Qanunvericilik › Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 19.12.2017) › Tam mətn

Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 19.12.2017)

Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 19.12.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Litva Respublikası Hökumətinə bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2017-ci il

Bundan sonra ayrı-ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi vergidən yayınma hallarının qarşısının alınmasında qarşılıqlı inzibati yardımın vacibliyini anlayaraq, vergi məsələləri sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini arzu edərək, aşağıdakılar barədə razılığa gəldilər:

1. Tərəflər məlumat mübadiləsini və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardımı 2010-cu il Protokolu ilə düzəlişlər edilmiş 1988-ci il 25 yanvar tarixli “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiya” (bundan sonra “Çoxtərəfli Konvensiya”) və 2004-cü il 2 aprel tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Konvensiyamın (bundan sonra “Konvensiya”) 27-ci maddəsi əsasında bu Anlaşma Memorandumunda müəyyən edilmiş prosedurlara uyğun həyata keçirirlər.

2. Bu Anlaşma Memorandumu ilə əhatə olunmayan məsələlər Çoxtərəfli Konvensiyanın müddəaları və Konvensiya ilə tənzimlənəcəkdir.

1. Bu Anlaşma Memorandumu çərçivəsində yardımla bağlı sorğular və əlaqədar yazışmalar Tərəflərin səlahiyyətli nümayəndələri vasitəsilə həyata keçiriləcəkdir.

2. Tərəflər öz səlahiyyətli nümayəndələrinin adları, vəzifələri, ünvanları, eləcə də bu məlumatlarla bağlı istənilən sonrakı dəyişikliklər barədə bir-birini yazılı şəkildə məlumatlandıracaqlar.

1. Müraciət edən Tərəfin sorğusu əsasında sorğu edilən Tərəf ayrıca şəxslər və əməliyyatlar barədə istənilən məlumatı müraciət edən Tərəfə təqdim edir.

2. Müraciət edən Tərəf sorğu edilən Tərəfə məlumat sorğusunu göndərməmişdən əvvəl öz daxili vergi prosedurları ilə əldə edilə bilən xüsusi növ informasiyanın müntəzəm mənbələrini nəzərdən keçirməlidir.

3. Sorğu edilən Tərəf məlumat sorğusunun icrası məqsədi ilə müraciət edən Tərəfdən əlavə məlumat istəyə bilər.

4. Sorğu icraya qəbul edildikdən sonra sorğu edilən Tərəf öz sərəncamında olan mövcud məlumatlardan istifadə edərək sorğunu cavablandırmağa çalışır. Bu məlumatlar məlumat sorğusunun tam cavablandırılması üçün kifayət etmədikdə, sorğu edilən Tərəf həmin dövlətdə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş bütün müvafiq məlumatın toplanması tədbirlərindən istifadə edir.

5. Sorğu edilən Tərəf məlumat sorğusunun icrası müddəti ərzində bütün xərcləri qarşılayır.

1. Tərəflər avtomatik olaraq digər Tərəfin dövlətində rezidenti olan fiziki və hüquqi şəxslərə münasibətdə bir-birinə aşağıdakılar barədə məlumat təqdim edəcəklər:

a) daşınmaz əmlakdan əldə olunan gəlir (Konvensiyanın 6-cı maddəsi);

b) dividendlər (Konvensiyanın 10-cu maddəsi);

c) faizlər (Konvensiyanın 11-ci maddəsi);

d) royaltilər (Konvensiyanın 12-ci maddəsi);

e) əmlakın dəyərinin artımından əldə olunan gəlirlər (Konvensiyanın 13-cü maddəsi);

f) müstəqil fərdi xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (Konvensiyanın 14-cü maddəsi);

g) maaş, əməkhaqqı və digər oxşar gəlirlər (Konvensiyanın 15-ci və 19-cu maddələri);

h) direktorların qonorarları, incəsənət xadimləri və idmançıların gəlirləri və digər gəlirlər (Konvensiyanın müvafiq olaraq 16-cı, 17-ci və 22-ci maddələri);

i) məlumatı təmin edən Tərəfin dövlətinin ərazisində yerləşən daşınmaz əmlakın sahibliyi.

2. Bu maddənin 1-ci bəndində istinad edilən məlumat mütəmadi şəkildə və təqvim ilində ən azı bir dəfə təqdim olunur. Müəyyən təqvim ilinə aid məlumat, əgər mümkün olarsa, dərhal, digər halda müvafiq təqvim ilinin 1 avqust tarixinədək təqdim olunur.

3. Əgər avtomatik məlumat mübadiləsi çərçivəsində təqdim olunan məlumatın düzgün və ya tam olmadığı məlum olarsa, bir Tərəf digər Tərəfi mümkün qədər qısa müddətdə bu barədə məlumatlandırır. Eyni məsələlər təqdim olunan məlumatın yenilənməsi ilə bağlı olan texniki problemlərə və ya çətinliklərə də aiddir. Əgər məlumatı təqdim edən Tərəf təqdim olunan məlumatın düzgün və ya tam olmadığını aşkar edərsə, həmin Tərəf düzgün və ya tam olan məlumatı qısa bir zamanda təqdim etməklə, digər səlahiyyətli nümayəndəni daha əvvəl təqdim olunmuş məlumatın yeni məlumatla əvəz olunması və ya dəyişdirilməsi barədə məlumatlandırır.

4. Avtomatik məlumat mübadiləsini həyata keçirən zaman Tərəflər mümkün olduğu təqdirdə, aşağıdakı, lakin bunlarla məndudlaşmayan məlumatları təqdim edirlər:

a) gəliri əldə edən qeyri-rezidentin adı (fiziki şəxslər üçün - adı, soyadı, doğum tarixi, hüquqi şəxslər üçün - hüquqi şəxsin adı);

b) hüquqi şəxs olduğu təqdirdə, onun vergi ödəyicisinin eyniləşdirmə/qeydiyyat nömrəsi;

c) Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs olduğu təqdirdə, onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və şəxsiyyət vəsiqəsində və ya pasportunda qeyd olunan fərdi identifikasiya nömrəsi (FİN);

d) Litva Respublikasının vətəndaşı olan fiziki şəxs olduğu təqdirdə, onun identifikasiya sənədində və ya pasportunda olan şəxsi kodu;

e) ünvan (küçə, ev nömrəsi, şəhər/qəsəbə, region, poçt indeksi);

f) qeyri-rezidentin rezidenti olduğu ölkə;

g) gəliri ödəyən şəxsin adı (fiziki şəxslər üçün - adı, soyadı), vergi ödəyicisinin eyniləşdirmə/qeydiyyat nömrəsi, ünvanı (küçə, ev nömrəsi, şəhər/qəsəbə, rayon, poçt indeksi);

h) ödənilmiş / əldə edilmiş gəlirin növü;

i) gəlirin ödənilmə tarixi / əldə edilmə dövrü;

j) ödənilmiş / əldə edilmiş gəlirin məbləği və valyutası;

k) tutulmuş / ödənilmiş verginin dərəcəsi, məbləği və valyutası.

5. 4-cü maddənin 1-ci bəndinin i) yarımbəndində nəzərdə tutulan daşınmaz əmlakın sahibliyi barədə məlumat mübadilə edilən zaman, Tərəflər bu maddənin əvvəlki bəndinin a) və b) yarımbəndlərində olan məlumatlardan əlavə olaraq, əmlaka aid olan bütün mövcud məlumatları (xüsusilə əmlakın dəqiq yerinin ünvanı, ərazisi və/və ya sahəsi, dəyəri və s.) təqdim edirlər.

6. Tərəflər mübadilə edilən məlumatların siyahısını yazışmalar vasitəsilə dəyişə və genişləndirə bilərlər.

7. Bu maddədə göstərilən məlumat, mümkün olduğu qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Standart Ötürülmə Formatına uyğun formatda (STF) təqdim edilməlidir.

1. Hər bir Tərəf özündə olan və digər Tərəfə faydalı ola biləcək istənilən məlumatı istədiyi vaxt digər Tərəfə ötürə bilər.

2. Təqdim edilən məlumat qəbul edən Tərəfin dövlətində vergitutmanın dəyişməsinə gətirib çıxararsa, digər Tərəf bu barədə məlumatlandırılacaqdır.

1. Müraciət edən Tərəfin sorğusu ilə digər Tərəf müraciət edən Tərəfin nümayəndələrinə sorğu edilən Tərəfin dövlətinin ərazisində aparılan vergi yoxlamalarının müvafiq hissəsində həmin dövlətdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq iştirak etməyə icazə verə bilər.

2. Bir Tərəfin əməkdaşlarının digər Tərəfin dövlətinin ərazisindəki vergi yoxlamalarının keçirilməsində iştirakına icazə verilməsi barədə sorğu xüsusi hallarda edilir. Bu hallara, əsasən, aşağıdakılar aiddir:

a) transsərhəd pozuntular və ya vergidən yayınma əlamətləri olduğu hallar;

b) vergi əməkdaşlarının iştirakı məqsədəmüvafiq hesab edilən mürəkkəb hallar;

c) vaxt məhdudiyyətini ötmə riskinin olduğu və vergi əməkdaşlarının iştirakının yoxlamanı sürətləndirə biləcəyi hallar;

d) eynivaxtlı vergi yoxlamaları da daxil olmaqla, ikitərəfli və ya çoxtərəfli yoxlamalar çərçivəsində yoxlamalar.

3. Müraciət edən Tərəf əməkdaşların iştirakı ilə bağlı sorğunu yazılı surətdə təqdim edir. Sorğuda nümayəndələrin iştirakının məqsədəmüvafiqliyi əsaslandırılır və məsələnin təsviri verilir. Sorğu edilən Tərəf sorğu barədə mümkün olduğu qədər tez bir zamanda qərar verir, lakin müraciət alınan tarixdən 30 gündən gec olmamalıdır.

4. Sorğu edilən Tərəf vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı bütün qərarları qəbul edir və müraciət edən Tərəfə hər bir belə yoxlamanın xüsusiyyətləri barədə məlumat verir. Tərəflər hər dəfə vergi yoxlamalarında iştirakla bağlı halların və prosedurların müəyyən edilməsi məqsədi ilə birgə məsləhətləşmələr apara bilərlər.

5. Sorğu edilən Tərəf müraciət edən Tərəfi yazılı formada xəbərdar edərək qərarını əsaslandırmaqla, sorğunu rədd edə bilər.

1. Məlumat mübadiləsində səmərəliliyin daha da artırılması və vergilərin ödənilməməsi və ya vergidən yayınma halları ilə daha effektiv mübarizə aparmaq məqsədi ilə Tərəflər hər iki Tərəfin dövlətində fəaliyyət göstərən seçilmiş vergi ödəyicisinin və ya vergi ödəyiciləri qrupunun eynivaxtlı vergi yoxlamalarını apara bilərlər.

2. Eynivaxtlı vergi yoxlamaları, hər hansı bir şəxsin və ya şəxslərin vergi məsələsi Tərəflərdə ortaq və ya aidiyyəti maraq doğurması, eyni vaxtda vergi yoxlamalarının yalnız bir Tərəfin apardığı yoxlamadan daha səmərəli hesab edilməsi, əldə edilən istənilən müvafiq məlumatların Tərəflər arasında mübadilə edilməsi məqsədi ilə hər birinin öz dövlətinin ərazisində eyni vaxtda yoxlamaların keçirilməsinə dair Tərəflər arasında olan razılaşmanı bildirir.

3. Eynivaxtlı yoxlamanın keçirilməsi üçün sorğu müraciət edən Tərəf tərəfindən eynivaxtlı yoxlamanın keçirilməsinin məqsədəuyğunluğu əsaslandırılan və işin təsviri verilən rəsmi məktubla müraciət edilir. Sorğu edilən Tərəf sorğu barədə mümkün qədər qısa müddətdə, lakin sorğunu aldıqdan 30 gündən gec olmayan müddətdə sorğu ilə bağlı qərar qəbul edir.

4. Əgər sorğu edilən Tərəf müraciət edən Tərəfin eynivaxtlı vergi yoxlamalarının keçirilməsi ilə bağlı təklifini qəbul edərsə, bu halda o, müraciət edən Tərəfi bu qərarı barədə yazılı formada məlumatlandırır və müraciət edən Tərəf razılıq məktubunu aldıqdan sonra yoxlanılacaq şəxslər və hallar, eləcə də yoxlamanın müddəti əlavə rəsmi yazışmalarla Tərəflər arasında razılaşdırılır.

5. Sorğu edilən Tərəf sorğunu məqsədəuyğun hesab etmədiyi təqdirdə, sorğunu rədd edə bilər. O, yoxlamalarla bağlı inzibati işlərin qeyri-mütənasib xərclərə səbəb olduğunu və həmin Tərəfə sərfəli olmadığını müəyyən edərsə, yoxlamaların başlanılmasından sonra da ondan imtina edə bilər.

Çoxtərəfli Konvensiyanın müddəalarına uyğun olaraq, səlahiyyətli nümayəndələr vergi tələblərinin alınmasında bir-birinə yardım göstərilməsi üçün bütün lazımi tədbirləri görürlər.

Yardımla bağlı sorğuya aşağıdakı sənədlər əlavə edilməlidir:

(a) vergi tələbinin məcburi alınmasına icazə verən sənədin rəsmi təsdiq edilmiş surəti:

(b) aşağıdakıları təsdiq edən bəyanat:

● müraciət edən Tərəfin dövlətində qüvvədə olan qanunvericiliyə əsasən vergi tələbi məcburi alma bilər;

● tələbə qarşı etiraz irəli sürülmür və ya sürülə bilməz;

● müraciət edən Tərəf vergi tələbinin alınması üçün öz dövlətinin ərazisində bütün mümkün imkanlardan istifadə etmişdir;

● sorğu müraciət edən Tərəfin dövlətində qüvvədə olan qanunvericiliyə və inzibati təcrübəyə uyğundur;

● sorğuda və əlavə edilən sənədlərdəki məlumat düzgündür.

1. Vergi tələbinin sorğu edilən tarixdə 1500 avro (EUR) və ya bu məbləğin istənilən digər valyuta ilə ekvivalentindən az olması halında, Tərəf vergi tələblərinin alınmasına dair sorğu verməyəcək və ya yardım göstərməyəcəkdir.

2. Bu maddənin 1-ci bəndinin müddəalarından asılı olmayaraq, vergi tələbinin alınması üçün inzibati işlərin müraciət edən Tərəfin vergi tələbinin məbləği ilə müqayisədə qeyri-mütənasib xərclərə səbəb olacağı halda, bu Anlaşma Memorandumu sorğu edilən Tərəfin üzərinə vergi tələbinin alınmasına yardım etməyə dair öhdəlik qoymur.

Müraciət edən Tərəf vergi tələbinin məbləğini müraciət edən Tərəfin dövlətinin və sorğu edilən Tərəfin dövlətinin valyutasında göstərəcəkdir.

1. Vergi tələbinin məcburi alınmasının mümkün olmadığı istənilən dövrlə bağlı suallar müraciət edən Tərəfin dövlətində qüvvədə olan qanunvericiliklə tənzimlənir.

2. Bu Anlaşma Memorandumu həmçinin onun qüvvəyə mindiyi tarixdən öncə yaranmış vergi tələblərinə münasibətdə də tətbiq edilir.

3. Sorğu edilən Tərəfin yardım haqqında sorğunun icrası ilə bağlı həyata keçirdiyi yığma tədbirləri həmin Tərəfin dövlətində qüvvədə olan qanunvericiliyə əsasən bu maddənin 1-ci bəndində göstərilən müddətin dayanmasına və ya kəsilməsinə səbəb olduğu təqdirdə, müraciət edən Tərəfin dövlətində də həmin təsirə malik olacaqdır. Sorğu edilən Tərəf müraciət edən Tərəfi bu tədbirlər barədə məlumatlandırır.

4. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarından asılı olmayaraq, sorğu edilən Tərəf vergi tələbinin 5 ildən əvvəl olması halında, yardım haqqında sorğunu icra etmək öhdəliyi daşımır. Müddətin hesablanması üçün başlanğıc tarix aşağıdakılar olacaqdır:

a) tələbə qarşı iddia qaldırılmamışdırsa - müraciət edən Tərəfin dövlətində borcun məcburi alınmasına imkan verən sənədin tarixi;

b) tələbə qarşı iddia qaldırılmışdırsa - tələbin artıq mübahisələndirilməyəcəyi müraciət edən Tərəfin dövləti tərəfindən müəyyən edilən tarix.

5. Bu maddənin 4-cü bəndinin müddəalarından asılı olmayaraq, xüsusi hallarda, məsələn, borcun fırıldaqçılıqla bağlı yarandığı halda, sorğu edilən Tərəf beş ildən əvvəl olan vergi tələbi ilə bağlı yardım göstərməyə razılıq verə bilər.

1. Vergi tələbinə müraciət edən Tərəfin dövlətində qüvvədə olan qanunvericiliyə əsasən əsas borcla bağlı yaranmış və sorğunun verildiyi günə kimi hesablanmış hər hansı maliyyə sanksiyası və faiz daxildir.

2. Müraciət edən Tərəf sorğunun tarixindən sonra yeni yaranmış maliyyə sanksiyasını və faizlərin məbləğini hesablayır və bu barədə mütəmadi olaraq sorğu edilən Tərəfi məlumatlandırır. Belə dəyişikliklər vergi tələbinin məbləğinə əlavə olunmalıdır.

1. Vergi tələbinin alınması üçün çəkilən adi xərcləri sorğu edilən Tərəf, xüsusi xərcləri isə müraciət edən Tərəf ödəyəcəkdir.

● Adi xərclər sorğu edilən Tərəfin dövlətində tələblərin alınması üçün həyata keçirilən adi daxili prosedurlarla bağlı gözlənilən yaranan xərcləri ifadə edir.

● Xüsusi xərclər sorğu edilən Tərəfin dövlətində adətən istifadə edilməyən xüsusi növ prosedurlarla bağlı yaranan xərcləri ifadə edir. Belə xərclərə xüsusi məhkəmə prosesi, mütəxəssislərin və ya tərcüməçilərin cəlb edilməsi, eləcə də konvertasiya və köçürmə ilə bağlı xərclər və digər bu kimi xərclər daxildir.

Sorğu edilən Tərəf xüsusi xərclərin yaranacağını müəyyən edən kimi, bu barədə müraciət edən Tərəfi məlumatlandıracaq və mümkün olduğu təqdirdə, belə xərclərin təxmini məbləğini göstərəcək. Müraciət edən Tərəf belə xüsusi xərcləri qəbul etdiyi halda sorğu edilən Tərəfə mümkün qədər tez məlumat verəcəkdir.

Ödənişlə bağlı bütün tələblər xərclərlə bağlı təsdiqləyici sənədlərlə müşayiət olunmalıdır (məsələn, hesab-faktura və ya qəbz).

2. Əgər sorğu edilən Tərəf yardım göstərilən zaman meydana gələn xərclərin qeyri-mütənasib olması qənaətinə gələrsə, bu barədə müraciət edən Tərəfi məlumatlandıracaq və mümkündürsə, belə xərclərin məbləğini qeyd edəcəkdir. Belə olan halda, müraciət edən Tərəf öz sorğusundan imtina edə bilər.

1. Sorğu edilən Tərəfin aldığı hər hansı məbləğ, o cümlədən, olduğu halda maliyyə sanksiyaları və faizlər müraciət edən Tərəfə avro ilə köçürüləcəkdir.

2. Əgər alman məbləğ 10.000 avrodan yuxarıdırsa, köçürülmə həmin məbləğ alındıqdan 30 gün ərzində aparılacaqdır. 10.000 avrodan aşağı olan məbləğin köçürülməsi ildə iki dəfə olmaqla, müvafiq ilin iyun və dekabr aylarında aparılacaq və sorğu edilən Tərəf müraciət edən Tərəfi yığılmış, amma köçürülməmiş məbləğ barədə mütəmadi olaraq məlumatlandıracaqdır.

3. Ödənişlər müraciət edən Tərəfin göstərdiyi onun dövlətinin ərazisində olan bank hesabına köçürülməlidir.

1. Sorğu edilən Tərəf müraciət edən Tərəfdən vergi tələbinin məbləğinin azalmasına gətirib çıxaran vergi tələbinin məbləğinə dəyişikliklə bağlı məlumat aldığı halda, sorğu edilən Tərəf tələbin alınması üzrə tədbirləri davam etdirəcək, lakin bu tədbirlər borcun yeni məbləği ilə məhdudlaşacaqdır.

2. Əgər sorğu edilən Tərəf tələbin məbləğinin azaldığı barədə bildiriş aldığı zaman, yeni məbləğdən artıq olan məbləğin tam hissəsini almış, lakin hələ köçürmə proseduruna başlanmamışdırsa, artıq ödənilmiş məbləği aidiyyəti şəxsə qaytaracaqdır.

3. Sorğu edilən Tərəf müraciət edən Tərəfdən vergi tələbinin məbləğinin artmasına gətirib çıxaran vergi tələbinə dəyişikliklə bağlı bildiriş aldığı halda:

(a) sorğu edilən Tərəf əlavə tələbi, mümkün olduğu halda ilkin tələblə eyni vaxtda icra edəcəkdir;

(b) sorğu edilən Tərəf əlavə tələbin ilkin tələblə birləşdirilməsinin mümkün olmadığını hesab edərsə, o, əlavə tələbi bu Anlaşma Memorandumunun 10-cu maddəsində göstərilən minimum məbləğdən az olmadığı halda icra etmək öhdəliyi daşıyır.

Əgər sorğu edilən Tərəf borcun yığılmasının mümkün olmadığı qənaətinə gəlirsə, borcun yığılmasının mümkün olmamasının səbəblərinə dair izahı əlavə edilməklə sorğunu mümkün qədər tez müddətdə geri qaytaracaqdır.

1. Müraciət edən Tərəfdən aşağıdakılarla bağlı yazılı bildiriş alındığı təqdirdə, sorğu edilən Tərəf həmin tələbə dair hər hansı məcburi tədbirləri dayandıracaqdır:

(a) vergi tələbi ilə bağlı ödəniş alınmışdır;

(b) həmin tələb ləğv edilmiş və ya hər hansı digər səbəbdən ona xitam verilmişdir.

2. Sorğu edilən Tərəf müraciət edən Tərəfi yazılı formada sorğunun geri götürülməsi ilə bağlı xəbərdar edəcəkdir.

1. Bu Anlaşma Memorandumunun məqsədləri üçün müraciət edən Tərəf yardım haqqında sorğunu yazılı formada tərtib edir və zəruri olan sənədlər əlavə edilməklə sorğu edilən Tərəfə göndərir.

2. Bu maddənin 1-ci bəndində göstərilən sorğuda aşağıdakı, lakin bununla məhdudlaşmayan məlumatlar əks olunmalıdır:

(a) məlumat hansı hüquqi sənədə əsasən sorğu edilmişdir;

(b) sorğunun göndərilməsinə əsas verən vergi məsələsinin qısa şərhi;

(c) barəsində sorğu edilən şəxslər haqqında məlumatlar (adı, ünvanı, vergi ödəyicisinin identifikasiya nömrəsi və s.);

(d) vergi məsələsinin aid olduğu dövr;

(e) sorğunun aid olduğu vergi növləri;

(f) vergi tələbi olduğu halda:

(i) vergi tələbinin mahiyyəti və komponentləri;

(ii) vergi tələbinin alına biləcəyi şəxslər barədə məlumatlar (adı, ünvanı, vergi ödəyicisinin identifikasiya nömrəsi və s.);

(iii) sorğu edilən Tərəfin dövlətinin ərazisində olduğu təqdirdə, vergi tələbinin alına biləcəyi aktivlər barədə məlumatlar.

1. Sorğu daxil olduqdan sonra sorğu edilən Tərəf 15 gün müddətində sorğunun alınması və icraya qəbul edilməsi, yaxud səbəbləri göstərilməklə, sorğunun icra edilməsindən imtina edilməsi barədə müraciət edən Tərəfə məlumat verir.

2. Sorğu qəbul edildiyi təqdirdə, o, hər hansı digər vergi məsələsinə üstünlük verilmədən icra edilir:

(a) məlumat mübadiləsi haqqında sorğu - 90 gün ərzində;

(b) vergi tələbinə dair sorğu - sorğu edilən Tərəfin daxili vergi tələblərinin alınması üçün müəyyən edilmiş müddət ərzində.

3. Sorğunun razılaşdırılmış müddətdə icra edilməsi mümkün olmadığı təqdirdə, sorğu edilən Tərəf həmin müddətin sonunda əldə edilmiş məlumatları (və ya vergi tələbləri ilə bağlı görülmüş tədbirlərə dair məlumatı) və sorğunun icra müddətinin uzadılmasının səbəbləri barədə məlumatı müraciət edən Tərəfə təqdim edir.

Səlahiyyətli nümayəndələr mübadilə edilmiş informasiyanın açılmasının və istifadə edilməsinin Konvensiyanın 27-ci maddəsinin və Çoxtərəfli Konvensiyanın 22-ci maddəsinin predmeti olduğu barədə razılığa gəlirlər.

1. Səlahiyyətli nümayəndələr bu Anlaşma Memorandumunun tətbiqi ilə bağlı məsələlər üzrə bir-biri ilə birbaşa işləyirlər.

2. Bu Anlaşma Memorandumunun məqsədləri üçün təcili hallarda məlumatlar sonradan rəsmi məktubla təsdiq edilmək şərtilə faksimil və ya elektron rabitə vasitələrindən istifadə etməklə təqdim edilə bilər.

3. Bu Anlaşma Memorandumu üzrə bütün yazışmalar ingilis dilində aparılır.

4. Sorğunun cavablandırılması üçün əlavə edilən sənədlərin ingilis dilində təqdim edilməsi mümkün olmadıqda, həmin sənədlər öz orijinal dillərində təqdim edilir.

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflərin qarşılıqlı razılığı ilə məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna, onun ayrılmaz tərkib hissəsi olmaqla ayrıca protokollar formasında rəsmiləşdirilən və bu Anlaşma Memorandumunun 25-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minən istənilən əlavələr və dəyişikliklər edilə bilər.

1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanması barədə Azərbaycan tərəfinin diplomatik kanallar vasitəsilə göndərdiyi yazılı bildirişinin Litva tərəfindən alındığı tarixdə qüvvəyə minir.

2. Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır. Tərəflər diplomatik kanallar vasitəsilə yazılı ləğvetmə bildirişi təqdim etməklə istənilən zaman bu Anlaşma Memorandumunu ləğv edə bilərlər. Belə halda, bu Anlaşma Memorandumu belə bildirişin alındığı tarixdən sonrakı altı aylıq müddətin bitməsindən sonra ləğv edilir.

Vilnüs şəhərində 2017-ci il 27 oktyabr tarixində, hər biri Azərbaycan, Litva və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

2 avqust 2022-ci il tarixli 1781 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 avqust 2022-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 841)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver