“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 947-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1775 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 6 iyun 2018-ci il
1.1. Bu Qayda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən (bundan sonra – büdcədənkənar vəsait) istifadə qaydasını müəyyən edir.
1.2. Nazirliyin büdcədənkənar vəsaitinin toplanılması və təyinatı üzrə istifadəsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi) yanında Dövlət Xəzinədarlıq Agentliyində Nazirliyin xüsusi xəzinə hesabı açılır.
1.3. Büdcədənkənar vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirilir.
1.4. Büdcədənkənar vəsaitin toplanılmasına və həmin vəsaitdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
1.5. Büdcədənkənar vəsaitdən istifadəyə dair rüblük hesabatlar artan yekunla tərtib edilir. Rüblük hesabat hər rübdən sonrakı ayın 20-dək Nazirlik tərəfindən Maliyyə Nazirliyinə təqdim edilir.
1.6. Büdcədənkənar vəsaitin istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.
2.1. Büdcədənkənar vəsait Nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə aşağıdakı istiqamətlərə xərclənir:
2.1.1. Nazirliyin işçilərinin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;
2.1.2. Nazirliyin işçilərinə maddi yardımın göstərilməsinə;
2.1.3. Nazirliyin işçilərinin səhiyyə xidmətlərinin təşkilinə və müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə;
2.1.4. Nazirliyin işçilərinin kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə;
2.1.5. Nazirliyin işçilərinə ezamiyyə xərclərinin ödənilməsinə;
2.1.6. sosial sığorta və baş vermiş bədbəxt hadisələrlə bağlı icbari sığorta haqlarının ödənilməsinə.
2.2. Büdcədənkənar vəsaitdən istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.
3.1. Nazirliyin işçilərinin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
3.1.1. işlər vaxtında və keyfiyyətlə yerinə yetirildikdə;
3.1.2. mühüm dövlət tapşırıqları vaxtında yerinə yetirildikdə;
3.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar olduqda.
3.2. Nazirliyin işçilərinin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
3.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələr vaxtında və peşəkarlıqla yerinə yetirildikdə, səmərələşdirici təkliflər verildikdə, təşəbbüskarlıq göstərildikdə, işdə yeni forma və metodlar tətbiq edildikdə, gənc mütəxəssislərə köməklik göstərildikdə;
3.2.2. rəhbərliyin tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirildikdə;
3.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqləndikdə.
4.1. Büdcədənkənar vəsaitin xərclənməsi zamanı gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur.
4.2. Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
1. 28 mart 2019-cu il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 562)
2. 1 avqust 2019-cu il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2019-cu il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1446)
3. 1 oktyabr 2020-ci il tarixli 373 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2020-ci il, № 202, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1262)
4. 5 mart 2024-cü il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 mart 2024-cü il, “Xalq” qəzeti, 10 mart 2024-cü il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 298)