9.1. Silahlı Qüvvələrin fəaliyyətinin təmin edilməsi və ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün istifadə edilən hərbi infrastruktur obyektləri, silah və hərbi texnikanın bütün növləri, maddi vasitələr və digər daşınar və daşınmaz əmlak Silahlı Qüvvələrin istifadəsində olan əmlakdır.
9.2. Silahlı Qüvvələrin istifadəsində olan əmlak dövlət mülkiyyəti olmaqla hərbi əmlakdan və digər təyinatlı əmlakdan ibarətdir.
9.3. Silahlı Qüvvələrin maddi-texniki təminatı, silah və hərbi texnikanın alınması da daxil olmaqla, dövlət müdafiə sifarişlərinə, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumlar tərəfindən bağlanmış müqavilələrə, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq həyata keçirilir.
9.4. Silahlı Qüvvələrin səfərbərlik ehtiyacının, həmçinin təyinatına uyğun olaraq üzərinə qoyulmuş vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə Silahlı Qüvvələrdə silah, hərbi texnika və digər maddi vasitələrin toxunulmaz ehtiyatı yaradılır.
9.5. Silahlı Qüvvələrin maddi-texniki təminatını müvafiq icra hakimiyyəti orqanı təşkil edir.
9.6. Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.