Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 46

Maddə 46. Nəzarət subyektləri ilə münasibətlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

46.1. Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, kraudfandinq platformalarının operatorları, investisiya fondları, investisiya fondunun idarəçiləri, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorları, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirir.

46.2. Mərkəzi Bank tənzimləmə və nəzarət tədbirlərini həyata keçirərkən bu Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında", “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Kraudfandinq haqqında”, “İnvestisiya fondları haqqında”, “Valyuta tənzimi haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Poçt haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında”, “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarını, habelə maliyyə bazarlarını tənzimləyən digər qanunları (bundan sonra - maliyyə bazarlarını tənzimləyən qanunlar) və bu sahələrdə qabaqcıl beynəlxalq prinsip və standartları rəhbər tutur.

46.3. Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla əhatə olunan sahələr, habelə istehlakçıların və investorların hüquqlarının qorunmasından irəli gələn hallar istisna olmaqla, nəzarət subyektlərinin cari fəaliyyətinə qarışmır.

46.4. Nəzarət subyektləri Mərkəzi Bankın öhdəlikləri üçün, Mərkəzi Bank isə nəzarət subyektlərinin öhdəlikləri üçün məsuliyyət daşımır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver