13.1. Hərbi heyətin tərkibinə daxil olan şəxslər hərbi heyət komandanlığının əmrlərinə uyğun olaraq silah gəzdirmək hüququna malikdirlər. Hərbi heyətin yerləşdiyi ərazidən kənarda isə onların silah gəzdirmələrinə, yalnız sülhməramlı əməliyyatın qarşıya qoyulmuş vəzifələrini yerinə yetirərkən icazə verilir.
13.2. Sülhməramlı kontingentin şəxsi heyəti sülhməramlı əməliyyat mandatı ilə nəzərdə tutulan vəzifələri yerinə yetirərkən aşağıdakı hallarda silahdan istifadə etmək hüququna malikdir:
13.2.1. şəxsi təhlükəsizliyinə qarşı yönələ biləcək istənilən qəsddən qorunmaq məqsədi ilə özünümüdafiə hüququnu həyata keçirərkən;
13.2.2. sülhməramlı kontingentin şəxsi heyətini ona həvalə olunmuş funksiyaları yerinə yetirməkdən zorla kənarlaşdırmağa, yaxud onu tərksilah etməyə cəhd göstərildikdə;
13.2.3. qanunsuz, o cümlədən terrorçu, silahlı qrup və birləşmələrin silahlı hücumlarının dəf edilməsi, həmçinin onların üzvlərinin saxlanılması və tərksilah edilməsi zamanı;
13.2.4. münaqişə edən tərəflərin silahlı mübarizə mərhələsində olan birləşmələri və ayrı-ayrı silahlı nümayəndələri arasında bufer zonalarının və təhlükəsizlik zonalarının yaradılması və saxlanması məsələlərinin həll edilməsi üçün;
13.2.5. sülhməramlı kontingentin cavabdehlik daşıdığı zonada mülki əhalinin həyat və sağlamlığına qarşı yönəlmiş zorakılıq hərəkətlərinin qarşısını alarkən.
13.3. Hərbi heyət sülhməramlı əməliyyatın yerinə yetirilməsi zamanı, onlara qarşı silahlı müqavimətin göstərilməsi, yaxud hücumların edilməsi halları istisna olmaqla, silah tətbiq edərkən ilkin xəbərdarlıq qaydalarına ciddi surətdə riayət etməli və qocaların, qadınların, uşaqların, həmçinin digər mülki şəxslərin təhlükəsizliyinin təmin olunması üçün mümkün olan bütün tədbirləri görməlidir.
13.4. Azərbaycan Respublikasının hərbi və mülki heyəti sülhün bərqərar edilməsi üzrə əməliyyatda iştirak edəcəyi təqdirdə (məcburi hərəkət elementlərindən istifadə etməklə), BMT Təhlükəsizlik Şurasının qərarı ilə hərbi heyət əməliyyatın mandatına və sülhməramlı əməliyyatın beynəlxalq komandanlığının əmrlərinə müvafiq olaraq silah (güc) tətbiq etmək hüququna malikdir.