53-5.1. Nəzarət subyektləri ilə qarşılıqlı fəaliyyət məqsədilə Mərkəzi Bank nəzarət subyektlərinin, onların ictimai birliklərinin (assosiasiyalarının) nümayəndələrini cəlb etməklə maliyyə bazarlarının mühüm məsələləri barəsində məsləhətləşmələr apara, təkliflər hazırlamaq üçün ictimai əsaslarla fəaliyyət göstərən şuralar, qruplar yarada bilər.
53-5.2. Mərkəzi Bank müstəqil şəkildə həm öz təşəbbüsü, həm də sorğu əsasında xarici ölkələrin maliyyə bazarlarına nəzarət orqanları, rezolyusiya orqanları, böhran idarəçiliyini həyata keçirən orqanları, makroprudensial nəzarət orqanları, o cümlədən beynəlxalq təşkilatlarla dövlətin və hökumətin adından öhdəlik götürmədən ikitərəfli və çoxtərəfli müqavilələr (saziş, anlaşma memorandumu və s.) imzalamaqla nəzarət subyektləri üzərində tənzimləmə və nəzarət funksiyalarının effektiv surətdə həyata keçirilməsi, habelə səlahiyyətlərinə aid edilən digər məsələlər üzrə əməkdaşlıq edir.
53-5.3. Mərkəzi Bank nəzarət sahəsində qarşılıqlı əməkdaşlıq haqqında müqavilələrə müvafiq olaraq konfidensial məlumatları, o cümlədən bank, kommersiya və sığorta sirri təşkil edən məlumatları mübadilə edə bilər, bu şərtlə ki, qarşı tərəf müvafiq məlumatların məxfiliyini təmin etsin və yalnız nəzarət məqsədləri üçün istifadə etsin.
53-5.4. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq, sənəd və məlumat mübadiləsi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.