1078-47.1. İnsayderlərə aşağıdakılar aiddir:
1078-47.1.1. emitentin direktorlar (müşahidə) şurasının (bu orqanlar olduqda) və icra orqanlarının üzvləri;
1078-47.1.2. emitentin fəaliyyətinə nəzarət edən şəxslər;
1078-47.1.3. xidməti məlumatı tutduğu vəzifəyə, müqaviləyə, yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxslər;
1078-47.1.4. emitentin nizamnamə kapitalının on faizindən artıq hissəsinə malik olan şəxslər;
1078-47.1.5. son altı ay ərzində bu Məcəllənin 1078-47.1.1-1078-47.1.4-cü maddələrinin təsiri altına düşən şəxslər.
1078-47.2. İnsayderlər öz fəaliyyətində aşağıdakılara yol verməməlidirlər:
1078-47.2.1. qiymətli kağızların dövriyyəsinə təsir göstərə bilən xidməti məlumatın istifadəsi ilə əməliyyatlara;
1078-47.2.2. digər şəxslərə xidməti məlumatı təqdim etməklə onları bununla bağlı əqdlərin bağlanmasına təhrik etmək.
1078-47.3. İnsayder özünə məxsus olan qiymətli kağızlarla apardığı əməliyyat barədə məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada açıqlamalıdır.
1078-47.4. Xidməti məlumatın istifadəsi ilə əqdlərin bağlanması faktı və ya belə əqdin bağlanması cəhdi aşkar edildikdə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları əqdin bağlanmasını və icrasını dayandırmalı və bu barədə məlumatı dərhal müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
1078-47.5. Xidməti məlumatın saxlanılması və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".
II. Bu Qanun qüvvəyə mindiyi gündən 1994-cü il 12 iyul tarixli 850 nömrəli "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, 21, maddə 316)qüvvədən düşmüş hesab edilsin.
III. Bu Qanun qüvvəyə mindiyi gündən 1998-ci il 14 iyul tarixli 523-IQ nömrəli "Qiymətli kağızlar haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 566) qüvvədən düşmüş hesab edilsin.
IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.