8.1. Azərbaycan Respublikasının hərbi heyətinin sülhməramlı əməliyyatlarda iştirak etmək üçün respublika ərazisindən kənara göndərilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir və həmin qərar hərbi heyətin hər bir konkret halda respublika ərazisindən kənarda istifadə edilməsinin hüquqi əsasını təşkil edir.
8.2. Müvafiq icra hakimiyyəti orqanının sülhməramlı əməliyyatlarda iştirak etmək üçün hərbi heyətin respublika ərazisindən kənara göndərilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə ünvanlanan təqdimatına qeyd edilən hərbi heyətin fəaliyyət rayonu, onların vəzifələri, ümumi sayı, tabeliyi, xidmət müddəti və onun uzadılma qaydası, onların əvəz edilməsi və çıxarılması şərtləri, silahların növü və tərkibi, həmçinin hərbi heyət və onların ailə üzvləri üçün müəyyən olunan əlavə təminatlar, imtiyazlar və kompensasiyalar haqqında məlumatlar daxildir. Təqdimata müvafiq icra hakimiyyəti orqanının bu Qanunun 10.4-cü maddəsində nəzərdə tutulmuş rəyi əlavə olunur.
8.3. Azərbaycan Respublikasının hərbi heyətinin hər bir konkret halda respublika ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirakının mümkünlüyü barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarı yalnız bu Qanunun 5.1-ci maddəsində göstərilən əsaslardan ən azı biri mövcud olduqda qəbul edilə bilər.
8.4. Azərbaycan Respublikası Milli Məclisinin qərarında respublika ərazisindən kənara göndərilən hərbi heyətin fəaliyyət rayonu, onların vəzifələri, ümumi sayı, tabeliyi, xidmət müddəti və onun uzadılma qaydası, onların əvəz edilməsi və çıxarılması şərtləri, silahların növü və tərkibi, həmçinin hərbi heyət və onların ailə üzvləri üçün müəyyən olunan əlavə təminatlar, imtiyazlar və kompensasiyalar haqqında məlumatlar göstərilir.
8.5. Beynəlxalq hərbi-siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikasının hərbi heyətinin sülhməramlı əməliyyatda gələcək iştirakı məqsədəuyğun olmazsa, yaxud iştiraka əsas verən hallar aradan qalxarsa, hərbi heyətin və ya ayrı-ayrı hərbi qulluqçuların geri çağırılması haqqında qərar müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən və ya Azərbaycan Respublikası Milli Məclisinin öz təşəbbüsü ilə qəbul edilir. Azərbaycan Respublikasının Milli Məclisi belə bir təşəbbüs və onun əsasları barədə müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verməlidir.