53-3.1. Əsaslandırılmış mülahizə maliyyə bazarlarını tənzimləyən qanunlara müvafiq olaraq nəzarət üzrə səlahiyyətlərin həyata keçirilməsi zamanı aşkar olunan faktların, mənbəyi məlum olan məlumatların araşdırılması və qiymətləndirilməsi əsasında Mərkəzi Bankın peşəkar və obyektiv olaraq gəldiyi fikirdir. Əsaslandırılmış mülahizə lisenziya və icazələrin verilməsi, təsir və digər nəzarət tədbirlərinin tətbiqi ilə bağlı qərarların qəbul edilməsi əsası kimi çıxış edə bilər.
53-3.2. Aşağıdakı hallarda Mərkəzi Bank əsaslandırılmış mülahizədən bu Qanunun 53-3.3–53-3.6-cı maddələrində nəzərdə tutulmuş qaydada istifadə edir:
53-3.2.1. nəzarət subyektlərinin nəzarət və icra orqanları üzvlərinin, habelə maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda digər şəxslərin məqbul və lazımi keyfiyyətlərə malik olmasının, o cümlədən işgüzar nüfuzunun qiymətləndirilməsi;
53-3.2.2. nəzarət subyektinə aidiyyəti olan şəxslərin müəyyənləşdirilməsi və (və ya) onlarla güzəştli şərtlərlə əməliyyatların aparılması;
53-3.2.3. şəxslərin bir-biri ilə əlaqədar borcalanlar qrupuna aid edilməsi.
53-3.3. Əsaslandırılmış mülahizə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən yaradılan kollegial orqan tərəfindən formalaşdırılır. Əsaslandırılmış mülahizənin formalaşdırılması prosesinə ekspert və mütəxəssislər cəlb edilə bilər.
53-3.4. Əsaslandırılmış mülahizə barədə nəzarət subyektinə yazılı məlumat verilir və məlumatda mülahizəyə əsas verən hallar ətraflı açıqlanır. Məlumat nəzarət subyektinə təqdim olunur və ya elektron üsulla, yaxud alınmasını təsdiq edən poçt vasitəsilə göndərilir.
53-3.5. Əsaslandırılmış mülahizə barədə məlumatı almış nəzarət subyekti 7 (yeddi) iş günü ərzində əsaslandırılmış mülahizəyə münasibət bildirmədikdə mülahizə ilə razı olduğu hesab edilir. Əsaslandırılmış mülahizə ilə razı olmadıqda nəzarət subyekti həmin müddətdə əsaslandırılmış izahatını yazılı surətdə Mərkəzi Banka təqdim edir.
53-3.6. Əsaslandırılmış mülahizə ilə razı olmayan nəzarət subyektinin izahatına baxılır və izahat kollegial orqan tərəfindən əsaslı hesab edilmədikdə məsələ baxılması üçün Mərkəzi Bankın İdarə Heyətinin müzakirəsinə çıxarılır.
53-3.7. Əsaslandırılmış mülahizə əsasında Mərkəzi Bankın qəbul etdiyi qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər. Qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.