10.1. Sülhməramlı əməliyyatlarda iştirak üçün göndərilən hərbi və mülki heyətin formalaşdırılması və xüsusi hazırlığın keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.2. Sülhməramlı əməliyyatlarda iştirak üçün hərbi və ya mülki heyəti təqdim edən müvafiq dövlət orqanları həmin heyətin formalaşdırılmasını, xüsusi hazırlıq keçməsini, tibbi müayinəsini, attestasiyasını, həmçinin qeyd edilən heyətə və onların ailə üzvlərinə müəyyən olunan təminatların, imtiyazların və kompensasiyaların verilməsini təşkil və təmin edir.
10.3. Sülhməramlı əməliyyatlarda iştirakla bağlı Azərbaycan Respublikasının üzərinə düşən maliyyə öhdəlikləri dövlət büdcəsi, eləcə də qanunvericiliklə müəyyən edilmiş digər mənbələr hesabına yerinə yetirilir.
10.4. Müvafiq icra hakimiyyəti orqanı sülhməramlı əməliyyatlarda iştirak üçün hərbi və (və ya) mülki heyətin təqdim olunması ilə bağlı, maliyyə mənbələri göstərilməklə zəruri xərclər və lazım olduqda bu məqsədlər üçün əlavə vəsaitlərin ayrılması barədə rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim edir, həmçinin Azərbaycan Respublikasının hərbi və mülki heyətinin sülhməramlı əməliyyatlarda iştirakı ilə bağlı xərclərin BMT, beynəlxalq regional təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən ödənilməsi, sülhməramlı əməliyyatların iştirakçılarının və onların ailə üzvlərinin təminatları, imtiyazları və kompensasiyaları ilə bağlı məsələləri həll edir.
10.5. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının hərbi və mülki heyətinin sülhməramlı əməliyyatlarda iştirakına dair Azərbaycan Respublikasının Milli Məclisinə illik məruzə təqdim edir. Məruzədə Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakının məqsədləri, əsasları, miqyası və formaları göstərilir, əməliyyatların faktiki gedişatı və əldə olunmuş nəticələr təhlil edilir, əməliyyatlarda iştirakın maliyyələşdirilməsinin mənbələri, həcmi və real bölüşdürülməsi, itkilər barədə məlumat verilir.