“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 24 noyabr 2022-ci il
1.1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası” (bundan sonra – Qayda) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır və işğaldan azad edilmiş ərazilərdə torpaqların (bundan sonra – torpaqların) kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş prosedurlarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaq sahələrinin icarəyə verilməsi barədə qərar və müqavilələrdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası, kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibi, o cümlədən kənd təsərrüfatı yeri, kadastr, yerquruluşu və torpaq tədqiqatı, kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumatlar qeyd olunmalıdır.
2.1. Torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə, o cümlədən kənd təsərrüfatı yerinə aid edilməsi müvəqqəti olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) vəsatəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
Nazirlik tərəfindən təqdim edilmiş vəsatətdə kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, planlaşdırılan konkret istifadə istiqamətləri, məqsədli təyinatı, kənd təsərrüfatı təyinatlı torpaqların tərkibi, o cümlədən kateqoriya daxilində torpaqların müəyyən edilməsi təklif olunan yeri, dövlət torpaq kadastrında bu barədə məlumatlar olduqda torpaqların aid olduğu kateqoriya, torpaqların sahə ölçüsü, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması qeyd edilir.
2.2. Bu vəsatətə aşağıdakı sənədlər əlavə edilir:
2.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamının layihəsi;
2.2.2. bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq torpağın kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə, o cümlədən kənd təsərrüfatı yerinə aid edilməsi ilə bağlı Nazirlik tərəfindən hazırlanmış arayış-əsaslandırma;
2.2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən müvafiq miqyasda kağız üzərində və elektron daşıyıcıda tərtib olunmuş yerquruluşu planı. Yerquruluşu planı Nazirliyin sifarişi əsasında dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırlanır;
2.2.4. Nazirliyin müraciəti əsasında işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, habelə mənafeyinə toxunulan aidiyyəti dövlət orqanlarının (qurumlarının) və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəyləri (əsli).
2.3. Torpağın kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə, o cümlədən kənd təsərrüfatı yerinə aid edilməsi üçün aşağıdakılar əsas götürülür:
2.3.1. işğaldan azad edilənədək olan dövrdə torpaqdan istifadə vəziyyətinə dair dövlət torpaq kadastrından və daşınmaz əmlakın dövlət reyestrindən, ərazi planlaşdırılması və arxiv sənədlərindən, peyk və digər texniki vasitələrin köməyi ilə əldə edilmiş məlumatların təhlili;
2.3.2. torpağın kəmiyyət və keyfiyyət göstəriciləri, müvafiq analiz nəticələri, təbii-coğrafi şəraiti, o cümlədən təbii və antropogen landşaft xüsusiyyətləri, onların sabitliyi kənd təsərrüfatı ehtiyacları üçün yararlı olduğunu göstərirsə.
2.4. Ekzogen geoloji proseslərə (sürüşmə, sel, aşınma, uçqun, tökülmə, eroziya, abraziya, deflyasiya, eol, bataqlaşma, yarğan və s.) məruz qalmış torpaq sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, kənd təsərrüfatı fəaliyyəti üçün istifadəsinə icazə verildikdə həmin torpaqlar kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilir.
2.5. Mina və digər partlayıcı sursatlar, döyüş texnikaları ilə, habelə radioaktiv, kimyəvi çirklənməyə məruz qalmış, əhalinin həyatına və sağlamlığına təhlükə yarada bilən, həmçinin məhsul istehsalı üçün sanitariya tələblərinə, müvafiq normalara, qaydalara və normativlərə cavab verməyən torpaq sahələri təmizləmə və rekultivasiya işləri aparılıb sağlamlaşdırıldıqdan sonra kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilir.
2.6. Azərbaycan Respublikasının Nazirlər Kabineti vəsatətə baxaraq, torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə, o cümlədən kənd təsərrüfatı yerinə aid edilməsinə dair müvafiq qərar qəbul edir.
2.7. Torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə, o cümlədən kənd təsərrüfatı yerinə aid edilməsi, habelə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq kənd təsərrüfatı yerlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3 (üç) iş günü müddətində dövlət torpaq kadastrının və daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarında zəruri dəyişikliklər edilərək Nazirliyə bu barədə 2 (iki) iş günü müddətində rəsmi qaydada məlumat verilir.
3.1. Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin bir-biri arasında məqsədli təyinatının dəyişdirilməsi üçün torpaqların icarəçisi Nazirliyə müraciət edir. Nazirlik 3 (üç) iş günü müddətində məqsədli təyinatın dəyişdirilməsinə razılıq verir və ya əsaslandırılmış qaydada imtina edir.
3.2. Nazirlik bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq torpaqların kənd təsərrüfatı yerlərinin dəyişdirilməsi ilə bağlı razılıq verdikdə dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişiklik edilməsi məqsədilə 2 (iki) iş günü müddətində Əmlak Məsələləri Dövlət Xidmətinə bildiriş göndərir.
3.3. Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində örüş, otlaq və biçənək kənd təsərrüfatı yerlərindən daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti nəzərə alınmaqla və heyvandarlığın inkişafına təsiri öyrənilməklə onların əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsi bu Qaydanın 2.1-ci, 2.3-cü və 2.6-cı bəndləri ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
3.4. Bu Qaydanın 3.3-cü bəndində qeyd olunan halda qaldırılmış vəsatətə aşağıdakı sənədlər əlavə edilir:
3.4.1. bu Qaydanın 2.2.1-ci, 2.2.3-cü və 2.2.4-cü yarımbəndlərində sadalanan sənədlər;
3.4.2. torpaqlardan daha səmərəli istifadənin təmin edilməsinə dair iqtisadi əsaslandırma.
4.1. Torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə, o cümlədən kənd təsərrüfatı yerinə aid edilməsi və dəyişdirilməsi barədə vəsatətlərə baxılmasından aşağıdakı hallarda imtina edilir:
4.1.1. vəsatət bu Qaydanın tələblərinə uyğun olmayan subyektlər tərəfindən qaldırıldıqda;
4.1.2. torpaq sahəsinin kateqoriyaya, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə, o cümlədən kənd təsərrüfatı yerinə aid edilməsi və dəyişdirilməsi qanunla qadağan edildikdə;
4.1.3. torpaq sahəsinin kateqoriyaya, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə, o cümlədən kənd təsərrüfatı yerinə aid edilməsi və dəyişdirilməsi ərazi planlaşdırılması sənədlərinə, ərazi üzrə mövcud və layihələndirilmiş mühəndis-kommunikasiya təminatı sistemlərinə uyğun olmadıqda;
4.1.4. əlavə olunan sənədlər bu Qaydanın 2.2-ci və ya 3.4-cü bəndlərinin tələblərinə cavab vermədikdə;
4.1.5. vəsatətin təmin edilməsi respublikanın makroiqtisadi inkişafının perspektivliyi baxımından məqsədəuyğun hesab edilmədikdə.
5.1. Torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə, o cümlədən kənd təsərrüfatı yerinə aid edilməsi və dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarın surəti 2 (iki) iş günü müddətində Nazirliyə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, rəyi alınmış aidiyyəti dövlət orqanlarına (qurumlarına) və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, torpağın icarəçisinə göndərilir.
1. 5 mart 2025-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 mart 2025-ci il, “Xalq” qəzeti, 12 mart 2025-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 3, maddə 271)
2. 13 mart 2026-cı il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 14 mart 2026-cı il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 281)