107-11.1. Səhmdarların sayı əllidən çox olan cəmiyyətlərdə maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün ümumi yığıncaqda təftiş komissiyası (müfəttiş) seçilir (təyin edilir). Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda səhmdarların sayı əllidən çox olmayan cəmiyyətlərdə də təftiş komissiyası (müfəttiş) seçilə (təyin edilə) bilər.
107-11.2. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
107-11.3. Cəmiyyətin təftiş komissiyasının üzvlüyünə (müfəttiş kimi) fiziki şəxslər seçilir. Təftiş komissiyasının üzvü (müfəttiş) cəmiyyətin səhmdarı, direktorlar şurasının (müşahidə şurasının) və cəmiyyətin icra orqanlarının üzvü ola bilməz.
107-11.4. Cəmiyyətin təftiş komissiyasının üzvlərinin (müfəttişin) səlahiyyət müddəti nizamnamə ilə üç ildən artıq olmayan müddətə müəyyən edilir.
107-11.5. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi cəmiyyətin təftiş komissiyasının (müfəttişin) təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə və ya cəmiyyətin səsli səhmlərinin on faizindən artıq hissəsinə malik olan səhmdarların və cəmiyyətin icra orqanın tələbi ilə həyata keçirilir.
107-11.6. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) tələbi ilə cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.";
16.2. "179.1. Daşınmaz əmlak mülkiyyət hüququ ilə hec kəsə mənsub olmadıqda və ya daşınmaz əmlakın mülkiyyətçisini müəyyən etmək mümkün olmadıqda, daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on beş il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti).".
17. Məcəllənin:
17.1.359.3-cü maddəsində ikinci cümlədə "kommersiya təmsilçiliyi halı "sözlərindən sonra "və qiymətli kağızlar bazarında brokerlik halı" sözləri əlavə edilsin;
17.2.401-ci maddəsi çıxarılsın, 408.2-ci maddəsində "təklifdə" sözündən sonra "(o cümlədən reklamda)" sözləri əlavə edilsin, 408.7-ci maddəsi çıxarılsın, 408.8-ci maddəsi 408.7-ci maddəsi hesab edilsin, 450.3-cü maddəsində "etmir" sözü "edir" sözü ilə əvəz edilsin;
17.3.455-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 455. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin öhdəliyin pozulması üçün məsuliyyətinin xüsusi əsasları
Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən öhdəliyi icra etməmiş və ya lazımınca icra etməmiş şəxs lazımınca icranın qarşıalınmaz qüvvənin, yəni həmin şəraitdə fövqəladə və qarşısı alına bilməyən halların nəticəsində qeyri-mümkün olduğunu sübuta yetirməsə, məsuluyyət daşıyır. Borclunun kontragentləri tərəfindən vəzifələrin pozulması, bazarda lazımi malların olmaması və ya borcluda zəruri pul vəsaitinin olmaması bu cür hallara aid deyildir.".
18. Məcəlləyə aşağıdakı redaksiyada 992-1-ci maddə əlavə edilsin:
"Maddə 992-1. Qiymətli kağızlar bazarı və qiymətli kağızlar bazarının iştirakçıları
992-1.1. Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur.
992-1.2. Qiymətli kağızlar bazarının iştirakçıları qiymətli kağızların emissiyasında, tədavülündə, ödənilməsində, sahibliyində, saxlanılmasında, qiymətli kağızlarla əməliyyatların aparılmasında subyekt və ya tərəf kimi çıxış edən şəxslər, habelə qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən dövlət və qeyri-kommersiya təşkilatları olan qiymətli kağızlar bazarının iştirakçılarının özünü tənzimləyən təşkilatlarıdır.
992-1.3. Emitent qiymətli kağızların emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən şəxs, müvafiq icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı və ya bələdiyyədir.
992-1.4. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət hüquqi və ya fiziki şəxslər tərəfindən qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətidir.
992-1.5. Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları qiymətli kağızlar bazarında xüsusi razılıq (lisenziya) əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxslərdir.
992-1.6. Qiymətli kağızların nominal saxlayıcısı hüquq sahibinin tapşırığı ilə və onun xeyrinə qiymətli kağız sahiblərinin reyestrində qeydə alınmış və bu qiymətli kağızların hüquqi mülkiyyətçisi olmayan şəxsdir.
992-1.7. Broker fəaliyyəti müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir.
992-1.8. Diler fəaliyyəti öz adından və öz hesabına əvvəlcədən kütləvi elan olunmuş alış və (və ya) satış qiymətləri ilə qiymətli kağızlar üzrə alqı -satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir. Kütləvi elan açıq elan formasında edilmiş təklifdir.
992-1.9. Qiymətli kağızların idarə olunması müştəriyə məxsus olub, peşəkar iştirakçının idarəçiliyinə verilmiş qiymətli kağızlar və ya pul vəsaitləri ilə müştərinin mənafeyi üçün və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün qiymətli kağızlar bazarında əməliyyatların aparılması üzrə peşəkar fəaliyyətdir.
992-1.10. Klirinq fəaliyyəti qiymətli kağızlarla əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (məlumatların toplanması, yoxlanması, üzləşdirilməsi, mühasibat sənədlərinin hazırlanması), hesablaşmaların aparılması və öhdəliklərin qarşılıqlı icrasının təmin edilməsi üzrə peşəkar fəaliyyətdir.
992-1.11. Depozitar fəaliyyəti qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyətdir.
992-1.12. Depozitar sistemi bir-biri ilə "depo" hesabları açmaq vasitəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən depozitarların vahid sistemidir.
992-1.13. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qiymətli kağızlar, onların emitenti, sahibləri, nominal saxlayıcıları barədə məlumatların toplanması, qeydə alınması, işlənməsi, saxlanması və təqdim edilməsi xidmətlərinin göstərilməsi üzrə peşəkar fəaliyyətdir.
992-1.14. Fond birjası qiymətli kağızlarla əqdlərin bağlanması üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, onlar haqqında lazımi məlumatın yayılması üzrə peşəkar fəaliyyətdir.
992-1.15. İnvestor qiymətli kağızları mülkiyyətinə əldə etmiş şəxsdir.
992-1.16. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının könüllülük, qeyri-kommersiya prinsipləri əsasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olan ictimai birliyidir.
992-1.17. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış, qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsidir. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya yol verilmir.".
19. Məcəllənin 996.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"996.1. Sənədsiz qiymətli kağız sahibini depozitarda depo hesabında olan yazı əsasında müəyyən etmək imkanı verən qiymətli kağız formasıdır.".
20. Məcəllənin 997-ci maddəsində:
20.1.997.1-ci maddədə "və qiymətli kağızlara dair qanunlar" sözləri ",depozit sertifikatı, ipoteka şəhadətnaməsi, opsion, fyuçers, girov kağızı, mənzil sertifikatı və bu Məcəllə" sözləri ilə əvəz edilsin.
20.2.997.2-ci maddəyə aşağıdakı redaksiyada ikinci və üçüncü cümlələr əlavə edilsin:
"İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. Qiymətli kağızların buraxılışı emitentin qiymətli kağızların bir növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli kağızlarının toplusudur.".
20.3. Aşağıdakı redaksiyada 997.5-997.9-cu maddələr əlavə edilsin: «997.5. Opsion və fyuçerslər törəmə qiymətli kağızlardır. Törəmə qiymətli kağızlar hər hansı aktivi (qiymətli kağız, valyuta, əmtəə, birja indeksi və s.) almaq və ya satmaq hüququnu təsbit edən qiymətli kağızlardır.
997.6.Qiymətli kağızın sertifikatının məcburi rekvizitləri və onun blankının hazırlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
997.7.Bu Məcəllənin və qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarının pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının mülki, inzibati və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyət daşıyırlar.
997.8.Qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması nəticəsində vurulmuş ziyan bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir.
997.9.Qiymətli kağızlar bazarında dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətli kağızlar bazarının iştirakçıları barəsində inzibati tənbeh, müvafiq lisenziyanın dayandırılması, ləğv edilməsi, qiymətli kağızlarla əməliyyatların məhdudlaşdırılması, dayandırılması və qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş digər tədbirlərin tətbiq edilməsindən məhkəmə qaydasında şikayət verilə bilər. Belə şikayətin verilməsi məhkəmənin qərarının çıxarılmasına qədər tətbiq olunmuş tədbirin qüvvəsini dayandırmır.".
21. Məcəlləyə aşağıdakı redaksiyada 997-1-ci maddə əlavə edilsin:
"Maddə 997-1. Dövlət və bələdiyyə qiymətli kağızları
997-1.1. Dövlət qiymətli kağızları müvafiq icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş dön vlət orqanı tərəfindən buraxılan qiymətli kağızlardır.
997-1.2. Bələdiyyə qiymətli kağızları bələdiyyə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada buraxılan qiymətli kağızlardır.".
22. Məcəllənin 1036-cı maddəsinə aşağıdakı redaksiyada 1036.4-1036.5-cı maddələr əlavə edilsin:
"1036.4. Əgər vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə protest icra sənədidir və ödəyicinin hesabındakı vəsaitin mübahisəsiz silinməsi üçün əsasdır. Ödəyənin hesabında vəsait olmadıqda protest verən ərizəçi veksel üzrə öhdəliklərin veksel üzrə borclunun əmlakına yönəldilməsini tələb etmək hüququna malikdir.
1036.5. Veksel üzrə ödəyicinin əmlakı hesabına vekselsaxlayanın tələblərinin ödənilməsi hüququ bu Məcəllənin 1036.4-cü maddəsində göstərilən hal istisna olmaqla, yalnız məhkəmə qərarlarının icrası qaydasında həyata keçirilir. Vekselin etibarsız sayıldığı hallar istisna olmaqla, məhkəmə veksel verilməsinə əsas olan müqavilə şərtlərindən asılı olmayaraq qanunvericiliyin tələblərinə uyğun qeydiyyatdan keçmiş və protest edilmiş veksel əsasında tezləşdirilmiş prosedur üzrə (yeddi iş günü ərzində) veksel saxlayanın xeyrinə qərar çıxarmalıdırlar.".
23. Məcəlləyə aşağıdakı redaksiyada 1048-1-1048-2-ci maddələr əlavələr edilsin:
"Maddə 1048-1. Xəzinə vekseli
1048-1.1. Xəzinə vekseli dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin məbləğini təsbit edən və ya qısa müddətə şəxslərdən sərbəst pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə buraxılmış sadə vekseldir.
1048-1.2. Xəzinə vekseli aşağıdakı hallarda verilir:
1048-1.2.1. büdcə təşkilatlarına nəzərdə tutulmuş vəsaitlərin ödənilməsi zamanı xəzinədarlığın sərəncamında kifayət qədər vəsait olmadıqda;
1048-1.2.2. büdcənin cari ehtiyaclarmı təmin etmək məqsədilə vəsaitlərin cəlb edilməsi hallarında;
1048-1.2.3. büdcənin mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara borcu olduqda (artıq ödənilmiş vergilər, geri qaytarılmalı olan məbləğlər və s.).
1048-1.3. Xəzinə veskelinin ödəmə müddəti aşağıdakı kimi ola bilər:
1048-1.3.1. tərtib olunduqdan sonra müəyyən vaxt ərzində;
1048-1.3.2. müəyyən edilmiş bir gündə.
1048-1.4. Xəzinə vekselinin ödəmə müddəti yüz səksən təqvim günündən artıq ola bilməz. Xəzinə vekseli yalnız onun buraxıldığı büdcə ili ərzində ödənilməlidir. Xəzinə vekselinin buraxılışı ilin ikinci yarısına təsadüf edərsə, ödəmə müddəti vekselin buraxıldığı tarixdən təqvim ilinin sonuna qədər olan müddətdən çox olmamalıdır.
1048-1.5. Xəzinə vekselindən alınmış mallara görə, görülmüş işlərə və ya göstərilmiş xidmətlərə görə ödəniş vasitəsi kimi istifadə oluna bilər.
1048-1.6. Xəzinə vekseli müvafiq qaydada uçot təşkilatında uçot edilə bilər.
1048-1.7 Xəzinə vekseli təkrar bazarda müvafiq qanunvericiliyə riayət etməklə satılıb-alına bilər. Bu əməliyyatların aparılması üçün vekselsaxlayan müəyyən edilmiş qaydada vekseli verdiyi şəxsin adına indossament vasitəsilə ötürməlidir.
1048-1.8. Xəzinə vekseli hüquqi şəxslər tərəfindən büdcəyə olan vergi və ya digər borcları əvəzinə xəzinədarlığa təqdim edilə bilər.
1048-1.9. Xəzinə vekseli ödəmə vaxtı çatmazdan əvvəl xəzinədarlığa ödəniş üçün təqdim oluna bilməz.
1048-1.10. Xəzinə vekseli ödəniş vaxtı çatdıqda ödəniş üçün onu buraxan xəzinədarlığa (ödəyiciyə) təqdim olunur və onun tərəfindən ödənilir. Xəzinədarlıq (ödəyici) xəzinə vekselini ödəməkdən imtina etdikdə, vekselsaxlayan qanunvericiliyə uyğun olaraq ödəmədən imtinanı rəsmi protest aktı ilə təsbit etdirməlidir.
1048-1.11. Hüquqi və fiziki şəxslərin sərbəst pul vəsaitlərinin büdcəyə cəlb edilməsi məqsədilə xəzinə vekseli diskont qiymətli kağızı kimi buraxılır və xəzinədarlıq tərəfindən nominal dəyərindən aşağı qiymətlə realizə olunur, ödənildikdə isə ödəyici tərəfindən vekselsaxlayana veksel məbləği tam ödənilir.