Qanunvericilik › “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 11.09.2019) › Tam mətn

“Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 11.09.2019)

“Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 11.09.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 sentyabr 2019-cu il

1.1. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının (bundan sonra - Təhlükəsizlik Şurası) fəaliyyətinin təşkilati və analitik-informasiya təminatını həyata keçirən ali kateqoriyalı dövlət orqanıdır.

1.2. Təhlükəsizlik Şurası katibinin xidməti bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabedir.

1.3. Təhlükəsizlik Şurası katibinin xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası haqqında Əsasnamə”ni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını rəhbər tutur.

1.4. Təhlükəsizlik Şurası katibinin xidməti Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, kargüzarlıq xidmətinin gerbsiz möhürünə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Təhlükəsizlik Şurası katibinin xidməti Bakı şəhərində yerləşir.

2.0. Təhlükəsizlik Şurası katibinin xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Təhlükəsizlik Şurasının işinin və Təhlükəsizlik Şurası katibinin fəaliyyətinin təmin edilməsi üçün tədbirlər görür;

2.0.2. milli təhlükəsizliyin təmin edilməsi, dövlətin müdafiə qabiliyyəti, daxili və xarici təhlükəsizlik məsələlərinin araşdırılmasına, təhlilinə, müvafiq məlumat və təkliflərin hazırlanmasına yönəlmiş fəaliyyəti həyata keçirir;

2.0.3. ölkədə milli təhlükəsizliyin təmin olunması ilə bağlı Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn məsələlərin icrasını nəzarətdə saxlayır;

2.0.4. Azərbaycan Respublikasında milli təhlükəsizliyin vəziyyəti barədə elmi, informasiya və analitik xarakterli iş aparır.

3.0. Təhlükəsizlik Şurası katibinin xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, habelə milli təhlükəsizliyə təhdidlərin proqnozlaşdırılması, aşkarlanması, qiymətləndirilməsi, qabaqlanması və qarşısının alınması ilə bağlı araşdırmalar, təhlillər aparır və müvafiq təkliflər hazırlayır;

3.0.2. milli təhlükəsizlik, o cümlədən xarici və daxili təhlükəsizlik və müdafiə məsələlərinə dair Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən beynəlxalq tədbirlər üçün materialların hazırlanmasında iştirak edir;

3.0.3. milli təhlükəsizlik məsələlərinə dair Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının layihələrinin hazırlanmasında iştirak edir;

3.0.4. milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti barədə informasiya və analitik xarakterli materiallar hazırlayır;

3.0.5. Təhlükəsizlik Şurası katibinin tapşırığı ilə milli təhlükəsizliyin təmin edilməsi sahəsində elmi tədqiqatlar aparılmasının təşkili üzrə tədbirlər görür;

3.0.6. Azərbaycan Respublikasında milli təhlükəsizliyin vəziyyəti barədə Təhlükəsizlik Şurası katibinin illik məruzəsinin hazırlanmasını təmin edir;

3.0.7. Təhlükəsizlik Şurasının iclaslarının, habelə Təhlükəsizlik Şurasının fəaliyyəti ilə bağlı görüş, müşavirə və digər tədbirlərin hazırlanmasını və keçirilməsini təmin edir;

3.0.8. dövlət və yerli özünüidarəetmə orqanlarından daxil olan məlumat və təklifləri nəzərdən keçirir, ümumiləşdirir və Təhlükəsizlik Şurasının katibinə təqdim olunması üçün hazırlayır;

3.0.9. Təhlükəsizlik Şurası katibinin əmr, sərəncam və göstərişlərini yerinə yetirir.

4.1. Təhlükəsizlik Şurası katibinin xidmətinin strukturu və işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

4.2. Təhlükəsizlik Şurası katibinin xidmətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, bilavasitə Azərbaycan Respublikasının Prezidentinə tabe olan Təhlükəsizlik Şurasının katibi rəhbərlik edir.

4.3. Təhlükəsizlik Şurasının katibi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

4.3-1. Təhlükəsizlik Şurası katibinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Təhlükəsizlik Şurası katibinin müavini Təhlükəsizlik Şurası katibinin ona həvalə etdiyi vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyır.

4.4. Təhlükəsizlik Şurası katibinin vəzifələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası haqqında Əsasnamə” ilə müəyyən edilir.

4.5. Təhlükəsizlik Şurası katibinin xidmətinin işçiləri (struktur bölmələrinin rəhbərləri istisna olmaqla) Təhlükəsizlik Şurasının katibi tərəfindən vəzifəyə təyin olunur, ehtiyata və istefaya buraxılır və ya qulluq keçmələrinə xitam verilir.

4.6. Təhlükəsizlik Şurası katibinin xidmətində struktur bölmə rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi (ehtiyata və istefaya buraxılması) Təhlükəsizlik Şurası katibinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

4.7. Təhlükəsizlik Şurası katibinin xidmətinin ştat cədvəlini və Təhlükəsizlik Şurası katibinin xidmətində hərbi və xüsusi növ dövlət qulluğu vəzifələrinin siyahısını və bu vəzifələrə uyğun hərbi və xüsusi rütbə hədlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Təhlükəsizlik Şurasının katibi təsdiq edir.

4.8. Təhlükəsizlik Şurası katibinin xidmətində hərbi və xüsusi növ dövlət qulluğu vəzifələrinə təyin edilmiş şəxslər hərbi xidmət və xüsusi növ dövlət qulluğu keçir, onlara müvafiq olaraq “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və xüsusi növ dövlət qulluğu nəzərdə tutulmuş müvafiq dövlət orqanında xidmət (qulluq) keçmə haqqında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüquq və imtiyazlar, pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir.

4.9. Təhlükəsizlik Şurası katibinin xidmətinin saxlanma xərclərinin, fəaliyyətinin, maddi-texniki və digər təminat məsələlərinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən təmin olunur.

1. 28 dekabr 2023-cü il tarixli 2437 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2023-cü il, “Xalq” qəzeti, 29 dekabr 2023-cü il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1698)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver