Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel 2025-ci il
Bundan sonra ayrı-ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti,
vergidən yayınmanın qarşısının alınmasında qarşılıqlı inzibati yardımın vacibliyini qəbul edərək,
vergi məsələlərində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini arzu edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Tərəflər məlumat mübadiləsi və vergi tələblərinin alınmasında qarşılıqlı yardımı 2010-cu il Protokolu ilə düzəlişlər edilmiş “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” 1988-ci il 25 yanvar tarixli Konvensiya (bundan sonra “Çoxtərəfli Konvensiya” adlandırılacaq) və “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında“ 2005-ci il 3 oktyabr tarixli Konvensiyanın (bundan sonra “Konvensiya” adlandırılacaq) müddəaları əsasında Anlaşma Memorandumu ilə müəyyən edilmiş prosedurlara uyğun olaraq təmin edəcəklər. Bu Anlaşma Memorandumu ilə əhatə olunmayan məsələlər Çoxtərəfli Konvensiyanın və Konvensiyanın müddəaları ilə tənzimlənəcəkdir.
1. Bu Anlaşma Memorandumu çərçivəsində yardımla bağlı sorğular və aidiyyəti yazışmalar hər iki Tərəfin səlahiyyətli orqanları vasitəsilə:
a) Azərbaycan Respublikası tərəfindən: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti;
b) Latviya Respublikası tərəfindən: Dövlət Gəlirlər Xidməti həyata keçiriləcəkdir.
2. Bu maddənin 1-ci bəndində qeyd olunan səlahiyyətli orqanlar öz səlahiyyətli nümayəndələrinin soyadları, adları, ata adı, vəzifələri və ünvanları, həmçinin bu məlumatlarda hər hansı sonrakı dəyişikliklər barədə bir-birilərini yazılı şəkildə məlumatlandıracaqlar.
1. Müraciət edən Tərəfin səlahiyyətli orqanının (bundan sonra “müraciət edən səlahiyyətli orqan” adlandırılacaq) sorğusu əsasında sorğu edilən Tərəfin səlahiyyətli orqanı (bundan sonra “sorğu edilən səlahiyyətli orqan” adlandırılacaq) ayrıca şəxslər və ya əməliyyatlar barədə hər hansı məlumatı müraciət edən səlahiyyətli orqana təqdim etməlidir.
2. Sorğu edilən səlahiyyətli orqan məlumat sorğusunun icrası məqsədilə müraciət edən səlahiyyətli orqandan əlavə məlumat istəyə bilər.
3. Sorğu icraya qəbul edildikdən sonra, sorğu edilən səlahiyyətli orqan onda olan mövcud məlumatlardan istifadə edərək sorğunu cavablandırmağa çalışmalıdır. Sorğu edilən səlahiyyətli orqan, belə məlumatlar sorğunun tam cavablandırılması üçün kifayət etmədikdə, həmin səlahiyyətli orqanın dövlətinin qanunvericiliyinə uyğun olaraq bütün müvafiq məlumat toplama tədbirlərindən istifadə etməlidir.
4. Sorğu edilən səlahiyyətli orqan məlumat sorğusunun icrası zamanı öz ərazisində olan bütün xərcləri qarşılamalıdır.
5. Səlahiyyətli orqan qəbul edilmiş cavabla bağlı digər səlahiyyətli orqana rəy bildirə bilər.
1. Səlahiyyətli orqanlar avtomatik olaraq digər səlahiyyətli orqanın dövlətinin rezidenti olan fiziki və hüquqi şəxslər barədə bir-birinə aşağıdakı məlumatları təqdim edəcəklər:
1.1. Azərbaycan Respublikasına münasibətdə:
a) daşınmaz əmlakdan əldə olunan gəlir (İƏİT-nin kodu 6);
b) sahibkarlıq fəaliyyətindən mənfəət (İƏİT-nin kodu 7);
c) dividendlər (İƏİT-nin kodu 10);
d) faizlər (İƏİT-nin kodu 11);
e) royaltilər (İƏİT-nin kodu 12);
f) əmlakın dəyərinin artımı (İƏİT-nin kodu 13);
g) müstəqil fərdi xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (İƏİT-nin kodu 14);
h) maaş, əməkhaqqı, sosial ödənişlər və digər oxşar mükafatlar (İƏİT-nin kodu 15);
i) direktorların qazancı, incəsənət xadimləri və idmançıların gəlirləri və digər gəlirlər (İƏİT-nin müvafiq olaraq 16-cı, 17-ci və 21-ci kodları);
j) məlumatı təmin edən səlahiyyətli orqanın dövlətinin ərazisində yerləşən daşınmaz əmlakın sahibliyi.
1.2. Latviya Respublikasına münasibətdə:
a) daşınmaz əmlakdan əldə olunan gəlir (İƏİT-nin kodu 6);
b) sahibkarlıq fəaliyyətindən mənfəət (İƏİT-nin kodu 7);
c) dividendlər (İƏİT-nin kodu 10);
d) faizlər (İƏİT-nin kodu 11);
e) royaltilər (İƏİT-nin kodu 12);
f) əmlakın dəyərinin artımı (İƏİT-nin kodu 13);
g) müstəqil fərdi xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (İƏİT-nin kodu 14);
h) muzdlu işdən əldə edilən gəlirlər (İƏİT-nin kodu 15);
i) direktorların qazancı (İƏİT-nin kodu 16);
j) incəsənət xadimləri və idmançıların gəlirləri (İƏİT-nin kodu 17);
k) təqaüdlər (İƏİT-nin kodu 18);
l) dövlət qulluğundan əldə edilən gəlirlər və dövlət tərəfindən verilən təqaüdlər (İƏİT-nin kodu 19);
m) təhsil və təlim üçün tələbələrə ödənişlər (İƏİT-nin kodu 20);
n) digər gəlirlər (İƏİT-nin kodu 21);
o) məlumatı təmin edən Tərəfin dövlətinin ərazisində yerləşən daşınmaz əmlakın sahibliyi.
Bu maddənin 1.1-ci bəndinin j) yarımbəndinə və 1.2-ci bəndinin o) yarımbəndinə istinad edilən məlumat kateqoriyaları hər iki səlahiyyətli orqanın texniki imkanları mövcud olduqda təqdim edilir.
2. Bu maddənin 1-ci bəndinə istinad edilən məlumat mütəmadi şəkildə və təqvim ilində ən azı bir dəfə təqdim olunur. Müəyyən təqvim ilinə aid məlumat mümkün olduqda dərhal, digər halda müvafiq təqvim ili bitdikdən sonra 30 sentyabr tarixinə qədər təqdim olunur.
3. Avtomatik məlumat mübadiləsi çərçivəsində təqdim olunan məlumatın düzgün və ya tam olmadığı məlum olduqda, bir səlahiyyətli orqan digər səlahiyyətli orqanı mümkün qədər qısa müddətdə bu barədə məlumatlandırmalıdır.
4. Avtomatik məlumat mübadiləsini həyata keçirən zaman səlahiyyətli orqanlar mümkün olduğu təqdirdə aşağıdakı, lakin bunlarla məhdudlaşmayan məlumatları təqdim edirlər:
a) gəliri əldə edən qeyri-rezidentin adı (fiziki şəxslər üçün - soyadı, adı, ata adı, pasportunda qeyd olunan seriya nömrəsi, doğum tarixi), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (rezident olduğu dövlətdə VÖEN), ünvanı (küçə, ev nömrəsi, şəhər/qəsəbə, region, poçt indeksi);
b) qeyri-rezidentin rezidenti olduğu dövlət;
c) gəliri əldə edən qeyri-rezident növünün kodu (“01-fiziki şəxs”, “02-müəssisə”, “03-tərəfdaşlıq”, “04-müəssisə və ya tərəfdaşlıq olmayan sahibkarlıq fəaliyyətinin forması”, “05-hökumət və ya beynəlxalq təşkilat”, “06-digər”, “07-naməlum”);
d) gəliri ödəyən şəxsin adı (fiziki şəxslər üçün - soyadı, adı, ata adı), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ünvanı (küçə, ev nömrəsi, şəhər/ qəsəbə, rayon, poçt indeksi);
e) gəliri ödəyən şəxs növünün kodu (“01-fiziki şəxs“, “02-müəssisə”, “03-tərəfdaşlıq”, “04-müəssisə və ya tərəfdaşlıq olmayan sahibkarlıq fəaliyyətinin forması”, “05-hökumət və ya beynəlxalq təşkilat”, “06-digər”, “07-naməlum”);
f) ödənilmiş/əldə edilmiş gəlirin növü (İƏİT-nin gəlir kodları);
g) gəlirin ödənilmə tarixi/ əldə edilmə dövrü;
h) ödənilmiş/əldə edilmiş gəlirin məbləği və valyutası;
i) tutulmuş/ödənilmiş verginin dərəcəsi, məbləği və valyutası.
5. 4-cü maddənin 1.1-ci bəndinin j) yarımbəndində və 1.2-ci bəndinin o) yarımbəndində nəzərdə tutulan daşınmaz əmlakın sahibliyi barədə məlumat mübadilə edilən zaman, səlahiyyətli orqanlar bu maddənin 4-cü bəndinin a) və b) yarımbəndlərində qeyd edilən məlumatlardan əlavə olaraq, əmlaka aid olan bütün mövcud məlumatları da (xüsusilə əmlakın yerləşdiyi dəqiq ünvanı, ərazisi və/və ya sahəsi, dəyəri və s.) təqdim etməlidirlər.
6. Səlahiyyətli orqanlar mübadilə ediləcək məlumatların siyahısını yazışma yolu ilə dəyişdirə və genişləndirə bilərlər.
7. Bu maddəyə istinad edilən məlumat, mümkün olduğu qədər İƏİT-nin Standart Ötürülmə Formatına uyğun formatda təqdim edilməlidir.
8. Səlahiyyətli orqan hər hansı xüsusi gəlir və kapital kateqoriyasına aid olan məlumat əldə etmək istəmədiyi barədə digər səlahiyyətli orqanı məlumatlandıra bilər.
1. Hər bir səlahiyyətli orqan özündə olan və digər səlahiyyətli orqana faydalı ola biləcək hər hansı məlumatı spontan olaraq digər səlahiyyətli orqana ötürə bilər.
2. Təqdim edilən məlumat həmin məlumatı əldə edən səlahiyyətli orqanın dövlətində vergitutmanın dəyişməsinə gətirib çıxardıqda, digər səlahiyyətli orqan bu barədə məlumatlandırılacaqdır.
1. Sorğu əsasında bir səlahiyyətli orqan digər səlahiyyətli orqanın nümayəndələrinə öz dövlətinin ərazisində aparılan vergi yoxlamasında iştirak etməyə icazə verə bilər.
2. Səlahiyyətli orqanın nümayəndələrinin digər səlahiyyətli orqanın dövlətinin ərazisindəki vergi yoxlamasında iştirakına icazə verilməsi barədə sorğu xüsusi hallarda edilir. Bu xüsusilə aşağıdakıları ehtiva edir:
a) transsərhəd pozuntular və ya vergidən yayınma əlamətləri olduğu hallar;
b) vergi əməkdaşlarının iştirakı məqsədəmüvafiq hesab edilən mürəkkəb hallar;
c) vaxt məhdudiyyətini ötmə riskinin olduğu və vergi əməkdaşlarının iştirakının vergi yoxlamasını sürətləndirə biləcəyi hallar;
d) eynivaxtlı vergi yoxlamaları da daxil olmaqla, ikitərəfli və ya çoxtərəfli çərçivədə olan vergi yoxlamaları.
3. Müraciət edən səlahiyyətli orqan nümayəndələrin iştirakı ilə bağlı sorğunu yazılı surətdə təqdim edir. Sorğuda nümayəndələrin iştirakının məqsədəmüvafiqliyi əsaslandırılır və məsələnin qısa izahı verilir. Sorğu edilən səlahiyyətli orqan sorğu barədə mümkün olduğu qədər tez bir zamanda qərar verir, lakin müraciət alınan tarixdən 30 gündən gec olmamalıdır.
4. Sorğu edilən səlahiyyətli orqan vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı bütün qərarları qəbul etməli və müraciət edən səlahiyyətli orqanı yoxlamanın təfsilatları barədə məlumatlandırmalıdır.
5. Müraciət edən səlahiyyətli orqan öz nümayəndələrinin sorğu edilən səlahiyyətli orqanın dövlətində vergi yoxlamasında iştirakına icazə verir, hansı ki, müvafiq olaraq sorğu edilən səlahiyyətli orqan tərəfindən təsdiqlənməlidir.
6. Sorğu edilən səlahiyyətli orqan bu qərarını əsaslandırmaqla sorğunu rədd edə bilər.
1. Məlumat mübadiləsində səmərəliliyin daha da artırılması və vergilərin ödənilməməsi və ya vergidən yayınma halları ilə daha səmərəli mübarizə aparmaq məqsədilə səlahiyyətli orqanlar həm Azərbaycan Respublikasında, həm də Latviya Respublikasında fəaliyyət göstərən seçilmiş vergi ödəyicisində və ya vergi ödəyicisi qruplarında eynivaxtlı və/və ya birgə vergi yoxlamalarını apara bilərlər.
2. Eynivaxtlı və/və ya birgə vergi yoxlaması, hər hansı bir şəxsin və ya şəxslərin vergi məsələlərinə dair səlahiyyətli orqanların ortaq və ya aidiyyəti maraqları olduğu halda, belə vergi yoxlamaları yalnız bir səlahiyyətli orqanın apardığı vergi yoxlamasından daha səmərəli hesab edildikdə, əldə edilən hər hansı müvafiq məlumatın səlahiyyətli orqanlar arasında mübadilə edilməsi məqsədilə səlahiyyətli orqanların hər birinin öz dövlətinin ərazisində eyni vaxtda və/və ya birgə vergi yoxlamalarının keçirilməsinə dair səlahiyyətli orqanlar arasında olan razılaşmanı bildirir.
3. Müraciət edən səlahiyyətli orqan eynivaxtlı və/və ya birgə vergi yoxlamasının keçirilməsi barədə təklifi yazılı surətdə irəli sürür. Sorğu edilən səlahiyyətli orqan eynivaxtlı və/və ya birgə vergi yoxlamasında iştirakla bağlı qərarı mümkün olduğu qədər tez bir zamanda verir və öz qərarı barədə, lakin bu təklifi aldıqdan sonra 30 gündən gec olmayaraq, müraciət edən səlahiyyətli orqanı məlumatlandırır.
4. Eynivaxtlı vergi yoxlamasının keçirilməsi üçün sorğu, müraciət edən səlahiyyətli orqan tərəfindən eynivaxtlı vergi yoxlamasının keçirilməsinin məqsədəuyğunluğu əsaslandırılan və işin təsviri verilən rəsmi məktubla təqdim edilməlidir. Sorğu edilən səlahiyyətli orqan mümkün qədər qısa müddətdə, lakin bu sorğunu aldıqdan sonra 30 gündən gec olmayaraq sorğu ilə bağlı qərar qəbul edir.
5. Sorğu edilən səlahiyyətli orqan müraciət edən səlahiyyətli orqanın eynivaxtlı vergi yoxlamasının keçirilməsi ilə bağlı təklifini qəbul etdikdə o, müraciət edən səlahiyyətli orqanı bu qərarı barədə yazılı şəkildə məlumatlandırır və müraciət edən səlahiyyətli orqanın razılıq məktubunu aldıqdan sonra yoxlanılacaq şəxslər və hallar, eləcə də yoxlamanın müddəti əlavə rəsmi yazışmalarla səlahiyyətli orqanlar arasında razılaşdırılmalıdır.
6. Sorğu edilən səlahiyyətli orqan məqsədəuyğun hesab etmədiyi təqdirdə sorğunu rədd edə bilər. O, vergi yoxlaması ilə bağlı inzibati yükün qeyri-mütənasib xərclərə səbəb olduğunu və həmin səlahiyyətli orqana faydalı olmadığını müəyyən etdikdə, vergi yoxlamasının başlanılmasından sonra da ondan imtina edə bilər.
Yardımla bağlı sorğuya aşağıdakı sənədlər əlavə ediləcəkdir:
a) vergi tələbinin məcburi alınmasına icazə verən sənədin rəsmi surəti;
b) aşağıdakıları təsdiq edən bəyanat:
• müraciət edən səlahiyyətli orqanın dövlətinin qanunvericiliyinə uyğun olaraq vergi tələbi məcburi alına bilər;
• vergi tələbinə qarşı iddia qaldırılmır;
• vergi tələbinə qarşı iddia qaldırıla bilməz (dövlətin qeyri-rezidentinə qarşı yönəldiyi halda);
• müraciət edən səlahiyyətli orqan vergi tələbinin alınması üçün öz dövlətinin ərazisində bütün mümkün tədbirləri, belə tədbirlərin yerinə yetirilməsi qeyri-mütənasib çətinliklərin yaranmasına səbəb ola biləcəyi hallar istisna olmaqla həyata keçirmişdir;
• sorğu, müraciət edən səlahiyyətli orqanın dövlətinin qanunvericiliyinə və inzibati təcrübələrinə uyğundur;
• sorğuda və əlavə edilən sənədlərdəki məlumatlar düzgündür.
1. Müraciət edən səlahiyyətli orqan vergi tələbinin məbləğini müraciət edən səlahiyyətli orqanın dövlətinin və sorğu edilən səlahiyyətli orqanın dövlətinin valyutasında göstərəcəkdir.
2. İstifadə edilməli mübadilə məzənnəsi sorğunun verildiyi tarixdə aşağıdakı mənbələr tərəfindən müəyyən ediləcək mübadilə məzənnəsidir:
a) Azərbaycan Respublikasında: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən mübadilə məzənnəsi;
b) Latviya Respublikasında: Latviyanın Mərkəzi Bankı - “Latvijas Banka” tərəfindən müəyyən edilən mübadilə məzənnəsi.
3. Sorğu edilən səlahiyyətli orqan vergi tələbini öz dövlətinin valyutasında almalıdır.
1. Vergi tələbinin məcburi alınmasının mümkün olmadığı hər hansı dövrlə bağlı məsələlər müraciət edən səlahiyyətli orqanın dövlətinin qanunvericiliyi ilə tənzimlənməlidir.
2. Bu Anlaşma Memorandumu, həmçinin onun qüvvəyə mindiyi tarixdən əvvəl yaranmış vergi tələblərinə tətbiq edilir.
3. Sorğu edilən səlahiyyətli orqanın yardım haqqında sorğunun icrası ilə bağlı həyata keçirdiyi vergi toplanması tədbirləri həmin səlahiyyətli orqanın dövlətinin qanunvericiliyinə uyğun olaraq bu maddənin 1-ci bəndində göstərilən müddətin dayanmasına və ya kəsilməsinə səbəb olduğu təqdirdə, müraciət edən səlahiyyətli orqanın dövlətində də həmin təsirə malik olmalıdır. Sorğu edilən səlahiyyətli orqan müraciət edən səlahiyyətli orqanı belə tədbirlər barədə məlumatlandırmalıdır.
4. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarından asılı olmayaraq, sorğu edilən səlahiyyətli orqan beş ildən daha əvvəl edilən vergi tələblərinə aid yardım haqqında sorğunu icra etmək öhdəliyi daşımır. Müddətin hesablanması üçün başlanğıc tarix aşağıdakılardır:
a) tələbə qarşı iddia qaldırılmamışdırsa - müraciət edən səlahiyyətli orqanın dövlətində lazımi tədbirlərin keçirilməsinə dair sənədin tarixi;
b) tələbə qarşı iddia qaldırılmışdırsa - iddianın geri götürülməsi barədə müraciət edən səlahiyyətli orqanın dövləti tərəfindən müəyyən edildiyi tarix.
5. Bu maddənin 4-cü bəndinin müddəalarından asılı olmayaraq zəruri hallarda məsələn, borcun fırıldaqçılıq nəticəsində yarandığı halda, sorğu edilən səlahiyyətli orqan beş ildən daha əvvəl edilən vergi tələbi ilə bağlı yardım göstərməyə razılıq verə bilər.
1. Müraciət edən səlahiyyətli orqanın dövlətində qüvvədə olan qanunvericiliyə əsasən əsas borcla bağlı yaranmış və sorğunun verildiyi günə kimi hesablanmış hər hansı maliyyə sanksiyası və faiz vergi tələbinə daxildir.
2. Sorğu edilən səlahiyyətli orqan sorğunun alındığı tarixdən sonra yeni yaranmış maliyyə sanksiyasını və faizlərin məbləğini öz milli qanunvericiliyinə əsasən hesablamalıdır.
1. Vergi tələbinin alınması üçün çəkilən adi xərcləri sorğu edilən səlahiyyətli orqan, xüsusi xərcləri isə müraciət edən səlahiyyətli orqan ödəyəcəkdir:
a) adi xərclər sorğu edilən səlahiyyətli orqanın dövlətində vergilərin toplanması üçün həyata keçirilən adi daxili prosedurlarla bağlı gözlənilən xərclər kimi müəyyən edilmişdir;
b) xüsusi xərclər sorğu edilən səlahiyyətli orqanın dövlətində istifadə edilməyən xüsusi növ prosedurlarla bağlı yaranan xərclər kimi müəyyən edilmişdir. Belə xərclərə fövqəladə yurisdiksiya məhkəmələri və müflisləşmə proseduru, mütəxəssislərin, tərcüməçilərin cəlb edilməsi, eləcə də konvertasiya və bank köçürməsi ilə bağlı xərclər və digər bu kimi xüsusi xərclər daxildir.
Sorğu edilən səlahiyyətli orqan xüsusi xərclərin yaranacağını müəyyən edən kimi, bu barədə müraciət edən səlahiyyətli orqanı məlumatlandıracaq və mümkün olduğu təqdirdə, belə xərclərin təxmini məbləğini göstərəcəkdir. Müraciət edən səlahiyyətli orqan belə xüsusi xərcləri qəbul etdiyi halda sorğu edilən səlahiyyətli orqana mümkün qədər tez məlumat verəcəkdir.
Ödənişlə bağlı bütün sorğular xərclərə dair təsdiqləyici sənədlərlə müşayiət olunmalıdır (məsələn, hesab faktura və ya qəbz).
2. Müraciət edən səlahiyyətli orqan onun sorğusunda olan səhvlər, yalnış və ya təhrif olunmuş məlumatlar əsasında aparılmış əsassız hərəkətlər nəticəsində fiziki şəxsə vurulmuş zərərlə bağlı bütün çəkilən xərcləri ödəməlidir.
3. Əgər sorğu edilən səlahiyyətli orqan yardım göstərilən zaman meydana gələn xərclərin qeyri-mütənasib olacağı qənaətinə gələrsə, bu barədə müraciət edən səlahiyyətli orqanı məlumatlandıracaq və mümkündürsə belə xərclərin məbləğini qeyd edəcəkdir. Belə olan halda müraciət edən səlahiyyətli orqan öz sorğusunu geri götürə bilər.
1. Sorğu edilən səlahiyyətli orqanın aldığı hər hansı məbləğ, o cümlədən tətbiq olunan maliyyə sanksiyaları və faizlər müraciət edən səlahiyyətli orqana Avro ilə köçürüləcəkdir. Əgər alınmış vəsaitin valyutası köçürülməli olan vəsaitin valyutasından fərqlənirsə, belə vəsait bu Anlaşma Memorandumunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada vergi tələbinin alındığı tarixdə aparılmış konvertasiyadan sonra köçürülməlidir.
2. Köçürülmə həmin məbləğin alındığı tarixdən etibarən 30 gün ərzində aparılacaqdır.
3. Ödənişlər müraciət edən səlahiyyətli orqanın göstərdiyi və həmin səlahiyyətli orqanın dövlətinin ərazisində yerləşən bankın hesabına köçürülməlidir.
1. Sorğu edilən səlahiyyətli orqan müraciət edən səlahiyyətli orqandan yazılı və ya elektron formada vergi tələbinin məbləğinin azalması barədə vergi tələbinin məbləğinə dəyişikliklə bağlı məlumat aldığı halda, sorğu edilən səlahiyyətli orqan tələbin alınması üzrə tədbirləri davam etdirəcəkdir, lakin belə tədbirlər borcun hələ də ödənilməyən məbləği ilə məhdudlaşacaqdır.
2. Əgər sorğu edilən səlahiyyətli orqan tələbin məbləğinin azaldığı barədə bildiriş aldığı zaman hələ də ödənilməmiş məbləğdən çox olan məbləğ artıq alınmışdırsa, lakin hələ köçürmə proseduruna başlanmamışdırsa, artıq ödənilmiş məbləği aidiyyəti şəxsə qaytaracaqdır.
3.Sorğu edilən səlahiyyətli orqan müraciət edən səlahiyyətli orqandan yazılı və ya elektron formada vergi tələbinin məbləğinin artmasına səbəb olan vergi tələbinin məbləğinə dəyişikliklə bağlı bildiriş aldığı halda:
a) sorğu edilən səlahiyyətli orqan əlavə tələbi, mümkün olduğu halda ilkin tələblə eyni vaxtda icra edəcəkdir;
b) sorğu edilən səlahiyyətli orqan əlavə tələbin ilkin tələblə birləşdirilməsinin mümkün olmadığını hesab edərsə, o, əlavə tələbi bu Anlaşma Memorandumunun 18-ci maddəsində göstərilən minimum məbləğdən az olmadığı halda icra etmək öhdəliyi daşıyacaqdır.
Sorğu edilən səlahiyyətli orqan vergi tələbinin yerinə yetirilməsi mümkün olmadığını müəyyən etdiyi zaman o, sorğunu vergi tələbinin yerinə yetirilməsinin mümkün olmamasının təfsilatlarını ehtiva edən hesabat ilə birgə mümkün qədər qısa müddətdə geri qaytaracaqdır.
1. Müraciət edən səlahiyyətli orqandan aşağıdakılarla bağlı yazılı bildiriş alındığı təqdirdə, sorğu edilən səlahiyyətli orqan həmin tələbə dair hər hansı tədbirlərin tətbiq edilməsini dayandıracaqdır:
a) vergi tələbi ilə bağlı ödəniş alınmışdır;
b) həmin tələb ləğv edilmiş və ya hər hansı digər səbəbdən ona xitam verilmişdir.
2. Sorğu edilən səlahiyyətli orqan müraciət edən səlahiyyətli orqanı yazılı formada sorğunun geri götürülməsi ilə bağlı xəbərdar edəcəkdir.
1. Bu Anlaşma Memorandumunun məqsədləri üçün müraciət edən səlahiyyətli orqan yardım haqqında sorğunu yazılı formada tərtib etməli və zəruri olan bütün sənədlər əlavə edilməklə sorğu edilən səlahiyyətli orqana göndərməlidir.
2. Bu maddənin 1-ci bəndində göstərilən sorğu aşağıdakı, lakin bununla məhdudlaşmayan məlumatları ehtiva edir:
a) məlumat hansı hüquqi sənədə əsasən sorğu edilmişdir;
b) sorğunun göndərilməsinə əsas verən vergi məsələsinin şərhi;
c) barəsində sorğu edilən vergi ödəyiciləri haqqında məlumatlar (soyadı, adı, ata adı, ünvanı, vergi ödəyicisinin identifikasiya nömrəsi və s.);
d) vergi məsələsinin aid olduğu dövr;
e) sorğunun aid olduğu vergi növləri;
f) sorğu edilən məlumatın mahiyyəti və məlumatın alınması ilə bağlı səlahiyyətli orqanın tələbatını təmin edən forma;
g) sorğu olunan məlumatın zəruriliyinin əsaslandırılması;
h) sorğu edilən məlumatın digər səlahiyyətli qurumda olması və ya saxlanması, habelə sorğunu qəbul edən dövlətin qanunvericiliyinə və qaydalarına uyğun olaraq belə məlumata sahib və əldə etmək hüququna malik olan şəxsdə olmasına əsas verən əminlik;
i) sorğu edilən məlumata malik olduğu və ya əldə edə biləcəyi güman edilən konkret şəxsin məlum olan identifikasiya məlumatı (fiziki şəxs üçün - soyadı, adı, ata adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs üçün - vergi ödəyicisinin adı və qeydiyyat nömrəsi);
j) müraciət edən xarici dövlətin öz məqsədlərinə nail olmaq üçün təhlükə yaratmaq riski olmadan, sorğu edilən məlumatı əldə etmək üçün istifadə edə biləcəyi adi məlumat mənbələrini tükəndirdiyi barədə bəyanat (inzibati yükün müraciət edən dövlətə münasibətdə qeyri-mütənasib xərclərə səbəb olduğu hallar istisna olmaqla);
k) vergi tələbi olduğu halda:
(i) vergi tələbinin mahiyyəti və komponentləri;
(ii) vergi tələbinin alına biləcəyi şəxslər barədə məlumatlar (soyadı, adı, ata adı, ünvanı, vergi ödəyicisinin identifikasiya nömrəsi və s.);
(iii) sorğu edilən səlahiyyətli orqanın dövlətinin ərazisində olduğu təqdirdə vergi tələbinin alına biləcəyi aktivlər barədə məlumatlar.
1. Tələb olunan verginin məbləği sorğu edilən tarixdə 1500 Avrodan (EUR) az olduğu halda səlahiyyətli orqan vergi tələblərinin alınmasına dair sorğu verməyəcək və ya yardım göstərməyəcəkdir.
2. Bu maddənin 1-ci bəndinin müddəalarından asılı olmayaraq, vergi tələbinin alınması üçün inzibati yükün müraciət edən səlahiyyətli orqanın vergi tələbinin məbləği ilə müqayisədə qeyri-mütənasib xərclərə səbəb olacağı halda, bu Anlaşma Memorandumu sorğu edilən səlahiyyətli orqanın üzərinə vergi tələbinin alınmasına yardım etməyə dair öhdəlik qoymur.
1. Sorğu daxil olduqdan sonra sorğu edilən səlahiyyətli orqan 30 gün müddətində sorğunun alınması və icraya qəbul edilməsi, yaxud səbəbləri göstərilməklə sorğunun icra edilməsindən imtina edilməsi barədə müraciət edən səlahiyyətli orqanı məlumatlandırmalıdır.
2. Sorğu qəbul edildiyi təqdirdə, o, hər hansı digər vergi məsələləri ilə müqayisədə üstünlük verilmədən həll olunmalıdır:
a) məlumat mübadiləsi haqqında sorğu - 90 gün ərzində;
b) vergi tələbinə dair sorğu - sorğu edilən səlahiyyətli orqanın daxili vergi tələblərinin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddət ərzində icra edilməlidir.
Sorğu edilən səlahiyyətli orqan vergi tələbinin alınması ilə bağlı sorğu əsasında onun tərəfindən aparılmış hər hansı hərtərəfli araşdırma barədə müraciət edən səlahiyyətli orqanı məlumatlandırmalıdır.
3. Sorğunun razılaşdırılmış müddətdə icra edilməsi mümkün olmadığı təqdirdə, sorğu edilən səlahiyyətli orqan həmin müddətin sonunda əldə edilmiş məlumatları (və ya vergi tələbləri ilə bağlı görülmüş tədbirlərə dair məlumatı) və sorğunun icra müddətinin uzadılmasının səbəbləri barədə məlumatı müraciət edən səlahiyyətli orqana təqdim etməlidir.
1. Zəruri olduqda səlahiyyətli orqanlar bu Anlaşma Memorandumundan irəli gələn öhdəliklərin yerinə yetirilməsi yolları ilə bağlı müzakirələr aparırlar.
2. Bu Anlaşma Memorandumunun məqsədləri üçün təcili hallarda məlumat sonradan rəsmi məktubla elektron rabitə vasitələrindən istifadə etməklə təqdim oluna bilər. Səlahiyyətli orqanlar şifrədən istifadə etməklə məlumatın aktual ötürülməsini (xüsusi, spontan və avtomatik) elektron formada təmin edə bilərlər. Qeyd olunan üsul səlahiyyətli orqan üçün mümkün olmadığı təqdirdə, məlumat kağız formatında təqdim edilməlidir.
3. Bu Anlaşma Memorandumu üzrə bütün yazışmalar ingilis dilində aparılmalıdır.
4. Sorğunun cavablandırılması üçün əlavə edilən sənədlərin ingilis dilində təqdim edilməsi mümkün olmadıqda, həmin sənədlər öz orijinal dillərində təqdim edilməlidir.
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı səlahiyyətli orqanlar arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həli edilməlidir.
Səlahiyyətli orqanların qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna dəyişikliklər edilə bilər. Belə dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olmaqla ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 24-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Səlahiyyətli nümayəndələr mübadilə olunan məlumatları Konvensiyanın 27-ci maddəsi və Çoxtərəfli Konvensiyanın 22-ci maddəsinin müddəalarına uyğun olaraq açıqlamağa və ondan istifadə etməyə razılıq verirlər.
1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların tamamlanması barədə Azərbaycan tərəfinin diplomatik kanallar vasitəsilə Latviya tərəfinə göndərdiyi yazılı bildirişin tarixindən qüvvəyə minir.
2. Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır. Səlahiyyətli orqanlardan hər hansı biri istənilən vaxt digər səlahiyyətli orqana bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı formada bildiriş verə bilər. Belə bildirişin verildiyi tarixdən altı ay sonra Anlaşma Memorandumu ləğv olunur.
Bakı şəhərində 2025-ci il 16 yanvar tarixində, hər biri Azərbaycan, latış və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.