyri-mütənasib çətinliklərin yaranmasına səbəb ola biləcəyi hallar istisna olmaqla, həyata keçirmişdir;
● sorğu, müraciət edən Tərəfin dövlətinin qanunlarına və inzibati təcrübələrinə uyğundur;
● sorğuda və əlavə edilən sənədlərdəki məlumat düzgündür.
1. Vergi tələbinin sorğu edilən tarixdə 1500 Avrodan (EUR) və ya bu məbləğin Tərəflərin dövlətlərinin milli valyutaları ilə ekvivalentindən az olması halında Tərəf vergi tələblərinin alınmasına dair sorğu vermir və ya yardım göstərmir.
2. Bu maddənin 1-ci bəndinin müddəalarından asılı olmayaraq, vergi tələbinin alınması üçün inzibati yükün müraciət edən Tərəfin vergi tələbinin məbləği ilə müqayisədə qeyri-mütənasib xərclərə səbəb olacağı halda, bu Anlaşma Memorandumu sorğu edilən Tərəfin üzərinə vergi tələbinin alınmasına yardım etməyə dair öhdəlik qoymur.
1. Müraciət edən Tərəf vergi tələbinin məbləğini müraciət edən Tərəfin dövlətinin və sorğu edilən Tərəfin dövlətinin valyutasında göstərir.
2. İstifadə edilməli mübadilə məzənnəsi sorğunun verildiyi tarixdə aşağıdakı mənbələr tərəfindən müəyyən edilən mübadilə məzənnəsidir:
Azərbaycan Respublikasında: Mərkəzi Bank tərəfindən müəyyən edilən mübadilə məzənnəsi;
Macarıstanda: Macarıstanın Milli Bankı tərəfindən müəyyən edilən mübadilə məzənnəsi;
3. Sorğu edilən Tərəf vergi tələbini öz dövlətinin valyutasında alır.
1. Vergi tələbinin məcburi alınmasının mümkün olmadığı hər hansı dövrlə bağlı məsələlər müraciət edən Tərəfin dövlətinin qanunu ilə tənzimlənir.
2. Bu Anlaşma Memorandumu həmçinin, onun qüvvəyə mindiyi tarixdən əvvəl yaranmış vergi tələblərinə tətbiq edilir.
3. Sorğu edilən Tərəfin yardım haqqında sorğunun icrası ilə bağlı həyata keçirdiyi yığma tədbirləri həmin Tərəfin dövlətinin qanunlarına uyğun olaraq bu maddənin 1-ci bəndində göstərilən müddətin dayanmasına və ya kəsilməsinə səbəb olduğu təqdirdə, müraciət edən Tərəfin dövlətində də həmin təsirə malikdir. Sorğu edilən Tərəf müraciət edən Tərəfi belə tədbirlər barədə məlumatlandırır.
4. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarından asılı olmayaraq, sorğu edilən Tərəf vergi tələbinin 5 ildən artıq olması halında, yardım haqqında sorğunu icra etmək öhdəliyi daşımır. Müddətin hesablanması üçün başlanğıc tarix aşağıdakılardır:
a) tələbə qarşı iddia qaldırılmamışsa - müraciət edən Tərəfin dövlətində məcbur etməyə icazə verən sənədin tarixi;
b) tələbə qarşı iddia qaldırılmışsa - tələbin artıq iddia edilməyəcəyi barədə müraciət edən Tərəfin dövləti tərəfindən müəyyən edildiyi tarix.
5. Bu maddənin 4-cü bəndinin müddəalarından asılı olmayaraq, zəruri hallarda, məsələn, borcun fırıldaqçılıqla bağlı yarandığı halda, sorğu edilən Tərəf beş ildən artıq olan vergi tələbi ilə bağlı yardım göstərməyə razılıq verə bilər.
Müraciət edən Tərəf sorğunun verildiyi günə qədər hesablanmış faizlər də daxil olmaqla, vergi tələbinin ümumi məbləğini hesablayır və sorğu edilən Tərəfə təqdim edir. Sorğuda müəyyən edilmiş vergi tələbinin məbləğinə 16-cı maddənin 3-cü bəndi çərçivəsində sorğunun verildiyi tarixdən sonra hesablanmış faiz hesablanmır.
1. Vergi tələbinin alınması üçün çəkilən adi xərcləri sorğu edilən Tərəf və xüsusi xərcləri isə müraciət edən Tərəf ödəyir.
● Adi xərclər sorğu edilən Tərəfin dövlətində tələblərin alınması üçün həyata keçirilən adi daxili prosedurlarla bağlı gözlənilən xərclər kimi müəyyən edilmişdir.
● Xüsusi xərclər sorğu edilən Tərəfin dövlətində adətən istifadə edilməyən xüsusi növ prosedurlarla bağlı yaranan xərclər kimi müəyyən edilmişdir. Belə xərclərə məhkəmə və müflisləşmə prosesi, mütəxəssislərin, tərcüməçilərin cəlb edilməsi, eləcə də konvertasiya və bank köçürməsi ilə bağlı xərclər və digər bu kimi xüsusi xərclər daxildir.
Sorğu edilən Tərəf xüsusi xərclərin yaranacağını müəyyən edən kimi, bu barədə müraciət edən Tərəfi məlumatlandırır və mümkün olduğu təqdirdə, belə xərclərin təxmini məbləğini göstərir. Müraciət edən Tərəf belə xüsusi xərcləri qəbul etdiyi halda sorğu edilən Tərəfə mümkün qədər tez məlumat verir.
Ödənişlə bağlı bütün sorğular xərclərə dair təsdiqləyici sənədlərlə müşayiət olunmalıdır (məsələn, hesab faktura və ya qəbz).
2. Müraciət edən Tərəf onun sorğusunda olan səhvlər, yalnış və ya təhrif olunmuş məlumatlar əsasında aparılmış əsassız hərəkətlər nəticəsində fiziki şəxsə vurulmuş zərər ilə bağlı bütün çəkilən xərcləri ödəyir.
3. Əgər sorğu edilən Tərəf yardım göstərilən zaman meydana gələn xərclərin qeyri-mütənasib olması qənaətinə gələrsə, bu barədə müraciət edən Tərəfi məlumatlandırır və mümkündürsə, belə xərclərin məbləğini qeyd edir. Belə olan halda, müraciət edən Tərəf öz sorğusunu geri götürə bilər.
1. Sorğu edilən Tərəfin aldığı hər hansı məbləğ, o cümlədən tətbiq olunan maliyyə sanksiyaları və faizlər müraciət edən Tərəfə Avro ilə köçürülür. Əgər alınmış vəsaitlərin valyutası köçürülməli olan vəsaitlərin valyutasından fərqlənərsə, belə vəsaitlər 11-ci maddədə nəzərdə tutulmuş qaydada vergi tələbinin alındığı tarixdə aparılmış konvertasiyadan sonra köçürülür.
2. Köçürülmə həmin məbləğin alındığı tarixdən etibarən 30 gün ərzində aparılır.
3. Ödənişlər müraciət edən Tərəfin göstərdiyi və həmin Tərəfin dövlətinin ərazisində yerləşən bankın hesabına köçürülməlidir.
4. Vergi tələbi, 11-ci maddədə istinad olunan valyuta məzənnəsi əsasında, sorğu edilən Tərəfin dövlətinin milli valyutasında olan məbləğin həddində alınmış sayılır.
1. Sorğu edilən Tərəf müraciət edən Tərəfdən, yazılı və ya elektron formada, vergi tələbinin məbləğinin azalması barədə vergi tələbinin məbləğinə dəyişikliklə bağlı məlumat aldığı halda, sorğu edilən Tərəf tələbin alınması üzrə tədbirləri davam etdirir, lakin belə tədbirlər borcun yeni məbləği ilə məhdudlaşır.
2. Əgər sorğu edilən Tərəf tələbin məbləğinin azaldığı barədə bildiriş aldığı zaman, yeni məbləğdən artıq olan məbləğin tam hissəsini almış, lakin hələ köçürmə proseduruna başlamamışdırsa, artıq ödənilmiş məbləği aidiyyəti şəxsə qaytarır.
3. Sorğu edilən Tərəf müraciət edən Tərəfdən, yazılı və ya elektron formada, vergi tələbinin məbləğinin artmasına səbəb olan vergi tələbinin məbləğinə dəyişikliklə bağlı bildiriş aldığı halda:
a) sorğu edilən Tərəf əlavə tələbi, mümkün olduğu halda ilkin tələblə eyni vaxtda icra edir;
b) sorğu edilən Tərəf əlavə tələbin ilkin tələblə birləşdirilməsinin mümkün olmadığını hesab edərsə, o, əlavə tələbi bu Anlaşma Memorandumunun 10-cu maddəsində göstərilən minimum məbləğdən az olmadığı halda icra etmək öhdəliyi daşıyır.
Sorğu edilən Tərəf vergi tələbinin yığılmasının mümkün olmadığını müəyyən etdiyi zaman o, sorğunu vergi tələbinin yığılmasının mümkün olmamasının təfsilatlarını ehtiva edən hesabat ilə birgə mümkün qədər qısa müddətdə geri qaytarır.
1. Müraciət edən Tərəfdən aşağıdakılarla bağlı yazılı bildiriş alındığı təqdirdə, sorğu edilən Tərəf həmin tələbə dair hər hansı məcburi tədbirləri dayandırır:
(a) vergi tələbi ilə bağlı ödəniş alınmışdır;
(b) həmin tələb ləğv edilmiş və ya hər hansı digər səbəbdən ona xitam verilmişdir.
2. Sorğu edilən Tərəf müraciət edən Tərəfi yazılı formada sorğunun geri götürülməsi ilə bağlı xəbərdar edir.
1. Bu Anlaşma Memorandumunun məqsədləri üçün müraciət edən Tərəf yardım haqqında sorğunu yazılı formada tərtib edir və zəruri olan bütün sənədlər əlavə edilməklə sorğu edilən Tərəfə göndərir.
2. Bu maddənin 1-ci bəndində göstərilən sorğu aşağıdakı, lakin bununla məhdudlaşmayan məlumatları ehtiva edir:
(a) məlumat hansı hüquqi sənədə əsasən sorğu edilmişdir;
(b) sorğunun göndərilməsinə əsas verən vergi məsələsinin qısa şərhi;
(c) barəsində sorğu edilən vergi ödəyiciləri haqqında məlumatlar (adı, ünvanı, vergi ödəyicisinin identifikasiya nömrəsi və s.);
(d) vergi məsələsinin aid olduğu dövr;
(e) sorğunun aid olduğu vergi növləri;
(f) vergi tələbi olduğu halda:
(i) vergi tələbinin mahiyyəti və komponentləri;
(ii) vergi tələbinin alma biləcəyi şəxslər barədə məlumatlar (adı, ünvanı,
vergi ödəyicisinin identifikasiya nömrəsi və s.);
(iii) olduğu təqdirdə sorğu edilən Tərəfin dövlətinin ərazisində vergi tələbinin alına biləcəyi aktivlər barədə məlumatlar.
1. Sorğu daxil olduqdan sonra sorğu edilən Tərəf 15 gün müddətində sorğunun alınması və icraya qəbul edilməsi, yaxud səbəbləri göstərilməklə, sorğunun icra edilməsindən imtina edilməsi barədə müraciət edən Tərəfi məlumatlandırır.
2. Sorğu qəbul edildiyi təqdirdə, o, bu sorğuya hər hansı digər vergi məsələsinə münasibətdə üstünlük verilmədən:
a) məlumat mübadiləsi haqqında sorğu - 90 gün ərzində;
b) vergi tələbinə dair sorğu - sorğu edilən Tərəfin daxili vergi tələblərinin alınması üçün müəyyən edilmiş müddət ərzində icra edilir.
3. Sorğunun razılaşdırılmış müddətdə icra edilməsi mümkün olmadığı təqdirdə, sorğu edilən Tərəf həmin müddətin sonunda əldə edilmiş məlumatları (və ya vergi tələbləri ilə bağlı görülmüş tədbirlərə dair məlumatı) və sorğunun icra müddətinin uzadılmasının səbəbləri barədə məlumatı müraciət edən Tərəfə təqdim edir.
1. Zəruri olduqda, Tərəflər bu Anlaşma Memorandumundan irəli gələn öhdəliklərin yerinə yetirilməsi yollan ilə bağlı müzakirələr aparırlar.
2. Bu Anlaşma Memorandumunun məqsədləri üçün təcili hallarda məlumatlar sonradan rəsmi məktubla təsdiq edilmək şərtilə faksimil və ya elektron rabitə vasitələrindən istifadə etməklə təqdim edilə bilər.
3. Bu Anlaşma Memorandumu üzrə bütün yazışmalar ingilis dilində aparılır.
4. Sorğunun cavablandırılması üçün əlavə edilən sənədlərin ingilis dilində təqdim edilməsi mümkün olmadıqda, həmin sənədlər öz orijinal dillərində təqdim edilir.
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı mübahisələr Tərəflərin qarşılıqlı razılığı ilə məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna, onun ayrılmaz tərkib hissəsi olmaqla ayrıca protokollar formasında rəsmiləşdirilən və bu Anlaşma Memorandumunun 24-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minən hər hansı əlavələr və dəyişikliklər edilə bilər.
1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanması barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdə qüvvəyə minir.
2. Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır. Tərəflər diplomatik kanallar vasitəsilə ləğvetmə barədə yazılı bildiriş verməklə hər hansı bir vaxtda Anlaşma Memorandumunu ləğv edə bilərlər. Belə halda, Anlaşma Memorandumu belə bildirişin alındığı tarixdən sonrakı altı aylıq müddətin bitməsindən sonra ləğv edilir.
Bakı şəhərində 2020-ci il 17 iyul tarixində, hər biri Azərbaycan, macar və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.