Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü, 38.2-ci və 22.0.17-ci maddələrinə əsasən
1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2004-cü il 18 noyabr tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30 noyabr 2004-cü il tarixli, 3098 nömrəli şəhadətnamə verilməklə qeydiyyata alınmış “Azərbaycan Respublikasında xatirə sikkələrinin tədavülə buraxılması Qaydaları” və 2010-cu il 15 aprel tarixli, 09 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 06 may 2010-cu il tarixli, 3790 nömrəli şəhadətnamə verilməklə qeydiyyata alınmış “2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının bəzi normativ xarakterli aktlarına dəyişikliklər”in 3-cü hissəsi ləğv edilsin.
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
1.1. Bu Qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü və 38.2-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən tədavülə buraxılan investisiya, yubiley və xatirə pul nişanlarının satışı və geri alınması qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasında investisiya, yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması hüququ müstəsna olaraq Mərkəzi Banka məxsusdur.
1.3. İnvestisiya, yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının qanuni ödəniş vasitəsidir və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən respublikanın bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir.
1.4. İnvestisiya, yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması, onların nominalı, bədii və texniki göstəriciləri, habelə gündəlik satış qiymətləri barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.
1.5. Bu Qaydada xüsusi olaraq fərqləndirilmədikdə yubiley və xatirə pul nişanlarına, o cümlədən həmin pul nişanlarının satış sisteminə dair müddəalar investisiya pul nişanlarına da şamil edilir.
2.0. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. yubiley və xatirə pul nişanı – ölkənin tarixini, incəsənətini, dövlətçilik ənənələrini, görkəmli şəxsiyyətlərini, ictimai, siyasi və digər əlamətdar hadisələrini, ölkənin flora və faunasını və sair mövzuları tərənnüm edən, qiymətli və digər metallardan müəyyən limit çərçivəsində hazırlanan və Mərkəzi Bank tərəfindən qablaşdırma vahidində tədavülə buraxılan pul nişanı;
2.0.1-1. investisiya pul nişanı – qiymətli metallardan hazırlanan və Mərkəzi Bank tərəfindən qablaşdırma vahidində tədavülə buraxılan pul nişanı;
2.0.2. Elektron Xidmətlər Portalı – Mərkəzi Bank tərəfindən həyata keçirilən elektron xidmətlərin mərkəzi informasiya sistemi;
2.0.3. Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi – Mərkəzi Bankın yubiley və xatirə pul nişanlarının real vaxt rejimində satışı üzrə informasiya sistemi;
2.0.4. CMS – Mərkəzi Bankda nağd pul və qiymətlilərlə əməliyyatların qeydiyyatını aparan, habelə bu əməliyyatlarla bağlı məlumatları və hesabatlığı təmin edən Nağd Pulun İdarəetmə Sistemi.
2.0.5. satış agenti – yubiley və xatirə pul nişanlarının satışının həyata keçirilməsi məqsədilə Mərkəzi Bankın müəyyən etdiyi şərtlərə uyğun olaraq Mərkəzi Bankla müqavilə bağlamış bank və ya digər hüquqi şəxs;
2.0.6. blister kart – yubiley və xatirə pul nişanı yerləşdirilən xüsusi karton lövhəcikdən ibarət qablaşdırma vahidi;
2.0.7. kapsul – yubiley və xatirə pul nişanı yerləşdirilən şəffaf qablaşdırma vahidi.
3.1. Yubiley və xatirə pul nişanları Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə tədavülə buraxılır. Qiymətli metaldan hazırlanan yubiley və xatirə pul nişanı həqiqilik sertifikatına malik olur (blister kartda və ya yalnız kapsulda qablaşdırılmış pul nişanları istisna olmaqla). Sertifikatda pul nişanının texniki göstəricilərinə dair məlumatlar əks olunur.
3.2. Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişanlarının buraxılış miqdarından və Mərkəzi Bankın ehtiyatlarında saxlanılan sayından asılı olaraq satış limiti müəyyən edildikdə bu barədə məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində və (və ya) “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə yerləşdirilir.
3.3. Yubiley və xatirə pul nişanlarının satış qiyməti Mərkəzi Bankın İdarə Heyəti tərəfindən istehsal xərcləri, qiymətli metalların bazar qiyməti və digər xərclər (daşınma, sığorta və s.) nəzərə alınmaqla müəyyən edilir. Mərkəzi Bank yubiley və xatirə pul nişanlarının satışını birbaşa və (və ya) satış agenti (agentləri) vasitəsilə həyata keçirir.
3.4. Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişanlarının satışı zamanı ödənişlər nağdsız qaydada həyata keçirilir.
3.5. Banklara və poçt rabitəsinin milli operatoruna Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişanlarının satışı CMS üzərindən sifariş əsasında və ya müqavilənin bağlanması yolu ilə, digər satış agentlərinə münasibətdə isə müqavilənin bağlanması yolu ilə həyata keçirilir.
3.5-1. Digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı Mərkəzi Bankla həmin hüquqi şəxslər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
3.6. Mərkəzi Bank tərəfindən fiziki şəxslərə (bundan sonra – Alıcı) yubiley və xatirə pul nişan(lar)ının satışı Mərkəzi Bankın “Elektron Xidmətlər Portalı”nda “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” vasitəsi ilə aşağıdakı qaydada həyata keçirilir:
3.6.1. “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə:
3.6.1.1. Alıcı və ya onun nümayəndəsi ilk dəfə sistemə daxil olduqda bu Qaydaya Əlavə 1-də göstərilən təlimata uyğun olaraq qeydiyyatdan keçib elektron kabinet yaradır və sistemdəki hesabına daxil olur;
3.6.1.2. sistemə təkrar giriş zamanı Alıcı və ya onun nümayəndəsi elektron kabinet vasitəsi ilə sistemdəki hesabına daxil olur;
3.6.2. Alıcı və ya onun nümayəndəsi bu Qaydaya Əlavə 1-də göstərilən təlimata uyğun olaraq “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə almaq istədiyi yubiley və xatirə pul nişan(lar)ını seçir və həmin pul nişan(lar)ının təhvil alınacağı vaxtı, habelə satış məntəqəsini (satış agenti və ya Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi) müəyyən edir;
3.6.3. Alıcı və ya onun nümayəndəsi yubiley və xatirə pul nişan(lar)ının bu Qayda ilə müəyyən edilmiş satış şərtlərinə razılıq verdikdən sonra “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə bank hesabından ödənişi həyata keçirir;
3.6.4. Alıcı və ya onun nümayəndəsi yubiley və xatirə pul nişan(lar)ını sistemdə seçdiyi vaxtda müvafiq satış məntəqəsindən əldə edir;
3.6.5. Alıcı və ya onun nümayəndəsi yubiley və xatirə pul nişan(lar)ını əldə etmək üçün şəxsiyyətini (nümayəndə həmçinin səlahiyyətini) təsdiq edən sənəd(lər)i müvafiq satış məntəqəsinin xəzinədarına təqdim edir. Sənəd(lər)də uyğunsuzluq aşkarlandıqda bu barədə Alıcı və ya onun nümayəndəsinə dərhal məlumat verilir və uyğunsuzluq aradan qaldırılanadək yubiley və xatirə pul nişan(lar)ı təqdim edilmir;
3.6.6. təqdim edilmiş sənəd(lər)də uyğunsuzluq olmadıqda xəzinədar 2 (iki) nüsxədə təhvil-təslim aktını (Əlavə 2) tərtib edir. Akt xəzinədar, Alıcı və ya onun nümayəndəsi tərəfindən imzalanır. Aktın bir nüsxəsi yubiley və xatirə pul nişan(lar)ı ilə birlikdə Alıcıya və ya onun nümayəndəsinə təqdim edilir, digər nüsxəsi isə şəxsiyyəti təsdiq edən sənədin surəti (pul nişanı nümayəndəyə təqdim edildikdə, həmçinin nümayəndənin səlahiyyətini təsdiq edən sənəd) ilə birlikdə müvafiq satış məntəqəsində saxlanılır.
3.7. Onlayn satın alınmış yubiley və xatirə pul nişan(lar)ı sistemdə seçilən vaxtda müvafiq satış məntəqəsindən əldə edilmədikdə Mərkəzi Bank tərəfindən Alıcı və ya onun nümayəndəsi ilə əlaqə yaradılır və razılaşdırılmış yeni vaxt müəyyən edilir. Alıcı və ya onun nümayəndəsi həmin vaxtda da yubiley və xatirə pul nişan(lar)ını müvafiq satış məntəqəsindən təhvil almadıqda sifariş ləğv edilir. Bu halda, ödənilmiş məbləğ Alıcı tərəfindən Elektron Xidmətlər Portalının elektron müraciət sistemində göstərilmiş bank rekvizitləri əsasında 3 (üç) iş günü ərzində Mərkəzi Bank tərəfindən Alıcının bank hesabına geri qaytarılır.
3.9. Yubiley və xatirə pul nişan(lar)ını təhvil alan şəxs pul nişanlarını bilavasitə satış məntəqəsindən ayrılmadan yoxlamalıdır. Yoxlama zamanı hər hansı qüsur aşkar edildikdə həmin pul nişan(lar)ının dəyişdirilməsi tələb edilə bilər.
4.1. Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanları dizayn görünüşünü itirmədikdə, səthi, qablaşdırma vahidi və sertifikatı (mövcud olduqda) zədələnmədikdə, eləcədə çəkisi və metal tərkibini tam saxladıqda yubiley və xatirə pul nişanları nominal dəyəri ilə, bu tələblərə cavab verən investisiya pul nişanları isə Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi və Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirdiyi qiymətlərlə satış agentləri tərəfindən geri alınır. Bu zaman pul nişanının ekspertizası onu təqdim edən şəxsin (və ya onun nümayəndəsinin) birbaşa iştirakı ilə aparılır və dəyəri həmin gün “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla nağd və ya nağdsız qaydada həmin şəxsə ödənilir. İnvestisiya pul nişanının geri alış qiyməti pul nişanının nominal dəyərindən aşağı olduqda, təhvil verən şəxsə həmin pul nişanının nominal dəyəri ödənilir.
4.2. Geri alınması üçün təqdim olunan pul nişanının ilkin ekspertizası zamanı onun həqiqiliyinə şübhə yarandıqda müvafiq pul nişanı onu təqdim edən şəxsin razılığı və birbaşa iştirakı ilə qablaşdırılır və bu Qaydaya Əlavə 5-də göstərilmiş ərizə əsasında satış agenti tərəfindən Mərkəzi Banka göndərilir. Ərizə 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrdən biri Mərkəzi Bankda, digəri satış agentində, üçüncüsü isə pul nişanını təqdim edən şəxsdə saxlanılır. Təqdim olunmuş pul nişanının ekspertizası Mərkəzi Bank tərəfindən 10 (on) iş günü ərzində aparılır. Ekspertiza nəticəsində pul nişanının həqiqiliyi təsdiq edildiyi halda, yubiley və xatirə pul nişanları üzrə onun nominal dəyəri, investisiya pul nişanları üzrə isə agent banka təhvil verildiyi tarixə Mərkəzi Bankın rəsmi internet səhifəsində müəyyən edilmiş geri alış qiyməti 3 (üç) iş günü müddətində müvafiq şəxsin bank hesabına köçürülür. Mərkəzi Bank tərəfindən aparılmış ekspertiza zamanı pul nişanının həqiqiliyinə şübhə yarandıqda müvafiq pul nişanı Mərkəzi Bank tərəfindən bu Qaydaya Əlavə 5-də əvvəlcədən razılıq alınmaqla istehsalçı şirkətə ekspertizaya göndərilir.
4.3. İstehsalçı şirkət tərəfindən aparılan ekspertizanın nəticəsindən asılı olaraq aşağıdakı tədbirlər görülür:
4.3.1. ekspertiza nəticəsində pul nişanının həqiqiliyi təsdiqlənərsə, Mərkəzi Bank 3 (üç) iş günü ərzində pul nişanının bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş dəyərini şəxsin bank hesabına köçürür;
4.3.2. ekspertiza nəticəsində pul nişanının həqiqi olmadığı müəyyən edilərsə, müvafiq ekspertiza rəyinin surəti pul nişanını təqdim edən şəxsə göndərilir, pul nişanının dəyəri ödənilmir və müvafiq pul nişanı ekspertiza rəyi və pul nişanını təqdim edən şəxs barədə məlumatla birlikdə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün 5 (beş) iş günü müddətində hüquq mühafizə orqanına göndərilir.
4.4. Satış agenti tərəfindən investisiya pul nişanlarının geri alışı şərtləri Mərkəzi Bankla satış agenti arasında imzalanmış ikitərəfli müqavilə ilə müəyyən edilir. Mərkəzi Bankla satış agenti arasında müqaviləyə xitam verildikdə investisiya pul nişanlarının geri alışı Mərkəzi Bank tərəfindən bu Qaydaya uyğun olaraq həyata keçirilir.
4.5. Mərkəzi Bank tərəfindən investisiya pul nişanlarının bank olan satış agentindən geri alışı CMS üzərindən aparılır.
1. Alıcı, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan şəxs və ya onun nümayəndəsi (bundan sonra – Alıcı) Mərkəzi Bankın “Elektron Xidmətlər Portal”ı vasitəsi ilə “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçir və elektron kabinet yaradır.
2. Elektron kabinet yaradıldıqdan sonra Alıcı “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi”ndəki hesabına daxil olur.
3. Satın alınması nəzərdə tutulan yubiley və xatirə pul nişanı seçilir və “Səbətə at” düyməsi sıxılır.
4. “Alış-verişə davam et” düyməsi sıxılmaqla alış üçün əlavə yubiley və xatirə pul nişanı seçilə, eləcə də “say” hissəsində alınacaq yubiley və xatirə pul nişanlarının sayı dəyişdirilə bilər. Yubiley və xatirə pul nişanlarının satış limiti müəyyən edildikdə, alınacaq pul nişanlarının sayı həmin limitlə məhdudlaşdırılır.
5. Seçilən yubiley və xatirə pul nişan(lar)ı səbətə atıldıqdan sonra “Sifarişə başla” düyməsi seçilir.
6. “Sifarişə başla” düyməsi seçildikdən sonra Alıcı haqqında məlumatlar ekranda göstərilir, eləcə də pul nişan(lar)ının təhvil alınması üçün “satış məntəqəsi”, “tarix” və “vaxt” seçimi imkanları yaranır.
7. Açılan pəncərədə əlaqə vasitələri (elektron poçt və telefon nömrəsi) üçün nəzərdə tutulan xanalarda Alıcının əlaqə nömrəsi və elektron poçt ünvanı qeyd edilir və yubiley və xatirə pul nişan(lar)ının təhvil alınması üçün satış məntəqəsi, eləcə də tarix və vaxt seçilir.
8. “Növbəti” düyməsi sıxılır, açılan pəncərədə Alıcı haqqında, seçilmiş yubiley və xatirə pul nişan(lar)ı, satış məntəqəsi, tarix və vaxt, eləcə də ödəniləcək satış məbləği haqqında məlumatlar və “satış şərtləri” xanası ekranda göstərilir.
9. Alıcı “satış şərtləri” düyməsini sıxmaqla bu şərtlərlə tanış olur və “razıyam” düyməsini sıxmaqla alış prosesinə davam edir. Bu zaman Alıcı Mərkəzi Bank tərəfindən yubiley və xatirə pul nişan(lar)ının onlayn satışı ilə bağlı müəyyən edilən şərtləri qəbul etmiş sayılır. “Geri” düyməsi seçildikdə alış prosesinin davam etməsi üçün “növbəti” düyməsi aktivləşmir.
10. “Növbəti” düyməsi seçilir və açılan “Sifarişin təsdiqi” pəncərəsində Alıcı alınacaq yubiley və xatirə pul nişan(lar)ı və onların qiymətləri haqqında məlumatlar və ödəniləcək məbləğ göstərilir.
11. Sifariş təsdiq edildikdən sonra ödənişin həyata keçirilməsi üçün “Ödəniş et” düyməsi seçilir, Alıcının ödəniş kartının və ya bank hesabının rekvizitlərinin məlumatları daxil edilir.
12. Ödəniş həyata keçdikdən sonra ödənişin qəbzi ekranda göstərilir. Alıcı qəbzi yadda saxlaya, çap edə və ya elektron poçt ünvanına göndərə bilər.
13. Ödəniş həyata keçdikdən sonra Alıcı haqqında, eləcə də satın alınmış yubiley və xatirə pul nişan(lar)ı, ödənilən məbləğ, pul nişan(lar)ının təhvil alınması üçün seçilmiş tarix, vaxt və ünvan haqqında məlumatlar Alıcının elektron poçt ünvanına göndərilir.
___________________________
“___”___________ 20___
(Aktın imzalandığı yer)
Alıcı (onun səlahiyyətli nümayəndəsi): _______________________________________
(soyadı, adı, atasının adı)
Yubiley və xatirə pul nişan(lar)ının onlayn satış tarixi:
“___” ___________ 20___
Təhvil verdim: _________________________________________________ ____________
(Təhvil verən şəxsin vəzifəsi, soyadı, adı və atasının adı) (imza)
Təhvil aldım: _________________________________________________ ____________
(Alıcının soyadı, adı və atasının adı) (imza)
Aşağıdakı pul nişanları Mərkəzi Banka ekspertizaya göndərilməsi üçün satış agentinə təqdim edilir.
Təhvil verilən pul nişanının adı
Mərkəzi Bank tərəfindən aparılmış ekspertiza zamanı pul nişanının həqiqiliyini müəyyən etmək mümkün olmadıqda müvafiq pul nişan(lar)ının Mərkəzi Bank tərəfindən istehsalçı şirkətə ekspertizaya göndərilməsinə etiraz etmirəm.
Pul nişanını təhvil verən şəxs barədə məlumatlar:
Soyadı, adı, atasının adı:_________________________________________________________
Şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi:____________________________________
Əlaqə vasitələri (ünvan, tel., e-poçt):_______________________________________________
Bank hesabı üzrə rekvizitləri:_____________________________________________________
Tarix: ______________
Pul nişanını təhvil alan satış agentinin nümayəndəsi:
Soyadı, adı, atasının adı, vəzifəsi:______________________ İmza: ________ Tarix:
Qeyd: pul nişanını təqdim edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və səlahiyyətini təsdiq edən sənəd) ərizəyə əlavə olunur.
1. 28 sentyabr 2022-ci il tarixli 43/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202209280431, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 oktyabr 2022-ci il)
2. 30 noyabr 2023-cü il tarixli 57/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202311300573, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 noyabr 2023-cü il)
3. 27 fevral 2026-cı il tarixli 08/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202602270081, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 mart 2026-cı il)