Qanunvericilik › “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Xarici İşlər Nazirliyi, 14.02.2019) › Tam mətn

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Xarici İşlər Nazirliyi, 14.02.2019)

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə (Xarici İşlər Nazirliyi, 14.02.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 24.0.1-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 16-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyası QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat idarəsinin rəisi H.Hüseynov bu Qərarın üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 14 fevral tarixli Q/02-19 nömrəli Qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi sənədlərə şəhadətnamənin (apostilin) (bundan sonra – apostil) verilməsi Qaydaları (bundan sonra - Qaydalar) 5 oktyabr 1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində” 5 mart 2004-cü il tarixli 595-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununa, “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın 6-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətli orqanların müəyyən edilməsi barədə” 10 dekabr 2004-cü il tarixli 544 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və bu sahədə mövcud olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. Qaydalar “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya (bundan sonra – Konvensiya) qoşulmuş dövlətlərin ərazisində istifadə edilməsi nəzərdə tutulan rəsmi sənədlərə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən apostilin verilməsi prosedurlarını tənzimləyir.

1.1. Apostil Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən rəsmiləşdirilən və Konvensiyaya qoşulmuş dövlətlərin ərazisində təqdim edilməsi nəzərdə tutulan rəsmi sənədlərə verilir.

1.2. Apostil rəsmi sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, həmin şəxsin səlahiyyətini, eləcə də rəsmi sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.

1.3. Apostilin üzərindəki səlahiyətli şəxsin imzasının, möhürün və ya ştampın təsdiq edilməsi, yaxud leqallaşdırılması tələb olunmur.

1.4. Azərbaycan Respublikası məhkəmələrinin, prokurorluq və ədliyyə orqanlarının rəsmiləsdirdiyi sənədlər, Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan sənədlər, Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən rəsmiləşdirilmiş vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən icra edilən sənədlər, kommersiya və gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlər istisna olmaqla, digər rəsmi sənədlərə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən apostil verilir.

1.5. Rəsmi sənədi imzalayan səlahiyyətli şəxsin imza nümunəsi, eləcə də rəsmi sənədə vurulmuş möhür və ya ştampın nümunəsi həmin sənədə apostilin verilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən sorğu edilə bilər.

2.1. Apostilin verilməsi üçün fiziki şəxslərə məxsus rəsmi sənədlər həmin sənədi imzalamış və ya sənədin məxsus olduğu şəxsin, o cümlədən bu şəxsin yaxın qohumlarının (ər, arvad, valideynlər və uşaqlar, baba, nənə və nəvələr, qardaş və bacılar) və ya adına etibarnamə verilmiş şəxsin müraciəti əsasında qəbul olunur. Apostil verilməsi üçün dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına (bundan sonra – qurumlar) məxsus rəsmi sənədlər müvafiq qurumun müraciət məktubu (məktubda rəsmi sənədləri təqdim edən şəxsin adı, soyadı və vəzifəsi qeyd olunmaqla) əsasında qəbul olunur. Apostil verilməsi üçün hüquqi şəxslərə, nümayəndəliklərə və filiallara məxsus rəsmi sənədlər müvafiq olaraq, hüquqi şəxsi, nümayəndəliyi və ya filialı təmsil edən şəxsə verilmiş etibarnamə əsasında qəbul olunur.

2.2. Rəsmi sənədlərə apostilin verilməsi üçün aşağıdakılar təqdim edilməlidir:

- apostilin verilməsinə dair şəxsin müraciət ərizəsi;

- apostilin verilməsi üçün təqdim edilən rəsmi sənədin əsli və surəti;

- rəsmi sənədi təqdim edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;

- rəsmi sənəd yaxın qohumlar tərəfindən təqdim edildikdə, yaxın qohumluq əlaqəsini təsdiq edən sənədin əsli və surəti;

- rəsmi sənəd etibarnamə və ya qurumların müraciət məktubu əsasında təqdim edildikdə, müvafiq etibarnamənin və ya müraciət məktubunun əsli və surəti;

- rəsmi sənəd hüquqi şəxsə, nümayəndəliyə və ya filiala məxsus olduqda, həmin hüquqi şəxsin, nümayəndəliyin və ya filialın dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədin əsli və surəti;

- dövlət rüsumunun ödənilməsi barədə qəbz.

2.2-1. Rəsmi sənədlərə apostilin verilməsi üçün bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan sənədlərin və ya məlumatların Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət etmiş şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət etmiş şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət etmiş şəxs tərəfindən təmin edilir. Həmin sənədlər kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər.

2.3. Rəsmi sənədə apostilin verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

3.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə ziddiyyət təşkil edən, eləcə də məzmununa görə Azərbaycan Respublikasının mənafeyinə, Azərbaycan Respublikası vətəndaşlarının şərəf və ləyaqətinə xələl gətirən sənədlərə apostil verilmir.

3.2. Apostilin verilməsi üçün təqdim edilmiş rəsmi sənədlərə sonradan əlavə məlumatın daxil edilməsinə, sona qədər tamamlanmamış sətirlərə və digər boş yerlərə xətt çəkilməsinə yol verilmir.

3.3. Rəsmi sənədin üzərində nümunəsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində olmayan imza, möhür və ya ştamp olduqda, yaxud rəsmi sənəd qanunvericiliklə müəyyən edilmiş blankda (formada) tərtib edilmədikdə, habelə rəsmi sənədin üzərindəki imza, möhür və ya ştamp silindikdə, yaxud korlandıqda sənədə apostil verilmir.

3.4. Bir neçə vərəqdən ibarət olan rəsmi sənədlər tikilərək vərəqləri nömrələnməli və sənədin tikilmiş hissəsi səlahiyyətli şəxs tərəfindən imzalanaraq möhürlə təsdiq edilməlidir.

3.5. Apostilin verilməsi üçün təqdim edilmiş rəsmi sənədlərin bu Qaydalara uyğunluğu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı tərəfindən yoxlanılır (bu Qaydaların 2.2-1-ci bəndi nəzərə alınmaqla).

3.6. Bu Qaydalara uyğun olmayan rəsmi sənədlərə apostilin verilməsindən imtina edilir. Apostilin verilməsindən imtina edilən sənəd 3 (üç) iş günü müddətində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı tərəfindən müraciət etmiş şəxsə imtinanın səbəbi izah edilməklə geri qaytarılır. Rəsmi sənədə apostilin verilməsi ilə bağlı təkrar müraciətə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra bu Qaydalara uyğun olaraq baxılır.

4.1. Apostilin verilməsi üçün təqdim edilmiş rəsmi sənədlərə 5 (beş) iş günü müddətində bu Qaydalara uyğunluğu yoxlanıldıqdan sonra apostil verilir.

4.2 Apostil rəsmi sənədin əslinin mətn olmayan hissəsinə yapışdırılır. Apostil onu imzalayan səlahiyyətli şəxs tərəfindən ingilis dilində doldurulur.

4.3. Apostildə tarix və nömrə aydın şəkildə yazı ilə qeyd olunmalı, səlahiyyətli şəxsin imzası və möhürün əksi oxunaqlı olmalıdır.

5.1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən apostil verilmiş rəsmi sənədlər “Apostillərin elektron reyestri” altsisteminə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə daxil edilir. “Apostillərin elektron reyestri” altsistemində rəsmi sənədlərə verilmiş apostillər ilə bağlı aşağıdakı məlumatlar qeyd olunur:

- apostil verən orqanın adı;

- apostili imzalamış səlahiyyətli şəxsin adı və soyadı;

- sənədin nömrəsi və tarixi;

- sənədi imzalamış şəxsin adı, soyadı və vəzifəsi;

- sənədi verən orqan;

- sənədin qısa məzmunu;

- sənədi təqdim edən şəxsin adı və soyadı.

5.2. Rəsmi sənədə verilmiş apostilin qeydiyyatı “Apostillərin elektron reyestri” altsistemi vasitəsilə çap olunmuş çıxarışın apostilin verilməsi üçün təqdim edilmiş sənədlərin surətinə əlavə olunmaqla aparılır.

5.3. Apostil verilmiş rəsmi sənədlər bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş aidiyyəti şəxslərə “Apostillərin elektron reyestri” altsistemindən çıxarışa imza etdirilməklə təhvil verilir.

Apostil blankları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sifarişi əsasında çap edilir.

7.1. Apostil blankı Konvensiyada qeyd olunan şəhadətnamənin nümunəsinə uyğun hazırlanır (əlavə olunur).

7.2. Apostil blankında müvafiq məlumatlar Azərbaycan və ingilis dillərində qeyd olunur.

2. imzalayan (sоyаdı)

has been signed by (surname) _______________________________________________________

3. hansı qismdə çıxış etmişdir

acting in the capacity of ____________________________________________________________

4. möhürün, ştаmpın sаhibi

bears the seal, stamp of _____________________________________________________________

at__________________________________

reg.number _______________________________________________________________________

9. möhür (ştаmp) / seal (stamp)

____________________________________

1. 9 oktyabr 2019-cu il tarixli Q/09-19 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201910090919, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 oktyabr 2019-cu il)

2. 21 avqust 2024-cü il tarixli Q/02-24 nömrəli Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202408210224, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 avqust 2024-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver