Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinin aparılması, istifadəsi və mühafizəsinə dair Əsasnamənin təsdiq edilməsi haqqında
Azərbaycan Respublİkası Nazİrlər KABİNETİNİN QƏRARI
“Geodeziya və Kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinin aparılması, istifadəsi və mühafizəsinə dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri 17 oktyabr 1998-ci il
1. Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinin aparılması, istifadəsi və mühafizəsi müvafiq qanunvericiliyə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
2. Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinin aparılmasının məqsədi topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq və bu dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirməkdir.
3. Azərbaycan Respublikasının operativ-məlumat xəritəsində normativ texniki sənədlərə, geodeziya və kartoqrafiya məlumatlarına əsaslanmış aşağıdakı dəyişikliklər əks olunur:
Azərbaycan Respublikasının dövlət sərhədlərində olan vəziyyət;
Azərbaycan Respublikası bölgələrinin, şəhərlərinin və digər yaşayış məntəqələrinin inzibati, coğrafi vəziyyəti və adları;
avtomobil və dəmir yolları;
dəmiryol stansiyaları, dayanacaqlar, yolayrıcıları, körpülər və su limanları, onların adları və vəziyyəti;
su və su təsərrüfatı obyektləri, su elektrik stansiyaları, digər hidrotexniki qurğular;
magistral neft, qaz və su kəmərləri, enerji və rabitə kommunikasiyaları, 200 kvt-dan artıq elektrik ötürmə xətləri;
dövlət qoruqları, müvəqqəti qoruqlar, milli parklar, xüsusi qorunan torpaq, meşə və su obyektləri.
4. Azərbaycan Respublikasının operativ-məlumat xəritəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılır.
5. Azərbaycan Respublikasının operativ-məlumat xəritəsi 1:100000 miqyasında olan növbətçi topoqrafik xəritələr üzərində aparılır.
Yeni tərtib olunacaq topoqrafik və başqa xəritələrdə ərazidə baş vermiş dəyişikliklərin əks etdirilməsi üçün 1:100000 miqyasında olan sorğu təyinatlı növbətçi xəritədən istifadə olunur.
Yeni xəritə vərəqələrinin çap olunması ilə əlaqədar, növbətçi xəritələrin vərəqələri də dəyişdirilir.
6. Növbətçi xəritədə baş vermiş dəyişikliklər barədə aiddiyyəti müəssisə və təşkilatlara məlumat verilir.
7. Azərbaycan Respublikasının dövlət sərhəd xətti növbətçi xəritələrə qonşu dövlətlərlə birgə aparılmış delimitasiya, demarkasiya və redemarkasiya sənədlərinə əsasən köçürülür. Demarkasiya olmadıqda beynəlxalq konvensiya və müqavilələrə əlavə olunmuş materiallardan, sərhəd xəttinin təsviri haqqındakı protokollardan, xəritələrdən istifadə edilir və ya faktiki qorunan sərhəd xətti əsas götürülür.
8. Azərbaycan Respublikasının bölgələrinin, şəhərlərinin və digər yaşayış məntəqələrinin sərhədlərindəki dəyişikliklər, habelə yaşayış məntəqələrinin yeni adları növbətçi xəritədə öz əksini tapır və bu haqda xüsusi qeydiyyat aparılır.
Üzərində dövlət sərhəd xətti çəkilmiş xəritə və formulyarların əsli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində daimi saxlanılır. Həmin sənədlərin başqa təşkilatlara verilməsi qəti qadağandır.
9. Şəhər və rayonların sərhədlərini əks etdirən, təsdiq olunmuş 1:100000 miqyaslı topoqrafik xəritələr Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində daimi saxlanılır.
10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan operativ-məlumat xəritəsi (növbətçi xəritə) üzrə saxlanılan və mühafizə olunan sənədlərə aşağıdakı materiallar daxildir:
a) Azərbaycan Respublikası üzrə rayonların və şəhərlərin sərhədlərini əks etdirən 1:100000 miqyaslı növbətçi topoqrafik xəritələrin qovluq və albomları;
b) növbətçi xəritələrin formulyar albomları;
c) sərhədləri göstərən qrafiki uçotun sxemləri, onları təsdiq edən razılaşdırma sənədləri, köhnəlmiş və əvəz olunmuş növbətçi xəritələrin vərəqələri;
ç) növbətçi xəritələrdə sərhədlərin və başqa elementlərin göstərilməsi ilə əlaqədar təşkilatlarla yazışma və izahedici sənədlər;
d) avtomobil və dəmir yolları, neft və qaz kəmərləri, hidrotexniki qurğular, elektrik ötürücü xətlərin tikintisi ilə əlaqədar növbətçiliyə dair sənədlər;
e) inzibati-ərazi bölgüsünə dair növbətçi sorğu kitabçası və yaşayış məntəqələrinin siyahısı;
ə) növbətçilikdən çıxarılmış, növbətçi xəritə vərəqələri;
f) növbətçilikdən çıxarılmış sənədlər.
11. Hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinə daxil edilməli məlumatların Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməsi məcburidir.
1. 2 noyabr 2016-cı il tarixli 435 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2016-cı il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1923)