“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanının 3.1.9-cu yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 3.1.2-ci, 3.1.12-ci və 4.5.14-cü yarımbəndlərinə əsasən Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti
1. “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin müqabilində öhdəlik daşıyan şəxslərin, auditor xidməti göstərən şəxslərin, dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin geriyə məlumatlandırılmasına dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri
1.1. “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin müqabilində öhdəlik daşıyan şəxslərin, auditor xidməti göstərən şəxslərin, dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin geriyə məlumatlandırılmasına dair Qaydalar” (bundan sonra - Qaydalar) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 19.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar Qanunda nəzərdə tutulmuş məlumat və sənədlərin öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə (bundan sonra – Maliyyə Monitorinqi Xidməti) təqdim edilməsi müqabilində onların geriyə məlumatlandırılması prosedurunu müəyyən edir.
1.3. Geriyə məlumatlandırma Qanunun 4.14-cü və 11.1-11.3-cü maddələrinə uyğun olaraq Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmiş məlumat və sənədlər əsasında həyata keçirilir.
2.1. Geriyəməlumatlandırma Qanunla müəyyən edilmiş qaydada Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmiş məlumat və sənədlər üzrə görülən tədbirlərin nəticəsinin izlənilməsi, keyfiyyətə nəzarət edilməsi və statistik məlumatların toplanması məqsədilə həyata keçirilir və aşağıdakılara xidmət edir:
2.1.1. təqdim edilmiş monitorinq olunmalı əməliyyatlarda uyğunsuzluqların aşkar edilməsi, ümumiləşdirilməsi və öhdəlik daşıyan şəxslərin, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin təlimatlandırılması ilə Maliyyə Monitorinqi Xidmətinə təqdim olunan məlumat və sənədlərin keyfiyyətinin artırılmasına;
2.1.2. öhdəlik daşıyan şəxslər, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən əməliyyatların təhlili effektivliyinin artırılmasına;
2.1.3. öhdəlik daşıyan şəxslərin, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin müştərilərinə münasibətdə risk əsaslı yanaşmanın tətbiqinin gücləndirilməsinə;
2.1.4. öhdəlik daşıyan şəxslər, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən monitorinq olunmalı əməliyyatlar üzərində nəzarətin gücləndirilməsinə;
2.1.5. Maliyyə Monitorinqi Xidməti ilə nəzarət orqanları, öhdəlik daşıyan şəxslər, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə.
3.1. Öhdəlik daşıyan şəxslər, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər aşağıdakılar barədə geriyə məlumatlandırılır:
3.1.1. məlumat və sənədlərin araşdırıldığı və qəbul edildiyi barədə;
3.1.2. məlumat və sənədlərin keyfiyyətinə və istifadəyə yararlılığına dair.
3.2. Öhdəlik daşıyan şəxslər, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin üsul və metodları (tipologiyalar), maarifləndirici bülletenlər, videomaterialların və digər metodiki vəsaitlərin Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilməsi, habelə təlim və seminarların təşkili yolu ilə müntəzəm qaydada məlumatlandırılır.
4.1.Bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, geriyə məlumatlandırma Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi vasitəsilə aşağıdakı müddətlərdə həyata keçirilir:
4.1.1. təqdim edilmiş məlumat və sənədlərin araşdırıldığı və qəbul edildiyi barədə geriyə məlumatlandırma – real vaxt rejimində;
4.1.2. məlumat və sənədlərin keyfiyyəti və istifadəyə yararlılığı barədə geriyə məlumatlandırma – 6 ayda bir dəfə.
4.2. Dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə geriyə məlumatlandırma kağız daşıyıcıda bu Qaydanın 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş müddətlərdə həyata keçirilir.
5.1. Öhdəlik daşıyan şəxslər, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən Qanunun 11.2-ci maddəsi əsasında təqdim edilən məlumat və sənədlərin istifadəyə yararlılığı və keyfiyyəti Qaydalara Əlavədə qeyd olunmuş meyarlara uyğun olaraq qiymətləndirilir.
5.2. Qanunun 11.2-ci maddəsi üzrə təqdim edilmiş və Maliyyə Monitorinqi Xidməti tərəfindən əlavə araşdırma aparılmadan inzibati orqanlara göndərilmiş məlumat və sənədlərin istifadəyə yararlılığı və keyfiyyəti qiymətləndirilmir.
5.3. Qanunun 4.14-cü, 11.1-ci və 11.3-cü maddələri üzrə təqdim edilmiş məlumat və sənədlərin keyfiyyəti və istifadəyə yararlılığı məlumat və sənədlərin tam və düzgün təqdim edilməsi ilə qiymətləndirilir.
Maliyyə Monitorinqi Xidməti geriyə məlumatlandırmanın nəticələri və Qanunun 11.2-ci maddəsi üzrə monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin ölkə səviyyəsində mövcud olan risklərə uyğunluğu barədə nəzarət orqanını 6 ayda bir dəfə məlumatlandırır.
ƏL/TM və ya predikativ cinayətlə əlaqənin əsaslandırılması
Daxili məlumat bazası əsasında tam təhlilin aparılması
Müştəridən əlavə məlumat və sənədlərin əldə olunması, müştəri ilə əks əlaqənin qurulması
Təhlil hesabatında istinad olunan məlumatların düzgün olması
Açıq mənbə məlumatlarının təhlil olunması
İstinad olunan məlumatlara dair sənəd və materialların təqdim edilməsi
Müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi
Məlumatın vaxtında təqdim edilməsi
1. 21 aprel 2026-cı il tarixli 3-21-28/3-6-8/2026 nömrəli Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202604218368, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 iyul 2026-cı il)