10.1. Şuşa şəhərinin ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş abidələrin üzərində və onların mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağandır.
10.2. Şuşa şəhərinin ərazisində Şuşa şəhərinin mədəniyyət paytaxtı kimi təşviqinə dəstək olan reklamların yerləşdirilməsinə üstünlük verilir.
10.3. Şuşa şəhərinin ərazisində şəhərin tarixi-mədəni irsinə, mədəniyyətinə və şöhrətinə xələl gətirə bilən reklam yerləşdirilməsi qadağandır.
10.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şuşa şəhərinin ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarəti həyata keçirir, o cümlədən reklam yerləşdirilməsinə icazə verir, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə verir, tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi ilə əlaqədar müvafiq tədbirlər görür, habelə şəhərin mühafizə zonasında reklam yerləşdirilməsinə razılıq verir.
10.5. Şuşa şəhərinin ərazisində reklam fəaliyyəti ilə bağlı bu Qanunda tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.