Qanunvericilik › Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 03.04.2009) › Tam mətn

Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 03.04.2009)

Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 03.04.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qaydanın məqsədi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları (bundan sonra – operatorlar) arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsindən ibarətdir.

Qarşılıqlı arabağlantı münasibətləri operatorlar arasında bağlanan arabağlantı müqavilələri ilə tənzimlənir.

Öz şəbəkələri arasında qarşılıqlı arabağlantını həyata keçirmək üçün operatorlar arasında müqavilələr (bundan sonra – arabağlantı müqaviləsi) bağlanan zaman bu Qaydayla müəyyən edilmiş şərtlər əsas götürülür.

2.1. Arabağlantının tətbiqi ilə bağlı əsas prinsiplər aşağıdakılardır:

2.1.1. arabağlantının operatorlar arasında dayanıqlı və keyfiyyətli bağlantını təmin etməsi;

2.1.2. arabağlantının hər iki operatorun müştərilərinin telekommunikasiya xidməti ilə təmin olunmaları üçün effektiv və fasiləsiz həyata keçirilməsi;

2.1.3. abunəçi və ya istifadəçinin digər operatorun abunəçisi və ya istifadəçisi ilə arabağlantı birləşməsinin hüquq bərabərliyi əsasında olması;

2.1.4. arabağlantı üçün istifadə olunan avadanlıqların operatorların telekommunikasiya şəbəkələrinin qarşılıqlı fəaliyyətini təmin etməsi;

2.1.5. müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulmaması, hər hansı operatora süni surətdə əlverişli mühit yaradılması məqsədilə qanunsuz ödənişlərə yol verilməməsi.

3.1. Zənglərin, aidiyyəti şəbəkə vasitəsilə və (və ya) şəbəkədən keçməklə (tranzit) zəng edən və zəngi qəbul edən tərəflərə fasiləsiz ötürülməsi təmin olunmalıdır.

3.2. Operator digər operatoru qarşılıqlı razılıq əsasında birbaşa və tranzit qaydada arabağlantı xidməti ilə təmin etməlidir.

3.3. Arabağlantı şəbəkənin istənilən mümkün və tərəflər üçün ən səmərəli və ya əlverişli texniki nöqtəsində aşağıdakı şərtlərlə həyata keçirilməlidir:

- qüvvədə olan standartlar nəzərə alınmaqla operatorların hüquqlarının qorunması;

- arabağlantıda iştirak etməyən şəbəkə komponentlərinə görə operatorun ödənişinin yolverilməzliyi.

3.4. Telekommunikasiya xidmətləri bazarında inhisarçılığa yol verilməməsi məqsədilə operatorun digər operatorlar üçün tətbiq etdiyi arabağlantı şərtləri, onun özünün struktur bölmələri və/və ya törəmə müəssisələri üçün müəyyən etdiyi arabağlantı şərtlərindən az əlverişli olmamalıdır.

4.1. Arabağlantının prinsipləri nəzərə alınmaqla aşağıdakılar arabağlantı müqavilələrinin əsas şərtlərinə dair minimum tələbləri təşkil edir:

4.1.1. Texniki şərtlər:

4.1.1.1. arabağlantının texniki parametrləri və tətbiq olunma şərtləri;

4.1.1.2. arabağlantı interfeysinin aydın təsviri, interfeyslərin fəaliyyəti üzrə testlər və şəbəkələrin qarşılıqlı fəaliyyəti;

4.1.1.3. əsas və əlavə arabağlantı xidmətləri üzrə şərtlər, onların arasında kommutasiya olunan texniki vasitələrə, yerli şəbəkəyə və arabağlantı xətlərinə giriş;

4.1.1.4. arabağlantı nöqtələrinin təyini və arabağlantının texnoloji tətbiqinin müəyyən olunması;

4.1.1.5. göstərilən xidmətin keyfiyyəti, o cümlədən təhlükəsizlik, siqnallaşma, sinxronlaşdırma;

4.1.1.6. arabağlantının alternativliyi;

4.1.1.7. trafikin marşrutlandırılması üzrə tədbirlər;

4.1.1.8. avadanlığın yerləşdirilməsi üzrə şərtlər;

4.1.1.9. operatorun müxtəlif şəbəkələrə və xidmətlərə hüquq bərabərliyi əsasında girişlərinə imkan yaradan və hüquqlarının qorunması məqsədilə həyata keçirilən tədbirlər;

4.1.1.10. tərəflərin öhdəlikləri, hesablaşma qaydaları və qəza hallarının aradan qaldırılması şərtləri;

4.1.1.11. operatorlararası məlumat mübadiləsi, zəruri statistik məlumatların və bildirişlərin vaxtlı-vaxtında və dövri olaraq mübadiləsi üzrə tələblər;

4.1.1.12. operator tərəfindən hər ilin sonunda növbəti il üçün gözlənilən trafik həcmi barədə qarşı tərəfin məlumatlandırılması;

4.1.1.13. digər operatorların şəbəkəsinə ötürülən trafik barədə məlumatların ən azı bir il müddətində saxlanılması;

4.1.1.14. öz şəbəkəsində aparacağı rekonstruksiya və genişləndirmə işləri barədə digər operatorlara məlumat verilməsi.

4.1.2. İqtisadi şərtlər (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü (hesablaşma) və digər ödənişlər):

a. şəbəkələrarası qoşulma haqları obyektivlik, şəffaflıq, əməkdaşlıq, hüquqların pozulmaması prinsiplərinə cavab verməli və mövcud qanunvericiliyə uyğun tənzimlənməlidir. Qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı GSM standartlı operatorlar üçün “mobil-mobil” şəbəkələrarası zənglərin sonlandırma qiyməti 0,02 manat tətbiq edilir;

b. GSM standartlı mobil telefon şəbəkələri arasındakı trafik mübadiləsi üzrə aparılan hesablaşmalarda bazara yeni daxil olmuş GSM operatorunun şəbəkəsində sonlanan zənglərin hər dəqiqəsi üçün digər mobil operatorları tərəfindən əlavə 0,02 manatdan 0,03 manatadək ödənilməklə asimmetrik sonlandırma qiymətləri (asimmetrik sonlandırma qiymətləri zənglərin sonlandırılması üçün eyni xidmətləri göstərən operatorlar tərəfindən fərqli (əlavə) sonlandırma qiymətlərinin tətbiq edilməsi) tətbiq edilir.

5.1. Hər bir operator 2 ay müddətindən gec olmayaraq bazara yeni daxil olmuş GSM operatorunun xeyrinə bu Qaydanın 4.1.2-ci bəndinin “b” yarımbəndində nəzərdə tutulan asimmetrik sonlandırma qiymətinin tətbiqi üçün qarşılıqlı arabağlantı müqaviləsi bağlamalıdır.

5.2. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə (arabağlantı müqaviləsi bağlanmadıqda) bazara yeni daxil olmuş operator Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra − RİNN) müraciət edir.

RİNN tərəfindən mübahisə predmeti araşdırılarkən aşağıdakılar nəzərə alınır:

- müraciət etmiş tərəfin telekommunikasiya bazarındakı mövqeyi, texniki və iqtisadi imkanları;

- spesifik tezlik resurslarından istifadə üzrə qeyri-bərabər imkanlar;

- şəbəkənin qurulmasına çəkilən xərclərdəki fərqlər;

- tətbiq edilən avadanlığın texnoloji xüsusiyyətləri.

Bazara yeni daxil olmuş operatorun xeyrinə bu Qaydanın 4.1.2-ci bəndinin “b” yarımbəndində nəzərdə tutulan asimmetrik sonlandırma qiymətinin tətbiqi barədə RİNN tərəfindən 10 (on) gün müddətində qərar qəbul edilə bilər. RİNN tərəfindən müəyyən olunmuş şərtlər əsasında tərəflər arasında 7 (yeddi) iş günü müddətində arabağlantı müqaviləsi bağlanılır.

5.3. Asimmetrik sonlandırma qiymətinin tətbiqi barədə qərara telekommunikasiya bazarındakı vəziyyət (iqtisadi və texnoloji) nəzərə alınmaqla tərəflərin müraciəti və ya RİNN-in təşəbbüsü ilə növbəti təqvim ilində yenidən baxıla bilər.

5.4. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir.

5.5. Arabağlantı müqaviləsinin müddəti operatorlara verilən xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddəti ilə məhdudlaşır.

5.6. Operatorlar arabağlantının təxirə salınmadan və effektiv tətbiqinə görə məsuliyyət daşıyırlar.

6.1. Tərəflər, onların aidiyyəti şəbəkələrinin çıxış-giriş zənglərinin qeydiyyatını aparmalıdırlar.

6.2. Hər bir tərəf öz abunəçi və istifadəçiləri tərəfindən edilmiş bütün çıxış və giriş zəngləri üzrə məlumatları toplamalı və hesablaşma aparmalıdır.

6.3. Tərəflər hər hesabat ayı üçün növbəti ayın 15-dən gec olmayaraq hesablaşmaların qarşılıqlı üzləşdirilməsini aparmalı və nəticəsi barədə üzləşdirmə aktı tərtib etməlidirlər.

Yuxarıda göstərilən müddətdə operatorlar arasında qarşılıqlı üzləşmə zamanı razılıq əldə edilmədikdə, bir tərəf qarşı tərəfin tələb etdiyi hesablaşma məlumatları ilə əlaqədar 3 (üç) iş günü ərzində RİNN-ə müraciət edə bilər.

RİNN müraciət daxil olduğu tarixdən etibarən 10 (on) iş günü ərzində tərəflərin iştirakı ilə birgə araşdırma apararaq qərar qəbul edir. Həmin qərarla razılaşmayan tərəfin məhkəməyə müraciət etmək hüququ vardır.

Qarşılıqlı hesablaşmaların üzləşdirilməsinə dair tərtib edilmiş akt tərəflərin imzaları və möhürləri ilə təsdiq olunur.

Üzləşdirmə aktında göstərilən məbləğə ƏDV tətbiq edilməklə hesab-faktura yazılmalı və ödəniş üçün qarşı tərəfə təqdim olunmalıdır.

Hesab-fakturada göstərilən borcların tam ödənilməsi cari ayın sonunadək təmin edilməlidir.

1. 11 iyul 2018-ci il tarixli 002 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı

2. 14 fevral 2022-ci il tarixli KQ-3/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202202140322, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 fevral 2022-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver