53.1. Nəzarət subyektinə planlı yoxlamanın başlanmasına azı 7 (yeddi) iş günü qalmış, plandankənar yoxlama zamanı isə azı 2 (iki) iş günü qalmış yazılı bildiriş təqdim edilir. Bildirişdə yoxlama barədə qərara müvafiq olaraq yoxlamanın başlanma tarixi, növü, əhatə dairəsi, habelə yoxlamanın dövrü və müddəti qeyd edilir.
53.2. Bu Qanunun 52.4.1.1 – 52.4.1.3-cü, 52.4.2-ci, 52.4.3-cü, 52.4.5-ci, 52.4.6-cı və 52.4.8-ci maddələrində nəzərdə tutulmuş hallarda nəzarət subyektində əvvəlcədən məlumatlandırmadan yoxlama aparıla bilər.
53.3. Yoxlama bu barədə qərar təqdim edilməklə həyata keçirilir. Nəzarət subyekti yoxlayıcının işinin təmin edilməsi üçün şərait yaradır, o cümlədən ayrıca yer ayırır və yoxlayıcını lazımi texniki avadanlıqlarla (kommunikasiya vasitələri, surətçıxarma aparatları, çap avadanlıqları və s.) təmin edir.
53.4. Yoxlamanın nəticələri yoxlama başa çatdıqdan sonra 30 (otuz) təqvim günü ərzində iki nüsxədə (yoxlama məhkəmənin qərarı əsasında aparıldıqda, üç nüsxədə) tərtib olunan yoxlama haqqında hesabatla rəsmiləşdirilir. Yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Yoxlama haqqında hesabatın bir nüsxəsi hazırlandığı gündən 3 (üç) iş günü ərzində nəzarət subyektinə təqdim olunur və ya elektron üsulla, yaxud alınmasını təsdiq edən poçt vasitəsilə nəzarət subyektinə göndərilir.
53.5. Nəzarət subyektinin səlahiyyətli şəxsi yoxlama haqqında hesabatı aldığı gündən 7 (yeddi) iş günü ərzində onu imzalayaraq Mərkəzi Banka təqdim edir. Yoxlama hesabatı bu müddət ərzində təqdim edilmədikdə, Mərkəzi Bank özündə olan yoxlama hesabatına müvafiq qeyd əlavə edir. Nəzarət subyektinin yoxlama hesabatına dair izahatı (etirazı) olduqda nəzarət subyektinin səlahiyyətli şəxsi yoxlama hesabatını imzalayır və öz izahatını (etirazını) hesabata əlavə edir. Nəzarət subyektinin verdiyi izahat (etiraz) əsaslı hesab edildikdə yoxlama qrupu yoxlama haqqında hesabatda müvafiq dəyişiklik edir.
53.6. Mərkəzi Bank yoxlamanın nəticələri ilə bağlı yekun qərarını bu Qanunun 53.5-ci maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra 30 (otuz) təqvim günü müddətində qəbul edir və bu barədə nəzarət subyektinə yazılı məlumat göndərir.
53.7. Yoxlama haqqında hesabatın forması və məzmunu Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
53.8. Yoxlamanın nəticələri üzrə şikayətin verilməsi ilə əlaqədar məhkəməyə açıqlanması halları istisna olmaqla nəzarət subyekti yoxlama haqqında hesabatı Mərkəzi Bankın razılığı olmadan açıqlaya bilməz.
53.9. Nəzarət subyekti yoxlamanın nəticələri üzrə Mərkəzi Bankın qəbul etdiyi qərardan məhkəməyə şikayət verə bilər. Qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.